MİLLİ DÖVLƏTÇİLİYİN XİLASI
III yazı
Siyasi liderin obrazı
mütləq milli əxlaq və mental xüsusiyyətləri
ifadə etməlidir. Əks təqdirdə, onun vasitəsilə
ictimai şüura effektiv və güclü təsir göstərmək
olmaz. Ulu öndərimiz Heydər Əliyevin bu kontekstdən ən
üstün cəhətlərindən biri Azərbaycan
xalqının mental xüsusiyyətlərinə,
psixologiyasına yeni dövrdə yaranmış boşluqdan
istifadə edərək, siyasi mübarizə meydanına
atılmış cılız siyasətbazlarla müqayisə
edilməyəcək dərəcədə yaxşı bələd
olması idi. Heydər Əliyev
xalqına xidmətdə əxlaq qaydalarını daim əsas
tutmuş və bu da onun siyasi inandırıcılıq
potensialını daha da artırmışdı.
Bütün bunlar
ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət
müstəqilliyinin əldə edilməsində və bu
istiqamətdə cərəyan edən proseslərin
önündə getdiyini birmənalı olaraq təsdiqləyir.
Lakin o da məlumdur ki,
dövlət müstəqilliyinin elan edilməsi ilə
heç də problemlər həll olunmur. 1991-ci ildə Azərbaycan
özünün dövlət müstəqilliyini elan etsə
də, bu, əslində, formal xarakter daşyırdı. Ayaz
Mütəllibov öz kölə xislətinə sadiq
qalaraq ölkəni Moskvadan verilən direktivlərlə idarə
edirdi. Azərbaycan dövlətçiliyinə qarşı ən
real təhlükə isə AXC-Müsavat hakimiyyəti
dövündə yarandı. Əbülfəz Elçibəy
iqtidarının səriştəsizliyindən sui-istifadə
edən xarici dövlətlər hər vəchlə Azərbaycanı
hərbi-siyasi platsdarma çevirməyə cəhd göstərir
və çalışırdılar ki, ölkədə
dövlət idarəçiliyi onların sifarişləri əsasında
həyata keçirilsin.
1993-cü ildə
baş qaldıran bu tendensiya Azərbaycan dövlətçiliyini
sarsıtmaqda idi. Lakin
Heydər Əliyev Azərbaycan dövlətçiliyini səriştəsiz
AXC-Müsavat hakimiyyəti ilə Surət Hüseynov
qaragüruhu arasında gedən amansız mübarizələrin
tapdağı altından xilas edə bildi.
1993-cü ildə Heydər
Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində
dövlətçilik ideyalarının təbliği
fundamental mahiyyət kəsb etməyə başladı. Eyni zamanda, 1994-cü ilin oktyabr,
1995-ci ilin mart hadisələrində Heydər Əliyev Azərbaycan
dövlətçiliyini faciələrdən və iflasdan
xilas etdi. Bu dövrün əsas xüsusiyyəti həm də
ondan ibarətdir ki, ulu öndərimiz Heydər Əliyev siyasi
sabitliyi təmin etməklə demokratik dövlət modeli
konsepsiyasını həyata keçirməyə
başladı. Həmin illərdə Onun Azərbaycan dövlətçiliyi
uğrunda apardığı fəal mübarizə daha
çox maraq və heyranlıq doğurur. Bu mübarizəni
ölkədə siyasi sabitliyi təmin edilməsi və Azərbaycan
dövlətçiliyinə qarşı çıxan anarxist
qüvvələrin məhvi kimi dəyərləndirmək
olar.
Təsadüfi deyil
ki, Heydər Əliyev anarxist qüvvələrin zərərsizləşdirilməsindən
sonra siyasi, hüquqi, iqtisadi, sosial sahədə demokratik
islahatlar proqramını həyata keçirilməsinə
start verdi. Ulu öndərimizin
Azərbaycan dövlətçiliyi qarşısında
başlıca xidmətləri sırasında dövlət
müstəqilliyinin qorunub saxlanması və inkişaf etdirilməsi
istiqamətində görülən əsas işlərdən
biri kimi dövlət quruculuğunun hüquqi bazasının
yaradılması idi. 1995-ci ildə qəbul olunmuş
Konstitusiya Azərbaycan Respublikasının dövlət
quruculuğunun əsaslarını qoydu. Azərbaycan demokratik,
hüquqi, dünyəvi dövlət kimi, ilk dəfə olaraq,
insan hüquqlarının prioritetliyini və hakimiyyət
bölgüsünü özünün gələcək
inkişaf yolu kimi seçildi. Heydər Əliyevin birbaşa təşəbbüsü
ilə hazırlanmış və ümumxalq səsverməsi
nəticəsində qəbul olunmuş bu sənəd müstəqil
Azərbaycanın Konstitusiyası kimi tarixə yazıldı.
