Azərbaycan-NATO: strateji əməkdaşlığın nəticə
və perspektivləri
Azərbaycan-NATO
tərəfdaşlığının 15 illiyi tamam oldu
Azərbaycan ilə NATO arasında əməkdaşlığın 15 illiyi tamam oldu. Bu tərəfdaşlıq münasibətlərinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1994-cü il mayın 4-də Şimali Atlantika blokunun mənzil-qərargahında “Sülh naminə tərəfdaşlıq” Proqramının çərçivə sənədinin imzalanması ilə qoyulub. Həmin vaxtdan Azərbaycan ilə NATO arasında tərəfdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir. NATO ilə əməkdaşlığın sonrakı mərhələsi “Fərdi tərəfdaşlığın əməliyyat planı”nın (FTƏP) icrası oldu. Ölkəmizin “Sülh naminə tərəfdaşlıq” Proqramına qoşulmasından 10 il sonra - 2004-cü ilin mayında Prezident İlham Əliyev Azərbaycanın FTƏP Təqdimat Sənədini NATO-nun baş katibinə təqdim etdi. Bununla da, Azərbaycan ilə NATO münasibətlərində yeni mərhələ başlandı.
Bu gün Azərbaycan FTƏP çərçivəsində NATO ilə siyasi dialoq və məsləhətləşmələri genişləndirir, bu qurumla siyasi, hərbi, iqtisadi, ictimai məlumatlandırma, elm, ətraf mühit və digər sahələrdə əməkdaşlıq münasibətlərini inkişaf etdirir.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının təsdiq edilməsi barədə” imzaladığı sərəncam isə bu əlaqələrin inkişafına böyük töhfələr verib.
Azərbaycan NATO ilə qurumun İraq və Kosovoda sülhməramlı missiyası çərçivəsində əməkdaşlıq edib, hazırda bu əməkdaşlıq Əfqanıstanda davam etdirilir. NATO-nun Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyi birmənalı olaraq təşkilatın 1994-cü il Brüssel Zirvə Toplantısının Bəyannaməsində əks olunub.
NATO Cənubi Qafqaz dövlətlərinin ərazi bütövlüyünü və suverenliyini tanıyır, bölgədəki bütün münaqişələrin, o cümlədən, Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini, bu sahədə ATƏT-in Minsk Qrupunun göstərdiyi bütün səyləri dəstəkləyir.
Azərbaycanı dünyanın diqqət mərkəzinə çəkən məqamlar sırasında ölkəmizin geosiyasi və strateji mövqeyi, zəngin enerji ehtiyatları, ən yüksək templə müşayiət olunan iqtisadi və sosial inkişaf, həmçinin, bu qəbildən olan digər amillər mühüm yer tutur.
Lakin Azərbaycan təkcə sadalanlarla dünya üçün zəruri əhəmiyyət kəsb etmir. Bir çox digər sahələrdə də Azərbaycan vacib əhəmiyyətə malik dövlət sırasında yer alır ki, onlardan biri də terrorçuluqla mübarizədir. Təsadüfi deyil ki, hazırda Azərbaycan beynəlxalq antiterror koalisiyasının ən fəal üzvlərindən biridir.
Erməni terrorundan əziyyət çəkən Azərbaycanın bu problemə qarşı fəal mübarizə aparmasını və beynəlxalq birliyə göstərdiyi yardımları nəzərə alan NATO isə, indi ölkəmizlə qeyd olunan sahədə işbirliyinin miqyasını daha da genişləndirmək niyyətindədir. Hazırda bu məqam özünü daha çox Azərbaycan vasitəsilə Əfqanıstana NATO-nun qeyri-hərbi yüklərinin çatdırılmasında göstərir.
Əslində, bu məsələ cari ilin fevral ayında Qırğızıstan hökumətinin ərazisindəki “Manas” hərbi bazasını bağlamasından sonra daha aktual şəkildə gündəmə gəlib. Artıq fevralın 20-də Qırğızıstan hökuməti ölkədəki Amerika hərbçilərinə 180 gün ərzində “Manas” hərbi bazasını tərk etmələri üçün rəsmi xəbərdarlıq göndərib.
Bunun ardınca Qırğızıstan sözügedən hərbi bazasından istifadə etməklə bağlı ABŞ-la yanaşı, digər NATO ölkələrilə də müqavilələrini ləğv edib. Qırğızıstan parlamentində bununla əlaqədar qəbul edilmiş qanuna görə, NATO ölkələri və Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya kimi Əfqanıstanda əməliyyatları dəstəkləyən digər ölkələrə də “Manas” hərbi bazasından istifadə qadağan edilib.
Bu isə Əfqanıstanda olan koalisiya qüvvələrinin işini xeyli çətinləşdirib. Çünki Əfqanıstana koalisiya qüvvələri üçün lazımi yüklərin və əsgəri qüvvələrin daşınmasında “Manas” hərbi bazası mühüm rol oynayırdı.
