Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib

 

Milli Olimpiya Komitəsinin baş katibi, Milli Məclisin deputatı Ağacan Abiyevin www.yap.org.az-a müsahibəsi

 

- Ağacan müəllim, siz ömrünüzü ölkəmizdə idmanın inkişafına həsr etmiş bir insan kimi, Azərbaycanın bu sahədə ən tanınmış mütəxəssislərindən birisiniz. Bir peşəkar kimi Azərbaycanda idmanın hazırkı vəziyyəti, bu sahənin inkişafı üçün görülən işlər barədə nə deyə bilərsiniz?

- Mən 1952-ci ildən - 16 yaşımdan Azərbaycanda idmanla məşğul oluram. Bu dövrlər ərzində ölkəmizdə idmanın inkişaf səviyyəsi, qazınlmış uğurlar, keçdiyi yolun şahidi olmuşam. Müstəqil Azərbaycan indi olimpiya oyunlarında, Dünya çempionatlarında, Avropa çempionatlarında o qədər medal qazanıb ki, bu, SSRİ-nin dövründə yalnız arzumuz ola bilərdi. Şübhəsiz ki, bütün bu nailiyyətlərin hamısı dövlətimiz tərəfindən idmana böyük qayğı və diqqətin nəticəsidir. Bu ənənəni isə Ulu Öndər Heydər Əliyev qoyub. 1994-cü ilin mart ayının 5-də ilk dəfə Əl Oyunları Sarayında bütün idmançıları, idmansevərləri bir araya gətirən Ulu Öndər bəyan etdi ki, bu gündən sonra idmana qayğını öz üzərimə götürürəm. Məhz Ümummilli Liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsləri və çoxspektrli fəaliyyətindən sonra bütün digər sahələrdə olduğu kimi, idmanda da böyük uğurlar əldə olunmağa başladı. 1996-cı ildə idmançılarımız müstəqil Azərbaycan bayrağı ilə Olimpiya oyunlarında çıxış etdilər. Düzdür, o vaxt bizim Olimpiya oyunlarında iştirak edən idmançılarımızın sayı az idi. Buna baxmayaraq, ilk olimpiya medalını qazanmağa nail olduq. Xatırlayırsınızsa, Atlantada Namiq Abdullayev fəxri kürsünün ikinci pilləsinə qalxaraq, Azərbaycana gümüş medal qazandırmışdı.

- Cənab İlham Əliyevin 1997-cu ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkəmizin beynəlxalq arenalarda əldə etdiyi nailiyyətlər daha da artmağa başladı. Sizcə, bu tarixi hadisə Azərbaycanda idmanının inkişafı üçün hansı imkanları yaratdı?

- O vaxt millət vəkili və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan İlham Əliyevin yekdilliklə Olimpiya Komitəsinin prezidenti seçilməsi ölkəmizdə idmanın inkişafına dövlət qayğısını daha da gücləndirdi. Yadımdadır ki, O, çıxışlarının birində demişdi - “Bizim borcumuzdur ki, idmana və idmançılarımıza qayğı göstərək, onların da borcudur ki, bu etimadı doğrultsunlar”.

Cənab İlham Əliyevin Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra idmanda böyük dəyişiliklər baş verməyə başladı. Bunun məntiqi nəticəsi olaraq, Sidneydə keçirilən Olimpiadada idmançılarımız iki qızıl və bir gümüş medal qazandı. Sidneydən dönən olimpiyaçılarımız ölkəmizdə qəhrəman kimi qarşılandı. Ulu Öndər Heydər Əliyev idmançılarla şəxsən görüşərək onları təbrik etdi. Bu böyük hadisə idi. Azərbaycanda idmanın nə qədər sevildiyini göstərdi. Ulu Öndərin əsasını qoyduğu bu ənənə Prezidentimiz İlham Əliyev tərəfindən də davam etdirildi. Dövlət başçısı idman ictimaiyyəti ilə bütün görüşlərində idmanın inkişafı üçün lazımi şəraitin yaradılması, maddi - texniki bazanın formalaşdırılmasının vacibliyini önə çəkərək bunun üçün əlindən gələni edəcəyini söz verdi. Bakıda və regionlarda müasir standartlara uyğun olimpiya komplekslərinin inşa olunması və gənclərin, idman ictimaiyyətinin ixtiyarına verilməsi bu məqsədə xidmət edir. Bilirsiniz ki, ilk Olimpiya kompleksi 2001-ci ildə Bakıda istifadəyə verildikdən sonra, Maştağada ikinci kompleks tikildi. Getdikcə bu komplekslərin sayı da artdı və bu gün ölkəmizin müxtəlif regionlarında 20 olimpiya kompleksi fəaliyyət göstərir. Bu komplekslərdə üzgüçülük hovuzları, voleybol meydançaları, bəzilərində hətta idmançıların orada yaşaması üçün şərait də var.