1995-ci ildə müstəqil
Azərbaycanın ilk parlamentinə keçirilən
seçkilər isə dövlət müstəqilliyinin
möhkəmləndirilməsi prosesinin hüquqi
bazasının yaradılmasına daha geniş imkanlar
yaratdı. Və bu
hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini
müəyyənləşdirmək və həyata
keçirmək yolunda əsas istinad mənbəyi rolunu
oynadı. Bununla da, Azərbaycanın dünya dövlətləri
sırasında özünəlayiq yer tutması, beynəlxalq
münasibətlərin subyektinə çevrilməsi istiqamətində
fəaliyyətin əsasları qoyuldu.
Heydər Əliyev siyasi
kursu bütün istiqamətlərdə Azərbaycanın
dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi
və inkişaf etdirilməsi prinsiplərinə söykənir.
Hüquqi dövlət
quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı,
Azərbaycanda mülki cəmiyyətin formalaşması,
milli təhlükəsizlik və xarici siyasət problemlərinin
həlli, milli-mənəvi inkişaf sahəsində
görülən işlər bütünlüklə müstəqillik
amilinin praktiki baxımdan bərqərar olmasına yönəlmişdi.
Bu baxımdan Heydər Əliyev tərəfindən
müstəqil Azərbaycanın uğurlu neft
strategiyasının hazırlanaraq həyata keçirilməsi
xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanın neft
strategiyasının əsas prinsipləri ölkənin malik
olduğu təbii sərvətlərdən Azərbaycan
xalqının rifahı naminə daha uğurlu şəkildə
istifadə etməyə əsaslanır və bu
strategiyanın həyata keçirilməsi iqtisadi maraqlarla
yanaşı, milli təhlükəsizlik maraqlarının təmin
olunmasına söykənir. Heydər Əliyevin həyata keçirdiyi uğurlu neft
strategiyası təkcə dövlətin iqtisadi
maraqlarının realizə olunmasına deyil, dövlət
müstəqilliyinin qorunub saxlanmasına yönəlik siyasi xəttin
yürüdülməsinə, buna uyğun situasiyanın
formalaşdırılmasına xidmət edir.
Məhz bu strategiya nəticəsində
Azərbaycan dünyanın siyasi xəritəsində öz
geostrateji mövqeyini möhkəmləndirə bilmiş və
zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici
subyektinə çevrilməyə nail olmuşdur. Yeni dünya düzənində
güc mərkəzləri arasında gedən mübarizənin
mahiyyətinə uyğun strategiya müəyyənləşdirməyə
nail olmuş Heydər Əliyev son nəticədə Azərbaycanın
hegemon supergüclərdən asılı vəziyyətə
düşməsinin qarşısını nəinki ala
bilmiş, eyni zamanda, Azərbaycanın bu subyektlər
arasında mübarizənin xarakterini müəyyənləşdirməyə
yönəlik dövlət statusu qazanmasına nail olmuşdur.
1994-cü ilin 20 sentyabrında
dünyanın iri neft şirkətləri ilə
imzalanmış “Əsrin müqaviləsi” bu mənada Azərbaycanın
dövlət müstəqilliyinin möhkəmləndirilməsində
müstəsna rol oynadı. Həmin saziş nəticəsində bütün
dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycan,
eyni zamanda, qlobal məkanda özünün statusunu müəyyənləşdirməyə
nail ola bildi. Dövlət müstəqilliyinə
dayanıqlı bu status əksər dövlətlərdən
fərqli olaraq Azərbaycanın beynəlxalq subyektlərdən
asılı tərəf kimi deyil, əksinə, dünya
birliyinin bərabərhüquqlu üzvü olması ilə
ölçülür. Heydər Əliyev Xəzərin
karbohidrogen ehtiyatlarını dünya bazarına nəql edəcək
Bakı-Tbilisi-Ceyhan strateji neft kəmərini təkcə Azərbaycanın
deyil, ümumilikdə, Cənubi Qafqaz-Mərkəzi Asiya
regionunun gələcək taleyini müəyyənləşdirəcək
strateji layihəyə çevirməyi bacardı. Bu gün
dünya dövlətlərinin regiondakı siyasətini məhz
bu qlobal enerji layihəsinə nəzərən müəyyənləşdirməsi
həm də Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin
möhkəmləndirməsi yolunda apardığı gərgin
işin əməli nəticəsi kimi qiymətləndirilməlidir.
