Şuşa - Qafqazın Konservatoriyası

 

XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 16 rəssam, 5 astronom, 18 memar, 16 həkim və 42-yə yaxın müəllim-mirzə olmuşdur

 

Əsrlərin tarixi dönəmlərində inkişaf edən, Azərbaycanın dilbər guşəsi olaraq mütəxəssislərin diqqətində olan Şuşa hər zaman məğlubedilməziyi ilə yazılı salnamələrdə iz salmışdır. Nə qədər acınacaqlı olsa da, məğlubedilməz Şuşa şəhəri siyasi oyunlar zamanı bir hədəfə çevrildi.

Şuşa şəhərinin alınması Azərbaycan mədəniyyət və incəsənətinə bir zərbə oldu. Əsrlər boyu bu diyarda yetişən sənətkarların, yaranan memarlıq abidələrinin məhvinə, dağıdılmasına gətirib çıxardı.

Qeyd edək ki, Şuşa sənətkarlığın yüksək inkişaf etmiş bir məkanıdır. Memarlıq cəhətdən Avropa şəhərlərindən geri qalmayan, bütünlüklə şəhərsalma prinsiplərinə uyğun tikilən Şuşa inkişaf etmiş bir mərkəz idi. Azərbaycan memarlıq tarixində Şuşa şəhərsalma prinsiplərinə görə digər şəhərlərdən fərqlənir. Yaşının az olmasına baxmayaraq Şuşa abidələr şəhəridir. Onun ağ şümal daşlarla döşənmiş küçələri, Azərbaycan memarlığı formasında tikilən binaları, milli ornamentlərlə zəngin olan pəncərə şəbəkələri, Avropa üslubunda çəkilmiş kanalizasiya tunelləri, ümumiyyətlə, Şuşa qalasının hər bir daşı canlı tarix və böyük sənət abidəsidir. Burada inşa edilən Şuşa qalası Qafqazda ticarət mərkəzi kimi inkişaf etməyə başlamışdı. Şuşa tacirləri Tiflis, İrəvan, Təbriz, Ərdəbil, Məşəd, Xorasan, Tehran, Bağdad və s. şəhərlərin tacirləri ilə ticarət əlaqələrini genişləndirdilər.

 Ticarətin inkişafı ilə əlaqədar olaraq Şuşada elm, ədəbiyyat, musiqi və s. sahələrdə də geniş irəliləyiş baş verdi. Heç də təsadüfi deyil ki, XIX əsrdə Azərbaycan xalqının görkəmli alimlərinin, ədiblərinin və digər incəsənət xadimlərinin bir qismi Şuşada anadan olmuş və gənclik illərini burada keçirmişlər. Yalnız onu göstərmək kifayətdir ki, XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 16 rəssam, 5 astronom, 18 memar, 16 həkim və 42-yə yaxın müəllim-mirzə olmuşdur.

Vaxtı ilə Qafqazın Konservatoriyası sayılan Şuşa Mir Mövsüm Nəvvabın, Molla Pənah Vaqifin, Xurşud Banu Natəvanın, Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun, Qasım bəy Zakirin, Yusif Vəzir Çəmənzəminlinin, Üzeyir Hacıbəyovun və b.  böyük sənətkarların vətənidir. Görkəmli bəstəkarlar Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Süleyman Ələsgərov, Əşrəf Abbasov tanınmış xanəndələrdən Cabbar Qaryağdıoğlu, professor Bülbül, Keçəçi Məmməd, Segah İslam, Seyid Şuşinski, Xan Şuşinski, Əbülfət Əliyev, Sara Qədimova və bir çox b. Şuşa qalasının yetirmələridir.

