BÖYÜK XİLASKARLIQ MİSSİYASI

 

16 İL ÖNCƏ HEYDƏR ƏLİYEVİN MİSLİ-BƏRABƏRİ OLMAYAN ADDIMI AZƏRBAYCANI MƏHV OLMAQ TƏHLÜKƏSİNDƏN XİLAS ETDİ

 

I yazı

 

“Biz bütün çətinliklərdən keçdik, bütün bu maneələrin qarşısını aldıq, Azərbaycanın bütün düşmənlərinə layiqli cavablar verdik, ölkəmizin dövlət müstəqilliyini qoruduq. Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik, Azərbaycanın dövlət müstəqilliyini yaşatdıq və bundan sonra da yaşadacağıq”.

 

Heydər  Əliyev 

 

 

Tale bəzən xalqları, ölkələri sərt sınaqlara çəkir, üzücü müharibələr və sosial kataklizmlər, tənəzzül və böhran minilliklərin nailiyyətlərini təhlükə altına alır, tarixi tərəqqi məhvə sürüklənir. Belə hallarda cəmiyyət bəşəri bir xilaskarın gəlişinə ehtiyac duyur. Həmin şəxsiyyət öz xilaskarlıq missiyasını yerinə yetirdikdən sonra tarixdə əbədi iz qoyur.

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə, taleyinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. O, Azərbaycanın tərəqqi və inkişaf yolunu bir dövlət olaraq dahiliklə müəyyənləşdirmiş, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış, ehkamlaşmış köhnə stereotiplər çərçivəsini dağıdaraq milli ruhun, milli ideologiyanın yüksəlişinə təkan vermişdir.

Bu, bir həqiqətdir ki, ulu öndər Heydər Əliyevin başçılıq etdiyi qurtuluş savaşının Naxçıvan dövründə Böyük Vətənimiz-Azərbaycan qan içərisində çapalayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, vəzifə xətrinə müqəddəs torpaqlarımızın düşmənə təslim edilməsi adi hal almışdı. Ölkədə, sözün əsil mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik, hərki-hərkilik baş alıb gedirdi. Yurdun hər yerində silahlı quldur dəstələri hökmranlıq edirdilər. Məmləkəti idarə edənlərin başı sovet hakimiyyəti illərində toplanmış xalq əmlakının talan edilməsinə  qarışmışdı. Faktiki olaraq, dövlət yox idi. Ölkə milli fəlakət həddinə çatmışdı. İdarəçilik sükanı sahibsiz qalmışdı. Azərbaycan vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi. Cəbhə düşmənin üzünə açıq idi. Vətən torpaqları hərraca qoyulmuşdu. Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı. Ən təhlükəli cəhət isə bu idi ki, Azərbaycanın xaricdəki yağı düşmənləri daxildəki satqınlarla birləşmişdilər. Tarixi düşmənlərimizin Azərbaycanı Qafqazın siyasi xəritəsindən silib atmaq planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Bu fəlakət anında müdrik xalqımız düzgün qərar qəbul edərək, dünyanın böyük siyasət adamını-Azərbaycanın yeganə ümid çırağını- Heydər Əliyevi hakimiyyətə gətirdi. 1993-cü ilin iyun günlərində Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Naxçıvandan başlanmış qurtuluş mücadiləsi özünün yeni-həlledici mərhələsinə qədəm qoydu və bütün Azərbaycanın qurtuluşu başlandı. Bununla ulu öndər Heydər Əliyevin Vətən naminə mübarizəsində yeni dövr başlandı.