- Azərbaycanın əldə etdiyi bu nailiyyətlər beynəlxalq ictimaiyyət tərəfindən necə qarşılanır? Onların Azərbaycanın idman ölkəsi kimi inkişafı ilə bağlı düşüncələri nədən ibarətdir?

- Azərbaycanın idmanda əldə etdiyi nailiyyətlər hər kəs tərəfindən etiraf olunur və yüksək qiymətləndirilir. Qubada açılan Olimpiya kompleksində iştirak edən Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri qeyd etdi ki, Azərbaycan doğrudan da Avropanın idman mərkəzlərindən birinə çevrilib. Bu fikir ölkəmizdə idmanın inkişafına dövlət dəstəyi və qayğısı, idmanın inkişafı ilə bağlı verilmiş ən yüksək qiymətdir. Eləcə də, dünya idman ictimaiyyəti də bu fikirdədir.

Bildiyiniz kimi, biz 2016-cı ilin Olimpiya Oyunlarına ev sahibliyi üçün namizədliyimizi irəli sürmüşdük. İnanırıq ki, bunu edəcək gücümüz də var. Çünki Azərbaycanda Avropa çempionatları, dünya çempionatları keçirilirsə, deməli biz inkişaf edən idman ölkəsiyik və bizim ölkədə Olimpiya oyunlarının keçirilməsinə də şərait var.

- İdmançılarımızın beynəlxalq yarışlarda iştirakı haqqında nə deyə bilərsiniz? Əldə olunmuş nəticələr sizi qane edirmi?

- Bəli, hesab edirəm ki, Azərbaycan gənc dövlət kimi maksimum nəticələrə imza atıb. Biz Atlantada 1, Sidneydə 3, Afinada 5, Pekində isə 7 medal qazandıq. Bu, böyük bir uğur və ciddi inkişafdır. Olimpiadalarda iştirak etdiyimiz idman növlərinin sayı artır. Növbəti Olimpiada Londonda olacaq və biz bu qanunauyğunluqla orada azı 9-10 medal qazanmalıyıq. Əsas məsələ medalların sayı deyil. Azərbaycan artıq idman ölkəsi kimi tanınır. Bildiyiniz kimi, Olimpiadanı dünyanın hər yerindən 2 milyarddan artıq insan izləyir. Bu qədər insana Azərbaycanı tanıtmaqdan böyük iş ola bilməz. Çətindir, amma Azərbaycan idmançıları bunu edirlər.

Bir də, Paraolimpiya Oyunları var. Bu fiziki cəhətdən problemli idmançıların oyunudur. Onların da Olimpiya yarışları keçirilir. Ötən il Olimpiya oyunları qurtaran kimi Pekində Paraolimpiya oyunları başladı. Bizim idmançılarımız orada bir neçə medal qazandı, 27-28-ci yerləri tutdular. Bu da göstərdi ki, ölkəmizdə nəinki sağlam gənclər qələbə çalır, hətta fiziki qüsurlu idmançılarımız da qələbəyə nail olurlar. Bax bu, bizim idmanımızın və idmançılarımızın inkişafından xəbər verir.

Bundan başqa, Azərbaycanda elə idman növləri inkişaf edib ki, çox ölkələrdə bu, yoxdur. Məsələn, bədii ginastika. Bədii gimnastika üzrə Dünya və Avropa çempionatlarında komandamız iştirak edir və medallar qazanır. Bakıda keçirilən Avropa Çempionatlarında gimnastlarımız 2-ci yeri tutdular. Olimpiya lisenziyası qazandıq.

