“Moskva dostlarını
qarşılayır” Beynəlxalq
Festivalı
Festival MDB üzvü olan ölkələrin
Dövlətlərarası Humanitar Əməkdaşlıq
Fondunun genişmiqyaslı layihəsidir
Azərbaycanın gənc
skripkaçısı Elvin Qəniyev “Moskva dostlarını
qarşılayır” Beynəlxalq festivalında ifası ilə
Moskva tamaşaçılarını heyran etmişdir. Festival
Vladimir Spivakov Beynəlxalq Xeyriyyə Fondunun 15-ci
ildönümünə həsr edilmiş və Moskva hökumətinin
elan etdiyi “Bərabər İmkanlar” ili çərçivəsində
keçirilir.
K.S.Stanislavski və
V.İ.Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili
Teatrında Elvin Qəniyev Q.Venyavskinin “Orijinal mövzuda
variasiyalar” kompozisiyasını və F.Veraçininin “Larqo”
kompozisiyasını yüksək səviyyədə ifa
etmişdir. Gurultulu alqışlarla qarşılanan Elvin daha
sonra böyük Azərbaycan bəstəkarı Qara Qarayevin
“Yeddi gözəl” baletindən “Çiçəklərin rəqsi”ni
ustalıqla ifa etmişdir.
Musiqi ailəsində
anadan olmuş 12 yaşlı Elvin Qəniyev 5 yaşından
babası, tanınmış musiqiçi, Azərbaycanın
xalq artisti, professor Sərvər Qəniyevlə məşğul
olmağa başlamışdır. Elvin 6 yaşında Bilkənd
Universiteti yanında xüsusi musiqi məktəbinə daxil
olmuş, 7 yaşında Vivaldinin iki skripka ilə orkestr
üçün konsertində görkəmli skripkaçı
Viktor Pikayzenlə birlikdə iştirak etməyə dəvət
almışdır. Elvin Qəniyev bir çox beynəlxalq
müsabiqələrin laureatı və qalibidir. O,
dünyanın, demək olar, bütün məşhur musiqi səhnələrində
çıxış etmişdir. Dünyanın
tanınmış musiqişünasları Elvinin
istedadını yüksək qiymətləndirirlər. Bir
çox ölkələrin incəsənət xadimləri isə
Elvin Qəniyevi Azərbaycanın Paqaninisi
adlandırmışlar.
Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci ilin yanvar ayında imzaladığı Sərəncamla Elvin Qəniyevin adı Azərbaycanın gənc istedadlarının Qızıl Kitabına daxil edilmiş və ona Prezident təqaüdü təyin edilmişdir. Elvin Qəniyev professor Sərvər Qəniyevin, habelə, professor Zaxar Bronun şagirdidir. Onun konsertmeysteri Nərminə Qəniyevadır.
Bu il keçirilən “Moskva dostlarını qarşılayır” festivalını MDB üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu himayə etmişdir. Festival tədbirlərinə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Ukrayna, Belorus və digər ölkələrdən gənc nümayəndələr qatılmışlar. “Moskva dostlarını qarşılayır” festivalı MDB üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun ən genişmiqyaslı layihəsidir. Bu layihədə 2004-cü ildən dünyanın 60 ölkəsindən 8000-dən çox istedadlı uşaq iştirak etmişdir. Festival hər il keçirilir. Bu mühüm beynəlxalq tədbirdə maestro Vladimir Spivakov və onun “Moskva virtuozları” kollektivi daim iştirak edir.
Zümrüd
Səs.- 2009.- 3 iyun.- S. 12.