MİLLƏTİN VƏ DÖVLƏTİN QURTULUŞ
GÜNÜ
II yazı
1993-cü ilin 15 iyunu Azərbaycanın
ən yeni tarixini ikiyə böldü. Arxada total psixoz, dərəbəylik
hakimiyyəti və siyasi hikkələrin girovuna
çevrilmiş Azərbaycan dövlətçiliyinin
qaranlıq perspektivi, irəlidə isə sabitlik, inam və Azərbaycan
dövlətçiliyinin qurtuluşu vardı...
1993-cü ilin iyun
olayları müstəqillik tariximizin ən ağır mərhələsi,
yenicə ayaq tutan Azərbaycan dövlətçiliyinin iflas təhlükəsi
ilə üz-üzə qaldığı dövr idi. Bu, Azərbaycanda
hər şeyin - siyasətin, iradənin, dövlət təəssübü
və vətənpərvərliyin sınağa çəkildiyi
dövr idi.
Yazıqlar olsun ki,
gerçək dövlətçiliyin nə olduğunu bilməyən
siyasətbazlar, bivec və maymaq idarəçilər Azərbaycanı
belə ağır sınaq qarşısına gətirmişdilər.
Lakin şükürlər olsun ki, Azərbaycan xalqı öz
ümummilli lideri ilə o ağır günlərin
sınağından şərəflə çıxdı. Ulu
öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışı Azərbaycan xalqını, sadəcə,
korazehin idarəçilərdən və vətəndaş
müharibəsi təhlükəsindən xilas etmədi. Bu
qayıdış Azərbaycan xalqının
sarsılmış inamını, dağılmaqda olan dövlətçiliyini
bərpa etdi, Azərbaycanı milli dirçəliş və
inkişaf yoluna çıxardı.
Azərbaycan müstəqilliyinin
ilk iki ilində naşı idarəçilərin əlində
çox çalxalanmışdır. Siyasi tarixə “Gəncə
hadisələri” kimi düşən və xronikası
1993-cü ilin 4 iyunundan hesablanan proseslər də, əslində,
xeyli öncə başlanmış dağıdıcı
prosesin nəticəsi idi. Bu hadisələr aşınmaqda
olan dövlətçiliyin labüd mənzərəsi, Azərbaycanı
faktiki dağılma həddinə gətirmiş köntöy
komandanın biabırçı və gözlənilən
iflası idi.
Bu iflasın tarixçəsi
o qədər acınacaqlı faktlarla zəngindir ki, onları
göz önünə gətirərkən Azərbaycana kimlərin
rəhbərlik etdiyinə heyrətlənməyə və təəssüf
etməyə bilmirsən. 1992-ci ilin mayında məlum hadisələrin
dalğasında iqtidara gələn AXC komandası
özünün bədnam sələfindən nələri
miras almışdısa, bir ilin tamamında bundan daha
ağır və faciəli bir mirası qoyaraq səhnədən
çəkildi. Necə gəlmişdilərsə, eləcə
də getdilər. Bəziləri bu gedişi Surət
Hüseynovun başçılıq etdiyi hərbi qiyamın nəticəsi
kimi qələmə verir, AXC-Müsavat hakimiyyətinin guya
zorla devrildiyini iddia edirlər. Amma gerçəkdə həmin
hakimiyyət 1993-cü ilin iyununadək artıq tamamilə
iflas etmişdi. Siyasi cəhətdən müflis olmuş,
ölkəni parçalanma həddinə gətirmiş,
xalqın qəzəbini qazanmış hakimiyyətin kimlər
tərəfindənsə devrilməsinə ehtiyac
qalmamışdı...
Bu, bir gerçəklikdir
ki, Surət Hüseynov mifini AXC-nin maymaq iqtidar mənsubları
yaratmışdılar, onun acı nəticəsini isə
bütün Azərbaycan xalqı gördü. Həmin bivec
komanda 1992-ci ilin yayında meydan eyforiyası ilə cəbhədə
genişmiqyaslı hərbi əməliyyata qərar verəndə,
artıq sonunu hesablaya bilmədiyi avantüraya baş
vurmuşdu. O vaxtadək Rusiyanın qarmağında olan sabiq
müdafiə naziri R.Qazıyev və onun “sağ əlinə”
çevrilmiş Qarabağdakı qoşunların korpus
komandiri S.Hüseynov bu avantüranın əsas
oyunçuları idi.
