20 İyun - Dünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirildi

 

Əli Həsənov: “Azərbaycan hökuməti artıq “Qayıdış proqramı”nı hazırlayıb”

 

Dünən Azərbaycan Dövlət Filarmoniyasında BMT-nin Qaçqınların Ali Komissarlığının Bakı ofisi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 20 İyun - Dünya Qaçqınlar Gününə həsr olunmuş tədbiri keçirildi. Hər il olduğu kimi, bu il də BMT-nin Qaçqınların Ali Komissarlığı “Real insanlar, real ehtiyaclar” devizi ətrafında keçirilən tədbirdə hökumət rəsmiləri, Azərbaycanda akkreditəolunmuş diplomatik korpusun, beynəlxalq və yerli humanitar təşkilatların təmsilçiləri, qaçqın və məcburi köçkün icmalarının, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.

İlk öncə, BMT-nin Qaçqınların Ali Komissarı Antonni Quttereşenin müraciəti səsləndi. 20 İyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı üzv dövlətlərə müraciətdə bəyan olunur ki, dünyada belə məcburi və köçkünlük problemi mövcuddur: “Bütün dünyada milyonlarla insan zorakılıq, təqib və münaqişələr nəticəsində yurd-yuvasından didərgin düşüb. Bu şəxslərin və ailələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələrdəndir və qlobal iqtisadi böhranın yaratdığı sərt şəraitə xüsusilə həssasdır. Builki Ümumdünya Qaçqınlar Gününün “Real insanlar, real ehtiyaclar” adlı mövzusu qaçqınların ölkələri də daxil olmaqla, nələri itirdiyini və humanitar təşkilatlar tərəfindən onlara kömək etmək üçün nə qədər fəaliyyətə ehtiyac olduğunu vurğulayır. Dözümsüzlük, siyasi iflas və müharibənin uzun və dağıdıcı tarixi var. Hələ də, siyasi sistemlərin stabil olmaması, cəmiyyətlərin dağıdıcı zorakılıq yoluna düşmələri, təqibdən xilas olmaq üçün öz evlərini tərk etməyə məcbur edilmiş insanların müdafiəsi istiqamətində humanitar tədbirləri daha da vacib edir.

Tarix boyu, əsrlərlə ehtiyacı olan insanlara sığınacaq verilmişdir və bu bəşər sivilizasiyasının erkən işarələrindən biridir. Bu müddəa bu il 60 illiyi qeyd olunan İnsan Hüquqları barədə Ümumi Bəyannamənin 14-cü maddəsində öz əksini tapmışdır. “Hər kəsin təqibdən qorunmaq üçün başqa ölkələrdə sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququ var” 1952-ci ildə qəbul edilmiş Birləşmiş Millətlər Təşkilatının Qaçqınların Statusu üzrə Konvensiyası qaçqınları vətəndaşı olduğu və ya doğulduğu andan yaşadığı ölkəsindən kənarda olan və irqi, dini, milliyyəti, hər hansı bir sosial qrup və ya siyasi cərəyana üzvlüyə görə təqib olunan şəxs kimi müəyyən etmişdir. 1951-ci ildən etibarən insanların məcburi köçürülməsi daha mürəkkəb məsələyə çevrilmişdir. Qaçqını, aclıqdan xilas olmaq üçün sərhədi keçməyə çalışan insandan ayırmaq çox hallarda çətinlik yaradır. İnsanları öz evlərini tərk etməyə məcbur edən daha geniş yayılmış səbəblər olan və resursların getdikcə azalması və ərzaq çatışmazlığı ilə daha da genişlənən münaqişə və yoxsulluq, iqlim dəyişikliyi kimi amillər gələcəkdə təhlükəsizliyin təmini sahəsində vəziyyətin pisləşməsinə səbəb ola bilər”.

Sonra Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, ulu öndər Heydər Əliyev qaçqın və məcburi köçkünlərə həmişə diqqət və qayğı ilə yanaşmışdır. Ulu öndər və bu siyasəti davam etdirən ölkə Prezidenti İlham Əliyev dəfələrlə bəyan ediblər ki, təcavüzkar Ermənistanın Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyondan çox soydaşlarımızın köçkünlük həyatı yaşaması, torpaqlarımızın  20 faizinin işğal altında olması problemi Azərbaycan dövlətinin, Azərbaycan xalqının bir saylı problemidir.

Ə.Həsənov Azərbaycanda 300 min qaçqın, 700 min məcburi köçkün və 3 min nəfər “qaçqın” statusu almaq niyyətində olan sığınacaq axtaran şəxslər vardır.  Məcburi köçkünlər ölkənin 62 şəhər və rayonunda, 1600-dən çox sıx yaşayış məntəqəsində müvəqqəti məskunlaşmışlar. Xatırladaq ki, məcburi köçkünlərin uzun müddət yaşadığı çadır düşərgələrinin hamısı Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər nəticəsində ləğv edilmiş, yeni qəsəbələr salınmışdır. Bununla yanaşı, məcburi köçkünlərin minimum sosial tələbatları dövlət büdcəsi hesabına ödənilir. Qlobal iqtisadi böhran onların müavinətlərinin məbləğinə təsir etməmişdir.