Təsadüfi deyildir ki, Şuşada doğulub boya-başa çatmış Azərbaycanın görkəmli ədəbiyyat və incəsənət xadimlərinə və xanəndələrinə, alim və ziyalılarına Şuşanın estetikasının böyük təsiri olmuşdur. Dağ çaylarının qayalardakı əks sədası, qumru bulaqların şırıltısı, quşların cəh-cəhi insanı istər-istəməz düşündürür. Şuşanın məşhur yeddiqat dolamaları, təbii mənzərəli “Şəkili” bulağı, Şamil bulağı, Daşaltı dərəsinə gedən cığırlar, eləcə də füsunkar “Qırxpilləkən” yolu və s. göstərdiyimiz estetikanı özündə ehtiva edir. Şəfalı və şəffaf “Turşsu”, “Şır-şır”, “Şəkili”, “Alçalı”, “Çarıq”, “Saxsı”, “Şəfa” bulaqları, eləcə də, əsrarəngiz “İsa bulağı” və qeyriləri Şuşanın dilbər guşələrinə xüsusi rövnəq verir.

Azərbaycanın zəngin musiqi sənətinin inkişafına təsir göstərən və bir çox janr, növün əsasını qoyan, yenilikçilik meyiıılləri ilə tanınan simaların el-obası olan Şuşada böyük sənətkarların tərcümeyi-halı həkk olunub.

XIX əsrdə Şuşada bir sıra musiqi məclisləri, cəmiyyətləri, dərnəkləri təşkil olunur. XIX yüzilliyin 80-ci illərində M.M.Nəvvab məşhur xanəndə Hacı Hüsü ilə birgə yaratdığı “Musiqiçilər məclisi”ndə musiqinin estetik problemləri, ifaçılıq, muğam sənəti müzakirə olunurdu. Məclisə məşhur xanəndə və sazəndələr Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Seyid Şuşinski, Sadıxcan və b. daxil idi. Şuşa vokal sənətinin görkəmli nümayəndələrindən Xarrat Qulunun tələbəsi Hacı Hüsü idi. O, muğamları bilən müsiqişünas və alim olmuş, bir sıra muğamları təkmilləşdirmiş, yeni muğamları yaratmışdır. Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan) XIX yüzilliyin böyük tar ustadı olmuş, tarı rekonstruksiya etmiş və müasir tarın yaradıcısı olmuşdur. Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Şirin Axundov, Qurban Primov bu məktəbin davamçılarıdır.

Dünyada bir neçə şəhər var ki, musiqi onun hər daşına, qalasına, ab-havasına hopmuşdur. Belə şəhərlərdən Avstriyanın Vyana, İtaliyanın Neapol, Azərbaycanın da Qarabağının Şuşa şəhəridir. Hətta xalq arasında məşhur kəlam var ki, Şuşada körpələr bələkdə belə muğam üstündə ağlarlar. Şuşa Qafqazın konservatoriyası təbirini və təyinini haqlı olaraq qazanmışdır. Şuşa konservatoriyasının parlaq nümayəndələri dünyanın bütün qitələrində Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək ona şöhrət gətirmişlər.

XX əsrin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Üzeyir Hacıbəyov müasir Azərbaycan professional musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı. Bu da Şərq və Qərb mədəniyyətlərinin fəal qarşılıqlı təsirinə səbəb oldu. 1908-ci ildə Ü.Hacıbəyov H.Z.Tağıyevin teatrında qoyduğu “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycan operasının deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoydu, muğam-opera janrının yaradıcısı oldu. Azərbaycan dinləyicisi üçün yeni janrın qavranılmasında çətinlik olacağını dərk edən Ü.Hacıbəyov Füzulinin “Leyli və Məcnun” poemasına və xalq musiqi janrlarına (muğam, mahnı, rəqs) müraciət etmiş, dövrün əhval-ruhiyyəsi, xalqın mənəvi tələbləri ilə səsləşən səhnə əsəri yaratmışdır. O, Azərbaycanda musiqili komediya janrının da yaradıcısıdır. Sosial məişət mövzulu musiqi komediyalarında  bəstəkar xalq mahnıları və rəqs musiqisinə əsaslanmışdır. Onun “Arşın mal alan” musiqili komediyası, xüsusilə, geniş şöhrət qazanmışdır. Əsər ingilis, alman, Çin, ərəb, fars, polyak, Ukrayna, belorus, gürcü və s. (70 yaxın) dillərə tərcümə edilmiş, Moskva, İstanbul, Nyu-York, Paris, London, Tehran, Qahirə, Pekin, Berlin, Varşava, Sofiya, Budapeşt, Buxarest və s. yerlərdə, 120 teatrın səhnəsində tamaşaya qoyulmuş, dəfələrlə ekranlaşdırılmışdır. Hacıbəyovun digər məşhur operettası “O olmasın, bu olsun” 1919-cu ildə Yaltada, ikinci dəfə 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılmışdır.

