Heydər Əliyev
Fondu milli genefondumuzun himayədarıdır
Fondun sosial sahəyə göstərdiyi
qayğı Azərbaycan cəmiyyətində örnəyə
çevrilib
Qloballaşan dünyada
feminizmin rolunun günbəgün artdığı bir zamanda,
zəgin və çoxəsirlik ənənələrə
malik Azərbaycan qadının da ictimai funksiyaları ciddi dəyişikliklərə
məruz qalır. Azərbaycan qadını ictimai-siyasi proseslərin
fəal iştirakçısı missiyasını
uğurla həyata keçirir, ən böyük nailiyyətimiz
isə bu sahədə ciddi örnəyin olmasıdır.
Şübhəsiz ki, bu örnək ölkənin birinci
xanımı, millət vəkili Mehriban xanım Əliyevanın
simasında təşəkkül tapmaqdadır.
YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev
Fondu yarandığı ilk gündən etibarən ölkəmizin
ictimai-mədəni həyatında müstəsna rol
oynamaqdadır. Bu gün Azərbaycanda mövcud olan iqtisadi
potensialın insan rifahının
yaxşılaşdırılmasına yönəldilməsi
Prezident İlham Əliyevin hökumət qarşısında
müəyyənləşdirdiyi əsas prioritetdir. Bu məqsədin
həyata keçirilməsində Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın xidmətləri
xüsusi təqdir edilməlidir. Mehriban xanım Əliyevanın
irəli sürdüyü faydalı təşəbbüslər,
məqsədyönlü proqramlar hesabına təhsilin inkişafı
ölkəmizdə ictimai mədəni hərəkata
çevrilmiş, respublikada məktəb tikintisi geniş
vüsət almışdır. Etiraf edək ki, Fond daha
çox gələcəyə hesablanmış addımlar
atmağı bacarır və təşkilatın diqqət
yetirdiyi sahələr cəmiyyətin olduqca həssas qütbləridir.
Bu qütblərin mərkəzində isə milli genefondumuzun
inkişafı və xalqımızın minilliklərdən
keçirib bu günə
çatdırdığı mədəni-etnoqrafik ənənələr
dayanır. Etiraf olunmalıdır ki, dünya ictimaiyyəti Azərbaycan
qadınını məhz Mehriban xanım Əliyevanın
siması və xoşməramlı fəaliyyəti ilə
tanıyır. Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Fondun xətti ilə, respublikamızın ən ucqar
nöqtəsində belə inşa və bərpa edilən məktəb
binaları, səhiyyə və tibb məntəqələri,
ümumiyyətlə, birinci xanımın istər mədəniyyət,
istərsə də elm və təhsil sahələrinə
ayırdığı diqqət və qayğısı Azərbaycan
qadınının daxili dünyasının zənginliyindən
xəbər verir.
Azərbaycan mədəniyyəti
və incəsənətini dünyada təbliği, ölkənin
beynəlxalq imicinin formalaşması istiqamətində həyata
keçirilən genişmiqyaslı tədbirlər milli
xarekteri özündə daşımaqdadır. Azərbaycanın
özündə isə Mehriban Əliyeva Heydər Əliyevin
adını daşıyan və onun özü kimi əzəmətli
olan amallara xidmət edən fond vasitəsilə xeyriyyəçilik
missiyasını üzərinə
götürmüşdür. Heydər Əliyev Fondunun
dövlət və millət maraqları baxımından
müstəsna çəkili layihələrin uğurla
gerçəkləşdirilib cəmiyyətin etimadını
qazanmasında istisnasız olaraq Mehriban Əliyevanın
yüksək işgüzarlıq bacarığı və
enerjisi, habelə, daxilindən gələn insanpərvərlik
hisslərinin mühüm rolu olub. Bütün bu layihələrin
əsasında Azərbaycanın milli genefondunun qorunub
saxlanması vəzifəsi dayanır.
