Qlobal böhran
fonunda Azərbaycan öz sabitliyini qoruyur
Vahid Əhmədov: “Qlobal maliyyə
böhranı Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyib və
bundan sonra da heç bir təsiri olmayacaq”
Dünyada
qlobal maliyyə böhranı davam etməkdədir. Azərbaycan rəsmiləri
isə fikirlərində qətidirlər: bu böhran Azərbaycana
təsir etmir. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin
üzvü, millət vəkili Vahid Əhmədov da bu qənaətdədir
ki, dünyadakı qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatına ciddi
təsir etməyəcək. O, bunun səbəblərini də
izah edir.
V.Əhmədovun
birinci arqumenti odur ki, Azərbaycan dünya maliyyə bazarlarına tam
inteqrasiya olmayıb. Yəni, son vaxtlar birjalarda qiymətli kağızların
düşən indekslərinin bizə dəxli yoxdur. Maliyyə
bazarlarındakı qiymətli kağızların bahalaşması və ya qiymətdən
düşməsi iqtisadiyyatımıza təsir etmir: “Bu böhranın bizə vura
biləcəyi əsas ziyan Dövlət Neft Fondunun xarici banklarda
saxlanılan vəsaitləri ilə bağlı ola bilər. Müxtəlif
xarici valyutalarla saxlanılan vəsaitlərin miqdarında bir sıra dəyişmələr
istisna deyil. Amma inanmıram ki, bu da elə bir ciddi səviyyədə
olsun. Lakin eyni zamanda, nəzərə almalıyıq ki, dünyadakı qlobal
maliyyə böhranının bizə də müəyyən təsiri
olacaq”.
Millət
vəkilinin dediklərindən məlum oldu ki, narahatlıq doğuran əsas
məsələ dünya bazarlarında neftin qiymətdən düşməsidir.
Təxminən 5-6 ay əvvəl 150 dollara yaxınlaşan qiymətlər
indi 60-70 dollar arasında dəyişir. Lakin iqtisadçı hesab edir ki, bu il
neftin qiymətlərinin ucuzlaşması büdcə proqnozlarının icrasına
problem yaratmayacaq. Çünki büdcə proqnozlarında neftin 1 barrelinin qiyməti
70 dollar götürülüb. Digər tərəfdən, indi maliyyə
ehtiyatlarımız da var: “Amma gələn il vəziyyət dəyişə
bilər. Fikrimcə, dünyadakı qlobal maliyyə böhranının bizim özəl
banklara da ciddi təsiri ola bilər. Çünki bəzi bankların səhmlərinin
bir hissəsi xarici banklara satılıb. Həmin özəl bankların xarici
şəriklərində hansısa problemlər yaşanarsa, bunu biz də
hiss edə bilərik. Amma mənə elə gəlir ki, bu da
baş verməyəcək. Çünki son vaxtlar Milli Bank çox çeviklik
nümayiş etdirir. Qısa müddət ərzində uçot dərəcələrində
iki dəfə dəyişiklik edilib. Bu isə kommersiya bankları üçün
normal mühitin yaradılması deməkdir. Amma neftin qiymətlərində
ucuzlaşma davam edərsə, gələn il problemlər yaşaya bilərik.
İlk növbədə, hazırda həyata keçirməkdə olduğumuz
investisiya layihələrinin gerçəkləşdirilməsində
problemlərlə üzləşə bilərik”.
V.Əhmədov
“Dünyadakı maliyyə böhranı büdcə parametrlərində əksini
tapacaqmı?” sualını cavablandıraraq bildirdi ki, parlamentə daxil olan
büdcə layihəsində kəsirin həcmi çox cüzidir. Amma
dolların möhkəmlənməsi Azərbaycanın biznes mühitinə
ciddi təsir edə bilər. Çünki xaricdən gətirilən
malların əksəriyyəti dollarla alınır. Əgər dollar
bahalaşırsa, avtomatik olaraq xaricdən gətirilən mallar da
bahalaşır.
Onu
da qeyd edək ki, gələn ilin büdcə layihəsində
neftin 1 barrelinin qiyməti 80 dollardan götürülüb. Amma millət vəkilləri
düşünürlər ki, bu, xeyli bahadır. V.Əhmədov da deyir ki, hazırda
neftin gələn il hansı qiymətə olacağını proqnozlaşdırmaq
çox çətindir. Çünki bu daha çox siyasi proseslərin gedişindən
asılı olacaq. Onun sözlərinə görə, dünyada siyasi sabitlik təmin
olunsa, neftə tələbat artacaq. Bu isə avtomatik olaraq
neftin bahalaşmasına gətirib çıxaracaq. Hazırda neftin ucuzlaşması dünyada
neftə olan tələbatın azalması ilə bağlıdır. Millət vəkili
xatırladır ki, qlobal maliyyə böhranı ilə əlaqədar ABŞ-ın,
Avropa ölkələrinin iqtisadiyyatı tənəzzüldədir. Yaponiyada,
Çində, Hindistanda da qlobal böhranın əlamətləri hiss
olunmaqdadır. Neftin əsas alıcıları da məhz bu dövlətlərdir:
“Bu baxımdan, hesab edirəm ki, büdcədə neftin qiymətini müəyyənləşdirərkən
çox ehtiyatlı davranmalıyıq. Gələn ilin büdcəsində neftin 1
barrelinin qiymətini maksimum 60-65 dollar müəyyən etməliyik.
