İsmayıl Şıxlının 90 illik yubileyi qeyd olundu
Tədbirdə
yazıçının ömrünün sonunda
yazdığı “Ölən dünyam” kitabının təqdimatı
olmuşdur
M.F.Axundov adına Milli
Kitabxanada xalq yazıçısı, ədəbiyyatşünas
alim, görkəmli ictimai xadim İsmayıl
Şıxlının anadan olmasının 90 illik yubileyi ilə
əlaqədar tədbir keçirilib. Tədbirdə
çıxış edən Milli Kitabxananın direktoru Kərim
Tahirov, AMEA-nın müxbir üzvü, Milli Məclisin
deputatı Nizami Cəfərov bildirmişlər ki, təbiiliyi,
xarakteri, mərdliyi və özünəməxsusluğu ilə
İsmayıl Şıxlı xalq arasında böyük
nüfuz qazanmışdır. Xalqın ləyaqətli
ziyalısı olan yazıçı, elin ağsaqqalı, gəncliyin
dayağı olmuşdur. Onun 1990 - cı illərdə baş
verən hadisələrlə bağlı dediyi “sapı
özümüzdən olan baltalar” kəlamı millətə,
xalqa olan sevgisindən yaranmışdı.
Tədbirdə qeyd
olunmuşdur ki, hələ sovet ideologiyasının kəskin
dövrlərində yaratdığı Cahandar ağa kimi mərd,
cəsur milli bəy obrazı geniş əks-səda
doğurmuşdur. Təkcə “Dəli Kür” romanı kifayət
idi ki, İ.Şıxlı XX əsr Azərbaycan ədəbiyyatının
klassikləri sırasına düşsün. Görkəmli
yazıçı bütün əsərlərində
canlı obrazlar qalereyası yaratmış,
orijinallığı, özünəməxsusluğu ilə
daim seçilmiş, cəsarəti, qorxmazlığı ilə
ümumxalq məhəbbəti qazanmışdır.
İsmayıl
Şıxlının ilk dəfə yazdığı “Quşlar”
şeiri 1938 - ci ildə “Ədəbiyyat” qəzetində dərc
olunmuşdur. O, ədəbi yaradıcılığa 1947-ci
ildə “İnqilab və mədəniyyət” jurnalında
çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə
başlamışdır. Yazıçı “Ayrılan
yollar”, “Bizim qəribə taleyimiz”, “Dəli Kür” və milli
düşüncəmizin inkişafına töhfə verən
digər əsərləri ilə oxucuların ürəyində
özünə əbədi heykəl ucaldaraq qəlblərdə
yaşayacaq.
Sonda mərhum sənətkarın
ömrünün sonunda yazdığı “Ölən
dünyam” kitabının təqdimatı oldu.
Tədbirin sonunda
yazıçının oğlu Elçin Şıxlı
atasının xatirəsinə göstərilən ehtirama və
yaradıcılığına verilən yüksək qiymətə
görə öz təşəkkürünü bildirdi.
Zümrüd
Səs.- 2009.- 7 may.- S. 13.