Hadisələrin belə səpkidə inkişafından narahat olan NATO qüvvələri, Əfqanıstana yükdaşımalar üçün yeni marşrutları nəzərdən keçirməyə başladı ki, bu istiqamətdə ən əlverişli ərazilərdən biri kimi Azərbaycan daha çox diqqəti cəlb etdi. Bunun əsas səbəblərindən biri də Azərbaycan vasitəsilə yükdaşımaların təhlükəsiz olmasıdır.
NATO rəsmiləri də etiraf edirlər ki, Əfqanıstana yükdaşımalarda istifadə edilən Pakistandakı Xeybər aşırımı o qədər də etibarlı deyil və Əfqanıstana gedən maşın karvanları orada getdikcə daha çox “Taliban” yaraqlılarının hücumuna məruz qalır.
Həmçinin, Rusiya ərazisi ilə də Amerika və onun NATO-dakı müttəfiqlərinin Əfqanıstana böyük miqdarda yük daşınmasına perspektivdə hər hansı məhdudiyyətlər qoyula biləcəyindən ehtiyatlanırlar. Bütün bunlar Əfqanıstana qeyri-hərbi yüklərin daşınmasında ən etibarlı tərəfdaş kimi Azərbaycanın NATO üçün əhəmiyyətini daha da artırır.
Ölkəmizin Əfqanıstanda mövcud koalisiya qüvvələrinin təchizatı baxımından vacib rol oynaya biləcəyini nəzərə alan NATO-nun bir sıra təmsilçilərinin iştirakı ilə, ötən ay Bakıda ikigünlük xüsusi konfrans da keçirilib. Konfransda Türkiyə, Gürcüstan və Azərbaycandan olan nəqliyyat sahəsi üzrə aparıcı mütəxəssislər ABŞ, NATO və digər tərəfdaş ölkələrin Əfqanıstanda əməliyyat aparan hərbi qüvvələrinə təchizatın asanlaşdırılması məsələlərini müzakirə ediblər.
Konfransı ABŞ-ın Avropa Komandanlığı (EUCOM) təşkil edib. Tədbirə Türkiyədən, Azərbaycandan və Gürcüstandan hökumət rəsmiləri, özəl şirkətlərin, həmçinin, ABŞ Ordu Qüvvələrinin Yerüstü Yerləşdirilmə Mərkəzinin, ABŞ Nəqliyyat Komandanlığının, Pentaqonun Müdafiə Təminatı və Təchizatı üzrə Agentliyinin, ABŞ-ın Avropa Komandanlığının və ABŞ Müdafiə Departamenti üçün təminatla məşğul olan digər qurumların nümayəndələri qatılıb.
Həmin vaxt konfransa qiymət verən ABŞ-ın ölkəmizdəki səfirliyinin nümayəndəsi Terri Devidson bildirib ki, Əfqanıstan ABŞ və NATO üçün prioritet bölgə sayılır: “Biz Azərbaycanı Əfqanıstanda sülh və inkişafın bərqərar olmasında etibarlı tərəfdaş kimi görürük. Azərbaycan uzun illər Şərqlə Qərbi birləşdirən körpü rolunu oynayıb, Şərqdən Qərbə və əks istiqamətdə yüklərin daşınmasında müstəsna rola malikdir. Buna görə də belə bir konfransın Azərbaycanda keçirilməsi təbiidir”.
NATO-ya məxsus yüklər Azərbaycan ərazisindən Əfqanıstana TRASEKA dəhlizi ilə hərəkət edəcək və əsas etibarilə, Poti-Bakı-Aktau konteyner qatarı ilə daşınacaq. Xatırladaq ki, Poti-Bakı-Aktau konteyner qatarı layihəsi ilk dəfə 2005-ci ildə gündəmə gəlib, 2006-cı ilin əvvəlində isə layihə üzrə ilk konteyner qatarı Avropadan Qara dəniz vasitəsilə Gürcüstanın Poti limanına, buradan dəmiryolu vasitəsilə Bakıya, Bakıdan isə bərələr vasitəsilə Aktau limanına (Qazaxıstan) yola salınıb. İndi NATO yükləri Qazaxıstana çatdırıldıqdan sonra buradan Özbəkistan ərazisi vasitəsilə Əfqanıstana ötürüləcək.
Əfqanıstana qeyri-hərbi yüklərin daşınması, əsasən, özəl şirkətlər tərəfindən həyata keçirilir və Qafqaz vasitəsilə yüklərin daşınmasına hərbi personal cəlb olunmur. Digər tərəfdən, bu, Azərbaycana iqtisadi cəhətdən də olduqca sərfəlidir.
Belə ki, Əfqanıstanda olan koalisiya qüvvələri üçün daşınan qeyri-hərbi yüklərin bir çoxu məhz Azərbaycan istehsalı olacaqdır. Yəni, bu məsələ yerli iqtisadiyyata fayda verəcək və Azərbaycanın regionun nəqliyyat mərkəzi kimi inkişafını bir qədər də sürətləndirəcəkdir.
Azərbaycan Əfqanıstanla bağlı NATO qüvvələrilə əməkdaşlığını təkcə yükdaşımalarla məhdudlaşdırmır. Belə ki, Azərbaycan hökuməti Əfqanıstana yardımların göstərilməsinə dair artıq müvafiq proqramı nəzərdən keçirir. Həmin proqramda Əfqanıstan hökumətinin təklifləri də nəzərə alınıb. Proqramda həm mülki, həm də hərbi yardımların olması məsələsinin öz əksini tapacağı gözlənir.
