Sivilizasiyalararası dialoqda türk dünyasının rolu
Almatı şəhərində
TÜRKSOY Beynəlxalq Təşkilatı, Qazaxıstan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və
Mədəniyyət Siyasəti və Sənətşünaslıq
İnstitutu tərəfindən birgə təşkil
olunmuş “Sivilizasiyalararası dialoqda türk
dünyasının rolu” mövzusunda beynəlxalq simpoziumda, həmçinin,
“Türkdilli xalqların ümumi qeyri-maddi mədəni irsinin
inventarlaşdırılması” mövzusunda təşkil
olunmuş TÜRKSOY-un iclasında Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyini
Qeyri-maddi mədəni irs bölməsinin müdiri Yaşar
Hüseynli təmsil etmişdir. Sözügedən tədbirlərin
iştirakçıları qismində TÜRKSOY Beynəlxalq
Təşkilatının Baş Direktoru D.Kaseinov və Baş
Direktorun müavini F.Purtaş, TÜRKSOY
iştirakçı-dövlətlərinin rəsmi nümayəndələri,
həmçinin, UNESKO üzrə Türkiyə Milli
Komissiyasının Sədri M.Ekici, Qırğızıstan
Respublikası Elmlər Akademiyasının Dil və Ədəbiyyat
İnstitutunun direktoru A.Axmataliyev, Rusiya Elmlər
Akademiyasının Şərqşünaslıq
İnstitutunun direktor müavini İ.Zaytsev, Orta Asiya üzrə
YUNESKO Tədqiqat İnstitutunun direktoru Ş.Mustafayev,
Yaponiyalı professor X.Toşi, Rusiyada nəşr olunan
“Konservator” jurnalının baş redaktoru R.Arifcanov,
Qazaxıstan Respublikasının rəsmiləri və
aparıcı ziyalıları və digərləri
çıxış etmişlər.
Tədbirin sonunda
Almatı Bəyanatı qəbul edilmişdir. “İnventarlaşdırma
qeyri-maddi mədəni irsin dəstəklənməsi sistemində”
mövzusunda elmi-tətbiqi məruzə ilə
çıxışında, Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin nümayəndəsi müasir mədəni
siyasi təsnifatda “qeyri-maddi mədəni irsin” həcmi,
kompleksli məlumat bazasının yaradılması istiqamətində
inventarlaşdırma ilə yanaşı hüquqi, inzibati,
maliyyə, informasiya, kadr, maddi-texniki və beynəlxalq təminat
mexanizmlərinin monitorinqi və qeyri-maddi mədəni irsin
subyektləri (xalq tətbiqi və qeyri-tətbiqi
yaradıcılığı ustaları və kollektivləri)
və obyektlərinin (xalq yaradıcılığının
örtülü və açıq “meydançaları” olan
klub-park sistemi) pasportlaşdırılmasının zəruriliyini
qeyd etdi.
Qeyd olunmalıdır ki,
monitorinq, pasportlaşdırma və inventarlaşdırma kimi 3
prinsip əsasında kompleksli məlumat bazanın
yaradılması və bunun əsasında Azərbaycanın
qeyri-maddi mədəni irsinin qorunmasına, bərpasına və
istifadəsinə yönəldilmiş milli və beynəlxalq
menecment, marketinq, kartoqrafiya (“mappinq”), turizm, təşviqat
(“promotion”), təbliğat (“piar”) və s. üzrə proqram və
layihələrin hazırlanması, həyata keçirilməsi
nazirliyin strukturunda ilk dəfə yaradılmış
Qeyri-maddi mədəni irs sektorunun ilkin fəaliyyət
proqramı kimi qəbul edilir.
Zümrüd
Səs.- 2009.- 6 may.- S. 12.