Belarus-Azərbaycan iqtisadi tərəfdaşlığı möhkəmlənir

 

Ölkələrimiz arasındakı əmtəə dövriyyəsi 100 milyon dolları keçib

 

İstehsal kooperasiyasının intensiv inkişafı Azərbaycan ilə Belarus arasında qarşılıqlı ticarətin həcmini xeyli artırmağa və iqtisadi əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldırmağa imkan verəcək.

Azərbaycan ilə Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın mayın 5-də Minskdə açılan 5-ci iclasının iştirakçıları bu nəticəyə gəliblər. Belarus Baş nazirinin müavini Andrey Kobyakov bildirib ki, “Ölkələrimizin prezidentləri bizə əmtəə dövriyyəsinin həcmini xeyli artırmaq üçün yollar axtarmağı tapşırmışlar”. O bildirib ki, son 5 ildə əmtəə dövriyyəsi 7 dəfədən çox artmış, ötən il isə 100 milyon dollarlıq həddi keçib. Lakin bu rəqəm nə Azərbaycanın, nə də Belarusun iqtisadi potensialına uyğun deyildir. A.Kobyakovun sözlərinə görə, ölkələrimiz ticarət-iqtisadi münasibətləri fəal inkişaf etdirə bilər, çünki iqtisadiyyatlarımız bir-birini qarşılıqlı surətdə tamamlayır, aramızda rəqabət ziddiyyətləri yoxdur. A.Kobyakov vurğulayıb ki, Azərbaycanda üçüncü ölkələrə ixrac etmək üçün “Belarus” traktorlarının birgə istehsalına başlamaq təklifi nəzərdən keçirilir. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, komissiyanın həmsədri Yaqub Eyyubov bildirmişdir ki, Azərbaycan Belarus ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Ölkələrimiz arasında əlaqələr artdıqca, onların öz regionlarında nüfuzu da yüksəlir. Həmin gün Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovu qəbul edib. Belarus Prezidenti bildirib ki, Azərbaycan ilə ticarət-iqtisadi münasibətlərin inkişaf səviyyəsindən razıdır. Lakin keçid mərhələsində ticarət-iqtisadi münasibətlərin vəziyyətini bir daha müzakirə etmək lazımdır.

A.Lukaşenko ölkəmizdə bu yaxınlarda keçirilən referendumun nəticələri ilə əlaqədar Azərbaycan rəhbərliyini təbrik edib.: “Referendumda çox böyük uğur münasibətilə Azərbaycanı təbrik edirəm. Bu, həqiqətən, səmimi referendum idi. Referendum Azərbaycan rəhbərliyinə etimad referendumu idi və sübut etdi ki, bu etimad çox yüksək səviyyədədir”.

 

 

MƏTLƏB

 

Səs.- 2009.- 6 may.- S. 3.