Üzeyir Hacıbəyov monumental xalq qəhrəmanlıq epopeyası olan “Koroğlu”nu yaratdı. Yüksək sənətkarlığı və əsil mənada novatorluğu ilə fərqlənən bu operada, milli ruh və psixoloji dərinlik öz əksini tapmışdır. Ü.Hacıbəyov “Koroğlu” operasında milli musiqinin janr, kompozisiya, məqam-intonasiya əsası ilə klassik opera sənətinin musiqi ifadə vasitələrinin bəstəkar xüsusiyyətlərinin üzvi vəhdətinə nail olmuş, milli opera sənətinin şah əsərini yaratmışdır. “Koroğlu” operasında xalqın obrazını əks etdirən monumental xalq səhnələri, əsas qəhrəmanların çoxcəhətli xasiyyətnamələri üzvi şəkildə əsərin dramturji xəttinə hörülmüşdür. Koroğlu obrazını bu rolun klassik ifaçısı Bülbül yaratmışdır. O, bu rolu 400 dəfədən artıq ifa etmişdir.

Şuşa sənət məktəbinin layiqli yetirmələrindən olan musiqiçilərin hər bir uğurlu əsərləri müəllifi olaraq geniş miqyasda tanınmışdılar. Fikrət Əmirova “Nəsimi haqqında dastan” (Azərbaycan SSR Dövlət mükafatı, 1974), “Min bir gecə” (SSRİ Dövlət mükafatı, 1980) baletləri geniş şöhrət qazandırır.

Azərbaycan bəstəkarlarının simfonik və kamera musiqisi xaricdə geniş ifa edilməyə başlamışdır. Fikrət Əmirovun “Şur” və “Kürd ovşarı”, Niyazinin “Rast” simfonik muğamları, Üzeyir Hacıbəyovun simfonik əsərləri bir sıra ölkələrdə səslənmiş və yüksək qiymətləndirilmişdir. Azərbaycan muğam ifaçılıq və el sənəti ənənələrinin qorunub saxlanılması və inkişafında xanənədələrdən Xan Şuşuinski, Sara Qədimova, Zülfi Adıgözəlov, Qurban Pirimov və  b.-nın xidməti xüsusi qeyd olunmalıdır. Ötən əsrin 80-ci illərində onların bir qisminin əsərləri Avropa, Amerika, Asiya şəhərlərində uğurla ifa edilmişdir. Azərbaycan ifaçıları bu gün də bu ənənəni davam etdirirlər. Musiqi sənətimiz Şuşasız illərini yaşasa da sənətimiz daim inkişafdadır. Bu gün Şuşanın azad olunacaq günü səbirsizliklə gözləyirik. Bu diyar bizim sənət yaddaşımızdır.

Qarabağ - Şuşa həqiqətlərini beynəlxalq ictimaiyyətə daha səylə çatdırmaq, bu doğma şəhərin düşmən tapdağından tezliklə azad edilməsinə nail olmaq borcumuzdur.

 

 

Nəzakət

 

Səs.- 2009.-  8 may.- S. 16.