Həmin yay
kampaniyasının illüzor uğurlarına paralel olaraq
S.Hüseynovun “ulduzu parlayırdı”. 1992-ci il iyulun 2-də Ə.Elçibəyin
fərmanı ilə ona baş nazirin müavini və
prezidentin Qarabağ və ətraf rayonlar üzrə fövqəladə
və səlahiyyətli nümayəndəsi statusu da verildi. Qeyri-məhdud
səlahiyyət əldə edən “yun polkovniki” AXC
iqtidarının maymaq “strateq”lərinə tezliklə Xankəndidə
kabab vəd edirdi. Lakin üstündən iki ay keçmədi
və Rusiya “özünü göstərməyə”
başladı. İmperiyapərəst dairələrin əlaltıları
olan müdafiə naziri R.Qazıyev və Qarabağ üzrə
səlahiyyətli nümayəndə S.Hüseynov cəbhədə
təxribat işini gücləndirdilər, cəbhədəki
“zəfər yürüşü” də dayandı.
Sentyabrın əvvəlində
Ağdam cəbhəsində strateji əhəmiyyətli məntəqələr
xəyanət nəticəsində itirildi. S.Hüseynovun
yüksəlişi isə davam edirdi. 1992-ci il oktyabrın əvvəlində
S.Hüseynovun Laçın istiqamətində
apardığı əməliyyat ağır iflasa
uğradı və bunun müqabilində Ə.Elçibəy
7 oktyabr 1992-ci il tarixli fərmanı ilə onu “milli qəhrəman”
adı ilə təltif etdi. Bu, AXC iqtidarının nə qədər
zəif, qorxaq və bivec hala gəldiyinin göstəricisi idi.
Bütün iqtidar, faktiki olaraq, S.Hüseynov adlı bədheybət
faktorun girovuna çevrilmişdi. Cəbhədə uğursuzluq
zolağı isə böyüyürdü.
Ermənistanın
silahlı qüvvələri 1992-ci ilin dekabrında Qubadlı
və Zəngilan rayonlarının sərhəd kəndlərini
ələ keçirdilər. 1993-cü ilin fevralında Ermənistanın
ekspedisiya korpusu Ağdərə rayonuna hücuma
başladı. S.Hüseynov bölgədəki qoşunları
strateji məntəqələrdən geri çəkməklə
bu hücuma daha əlverişli şərait yaratdı. Martın
10-dək Ağdərənin əksər kəndləri
işğal olundu və erməni qoşunları şəhərin
bir neçə kilometrliyində qərar tutdu. Ardınca Kəlbəcərin
süqutu gəldi.
Səriştəsiz
AXC-Müsavat iqtidarı S.Hüseynovu “neytrallaşdırmaq”
üçün daha bir uğursuz addım atdı.
Dövləti xəyanəti
və satqınlığı göz qabağında olan “yun
polkovniki” öz sahəsinə qaytarıldı: prezidentin fərmanı
ilə “Azəryun” Dövlət Şirkəti yaradıldı
və S.Hüseynov onun prezidenti təyin edildi. Amma S.Hüseynov
bu posta yaxın da durmadı. Çünki onun fikri artıq
dövlət başçısı postunda idi. Onun faktiki nəzarətində
olan hərbi qüvvələr, ilk növbədə, 709-cu hərbi
hissə isə artıq çoxdan idi ki, nə müdafiə
nazirinə (R.Qazıyevi general D.Rzayev əvəzləmişdi),
nə də ali baş komandana tabe olurdu. AXC iqtidarı hərbi
müxalifətin qarşısında aciz qalmışdı. Nəhayət,
AXC-Müsavat hakimiyyəti bu iflası gerçəkləşdirən
sonuncu uğursuz addımı atdı - 1993-cü il iyunun 4-də
S.Hüseynovun və 709-cu hərbi hissənin rəhbərliyinin
neytrallaşdırılması üçün
bacarıqsız “Tufan” əməliyyatı həyata
keçirildi. Toqquşmada hər iki tərəfdən 35 nəfər
həlak olmuş, 100-ə yaxın adam yaralanmışdı. Gəncədəki
toqquşma səbatsız və bacarıqsız AXC komandasının
bir il ərzində Azərbaycan xalqının və dövlətinin
başına açdığı oyunbazlığın son səhnəsi
idi. Komediya və meydan fışqırığı ilə
başlanan hakimiyyət tamaşası tragikomediya və farsla
başa çatırdı. Bu oyunbazlıqda Azərbaycan dövlətçiliyinin nələri
itirdiyinin fərqinə sonralar vardıq.
