Ulu öndər Heydər Əliyev ideyaları əbədidir

 

YAP Ağstafa rayon təşkilatı ulu öndər Heydər Əliyevin 86-cı ildönümünə həsr olunan toplantı keçirib

 

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü respublikamızın hər yerində yüksək səviyyədə qeyd edilməkdədir. Dünən bu tarixi hadisə ilə bağlı YAP Ağstafa rayon təşkilatının qərargahında “Heydər Əliyevin dövlətdə qadın siyasəti” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə rayonun müxtəlif idarə və müəssisələrindən 55 nəfər fəal qadınlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə YAP Ağstafa rayon təşkilatı  qadınlar şurasının sədri Niyasət Bəhrəmova açaraq qeyd etdi ki, istər keçən əsrin 70-ci illərində, istərsə də müasir dövrdə Azərbaycanda dahi lider Heydər Əliyev tərəfindən dövlətin qadın siyasəti müəyyənləşib. Bu siyasət indi davam etməkdədir.

Cəmiyyətdə qadınların rolunun danılmaz olduğunu qeyd edən N.Bəhrəmov, ümummilli liderimiz Heydər Əliyevin memarı və yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətin siyasi avanqardı, respublikamızın ən nüfuzlu siyasi qüvvəsi olduğunu bildirdi. Qeyd etdi ki, ümummilli liderin dahi bir insan kimi Azərbaycan xanımlarına olan münasibəti Yeni Azərbaycan Partiyasında da davam edir: “Bunun əsas səbəbi qazanılmış uğurlar və YAP-ın sıralarındakı on minlərlə məsləkli, əqidəli insanlardır. Bizim, doğrudan da, geniş potensialımız var. Bəlkə elə buna görə də, yaşadığı zamanın və məkanın xarakterindən asılı olmayaraq, qərinələr boyu əxz etdiyi milli-mənəvi dəyərlərini, mental xüsusiyyətlərini qoruyub saxlayan Azərbaycan qadını, gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar etmək istəyib. Öz fəaliyyəti dövründə partiyamızın qurucusu, ulu öndər Heydər Əliyev Azərbaycan qadınına böyük hörmətlə yanaşıb və onu yüksək dəyərləndirib.”

YAP Ağstafa rayon təşkilatının qadınlar şurasının sədri onu da vurğuladı ki, Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, Azərbaycan xalqının milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır: “Qadın ailə saxlayan bir insandır. Ona görə də, bütün qadınlar bizim cəmiyyətdə çox əhəmiyyətli rol oynayırlar. Bu gün demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyən Azərbaycan qadın cəmiyyətinin adı sivil dəyərləri özündə əks etdirən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.

Tədbirdə YAP fəal üzvlərindən Təranə Abdullayeva, Xanım Haqverdiyeva, İradə Batıyeva, Dilşad Tağıyeva, Amalya Əmrahova çıxış edərək qeyd etdilər ki, həmişə sülhün, əmin-amanlığın carçısı olmuş Azərbaycan qadınları, respublikada baş verən mürəkkəb ictimai-siyasi proseslərdə üzərlərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlir, daim milli dövlətçilik mövqeyindən çıxış edirlər. Çıxış edənlər onu da vurğuladılar ki, Azərbaycan qadınları respublikada baş verən mürəkkəb ictimai-siyasi proseslərin gedişində onların üzərinə düşən vəzifələrin öhdəsindən də ləyaqətlə gəlmiş, daim milli dövlətçilik mövqeyindən çıxış etmişlər.

 

 

RƏFİQƏ KAMALQIZI

 

 Səs.- 2009.- 2 may.- S. 11.