Ə.Həsənov erməni təcavüzü nəticəsində öz tarixi torpaqlarından didərgin düşmüş soydaşlarımızın bir qismi də respublikanın müxtəlif şəhər və rayonlarındakı fin tipli qəsəbələrdə və məktəb binalarında müvəqqəti məskunlaşmışlar. Onların da sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bu soydaşlarımız doğma ocaqlarına qayıdanadək, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına edilmiş Əlavələrin müvafiq bəndində,ıııı respublika ərazisindəki fin tipli qəsəbələrdə və məktəb binalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün yaşayış qəsəbələri tikilmişdir.

Baş nazirin müavini Ə.Həsənov bildirdi ki, Azərbaycan hökuməti artıq “Qayıdış proqramı”nı hazırlayıb. Ölkədə fəaliyyət göstərən səfirliklər, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri də bu proqramın hazırlanmasına cəlb olunub: “Əgər sülh müqaviləsi imzalanacaqsa, bu proqram mərhələ-mərhələ həyata keçiriləcək”.

Onun sözlərinə görə, indiyədək məcburi köçkünlərlə bağlı həyata keçirilən proqramlar sosialyönümlü olub. Bundan sonra həyata keçiriləcək proqramlar isə daha çox inkişaf, reabilitasiyayönümlü, məcburi köçkünlərin iş vərdişlərinin bərpasına yönəlmiş proqramlar olacaq: “Bu insanlar artıq 16 ildir ki, yardımlarla yaşayıblar. Lakin indi biz bu insanları qayıdışa hazırlamalıyıq. Bu məqsədlə bütün beynəlxalq təşkilatları bu işə cəlb etmişik”.

Hazırda Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün olduğunu deyən Ə.Həsənov vurğuladı ki, onlardan 250 mini 1988-1992-ci illərdə Ermənistandan qovulmuş azərbaycanlılar, 50 mini 1992-ci ildə Özbəkistandan Fərqanə hadisələri zamanı qovulmuş Axısxa türkləri, 600 minə qədəri Azərbaycanın işğal olunmuş rayonlarından zorla çıxarılmış, 100 min nəfər isə sərhəd zonalarından və cəbhə xəttindən geri çəkilən məcburi köçkünlərdir: “2001-ci ildə yaradılmış Neft Fonduna daxil olan ilk vəsaitlər, məhz qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yönəldilib. Bu günə yeni tikilən qəsəbələrdə məcburi köçkünlərin yaşayışı üçün hər cür infrastruktur yaradılıb. Bu qəsəbələrdə 114 məktəb, xəstəxanalar, tibb məntəqələri və digər sosial obyektlər tikilib”.

Komitə sədri onu da qeyd etdi ki, 16 il ərzində qaçqın və məcburi köçkünlərə ümumilikdə 2 mlrd dol vəsait xərclənib. Bunun 753 mln dol-ı beynəlxalq təşkilatların payına düşür. Xaricdən bu problemin həllinə yönəldilən vəsaitin 200 mln dol-ı BMT-nin qurumlarının, 360 mln-u ABŞ dövlətinə məxsus qeyri-hökumət təşkilatlarının proqramlarının, qalanları isə Avropa, ərəb ölkələri, Türkiyə, İran kimi dövlətlərin payına düşür. Bu illər ərzində Azərbaycan hökumətinə qaçqın və məcburi köçkünlərlə bağlı göstərdiyi birbaşa yardıma görə İtaliya və Yunanıstan dövlətləri fərqlənib.

Ə.Həsənovun qeyd etdi ki, artıq qaçqın və məcburi köçkünlərin “Böyük Qayıdış” proqramı da hazırdır. Onun sözlərinə görə, işğal olunmuş Azərbaycan torpağı azad olunacağı halda, Azərbaycan dərhal ərazilərin bərpasına və əhalinin məskunlaşmasına başlayacaq: “Ölkənin iqtisadi imkanları ildən-ilə artır. Biz məcburi köçkünlərin sosial inkişafının gücləndirilməsi üçün müvafiq proqramlar hazırlamışıq və indi onun icrasına başlamışıq. Ancaq bu, o demək deyil ki, torpaqlar işğaldan azad olunandan sonra Azərbaycan özü bu problemin öhdəsindən gələcək. Problem o qədər dərin və əhatəlidir ki, Azərbaycan onu təkbaşına həll edə bilməz. Buna görə də, biz beynəlxalq təşkilatların və xarici dövlətlərin yardımından istifadə edəcəyik”.

Tədbirdə çıxış edən BMT-nin Məcburi Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Haron Saala Çaarin bildirdi ki, hazırda qaçqınların sığınacaq, səhiyyə xidmətləri, təhsil, qida, təmiz su, sanitariya, zorakılıq və sui-istifadədən müdafiə kimi əsas ehtiyaclarının ödənilməsində boşluqlar var: “Zəif qidalanmanın, o cümlədən, ölüm hallarının səviyyəsi yurd-yuvalarından didərgin düşmüş əhali arasında daha yüksəkdir. Tənha qadın və qızlar istismara, xüsusilə, məruz qalan təbəqədir. Təcrübə göstərir ki, təhsillərini davam etdirənlər bu cür sui-istifadəyə daha az məruz qalırlar. Qaçqınlara təhsil ocaqlarının tikilməsi üçün daha çox resurslara ehtiyac var”.

Tədbir qaçqın və məcburi köçkün uşaqların ifasında konsert proqramı ilə davam etdi.

 

 

Müəllif: RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2009.- 19 iyun.- S. 6.