Gəncə olayları
ölkədəki kritik vəziyyəti vətəndaş
müharibəsi həddinə gətirmişdi. Bu, hakimiyyəti
“qarpız bostanı” sayıb onu bir ilin içində
talayıb dağıdan qüvvələrin
çöküşü idi. AXC iqtidarı başını
itirmişdi. 1993-cü il iyunun 7-də Prezident sarayında
keçirilən tragikomik müşavirə bunun bariz göstəricisi
idi. Ekstremal vəziyyətdə optimal qərar qəbul etməyə,
sadəcə, səviyyəsi çatmayan dağınıq
iqtidar komandası tam iflic vəziyyətinə
düşmüşdü. Dövlətçiliyi uçuruma
yuvarlanan ölkənin əhalisi isə gerçək liderin və
xilaskarın, xalqın inanıb etibar edəcəyi qüvvənin
intizarında idi. Xalq ulu öndər Heydər Əliyevin Azərbaycana
rəhbərliyə qayıdışını tələb
edirdi. Ölkəni bərbad hala gətirən başıpozuq
komanda da bunun fərqində idi. Odur ki, hamılıqla Heydər Əliyevə minnətçi
düşdülər.
1993-cü il iyunun 9-da
Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Azərbaycanın
görkəmli oğlu kürsülərini xilas etməyə
çalışan AXC-Müsavat nümayəndələrinin
aciz yalvarışlarını deyil, Azərbaycan dövlətçiliyini
və Azərbaycanın gələcəyini göz
önünə alaraq bu addımı atmışdı. Çünki
O, xalqın ağır günündə kənardan baxa bilməzdi.
“Mən Azərbaycanın müstəqilliyini Azərbaycan
xalqı üçün böyük nailiyyət hesab
etmişəm və bu müstəqilliyin əldə
olunmasına xidmət etmişəm. Bundan sonra
ömrümün qalan hissəsini də Azərbaycanın
müstəqilliyinin möhkəmlənməsinə,
inkişaf etməsinə sərf edəcəyəm” -
ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 11-də
Elmlər Akademiyasının binasında ölkənin
ziyalıları ilə görüşdə səsləndirdiyi
bu bəyanat sonrakı 16 ildə onun dövlətçilik fəaliyyətinin
baş tezisi oldu.
1993-cü il iyunun 15-də
parlamentin fövqəladə iclasında Heydər Əliyev Ali
Sovetin Sədri seçildi. Xalqın lideri xalqın tələbi
ilə hakimiyyətə qayıtdı. Bu, tarixi zərurətin,
Azərbaycanda sabitlik, qanunçuluq və ədalətin
intizarından olan milyonlarla insanın
çağırışının gerçəkləşməsi
idi. 1997-ci il iyunun 27-də Milli Məclis 15 iyunun Azərbaycan
xalqının Milli Qurtuluş Günü elan edilməsi
haqqında qərar qəbul etdi. Azərbaycanın müstəqillik
dövrünün ən əlamətdar və şərəfli
günlərindən biri tarix salnaməmizdə haqq etdiyi yerini
tutdu.
Azərbaycan
xalqını və dövlətçiliyini 1993-cü ilin təlatümlü
günlərində hifz edib tərəqqi və dirçəlişə
çatdıran ulu öndər Heydər Əliyev həmin illərdə
bir çoxlarının tənqid obyekti də olub. 1993-cü
ilin iyununda Azərbaycanı uçurumun kənarına gətirib
sonra aradan çıxan siyasətbazlar sonradan tarixi tərsinə
yazmağa, 1993-cü ildə baş verənləri əyri
güzgüdə göstərməyə
çalışıblar. Amma bu maymaqlar unudublar ki, onlardan fərqli
olaraq Azərbaycan xalqı heç nəyi yaddan
çıxarmayıb. Onlar 1993-ün iyununda “yun polkovniki”nin
qorxusundan yumağa dönərək kömək
üçün ulu öndər Heydər Əliyevin
ayağına yüyürəndə nə qədər aciz
görkəmdə idilərsə, sonradan indi həmin tarixi
danmağa cəhd edəndə bir o qədər rəzil və
simasız görünürdülər.