Əgər gələn il neftin qiyməti bahalaşarsa, büdcə
layihəsinə yenidən baxmaq mümkündür. Onsuz da hər ilin
ortasında büdcə layihəsində müəyyən dəyişikliklər
edilir. Bundan əlavə, Dövlət Neft Fondundan büdcəyə
transfertləri imkan daxilində azaltmalıyıq. Hazırda gerçəkləşdirilməkdə
olan infrastruktur layihələrinin büdcələrinə də
yenidən baxmaq mümkündür. Neftin qiymətlərindəki ucuzlaşma
davam edərsə, gələn il başlanılması nəzərdə
tutulan bir sıra layihələrin maliyyələşdirilməsi də
təxirə salına bilər”.
V.Əhmədov
onu da bildirir ki, qlobal maliyyə böhranının neft ölkələrinə
ziyan vurmaq üçün təşkil olunması da mümkündür. Çünki son vaxtlar neft
satan ölkələrin maliyyə ehtiyatları sürətlə
artmaqdadır: “Məsələn, Rusiyanın valyuta ehtiyatları trilyon
dollara yaxınlaşmaqdadır. Maliyyə imkanlarının artması Rusiyaya digər
addımları atmaqda da kömək edir. Məsələn, maliyyə
imkanları belə geniş olmasaydı, Rusiya çətin ki Gürcüstana hərbi
müdaxilə edərdi. Dünyadakı müəyyən dairələr
Rusiyanın bu qədər güclü olmasını istəmirlər. Fikrimcə,
böhran bu məqsədlə təşkil edilibsə, məqsədinə
nail olmayacaq. Rusiya bu böhrandan çıxa biləcək. Çünki rusların
neftdən başqa digər ehtiyatları da var. Rusiyanın texnologiyaları,
digər faydalı qazıntıları, hərbi-sənaye kompleksi var. Bu gün
Rusiya inkişafdadır. Hazırda Avropa dövlətləri faktik olaraq
Rusiyadan asılı vəziyyətdədir. Avropa dövlətlərinin əksəriyyəti
qaza olan tələbatlarını Rusiyanın hesabına ödəyir. Nefti bir kənara
qoysaq da, Rusiya çox varlı bir ölkədir”.
“Güclü
iqtisadi mövqe yaxşı müdafiəyə bərabərdir” fikrini deyən
millət vəkili, onu da bildirir ki, neft sektorundan asılılığa və
qeyri-neft sektorunun kifayət qədər inkişaf etməməsinə
baxmayaraq, Azərbaycan iqtisadiyyatı dünyanın bir çox ölkələrində
müşahidə edilən iqtisadi böhrana yaxşı davam gətirir ki, bu da
ölkə iqtisadiyyatının qlobal iqtisadi sistemə tam inteqrasiya etməsi
ilə izah olunur. Nə qədər istehsal olsa da, bir çox xarici
müşahidəçilər, səfirliklər, məsləhətçilər,
elə mən özüm də, uzun illərdir ki, Azərbaycan hökumətini
öz iqtisadiyyatının, xüsusən də, bank və kredit sisteminin dünya
sisteminə inteqrasiyasını sürətləndirməyə çağırırıq. Bizim
məsləhətlərimizə əməl olunsaydı, Azərbaycanın
hazırkı iqtisadi durumu pis vəziyyətə düşərdi. Ən
vacibi isə, Azərbaycan zəngin ehtiyat fondu yaradaraq özünü
uzunmüddətli iqtisadi böhrandan sığortalayıb: “Azərbaycan Prezident
İlham Əliyev cari ilin ilk üç ayı ilə bağlı keçirilən konfrasda
qeyd etdi ki, dünya maliyyə böhranının Azərbaycan üçün təhlükəsi
olmayacaq. Məlum olduğu kimi, 2008-ci ildə Azərbaycanın iqtisadi
göstəriciləri çox təqdirəlayiq olub. Sözügedən müddət
ərzində neft sektorunda 10 faiz, qeyri-neft sektorunda isə, müəyyən
geriləməyə baxmayaraq, əsasən, tikinti, xidmət və
kənd təsərrüfatı sahələrinin hesabına 15 faiz artım
müşahidə olunub. Bu cür amillər həmçinin, yerli tələbatın
artması, genişlənən pul siyasəti və dünyada ərzaq və
digər malların qiymətlərində müşahidə edilən
artım inflyasiyanın, müxtəlif qurumların hesablamalarına görə, 17-20
faiz artması ilə nəticələndi. Bu rəqəm bir qədər
çox görünə bilər, lakin 2007-ci illə müqayisədə xeyli
aşağıdır.
Beynəlxalq
Valyuta Fondu 2009-cu ildə inflyasiyanın xeyli aşağı düşəcəyini
proqnozlaşdırıb. Məndə olan məlumata görə, 2009-cu il üçün
inflyasiyanın dərəcəsi 9 faiz müəyyənləşib. Bu rəqəm
böyük görünə bilər, lakin nəzərə alın ki, ötən
ilin noyabr ayından etbarən ABŞ hökumətinin maliyyə və xərclər
üzrə siyasəti “stimul” paketinin təqdimatı və inflyasiyanın
geniş təsirinə məruz qalıb. Qlobal böhran nəticəsində
bir çox dövlətlər inflyasiyanın təsirinə məruz
qalacaq, lakin bununla belə, Azərbaycanda müşahidə edilən
inflayasiya aşağı düşməkdə davam edir. Fikrimi yekunlaşdıraraq
bildirmək istəyirəm ki, Azərbaycan iqtisadiyyatı sabitdir,
düzgün idarə olunur və yaxşı vəziyyətdədir”.
Müəllif: RƏFİQƏ KAMALQIZI
Səs.- 2009.- 19 iyun.- S. 7.