Beləliklə, 1993-cü il Azərbaycanın dövlət müstəqilliyi tarixində ən mürəkkəb və həlledici il oldu. Həmin ilin ilk aylarında Dağlıq Qarabağda və onun ətrafında gedən döyüşlər nəticəsində böyük itkilər verən Azərbaycan ordusu, vahid komandanlığın olmaması ucbatından geri çəkildi. Martın sonunda isə Kəlbəcərə ermənilərin hücumu başladı. Hərbi baxımdan böyük əhəmiyyət kəsb edən bu bölgənin müdafiəsi haqlı suallar doğururdu. Ölkə həyatının bütün sahələrini bürümüş özbaşınalıq artıq orduya da sirayət etmişdi. Bu dövrdə ölkədə baş alıb gedən anarxiya, xaos, kəskin ictimai narazılıqlar kulminasiya nöqtəsinə çatdı. Artıq hakimiyyətdə olanlar baş verən prosesləri idarə etmək iqtidarında olmadıqlarını özləri də etiraf edirdilər. O dövrkü iqtidar tərəfindən ölkə daxilindəki real etnik-siyasi durum nəzərə alınmadan qəbul olunmuş qərarlar, cılız və heç bir əsası olmayan bayağı çağırışlar, ölkəni etnik qarşıdurma və xaricdən müdaxilə həddinə gətirib çatdırdı. Yaranmış vəziyyət radikal dəyişikliklər tələb edirdi. Artıq Vətənin başı üstünü qara buludlar almışdı. Azərbaycan vəziyyətdən çıxış üçün, ya son qurtuluş savaşına atılaraq taleyin ona nəsib etdiyi ən böyük neməti-dövlət müstəqilliyini qoruyub saxlamaq iqtidarında olduğunu sübut etməli, ya da siyasi varlıq kimi dünya xəritəsindən silinmək kimi acı aqibətlə razılaşmalı olacaqdı. Bu dövrdə bütün ölkə vətəndaşlarının nəzəri Azərbaycanın dövlət müstəqilliyi üçün böyük xidmətlər göstərmiş Naxçıvana yönəlmişdi. Hamı xilas yolunu Azərbaycanın bu bölgəsinə rəhbərlik edən Heydər Əliyevin ölkədə yenidən siyasi hakimiyyətə qayıdışında görürdü.

Bütün ölkə vətəndaşları  Heydər Əliyevin Naxçıvanda başladığı Milli Qurtuluş savaşının zəfər yürüşünü səbirsizliklə gözləyirdi. Bu dövrdə resrublikada separatçılıq meyilləri tüğyan edir, böyük bir hərbi hissəyə rəhbərlik edən Surət Hüseynov qoşunları cəbhə xəttindən çəkərək iqtidara meydan oxuyurdu. Bunun nəticəsi kimi Azərbaycan yeni ərazi itkilərinə məruz qalırdı. Hadisələri düzgün qiymətləndirə bilməyən o zamankı  iqtidar əhali arasında günbəgün öz nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxarmaqda çətinlik çəkirdi. Belə bir vaxtda ölkə rəhbərliyinin naşılığı ucbatından Gəncədə qardaş qanı töküldü. Lakin xalqın ağır günündə ilk mərdanə sözü Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvanın Ali Məclisi dedi.

Hadisənin ertəsi günü-iyunun 5-də Naxçıvanın derutatları Gəncə hadisələri barədə çox tutarlı, kəskin və obyektiv bir bəyanat verdilər. Bakı isə, hələ də susurdu. Əksinə, səriştəsizlik, bəd əməlləri ucbatından özlərini itirmiş yuxarı dairələrdə qədim Gəncə əhalisinin köçürülməsi, şəhərin bombardman edilməsi barədə sərsəm fikirlər səslənirdi. İyunun 8-də isə Əbülfəz Elçibəyin Milli Məclisdəki məntiqsiz çıxışı və bunun ardınca AXC-nin heç bir ədəb-ərkana sığmayan bəyanatı hamını sarsıtdı. O günlərdə Gəncədə aramsız mitinqlər keçirilirdi. Bu mitinqlərdə şəhər əhalisi Azərbaycanda qardaş qırğını törədən, ölkəni vətəndaş müharibəsinə sürükləyən resrublika rəhbərliyinin istefasını və Gəncə hadisələrinə siyasi qiymət verilməsini qətiyyətlə tələb edirdi. İqtidar çaşqınlıq içərisində idi. Belə bir mürəkkəb vəziyyətdə iflasa uğradıqları ilə barışmalı olan cəbhəçilər də, vəziyyətdən çıxış yolunu xalqın istəyi ilə razılaşaraq Heydər Əliyevin Bakıya dəvət edilməsində görürdülər. Ulu öndər Heydər Əliyevin özü həmin dövrü belə xatırlayırdı: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı.

Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.

Dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə bir məqamda, ulu öndər Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində böyük ümidlər yaratdı. Bu çətin vəziyyətdən ölkəni ancaq Heydər Əliyev dühasının xilas edəcəyinə hamı qəlbən inanırdı. İyunun 13-də Heydər Əliyev vəziyyətlə yerində tanış olmaq üçün Gəncə şəhərinə gəldi, döyüş meydanına çevrilmiş hərbi hissələrin ərazisini gəzdi. Bu mahir siyasətçinin şəhərə gəlişi əhalidə gələcəyə böyük inam yaratdı. Şəhər sakinləri, hərbi qulluqçularla görüşüb söhbət etdi.  Bu günün fövqündə duranda, o dövrdə baş verən mürəkkəb siyasi proseslər fonunda iqtidardakıların səbatsızlığı ucbatından ölkədə yaranmış gərgin şəraitdə tarixin bu acı imtahanı labüd  idi. Separatçılıq meyilləri, ölkəyə axın-axın gələn dini ekstremistlər, irticaçı siyasi təşkilatlar öz bəd əməlləri ilə düşmən dəyirmanına su tökür, ölkəmizin ərazi bütövlüyünə sarsıdıcı zərbələr vururdular. Torpaqlarımızın dalbadal işğalı, qaçqın və köçkün axını, müxtəlif kəşfiyyat orqanlarının təxribat əməlləri əhalini yormuş, təngə gətirmişdi.

 İyunun 15-də Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi isə respublika həyatında mühüm bir tarixi hadisə oldu. Bu siyasi qayıdış, sözün həqiqi mənasında Azərbaycanı azərbaycanlılara, milləti özünə qaytardı. 

Bu parlaq dühanın xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, ötən əsrin əvvəllərində mövcud olmuş Xalq Cümhuriyyətinin aqibətindən qurtuldu. Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, qətiyyəti və dövlətçilik istedadı sayəsində Azərbaycan tezliklə təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan bir dövlətə çevrildi. Bu, sözün həqiqi mənasında, milli qurtuluşumuzun zəfər yürüşü idi. Heç də təsadüfi deyildir ki, sonralar müstəqil Azərbaycanın Parlamenti Vətənin Böyük oğlunun ölkə rəhbərliyinə qayıdışı gününü Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etdi.

Beləliklə, ulu öndər Heydər Əliyevin Azərbaycana ikinci rəhbərlik dövrü başlandı. 1993-cü ilin iyununda başlanmış bu dövr mahiyyətcə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi uğrunda mübarizə və yeni, müstəqil Azərbaycanın qurulması dövrüdür. Bu dövrdə Heydər Əliyev doğma xalqının önündə gedərək Azərbaycanı tarixin ən qanlı burulğanından çıxara bildi. Vətənin qurtuluş savaşına başçılıq etdi və Azərbaycan tarixinə qurtuluş mübarizəsinin qalibi kimi daxil oldu. Azərbaycan dövlətçiliyini - siyasi varlığımızı yox olmaq təhlükəsindən xilas etdi və tariximizdə, həm də, Azərbaycan dövlətçiliyinin xilaskarı kimi çox şərəfli bir ad qazandı. Bu şanlı missiyanı Heydər Əliyev son dərəcə çətin, mürəkkəb və ziddiyyətli tarixi şəraitdə yerinə yetirdi. Məhz o zaman-1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş başlandı. Müdrik siyasətçi vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici düşmənlərin və onların daxildəki əlaltılarının Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı təcrübəli və müdrik siyasi xadimin əlinə keçdi.

Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra öz xalqı üçün, doğma Vətəni üçün nələri etdi? Və yaxud 1993-cü ilin 15 iyunu nə üçün xalqımızın tarixinə Qurtuluş Günü kimi daxil oldu? Görülən işlərin hamısını sadalamaq mümkün olmasa da, gəlin, heç olmasa, onların ən mühümlərini sıraya düzək. Ən başlıcası-azadlıq, müstəqillik həm ayrıca hər bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər ağır məsələdir. Ümummilli lider Heydər Əliyevin qədirbilən xalqımız qarşısında, tariximiz qarşısında ən böyük xidməti budur ki, O, ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, xalqımızı parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir!

Ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan dövlətçiliyi 1994-cü ilin oktyabr və 1995-ci ilin mart qəsdləri zamanı  da ağır sınaqlardan uğurla çıxdı. Heydər Əliyev andına sadiq qalan, dar ayaqda Vətənin müstəqilliyi, xalqın azadlığı naminə hətta həyatını təhlükə qarşısında qoymağa hazır rəhbər olduğunu nümayiş etdirdi. Əvvəlki rəhbərlərdən fərqli olaraq, dar ayaqda xalqını, Vətənini qoyub qaçmadı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. Azərbaycan qanlı burulğanlardan çıxdı.

Ölkədə sabitlik və əmin-amanlıq yarandı. Ölkədə sabitlik yaratmaqla Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi: Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır!..

 

 

R.Əliyev

 

Səs.- 2009.- 9 iyun.- S. 2.