Azərbaycan qəhrəmanlıq eposuseriyasından

 

AMEA Folklor İnstitutunun və mərkəzi Macarıstanda yerləşən Avropa Folklor İnstitutunun birgə elmi əməkdaşlığı, habelə, Azərbaycanın Macarıstandakı səfirliyinin ciddi köməyilə Azərbaycan folklorunun ən möhtəşəm epik abidələrindən olan “Dədə Qorqud Kitabı” və “Koroğlu” dastanları “Azərbaycan qəhrəmanlıq eposu” seriyasından nəfis şəkildə, yüksək poliqrafik tərtibatla işıq üzü görüb. Çağdaş zamanda Azərbaycanın qədimliyinin yenilməz sübutu olan folklor soraqlarının dünyaya təqdimi baxımından, bu, olduqca gərəkli, ciddi bir hadisədir.

“Dədə Qorqudun Kitabı”na araşdırmaçı Hobbal Mihali giriş sözü yazıb. AMEA Folklor İnstitutunun direktoru, tanınmış folklorşünas-alim, professor Hüseyn İsmayılovun “Dədə Qorqud Kitabı” haqqında tutarlı ön sözü dastanın xəlqi, elmi-tarixi, habelə, bəşəri mahiyyətini açır. Habelə, kitabın redaktoru tərəfindən “Dədə Qorqud Kitabı”nın yaranmasından bəhs edən araşdırma, Azərbaycanda bu mövzuda aparılan araşdırmalar, Oğuzların tarixi və başqa məsələlər kitabda yer alıb. Kitabın sonunda qeydlər, izahlar, şərhlər təqdim olunur. Burada qədim Azərbaycan-türk sözlərinin izahı diqqəti xüsusilə çəkir. “Dədə-Qorqud Kitabı” qeyri-adi, milli ruhumuzun qədim soraqlarını özündə bitkin, yetkin səviyyədə yaşadan bu zəngin sərvətin ömrümüzə, ruhumuza tam mənasıyla gəlməsi müasir dövrümüzdə vacib məsələlərdəndir

Bu eposu oxuyan hər kəs fəxr edir ki, belə bir mənəvi abidəmiz var. Dədə Qorqud ruhu qan yaddaşımızda yaşayır. Dastan daim ciddi araşdırmalar mövzusu olacaq. Mübaliğəsiz demək olar ki, dünyada “Dədə Qorqud dastanları”na bərabər epos yoxdur. Daim qədimliyimizi bizə çox gözəl şəkildə çatdıran bu epos nəsillərə çatdırılmalıdır. “Dədə Qorqud dastanları” türkün qədim, zəngin ruha malik olduğunu sübut edir. “Koroğlu” eposu da macar alimi Hobbal Mihalinin giriş sözü ilə açılır. Hüseyn İsmayılov məşhur eposun Azərbaycanda toplanılması və araşdırılması, habelə, eposun mahiyyəti haqqında ön sözlə çıxış edib. Macar tədqiqatçısı Adorian İmrenin “Koroğlu” dastanının poetikası, genezisi, strukturundan bəhs edən araşdırması macar alimlərinin, ümumən, çağdaş Avropa alimlərinin yeni çağda türkologiyaya ciddi səviyyədə münasibətinin yeni çalarlarının, dərketməsinin formalaşması kimi meydana çıxır.

Sözügedən “Koroğlu” dastanı Məmmədhüseyn Təhmasibin variantı əsasında çap olunub. Hər qolla bağlı qeydlər, izah və şərhlər verilib. Qeyd edək ki, indiyə kimi, macar alimlərindən Gusila Mesoroş, İqnats Kunoş, German Vambere “Koroğlu” eposunu araşdırmışlar. Bu gün hər bir xalq özünün milli-mənəvi mədəniyyətini daha səylə inkişaf etdirməyə çalışır. Azərbaycana qlobalizm dalğasının ildən-ilə güclü şəkildə gəldiyi bir zamanda xəlqi imkanlarımızın daha artıq bir səviyyədə aşkarlanmasına ehtiyac böyükdür. Xalqların qədim mədəniyyət soraqlarının sistemli məcmusu folklorda təsdiqini tapır. Folklor xalqın ilkin mədəniyyəti, ilkin düşüncə tərzi, dünyaya, həyata sistemli dünyabaxışıdır. Bu gün dünyada kompüter texnologiyalarının yüksək səviyyədə intişar tapdığı bir zamanda belə qədim ənənələrə meyil təbii olaraq yaşayır. Çünki bəşər yeknəsəqliyin yox, əlvanlığın vəhdəti kimi mövcuddur. Artıq bir ilə yaxındır AMEA Folklor İnstitutunun saytı fəaliyyət göstərir. Saytda institutun yaradılmasının əhəmiyyəti, indiyədək görülmüş işlər, institutun strukturu, şöbələr, institut əməkdaşlarının çoxsaylı elmi araşdırmaları, institutun elmi nəşrləri (“Dədə Qorqud”, “Elmi axtarışlar”, “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər”), habelə, “Azərbaycan Folkloru Antologiyası”nın, “Azərbaycan Folkloru Külliyyatı”nın elektron variantları yerləşdirilib. Azərbaycan Folklorunun zəngin soraqlarının dünyaya bu cür sistemli təqdimi (“Göyçə folkloru”, “Ağbaba folkloru”, “Qaraqoyunlu folkloru”, “Dərələyəz folkloru”, “Qarabağ folkloru” və s.) ermənilərin iddia və qəsb etdikləri türk torpaqlarına tarixilik baxımından qətiyyən dəxli olmadığını əsaslandıran qiymətli mənbələrdir.

 

 

Zümrüd

 

Səs.- 2009.- 6 may.- S. 12.