Azərbaycanın
müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində
görülən əsas işlərdən biri ölkənin
dünya birliyinə inteqrasiyasının təmin
olunmasıdır. Heydər
Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində
bu problem öz həllini tam şəkildə tapmış və
beynəlxalq təşkilatlarda bərabərhüquqlu səviyyədə
əməkdaşlıq müstəqilliyin əsas
qarantlarından birinə çevrilmişdir. Bu gün Azərbaycan
dünyanın əksər dövlətləri ilə
qarşılıqlı diplomatik əlaqələr yaradıb
və 300-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq
edir. Birləşmiş Millətlər Təşkilatı,
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı,
Avropa Şurası, Müstəqil Dövlətlər Birliyi,
GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı,
İslam Konfransı Təşkilatı kimi nüfuzlu
qurumların tamhüquqlu üzvü olan Azərbaycan paralel
olaraq Avropa Birliyi, NATO, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma
və İnkişaf Bankı, İslam İnkişaf Bankı
kimi dünyada gedən proseslərin istiqamətini müəyyənləşdirən
qurumlarla yüksək səviyyədə əməkdaşlıq
edir. Bu nailiyyətlər məhz Heydər Əliyevin
yürütdüyü uzaqgörən siyasətin nəticəsi
kimi meydana çıxıb.
Heydər Əliyevin
müstəqilliyin möhkəmləndirilməsi yolunda
apardığı uğurlu siyasətin əsas istiqamətlərindən
biri də dövlətin milli təhlükəsizliyinin və ərazi
bütövlüyünün təmin olunması sahəsində
kompleks tədbirlərin görülməsidir. Əslində, ölkənin hərbi
qüvvələrinin yaradılması dövlətçiliyin
əsas atributu və qarantı hesab olunsa da, təəssüf
ki, SSRİ dağıldıqdan sonra Azərbaycanda hakimiyyəti
ələ keçirməyə müvəffəq olmuş
qüvvələrin səbatsız siyasəti nəticəsində
bu amil Azərbaycanın dövlətçiliyi
üçün qarantiya deyil, təhlükəyə
çevrilmişdi. Ordu quruculuğunda və ölkənin
milli təhlükəsizlik sisteminin
formalaşdırılmasında yol verilən ciddi səhvlər
son nəticədə ölkədə qanunsuz hərbi birləşmələrin
timsalında vətəndaş müharibəsinin subyektlərinin
meydana çıxmasına səbəb olmuşdu. Ordunun
siyasiləşməsi, dövlətçilik prinsiplərinə
əsasən deyil, şəxsi siyasi maraqlara nəzərən
formalaşdırılması sonda Azərbaycanın müstəqilliyi
üçün ciddi təhlükə yaratmışdı.
Yalnız Heydər Əliyev hakimiyyətə gəldikdən
sonra bu tendensiyaya qarşı ciddi mübarizə apardı və
son nəticədə dövlətin milli təhlükəsizliyinin
və ərazi bütövlüyünün təminatçısı
funksiyasını yerinə yetirən sabit, güclü
silahlı qüvvələrin yaradılmasına nail oldu.
Bu gün Azərbaycan
öz texniki və maddi təchizatına görə başqa
dövlətlərin silahlı qüvvələrindən geri
qalmayan hərbi qüvvələrə sahibdir. Bu da Heydər Əliyevin müstəqilliyin
dövlətləşdirilməsi istiqamətində
yürütdüyü ardıcıl siyasətin əsas nəticələrindən
biridir.