- Bəs kollektiv idman növlərində, məsələn futbolda mövcud vəziyyətlə razısınızmı?

- Komanda idman növlərində biz o qədər də böyük uğurlar qazana bilməmişik. Bu sovet dövündən belə olub. Azərbaycanda fərdi idman növləri daha çox inkişaf edib. Amma mən ölkəmizdə komanda idman növlərinin də böyük inkişaf edəcəyinə əminəm. Sadəcə, bir az zamana ehtiyac var. Futbol dünyada ən populyar idman növüdür. Azərbaycanda futbolun inkişafı üçün son illərdə böyük işlər görülüb, müəyyən uğurlar da əldə olunub. Yəqin ki, yaxın illərdə biz bu idman növündə də öz sözümüzü deyəcəyik.

- Ağacan müəllim, bildiyimiz kimi, “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq. Bu qanunun qəbulu zərurəti nədən yarandı?

- Digər sahələr kimi, Azərbaycan idmanının inkişafı üçün müvafiq qanunlarımız olmalıdır. Bütün idman növləri qanunla tənzimlənməlidir. Mövcud qanunlar zərurət yarandıqca yenilənməlidir. İdman təkcə yeniyetmə və gənclər arasında deyil, həm də yaşlılar, əlillər, məktəbəqədər, ibditai məktəb səviyyəsində də inkişaf etdirilməlidir. Bu məsələlər mövcud qanunda öz əksini tapmayıb. Yeni hazırlanmış qanun layihəsində isə bütün məsələlər daha əhatəli nəzərdə tutulub. Bu Qanunun qəbulundan sonra Azərbaycanda idmanın inkişafı daha da sürətlənəcək.

- Siz, eyni zamanda böyük bir təhsil təhsil müəssisəsinin - Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbərisiniz. “Təhsil haqqında” qanun layihəsi parlamentin müzakirəsinə çıxarılıb. Sizcə, bu Qanun mövcud problemləri həll edə biləcəkmi?

- Sözsüz ki, qanun bizim həyatımızın bir hissəsidir, idarəetmə proqramıdır. İşlərimizi qanundan kənara çıxmamaqla yürütməliyik. Bu qanun indiyə qədərki qanunlardan ən mürəkkəbi, ən çətinidir və hətta deyərdim, Konstitusiyadan sonra yeganə qanundur ki, Azərbaycandakı bütün təbəqələri əhatə edir. Mən ikinci belə qanun görməmişəm ki, tək mediada yox, həm də bütün nazirlik və qurumlarda müzakirə və təqdir olunsun. Qanun olduqca mükəmməl, aydın çərçivə sənədidir. Qanunda yazılıb ki, tələbə öz seçimini sərbəst etməlidir. “Təhsil haqqında” qanun layihəsində göstərilir ki, təhsil 3 yaşından başlayır. Yəni, belə çıxır ki, qanun 3 yaşından yuxarı yaşı olan hamıya şamil edilib.

Bəziləri elə bilir ki, qanun qəbul olunan kimi bütün problemlər həll olunacaq. Amma qanunun işləməsi və ona riayət olunması üçün təkcə nazirin və ya başqasının istəyi azdır, hamının rolu olmalıdır burada. Təhsilin səviyyəsini qaldırmaq və müasir standartlara çatdırmaq üçün hamı işləməlidir. Məsələn, məktəbə şagird gedir. Ona tək direktor deyil, həm də valideynləri və özü cavabdehdir. Yuxarı siniflərdə şagirdlərin əksəriyyəti dərslərə gəlmir, hazırlığa gedir. Bu da bir problemdir. Bunun həlli üçün həm ata-ana, həm də məktəb kollektivi çalışmalıdır.

İndi valideynlərimiz anlamalıdırlar ki, uşaqlarını kiməsə tapşırmaqla oxutmamalıdırlar. Bizim gələcəyimiz o şagirdlərdən asılıdır. Yeni qanun bizə imkan verəcək ki, biz Avropa sisteminə uyğunlaşaq. O zaman Azərbaycanın yeni erası və yeni dovrü başlayacaq.

 

 

Səs.- 2009.- 19 iyun.- S. 4.