Tarix-tarixdir və o kimlərinsə
iddia və istəyinə görə yazılmır. 1993-cü
ildən sonrakı 16 ilə qısaca nəzər salsaq, bu illərin
Azərbaycan xalqı və dövləti üçün həqiqətən
böyük imtahan, təlatümlü sınaq epoxası olduğunu,
ən əsası isə xalqımızın və dövlətimizin
bu sınaqdan uğurla çıxdığını yəqin
edə bilərik. 1994-cü ildə ağır və
üzücü müharibədə əldə olunan atəşkəs,
Azərbaycanın qüvvəsini toparlamaq və dövlətin
sütunlarını möhkəmləndirmək imkanı
qazanması, həmin ilin 20 sentyabrında imzalanan “Əsrin
müqaviləsi”, bunun ardınca baş verən dövlət
çevrilişi cəhdinin qarşısının qətiyyətlə
alınması, 1995-ci ildə Azərbaycanda dövlət
quruculuğu və fundamental islahatların başlanması, həmin
ilin martında Azərbaycan dövlətçiliyinin yenidən
sınağa çəkilməsi və “OMON” qiyamının
qarşısının alınması, Azərbaycanda hərbi
çevriliş, zor gücünə hakimiyyətə gəlmək
xülyasına birdəfəlik son qoyulması, müstəqil
Azərbaycanın yeni Konstitusiyasının qəbulu, Milli Məclisə
ilk seçkilər keçirilməsi, 1996-1997-ci illərdə
Azərbaycanda genişmiqyaslı iqtisadi islahatların
aparılması, özəlləşdirmənin
başlanması, aqrar sahənin inkişafı, kəndlinin
torpağın sahibinə çevrilməsi, “Əsrin
müqaviləsi” çərçivəsində ilk neftin
çıxarılması, 1998-ci ildə “Qərb kəməri”nin
(Bakı-Supsa) işə düşməsi, Azərbaycan
neftinin dünya bazarlarına nəqlinin başlanması,
ölkədə demokratik və hüquqi islahatların dərinləşməsi,
senzuranın tamamilə ləğvi, 1999-cu ildə Azərbaycanın
“Böyük ipək yolu”nun dirçəliş mərkəzinə
çevrilməsi, Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisinə
qərar verilməsi, ölkədə yerli özünüidarə
sisteminin təməlinin qoyulması, ilk bələdiyyə
seçkilərinin keçirilməsi, 2000-ci ildə Azərbaycanın
Avropa Şurasına rəsmi dəvət alması,
siyasi-hüquqi və sosial-iqtisadi sahədə islahatların
yeni mərhələsi başlanması, 2001-2002-ci illərdə
Avropa Şurasının tamhüquqlu üzvü kimi beynəlxalq
müstəvidə Azərbaycanın nüfuzunun artması, Xəzərin
Azərbaycanın təklif etdiyi prinsiplər üzrə
bölünməsi barədə strateji əhəmiyyətli
razılaşmanın əldə olunması,
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinin
başlanması bu epoxanın şərəfli səhifələridir.
Ümummilli lider Heydər
.Əliyev bu illəri xalqı ilə birgə
addımlayıb, xalq ona, o da xalqına arxalanıb. “Mənim həyat
amalım bütün varlığım qədər sevdiyim Azərbaycan
xalqına, dövlətçiliyimizə, ölkəmizin
iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu
yolda bütün gücümü və iradəmi yalnız
müdrik və qədirbilən xalqımdan almışam. Ən
çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə
yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə
dözüm, iradə verib və bütün
uğurlarımı təmin edib” - müstəqil Azərbaycanın
keçdiyi sınaqlar, dövlətçiliyimizin ən
ağır günlərində ulu öndər Heydər Əliyevin
göstərdiyi qətiyyət bu sözlərdəki
gerçəkliyi dəfələrlə təsdiqləyib...
R.Əliyev
Səs.- 2009.- 10 iyun.- S. 3.