Azərbaycan Silahlı
Qüvvələri dövlətin ərazi
bütövlüyünün təminatçısı olmaqla
yanaşı, həm də beynəlxalq hərbi qurumlarla bərabərtərəfli
əməkdaşlıq edir.
Şübhə yoxdur
ki, Azərbaycan cəmiyyəti Heydər Əliyevin milli
dövlətçilik irsini ölkənin beynəlxalq təhlükəsizliyinin,
iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin
edilməsinə yönələn fəlsəfi
dünyagörüş kimi qəbul edir. Qlobal miqyasda da hegomon
dövlətlər, o cümlədən, Qərbin demokratik
dairələri Azərbaycanın perspektivini bu kursdan kənarda
təsəvvür etmirlər. Heydər Əliyevin milli
dövlətçilik irsinin altenativsizliyi özünü təkcə
praktik məsələlərdə təsdiqləməyib və
bu faktor həm də cəmiyyətin ideoloji təfəkkür
tərzinin formalaşması baxımından ciddi əhəmiyyətə
malikdir. Məsələn, danılmaz faktdır ki, müəyyən
zaman kəsiyində Azərbaycanda demokratiya
anlayışı mahiyyəti üzrə başa
düşülməyib. Ən yaxşı halda ictimai rəy
bunu 1993-cü ilin iyun hadisələrinə qədər
olan proseslərin fonunda anarxist meyillər kimi
qavrayırdı. Amma bu
gün demokratik dəyərlər qanunların və milli
mentalitetin tənzimlədiyi sərhədlərdən kənara
çıxmır və o, dialektik inkişafa uyğun olaraq
getdikcə ictimai şüur tərfindən tam şəkildə
mənimsənilir. Bu baxımdan, Azərbaycanda həqiqi
demokratiya məhz Heydər Əliyevin adı ilə
bağlıdır. Çünki bu irs onu nə kütləvi
özbaşınalıq kimi başa düşməyə, nə
də ki, ifrat Qərb demokratiyasının neqativ cəhətlərini
tüğyan etməsinə rəvac vermir. Faktiki olaraq bu kursun
bütün sahələrdəki tənzimləmə
missiyası ideoloji müstəvidə də özünü
doğruldub.
Heydər Əliyev
müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində
Azərbaycan cəmiyyətinin vahidliyinin təmin
olunmasını özünün əsas strateji vəzifəsi
hesab edirdi. Ona görə
də, siyasi mübarizədə sosial baza, kütləvi
simpatiya və digər resurslardan məhrum olan bəzi qüvvələrin
regional faktoru hakimiyyət uğrunda mübarizənin təkanverici
qüvvəsinə çevirmək cəhdləri fiaskoya
uğradı. İctimai şüur belə bir fikri çoxdan
aksiomalaşdırıb ki, Heydər Əliyev Azərbaycan cəmiyyətinin
monolitliyini təmin etdi, onun müxtəlif müstəvilərdə-sosial
bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət
amili baxımından parçalanmasına imkan vermədi. Azərbaycan
dövlətçiliyinin yaşamasını təmin etmək
baxımından bu irəliyə doğru atılan çox
ciddi addım idi. Bunu ötən illərin reallıqları da
təsdiqləyir.
Ulu öndərin
baxışlar sisteminə görə, demokratiya
üçün vacib olan başlıca şərtlər
siyasi sabitlik və güclü dövlət hakimiyyətidir. Təsadüfi deyil ki, 1993-cü
ildə başlanan proseslər cəmi iki il ərzində Azərbaycanda
demokratikləşmə prosesinin inkişafı
üçün real zəmin yaratdı, bu prosesə mane
ola biləcək bütün xarici və daxili qüvvələr
tamamilə neytrallaşdırıldı. Heydər Əliyevin
simasında hakimiyyətə ictimai inam bərqərar oldu, cəmiyyət
başa düşdü ki, o həyatın ümidinə buraxılan,
bədbin siyasi tale yaşamağa məhkum olunan qara kütlə
deyil. Bu mərhələnin özəlliyi ondan ibarət idi
ki, siyasi stabillik olmadan cəmiyyətin digər problemlərinin
həlli mümkün deyildi. Siyasi sabitliyin ardınca kardinal
islahatlar gəlməli idi və Heydər Əliyev bu yöndə
növbəti uğurlu addımları atdı.
