Qarabağ Soyqırımı: məhkum olunmuş Xocalı

 

Aprelin 29-da Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Azərbaycanda yaxşı tanınan, xalqımızın və ölkəmizin böyük təəssübkeşi, jurnalist Tatyana Çaladzenin rus dilində yeni çapdan çıxmış “ Qarabağ Soyqırımı: məhkum olunmuş Xocalı” kitabının təqdimat mərasimi keçirilib.

Milli Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə nəşr olunan bu kitabda ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər barədə geniş faktlar öz əksini tapmışdır.

Qeyd edim ki, təqdimat mərasimindən əvvəl müəllif Tatyana Çaladzenin Qarabağdakı jurnalistlik fəaliyyətinə həsr olunan və Türkiyənin TRT kanalında nümayiş olunan sənədli film nümayiş etdirilmişdir. Filmdə Qarabağda baş verən faciələri və döyüş səhnələrini gözləri ilə görən jurnalist, Azərbaycan həqiqətlərini dünyaya necə çatdırmasından danışır.

Daha sonra kitabın müzakirəsi olmuşdur. Qeyd edilmişdir ki, kitabda təkcə Xocalı faciəsi deyil, ümumilikdə, Qarabağda baş verən hadisələr barədə geniş faktlar toplanmışdır.

Milli Təhlükəsizlik Nazirliyi xidmətinin rəhbəri, general-mayor Fərhad Vahabov, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının katibi Şahin Sailov, BDU-nun professoru Musa Qasımlı, Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun şöbə müdiri Araz Qurbanov və digər çıxış edənlər, kitabın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətindən danışıblar. Tədbirdə vurğulanmışdır ki, bu kitab ermənilərin uydurma soyqırım təbliğatlarına qarşı tutarlı cavabdır.

Kitab Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri, eləcə də, Baş Prokurorluğun birgə istintaq-əməliyyat qrupunda, Dövlət Komissiyasında toplanılmış materiallar əsasında hazırlanıb. Bu nəşr Dağlıq Qarabağ, 20 Yanvar, Sumqayıt hadisələri barədə şahid ifadələrinin toplanması, Qarabağ həqiqətləri barədə araşdırma aparan gənc tədqiqatçılar, alimlər üçün əyani vəsait rolunu oynaya bilər. Tədbirdə kitabın Azərbaycan dilinə, eləcə də, bir sıra əcnəbi dillərə tərcümə olunması təklif olunmuşdur. Latviya parlamentinin keçmiş deputatı Yuris Kayas kitabın latış dilinə tərcüməsinə və nəşrinə dəstək verəcəyini bildirib.

Tatyana Çaladze isə Azərbaycanın Ermənistanın təcavüzünün aradan qaldırılması istiqamətində ədalətli mübarizəsində hamını bir olmağa çağırıb.

Kitabda ilk dəfə olaraq həm istintaq materialları, həm də son dərəcə məxfi sənədlər yer alıb.

Kitabın baş məsləhətçisi milli təhlükəsizlik naziri, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Eldar Mahmudov, məsləhətçisi isə Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyevdir.

 

 

Zümrüd

 

Səs.- 2009.- 1 may.- S. 12.