Bakıda “İslam mədəniyyəti və
müasir dünyada dialoq” mövzusunda elmi-praktiki konfrans keçirilib
Aprelin 30-da Bakıda
ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr
edilmiş “Dialoq Avrasiya Platforması” (DAP) beynəlxalq ictimai təşkilatının
“Dialoq Avrasiya” jurnalının Azərbaycanda fəaliyyətə
başlanmasının 10-cu ildönümü münasibətilə
“İslam mədəniyyəti və müasir dünyada dialoq”
mövzusunda elmi-praktiki konfrans keçirilib. DAP-ın Azərbaycan
Milli Komitəsinin sədri, Milli Məclisin deputatı, AMEA-nın
müxbir üzvü Nizami Cəfərov konfransı
açaraq platformanın yaranmasından, keçdiyi yoldan
danışıb. Qeyd edilib ki, “Dialoq Avrasiya” jurnalı
Türkiyə və Rusiya başda olmaqla Avrasiyanın 16
ölkəsində dərc olunur. Nəşrin hər
sayında Azərbaycanın tarixi, mədəniyyəti, təhsili,
iqtisadiyyatı ilə bağlı tanınmış şəxslərin
və yazıçıların məqalələri dərc
edilir.
Konfransda
çıxış edən Prezident Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənov xatırladıb ki, 10 il bundan əvvəl
ümummilli lider Heydər Əliyevin iştirakı ilə
Bakıda “Dialoq Avrasiya” jurnalının təqdimatı
keçirilib. Ulu öndər o vaxt Avrasiyada dialoqun əhəmiyyəti
haqqında müdrik fikirlərini söyləmişdir. DAP-ın
aktual bir işi, mövzunu, məkanı əhatə edən
platforma olduğunu deyən Əli Həsənov
vurğulayıb ki, dialoq müasir dünyanın ən dəyərli
fəaliyyət istiqamətlərindən biridir. Dialoq vasitəsilə
bütün problemlərin həlli mümkündür. Tarix
boyu başqa cəmiyyətləri güc yolu ilə öz
dinindən, ənənəsindən döndərib
güclü cəmiyyətlərə birləşdirmək cəhdləri
müvəffəqiyyətsizliyə uğrayıb. Dialoq isə
heç də digər cəmiyyətdən olan insanları
öz inanclarından imtina etməyə vadar etmir. Bu, sadəcə
ortaq nöqtələrin tapılmasıdır. Şöbə
müdiri deyib ki, din də, mədəniyyət də,
informasiya mübadiləsi də, cəmiyyətlər
arasındakı iqtisadi, siyasi, sosial inteqrasiya da - bunlar
hamısı iştirak edən yerdə hərtərəfli əsaslandırılmış
dialoqdan danışmaq olar. Dialoq insanların ictimai-siyasi,
iqtisadi, mədəni həyatının bütün sahələrini
əhatə edən, onların davranış normalarında
ortaq dəyərlərin tapılıb qiymətləndirilməsi
və bu istiqamətdə ünsiyyətin qurulmasıdır. Tolerantlıq
cəmiyyətdə mövcud olan bütün mədəniyyətlərə,
dinlərə, davranış normalarına, insanların vərdişlərinə
hörmətlə yanaşıb, onların inkişafına
stimul verməkdən ibarətdir.
Əli Həsənov
bildirib ki, ümummilli lider Heydər Əliyev həmişə
Avrasiya məkanında yaşayan insanların mədəniyyətlərini,
digər millətlərin ictimai davranış
normalarını öyrənməyi xalqımıza təlqin
edirdi. Ulu öndər Heydər Əliyev həmişə deyirdi
ki, biz öz Nizamimizi də, dinimizi də gözəl bilməliyik,
əski əlifba ilə klassiklərimizi də oxumağı
bacarmalıyıq, amma eyni zamanda dünya mədəniyyətinin
bugünkü dəyərlərini əks etdirən dilləri
də bilməliyik. Bizim gənclik həm müasir, həm əxlaqlı
olmalıdır. Bizim gənclik həm millətini, həm də
bəşəriyyəti sevməlidir. Azərbaycan Prezidenti
İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
İslam dəyərlərinin inkişafı məqsədi ilə
xeyli iş gördüklərini vurğulayan Əli Həsənov
demişdir ki, bu işlər davam etdirilir. Bakı bu il
İslam mədəniyyətinin paytaxtı elan olunub. Azərbaycanda
bu il İslamın ən qabaqcıl dairələri ölkəmizə
dəvətlər almış, konfranslarda iştirak etmişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu
il mühüm konfrans keçirməyi planlaşdırır.
Prezident Administrasiyasının şöbə müdiri Əli
Həsənov “Dialoq Avrasiya” jurnalı ilə bağlı təkliflərini
də verib. DAP-ın Azərbaycan Milli Komitəsinin katibi Mustafa
Saatçı “Dialoq Avrasiya” jurnalının ölkəmizdə
fəaliyyət göstərdiyi müddətdə Prezident
Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Demokratiyaya
gedən yol”, baş nazirin müavini Elçin Əfəndiyevin
“Əbədi düşüncələr” kitablarının
türk dilinə tərcümə olunduğunu bildirib. M.Saatçı
jurnalın 28 nömrəsində Azərbaycanla bağlı
110 məqalənin nəşr olunduğunu qeyd edib. Tədbirdə
Rusiyada fəaliyyət göstərən Mətbuatın
İnkişaf İnstitutunun rəhbəri Olqa Karabamova, Azərbaycan
Yazıçılar Birliyinin sədri Anar Rzayev, DAP-ın həmsədri
Harun Tokak və başqaları qloballaşan dünyada dialoqun
vacibliyindən danışıblar.
Mətləb
Səs.- 2009.- 1 may.- S. 4.