Növbəti mərhələni
isə dövlət quruculuğu və demokratikləşmə
prosesi kimi səciyyələndirmək olar. Ölkədə inzibati hakimiyyətin
proseslərə tam nəzarət etməsi, parlament və məhkəmə
hakimiyyətlərinin qurulması üçün cəmi bir
neçə il lazım gəldi. Həmin dövrdə
güclü dövlət hakimiyyətinin qurulması ilə
demokratikləşmə prosesinin paralel şəkildə
aparılması son dərəcə əhəmiyyətli idi.
Onu da qeyd edək ki, bu, heç də asan məsələ
deyildi, çünki istənilən ölkədə demokratikləşmə
prosesi inzibati hakimiyyəti zəiflədir, Azərbaycanda isə
bu prosesin başlanması ölkəni anarxiyaya sürükləyə
bilərdi. Amma Heydər Əliyev hər iki proses arasında
balansı təmin etməklə ortaya analoqu olmayan siyasi model
qoydu.
Güclü dövlət
hakimiyyəti demokratikləşmə prosesinə real təminatlar
yaradırdı. Çünki
həmin dövrdə Azərbaycan cəmiyyətində
demokratikləşmə birmənalı proses deyildi, bunun daxili
qatlarında bir sıra anarxist qüvvələr pərdələnməyə
çalışırdılar. Və onlar öz
planlarını elə şəkildə gerçəkləşdirməyə
cəhd göstərirdilər ki, guya bu sırf demokratiya xəttidir.
Bu səbəbdən, ölkədə cərəyan edən
kütləvi siyasi proseslərin içərisindən bu tip
qüvvələri tapıb neytrallaşdırmaq çox
çətin idi. Bunun yeganə yolu isə ən ekstremal
situasiyalara hazır olan güclü hakimiyyət modelinin
yaradılmasında idi. Belə bir reallığı çox
yaxşı dəyərləndirən Heydər Əliyev
sübut etdi ki, demokratiya ancaq güclü hakimiyyətin iradəsi
hesabına mövcud ola bilər. O, ölkədə Qərb
standartlarını uğurla tətbiq etdi və həmin standartların
milli mentalitetlə vəhdətini yaratdı.
Doğrudan da, müasir
siyasi nəzəriyyələrdə də bu prinsip prioritet
kimi qəbul edilib və sivil ölkələrdə demokratiya
güclü hakimiyyət və milli mentalitetdən kənarda təsəvvür
edilmir. Heydər Əliyevin
ölkədə qurduğu güclü hakimiyyət Azərbaycan
cəmiyyətini demokratikləşmə prosesindən
yayındıra biləcək tendensiyalardan qorumaq
baxımından əhəmiyyətli idi.
Bu amilin isə
daha mühüm strateji əhəmiyyəti var. Həmin dövrdə Azərbaycanın
iqtisadi inkişafına, xarici investiyalara və iş
adamlarına real təminatlar verilməli idi. Hətta əcnəbi
iş adamlarını və xarici kapitalı Azərbaycana cəlb
edən təbii faktorlar nə qədər əlverişli
olsaydı belə, onlar siyasi təminatlar olmadan risqli
addımlar atmazdılar. Lakin Heydər Əliyevin siyasi iradəsi
və təminatı ilə ölkəyə qısa müddətdə
cəlb edilən xarici kapital Azərbaycanın hərbi və
geosiyasi təhlükəsizliyi üçün başlıca
qaranta çevrildi. Bütün maraqlar
qarşılıqlı şəkildə ödənildi.
Heydər Əliyevin
yenilməz iradəsi, düşüncəsinin dinamizmi,
dünyada gedən prosesləri anlamaq, təhlil edib modelləşdirmək
və siyasi davranışın ən əlverişli sxemlərini
reallaşdırmaq qabiliyyəti Azərbaycanı XXI əsrə
dinamik inkişaf edən dövlət kimi
çıxarmış, dayanıqlı milli tərəqqisini
təmin etmişdir. Ulu
öndərimiz yeni dünya düzənində gedən proseslərin
məcrasını düzgün müəyyənləşdirərək
ölkəmizin yeni əsrə və həm də yeni minilliyə
qüdrətli və güclü dövlət kimi
çıxmasını təmin etmişdir.
R.Əliyev
Səs.- 2009.- 11 iyun.- 2009.- S. 2-3.