Qətərin Mədəniyyət Günlərinə
start verildi
Mübarək Bin Nasir Əl-Xəlifə:
”Bu gün xalqları yaxınlaşdıran mədəniyyət
günləri sülh və əmin-amanlığın bərpa
edilməsi yolunda düzgün atılan addımdır.”
Dünən Muzey Mərkəzinin
qarşısında Qətər Respublikasının Mədəniyyət
Günlərinin açılış mərasimi
keçirildi.
Mərasimi giriş
sözü ilə Azərbaycan Mədəniyyət və
Turizm naziri Əbülfəs Qarayev açaraq, ölkəmizə
səfər edən nümayəndə heyətini
salamladı. O bildirdi ki, 58 nəfərdən ibarət
nümayəndə heyəti paytaxtımızın
qonağıdır. Müasir dövrümüzdə Azərbaycanın
dünya ölkələri ilə əlaqələri
genişlənməkdədir. Azərbaycanın dünya
dövlətləri ilə mədəni əməkdaşlığı
artmaqda davam edir. Dünyanın müxtəlif ölkələrində
təşkil olunan Azərbaycan Mədəniyyət Günlərinin
təşkili, eləcə də, respublikada keçirilən
müxtəlif mədəniyyət tədbirləri ölkəmizin
dünya dövlətləri ilə sıx əməkdaşlığının
formalaşmasını təsdiqləyir.
Bu münasibətlər
ölkələrin mədəni həyatı ilə
yaxından tanış olmaq imkanı əldə edəcək.
Qətərin Mədəniyyət, İncəsənət və
İrs Milli Şurasının Baş Katibinin
başçılıq etdiyi nümayəndə heyəti
iyunun 12-nə kimi Azərbaycanda Qətər dövlətinin mədəniyyətini
nümayiş etdirəcək.
Mədəniyyət
Günlərinin açılış mərasimində
çıxış edən Qətərin Mədəniyyət,
İncəsənət və İrs Milli Şurasının
Baş Katibi Mübarək Bin Nasir Əl-Xəlifə ilk olaraq
“2009 - Bakı İslam Mədəniyyətinin Paytaxtı” elan
olunması münasibəti iştirakçıları təbrik
etdi. O bildirdi ki, müxtəlif ölkələr arasında mədəniyyət
tədbirlərinin keçirilməsi, onların adət-ənənələrinin
öyrənilməsinə müsbət təsirini göstərir.
Qətərin Mədəniyyət Günlərinin
keçirilməsi Azərbaycanla Qətər arasında dostluq
əlaqələrinin bariz nümunəsidir. Bu, onu göstərir
ki, bu məzmunda olan tədbirlər xalqların bir-birinə
yaxınlaşmasında ən gözəl vasitələrdəndir:”Bu
gün xalqları yaxınlaşdıran mədəniyyət
günləri sülh və əmin-amanlığın bərpa
edilməsi yolunda düzgün atılan addımdır. Bu mədəniyyət
günləri çərçivəsində Qətər və
onun adət-ənənələri haqqında
qısametrajlı sənədli filmlər göstəriləcək,
təsviri sənət nümunələrindən ibarət sərgi
təşkil ediləcəkdir”.
Açılış mərasimində
qeyd olundu ki, Qətər Mədəniyyət Günləri
çərçivəsində M.F.Axundov adına Milli
Kitabxanada Dr. Xalid Yusif Ər-Dərbəşti tərəfindən
Qətərdə investisiya imkanları barədə mühazirə
oxunacaq, Rəşid Behbudov adına Mahnı Teatrında isə
folklor rəqs qrupunun çıxışı olacaq. Bundan
başqa eyni proqramla nümayəndə heyətinin
Bakının bir sıra rayon və qəsəbələrində
olacaq, öz mədəniyyət nümunələri ilə
yanaşı Azərbaycanın mədəniyyəti və
tarixi ilə də tanış ola biləcəklər. Muzeyin
qarşısında ənənəvi qurulan Qətər
çadırlarında gəmidüzəltmə və
xınaçılıq sənətləri nümayiş
etdirilirdi. Eyni zamanda, tədbir iştirakçıları Qətər
mətbəxinin nümunələri olan milli şirniyyat
növləri ilə də tanış olmaq imkanı əldə
etdilər
Zümrüd
Səs.- 2009.- 10 iyun.- S. 12.