İkipərdəli “Cırtdan” nağıl-operası səhnələşdirilir
Tamaşa Prezidentin Sərəncamı
ilə “Uşaq ili” çərçivəsində
hazırlanır
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrı “Uşaq ili” çərçivəsində
yeni tamaşalar hazırlayaraq sənətsevərlərin
ixtiyarına verir. Teatrın mətbuat xidmətindən qəzetimizə
verilən məlumata əsasən, teatrın yaradıcı
kollektivi bu önəmli hadisə ilə bağlı gənc
tamaşaçılarına yeni bir tamaşa hazırlayıb
təqdim etməyi planlaşdırıb.
Bu tanınmış bəstəkar,
əməkdar incəsənət xadimi Nazim Əliverdibəyovun
“Cırtdan” operasıdır. Tamaşanın premyerası iyunun
14-də keçiriləcək. Məşhur uşaq
nağılı əsasında səhnələşdirilən
tamaşa ikipərdəli nağıl-operadır. Tamaşanın
musiqi rəhbəri və dirijoru əməkdar incəsənət
xadimi Kazım Əliverdibəyov, rejissoru əməkdar incəsənət
xadimi Hafiz Quliyev, xormeyster əməkdar incəsənət
xadimi Sevil Hacıyeva və nəhayət, baletmeysteri əməkdar
inəcəsənət xadimi Yulana Əlikişizadədir. Tamaşada
əsas rolları teatrın gənc solistləri İnarə
Babayeva (Cırtdan), Səbinə Əsədova (Nənə),
Tural Ağasiyev (Qoca) və b. çıxış edəcəklər.
“Cırtdan” operası
“Uşaq ili” çərçivəsində Opera və Balet
Teatrı rəhbərliyinin öz kiçik
tamaşaçılarına hədiyyəsi olub. Yəqin ki,
uzun illər repertuarda möhkəm yer tutacaq və
tamaşaçılara yüksək zövq verəcək. Tamaşa
həm də balacaların bədii-estetik zövqünün
formalaşması və onlarda kiçik yaşlarından
akademik sənətə məhəbbət və maraq
aşılamağa xidmət edəcək.
Zümrüd
Səs.- 2009.- 3 iyun.- S. 12.