Çoxşaxəli
ictimai fəaliyyət göstərən Heydər Əliyev
Fondu təhsil, səhiyyə, elm və texnologiya, mədəniyyət,
ekologiya, idman, sosial problemlər-bütün bu sahələrdə
məqsədli proqramlar hazırlanıb həyata keçirilməsində
yaxından iştirak edir. Ümumiyyətlə, Heydər Əliyev
Fondu öz fəaliyyətini müasir zamanın tələbinə
cavab verən şəkildə qurmağa-cəmiyyətdə
olan, insanları narahat edən problemləri aşkar etməyə,
bu problemlərin həlli yolunda lazımi tədbirləri
hazırlamağa, həyata keçirməyə və
uğurlu nəticələri əldə etməyə
çalışır. “Yeniləşən Azərbaycana yeni
məktəb”, istərsə də tikilən və ya bərpa
edilən uşaq evləri, internat məktəbləri, istərsə
də mədəni irsimizin təbliği üçün həyata
keçirilən irimiqyaslı layihələr, məhz Heydər
Əliyev Fondu tərəfindən milli genefondun
inkişafına hesablanan sosial-ictimai tədbirlər milli
maraqlara xidmət edir. Heydər Əliyev Fondunun istər xeyriyyəçilik,
istərsə də ictimai fəaliyyətinin əsas
istiqamətləri sırasında təhsilin mühüm yer
tutması isə təsadüfi deyil. “Təsil həyatımızın
ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər,
mənafelər əsasında qurulmalıdır” - söyləyən
ümummilli liderimiz Heydər Əliyevin digər sahələrdə
olduğu kimi, elmin və təsilin də inkişafında xidmətləri
Heydər Əliyev Fondunun iş prinsipinin əsasını təşkil
edir. Ümummilli lider Heydər Əliyevin
ideyalarını əldə rəhbər tutan və
onların həyata keçməsinə çalışan
Fond rəhbərliyi təhsilə xüsusi diqqət
yetirir. Məlumdur ki, təhsil və elm hər bir xalqın
inkişafını təmin edən əsas amillərdir. Ölkəyə
başçılıq etdiyi 35 il ərzində ümummilli
lider Heydər Əliyevin bu sahəyə qayğısı adi
orta məktəb sinifinin birinə baş çəkməkdən,
dərslikləri vərəqləyib məzmunuyla tanış
olmaqdan başlayaraq, təhsilin inkişafını təmin edən
qanunvericilik bazasının yaradılmasına qədər əhatəli
idi.
Fərəhli haldır
ki, Heydər Əliyev Fondunun təhsillə bağlı
qarşıya qoyulan əsas məqsəd də, məhz Azərbaycanda
bu sahənin çağdaş dünyanın tələb
etdiyi səviyyəyə yüksəltməkdir. Bu məqsədə
çatmaq üçün ölkədə müasir tipli
yeni məktəblərin inşasının, tədris prosesinə
normal şərait yaradılmasının vacibliyini yüksək
qiymətləndirən Heydər Əliyev Fondu artıq bu
yöndə konkret addımlar atmaqdadır. Heydər Əliyev
Fondunun təhsil sahəsində həyata keçirdiyi layihələrdən
biri də “Uşaq evləri və internat məktəblərinin
inkişafı” proqramıdır. Fond rəhbərliyi bu
proqram çərçivəsində Bakıda və
Abşeronda yerləşən, hər bir uşaq evi və
internat məktəbi diqqətdən kənarda
qalmamışdır. Bu proqram üzrə isə uşaq
evləri və internat məktəblərində mövcud
problemlərin həll olunması üçün 4 əsas
istiqamət müəyyən edilmişdir: texniki dəstək,
təhsil, səhiyyə və ictimai fəallıq. Heydər Əliyev
Fondunun keçirdiyi aksiyalar təkcə ölkəmizdə
deyil, eləcə də, onun hüdudlarından kənarda da
çox yüksək qiymətləndirilir. Xatırladaq ki,
Heydər Əliyev Fondunun “Təhsilə Dəstək” layihəsi
çərçivəsində Pakistanın Müzəffərabad
şəhərinin Rara ərazisində qızlar
üçün orta məktəb binası istifadəyə
verilib.
Qeyd olunmalıdır ki,
Heydər Əliyev Fondu kimsəsiz, valideyn himayəsindən məhrum,
fiziki imkanları məhdud, habelə, Ermənistanın Azərbaycana
təcavüzü nəticəsində
qaçqın-köçkün həyatı yaşayan
uşaqlara qayğı göstərmək baxımından
bütün digər qurumlar üçün layiqli örnəkdir.
Cəmiyyətin müxtəlif
təbəqələrindən olan insanların bu gün
Heydər Əliyev Fonduna pənah apararaq ondan kömək
diləmələri Fond rəhbərliyinin fəaliyyətinə
cəmiyyətin dərin inamından irəli gəlir. Xeyriyyəçilik,
insansevərlik, mərhəmət Azərbaycan xalqının
mentalitetinə, mədəniyyətinə, əsrlər boyu
formalaşan ənənələrimizə xas olan ən
gözəl keyfiyyətlərdən biridir və fərəhlidir
ki, bu gün Heydər Əliyev Fondu bu ənənələri
uğurla davam etdirir. Məhz bu fəaliyyətinə görə
Heydər Əliyev Fondu Azərbaycanda böyük hörmətə
malik olan və ölkənin ictimai həyatında
mühüm rol oynayan ictimai qurumdur.
Elşad HACIYEV
Səs.- 2009.- 6 iyun.- S. 5.