Azərbaycan və türkdilli
xalqların tarixinə,
mədəniyyətinə həsr
olunmuş sərgi
Sərgidə müəllifin 30-a
yaxın monumental və plastik üslubda hazırlanmış
heykəltəraşlıq işi, 25 tablosu nümayiş
etdirilir
Almatıdakı “OYU” sərgi
salonunda Qazaxıstanda yaşayan həmyerlimiz,
tanınmış heykəltəraş, Qazaxıstanın əməkdar
mədəniyyət işçisi Vaqif Rəhmanovun fərdi sərgisi
açılmışdır.
Qazaxıstanın tanınmış mədəniyyət və
incəsənət xadimləri, diplomatlar, alimlər, tələbələr
və Azərbaycan diasporunun üzvləri sərginin
açılış mərasimində iştirak etmişlər.
Bir ay davam edəcək
sərgidə müəllifin 30-a yaxın monumental və
plastik üslubda hazırlanmış, tarix, fəlsəfə,
mifologiya mövzusunda olan heykəltəraşlıq işi, 25
tablosu nümayiş etdirilir. Onların arasında Azərbaycan
və digər türkdilli xalqların tarixinə və mədəniyyətinə
həsr olunmuş əsərlər də vardır. Yerli heykəltəraşların
fikrincə, bu gün Vaqif Rəhmanov təkcə Azərbaycan
və Qazaxıstanda deyil, bütün dünya heykəltəraşları
arasında özünəməxsus yer tutur. Onun bürünc
və şüşə materiallardan hazırladığı
əsərlər xüsusiilə diqqəti cəlb edir.
Vaqif Rəhmanov indiyədək
beynəlxalq və respublika səviyyəli 70-dən artıq sərgidə
iştirak etmişdir. Heykəltəraşın bu günə
qədər Kanada, ABŞ və Yaponiyanın müxtəlif
şəhərlərində, Rusiya, Bolqarıstan, Macarıstan,
Polşa, Latviya, Türkmənistan və digər ölkələrdə
fərdi sərgiləri açılmışdır. 1989-cu
ildə Bakıda keçirilmiş fərdi sərgisində isə
onun əsərləri qızıl medala və diploma layiq
görülmüşdür.
Heykəltəraşın
əsərləri Azərbaycan, Almaniya, ABŞ, Türkiyə,
Fransa, Koreya Respublikası, Avstraliya, Danimarka və digər
ölkələrdə şəxsi kolleksiyalarda
saxlanılır. Qazaxıstan Milli Muzeyində və Respublika
Dövlət Tətbiqi Sənət Muzeyində, həmçinin,
bir sıra vilayət və şəhər muzeylərində
sənətkarın xeyli əl işi mühafizə olunur.
Azərbaycan rəssamlıq
ənənələrini uğurla davam etdirən rəssamın
əsərələri milli sənətkarlığın
mükəmməl nümunələridir.
Zümrüd
Səs.- 2009.- 6 iyun.- S. 12.