Aleksandr Sergeyeviç
Puşkinin yubileyi qeyd olunub
Tanınmış rus
şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının
210-cu ildönümü münasibətilə təşkil
ounmuş tədbir keçirildi. Poeziya həvəskarları
onun paytaxtımızda ucaldılmış abidəsi
önünə toplaşmışdılar. Məlumat
üçün deyim ki, bu abidə Rusiya hökumətinin hədiyyəsi
olaraq 2001-ci il oktyabrın 12-də
açılışmışdır. Abidənin
açılışında Azərbaycanın ümummilli
lideri Heydər Əliyev iştirak etmişdir. Həmin vaxtdan hər
il iyunun 6-da böyük rus şairinin ad günündə
poeziya həvəskarları abidənin önünə gəlirlər.
Rusiya
Federasiyasının Azərbaycandakı səfirliyinin,
“Rossotrudniçestvo” nümayəndəliyinin, Səbail rayon
icra hakimiyyətinin, “Sodrujestvo” Azərbaycan xalqlarının
Respublika Həmrəyliyi Cəmiyyətinin təşkil etdikləri
ədəbi görüşün
iştirakçıları, məktəblilər, ictimaiyyət
nümayəndələri Aleksandr Puşkinin abidəsi
önünə tər çiçəklər
qoymuşdular.
“Sodrujestvo” Azərbaycan
xalqlarının Respublika Həmrəyliyi Cəmiyyətinin sədri
Tatyana Kərimova, RF-nin ölkəmizdəki səfiri Vladimir
Doroxin, xalq yazıçısı Anar, Səbail rayon icra
hakimiyyətinin başçısı Sahib Ələkbərov,
Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev ədəbiyyatın,
insanların mənəvi aləminin inkişafında
A.S.Puşkin poeziyasının əhəmiyyətindən
söz açmışlar.
Ənənəvi olaraq
A.S.Puşkinin hər il ad günündə olduğu kimi bu ildə,
rus poeziyasının görkəmli nümayəndəsinin
şeirlərini səsləndirdilər,
nağıllarından parçaları təqdim etdilər. “Nord”
uşaq bağçasında tərbiyə alan körpələr,
paytaxtın orta məktəblərinin şagirdləri,
Bakı Slavyan Universitetinin tələbələri, “Günay”
uşaq teatrının aktyorları şairin şeirlərini
səsləndirərək, tamaşalar təqdim etdilər. Dünya
ədəbiyyatına saysız yaradıcı simaların
adları həkk olunmuşdur. Lakin onların heç də
hamısı uşaqların, ziyalıların, sadə əmək
adamlarının, müxtəlif millətlərin nümayəndələrinin
məhəbbətini qazanmamışdır. Bu gün
A.S.Puşkinin şeirləri bütün dillərdə, hətta
esperanto dilində də səslənir. Qeyd edək ki,
Puşkinin əsərlərinin tam toplusu yalnız Rusiyada və
Çində nəşr edilmişdir. Şairin şeirlərini
hansı dildə səslənməsinə baxmayaraq, eyni dərəcədə
hamıya aydındır və sevilir. Çünki bu şeirlər
məhəbbət, xeyirxahlıq, əbədi dəyərlər
barədədir.
Azərbaycanda Puşkin
artıq iki əsrə yaxındır ki, tanınır və
sevilir. Şairin ölümünə ilk əsəri Azərbaycan
dramaturgiyasının banisi Mirzə Fətəli Axundov nəzmə
çəkmişdir. Onun “Şairin ölümü”
şeirini rus dilinə Bestujev-Marlinski tərcümə
etmişdir.
Puşkinin Moskvada abidəsinin
açılması ilə əlaqədar Azərbaycan
şairi Seyid Əzim Şirvani də şeir
yazmışdır. Puşkinin 100 illiyi ilə bağlı Məmmədtağı
Sidqinin məruzəsi ayrıca kitabça şəklində
buraxılmışdır. Böyük rus şairinin şeirlərini
Azərbaycan dilinə Firudin bəy Köçərli və Rəşid
bəy Sidqi çevirmişlər. Sonralar Puşkinin şeirlərinin
Azərbaycan dilinə tərcüməsi ilə Abbas Səhhət,
Mikayıl Müşfiq, Məmməd Rahim, Rəsul Rza məşğul
olmuşlar. Əlbəttə, burada Səməd Vurğunun
böyük rus şairinin “Yevgeni Onegin” əsərini tərcümə
etməsi xüsusi vurğulanmalıdır.
Puşkinin həyat və
yaradıcılığı barədə görkəmli Azərbaycan
tədqiqatçıları Mikayıl Rəfili, Məmməd
Arif, Əziz Şərif, Şıxəli Qurbanov əsərlər
yazmışlar. Böyük bəstəkarlarımız Qara
Qarayev və Ağabacı Rzayeva şairin şeirlərinə
romanslar bəstələmişlər. Şairin anadan
olmasının 210-cu ildönümü də yeni nəşrlər
və tədbirlərlə qeyd edilmişdir. Belə ki,
“Sodrujestvo” Azərbaycan xalqlarının Respublika Həmrəyliyi
Cəmiyyəti nəzm və nəsr əsərləri toplusu
nəşr etmişdir. Topluya “Ədəbi Azərbaycan - 2009”
Respublika festivalı iştirakçılarının əsərləri
daxil edilmişdir. Yubileylə bağlı respublikamızın
bütün məktəblərində rus dilinin öyrədilməsinə
dair “Puşkiniana” müsabiqəsi keçirilmişdir. Azərbaycandakı
rus icması yanındakı rus mədəniyyəti mərkəzi
ədəbi-musiqili müsabiqə təşkil etmişdir.
Qocaman jurnalist İvan
Tretyakovun Puşkinin yubileyinə həsr etdiyi essedə deyilir:
“Bu yubiley şairin yeni minilliyə daxil olması kimi nəzərdən
keçirilməlidir. Yeni minillikdə də şairin nəsr
və nəzm əsərlərinə, onun nikbinliyinə,
uzaqgörənliyinə, həqiqəti söyləməsinə,
insanların ürəklərini alovlandırmasına, onun
insan zəifliyinə kinayəli-kədərli təbəssümlə
nəzər salmaq qabiliyyətinə heyran olacaqlar”.
Zümrüd
Səs.- 2009.- 9 iyun.- S. 12.