Muğam ustası Canəli Əkbərovun yubileyi qeyd olunub

 

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında xalq artisti, görkəmli muğam ustası, professor Canəli Əkbərovun anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında xalq artisti, görkəmli muğam ustası, professor Canəli Əkbərovun anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Şəki şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova görkəmli muğam ustasının ömür yolundan, yaradıcılığından danışmış, onun muğam sənətinin inkişafındakı xidmətlərindən bəhs etmişdir.  O bildirmişdir ki, Canəli Əkbərov xalqımızın muğam sənətində öz dəsti-xətti ilə seçilən, yüksək xanəndəlik məharəti və səhnə mədəniyyəti ilə dinləyicilərin hörmətini qazanan xanəndələrimizdəndir.  Lənkəran rayonunda musiqiçi ailəsində anadan olmuş Canəli Əkbərov uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində İbn Səlam, Məcnun, Şah İsmayıl, Aşıq Qərib kimi məşhur səhnə obrazları yaratmışdır. Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor Canəli Əkbərova milli muğam sənətimizin inkişafındakı xidmətlərinə görə 1992-ci ildə xalq artisti fəxri adına, 2000 - ci ildə “Şöhrət” ordeninə, 2002 - ci ildə Prezident təqaüdünə, 2005 - ci ildə isə Heydər Əliyev Fondunun təqaüdünə layiq görülmüşdür. Sonra yubilyarın ömür yolundan bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Mərasimdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti İlham Əsgərov, şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov, Yazıçılar Birliyi Şəki təşkilatının sədri Vaqif Aslan və b. çıxış edərək, yubilyarı təbrik etmiş, ona xoş arzularını bildirib.

Yubiley tədbirində sənətkarın yetirmələri maraqlı konsert proqramı ilə çıxış ediblər.

Tədbirin sonunda Şəki şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov Azərbaycan muğam sənətinin inkişafına böyük töhfələr vermiş görkəmli sənətkarı 70 illiyi münasibətilə təbrik edərək ona xatirə hədiyyəsi təqdim etmişdir.

Xalq artisti C.Əkbərov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 

 

Zümrüd

 

Səs.- 2009.- 2 may.- S. 16.