Bununla yanaşı, Əfqanıstan hökumətinin müraciəti əsasında Azərbaycanın ali hərbi təhsil müəssisələrində əfqan zabitlərinin hazırlanmasının həyata keçiriləcəyi, Azərbaycanın Əfqanıstanın sərhəd qüvvələrinə yardımlar göstərəcəyi bildirilir.
Eləcə də, Azərbaycan mütəxəssisləri əfqan sərhədçilərinə qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə, sərhəd-nəzarət buraxılış məntəqələrində nəzarət tədbirlərinin gücləndirilməsi və başqa sahələrdə təlim və treninqlər keçəcəklər. Azərbaycan Əfqanıstana ölkə iqtisadiyyatının yenidən qurulması məqsədilə maddi və texniki kömək göstərməyi də planlaşdırır.
Azərbaycan hərbçiləri həm də Əfqanıstanda
sabitliyin təmin olunmasında yaxından iştirak edirlər.
Cari ilin fevralına qədər Azərbaycan
Silahlı Qüvvələrinin 2 taqımı (47 nəfər)
Türkiyə Silahlı Qüvvələri taborunun tərkibində
və NATO strukturlarının ümumi komandanlığı
altında Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə
Yardım Qüvvələrinin strukturunda xidmət edib.
Milli Məclis isə 2008-ci il oktyabrın
2-də Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının
sayının daha 45 nəfər artırılması barədə
qərar qəbul edib. Qərara uyğun olaraq
fevralın sonlarında Azərbaycanın 45 nəfərdən
ibarət iki taqımı Əfqanıstana yola salınıb.
Bununla da, Əfqanıstandakı Azərbaycan hərbçilərinin
ümumi sayı zabit heyəti ilə birlikdə 95 nəfərə
çatıb.
Əfqanıstanda olan hərbçilərimizin yüksək xidmət göstərməsinin və bunun Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artmasının sübutu olduğunu isə, NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons də təsdiq edib: “Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması son 15 ildə əməkdaşlığımızın əsas elementi olub. Azərbaycan bu sahədə əhəmiyyətli irəliləyiş əldə edib və Azərbaycan hərbçilərinin NATO-nun rəhbərliyi altında İSAF sıralarında Əfqanıstanda uğurlu xidmət keçməsi bunun təsdiqidir”.
Bütün bunlar həm Azərbaycanın beynəlxalq terrora qarşı mübarizə aparan ən fəal dövlətlərdən biri olduğunu təsdiqləyir, həm də ölkəmizin NATO-da cəmləşən, eləcə də, digər Qərb dövlətləri üçün ən etibarlı partnyorlardan biri olduğunu nümayiş etdirir.
Qeyd edək ki, dünən Bakıda Azərbaycan-NATO Beynəlxalq Məktəbinin və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramına qoşulmasının 15 illiyinə həsr olunmuş “NATO-Azərbaycan: keçmişi qiymətləndirərək gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilib.
Beynəlxalq konfransda “Avratlantik məkanda təhlükəsizlik problemləri”, “1994-2009-cu illərdə tərəfdaşlığın inkişafı” və digər mövzularda müzakirələr aparılıb. Konfransda Azərbaycan və NATO-nun, həmçinin, Şimali Atlantika blokunun üzvü olan dövlətlərin rəsmiləri, elm xadimləri iştirak edirlər.
Mayın 6-7-də isə Brüsseldə NATO-nın üzvü olan ölkələrin baş qərargah rəislərinin toplantısı keçiriləcək. Toplantıda Azərbaycan nümayəndə heyətinin iştirakı da gözlənilir.
NATO-nun rəsmi saytında bildirilir ki, baş qərargah rəisləri alyans tərəfindən aparılan bütün əməliyyatlar və missiyaların (İSAF, KFOR və dəniz əməliyyatlar) son vəziyyəti, NATO-nun Kehl/Strasburq Sammitində səsləndirilmiş hərbi problemlərin həlli yollarını, yeni Strateji Konsepsiyanı müzakirə edəcək.
Toplantı çərçivəsində NATO-Ukrayna və NATO-Gürcüstan formatında təşkil olunacaq görüşlərdə bu iki tərəfdaş ölkədə hərbi islahatlar, hərbi əməkdaşlığın prioritetləri ilə bağlı fikir mübadiləsi aparılacaq.
NATO-nun həyata keçirdiyi son tədbirlər və yürütdüyü siyasət onu göstərir ki, bu qurum regionda özünə ən yaxın strateji tərəfdaş olaraq Azərbaycanı görür. Alyansın ölkəmizin regionda və dünyada gedən proseslərdə hansı dərəcədə mühüm rolunun olduğunu dərk etməsi isə Azərbaycanın beynəlxalq nüfuzunun artması yönündə ən yaxşı amilidir.
Elçin Bayramlı
Səs.- 2009.-
6 may.- S. 11.