FENOMEN

 

IX yazı

 

Cəmiyyət yarandığı gündən mütəfəkkirlər, filosoflar, tarixçi alimlər tarixdə şəxsiyyətin rolunu müəyyənləşdirmək üçün  çalışmışlar.  Geniş fikir müxtəlifliyinə rəğmən, ümumi qənaət belədir ki, güclü şəxsiyyətlər, bir qayda olaraq, tarixin  gedişinə təsir göstərə, bəzən  bu axarı dəyişə, hətta öz şərəfli ömür yolları ilə  bütöv bir tarix yaza bilirlər.

Şübhəsiz, hər bir xalqı dünyada tanıdan onun istedadlı alimləri, mütəfəkkirləri, mədəniyyət xadimləri ilə yanaşı, əbədiyaşarlıq hüququ qazanmış tarixi şəxsiyyətlərdir. Siyasət elmi, bəlkə də, bütün elmlərin hamısından mürəkkəb olduğu üçün nüfuzlu siyasətçi bütün  elm sahələrinin əsaslarını bilməklə yanaşı, həm də uzaqgörənliyə,  müdrikliyə, yüksək təşkilatçılıq qabiliyyətinə, siyasi lider olmaq bacarığına, güclü intuisiyaya, bütövlükdə fitri istedada malik olmalıdır. Dahilik səviyyəsinə çatmış tarixi simalar, əslində, Tanrının seçilmiş insanlarıdır. Azərbaycan  xalqı da öz tarixində hər dövr üçün böyük tarixi şəxsiyyətlər yarada bilmişdir.  Xalqımız XX əsrdə - hətta totalitar sovet rejimində belə  Azərbaycanı təkcə SSRİ məkanında deyil, bütün dünyada tanıtdıran və dünya xalqları içərisində özünə layiq yer tutmasına nail olan Heydər Əliyev kimi böyük bir şəxsiyyət yetişdirmişdir.

Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətə gələn Heydər Əliyev hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, zamanın ağır məngənəsindən onu xilas etmişdir. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri, bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir.

Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik  iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması məhz Heydər Əliyevin  titanik fəaliyyəti sayəsində mümkün olmuşdur.

Ulu öndərin dərin yaddaşı, dəmir məntiqi, gərgin siyasi vəziyyətlərdən ustalıqla çıxmaq bacarığı, mürəkkəb siyasi situasiyalarda qərar vermək qabiliyyəti, uzaqgörənliyi, intellektual gücü, sabaha inamlı baxışı, sərt və qayğıkeş rəhbərlik xüsusiyyəti, cəmiyyətin siyasi, iqtisadi və mənəvi tarazlığını saxlamaq səriştəsi barədə hələ çox tədqiqatlar aparılacaq. Onun xalqına şöhrət gətirən tarixi fəaliyyəti və təcrübəsi xalqımızın yalnız bu günü üçün deyil, işıqlı sabahı üçün də böyük perspektivlər açır, gələcək üçün böyük nikbinlik yaradırdı. Ümummilli liderimiz Heydər Əliyev böyük şəxsiyyət olaraq cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görür, bunun üçün bütün zəruri  tədbirləri həyata keçirirdi. Məhz Heydər Əliyevin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulmuş və onun təkmilləşdirilməsi  üçün bütün zəmin  yaradılmışdır.

Heydər Əliyevin dövlətçilik konsepsiyası təkcə ondan ibarət deyil ki, xalq müstəqilliyə qovuşsun, Azərbaycan müstəqil dövlət imicini qoruyub saxlaya bilsin. Onun siyasi baxışlarına görə, müstəqillik bu  millətə həm də ona görə lazımdır ki, dövlət quruculuğu və sosial təşkilatlanma hansısa başqa bir qüvvənin deyil, xalqın, millətin maraqlarına xidmət etsin, ümummilli ahəng üstündə köklənsin. Yəni, bütün daxili potensial - təbii sərvətlərdən tutmuş intellektual məhsulacan, mədəni-mənəvi dəyərlərə qədər bütün imkanlar elə səfərbər edilməli və istiqamətlənməli idi ki, hər bir vətəndaş ümummilli tərəqqi kontekstində öz şəxsi maraqlarını da reallaşdıra bilsin.

1997-ci ildə xarici jurnalistlərlə görüşündə müxbirin dövlətçilik ənənələrinin yaranması və hansı göstəricilərlə şərtlənməsi sualını cavablandıran böyük siyasi xadim cavab vermişdi ki, bu, ilk növbədə, əhalinin  xalqa, xalqın millətə, sakinlərin vətəndaşlara çevrilməsi istiqamətində gedən prosesdir.

 Milli-mənəvi dəyərlərə dövlətçilik mövqeyindən qiymət verilməsi ölkəmizdə azərbaycançılığın qorunub-saxlanması və inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Heydər Əliyev azərbaycançılığın bütün tərkib hissələrini milli ideologiyamızın strukturlarına daxil etməklə mənəviyyat və dövlətçiliyin sintezindən çıxış edirdi. Ona görə azərbaycançılığın əsas komponentlərindən biri milli dövlətçilik, digəri isə milli-mənəvi dəyərlərdir. Ən böyük tövsiyəsi də ondan ibarət idi ki, milli dövlətçiliyimizin qorunması və sonsuza qədər yaşaması üçün, ilk növbədə, ziyalılar milli-mənəvi dəyərlərin keşiyində durmalı, onu yaşatmalıdırlar.

Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqına nəinki yaxşı tanışdır, həm də ona son dərəcə doğmadır. Bu obraz Azərbaycan xalqının dövlətçilik şüurunu, bütöv bir idarəçilik məktəbini, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərini  özündə cəmləşdirir. Bu obraz bizə həm də ona görə bu qədər doğmadır ki, onda hər birimizin ən üstün məziyyətləri toplanmışdır. Heydər Əliyev siyasi obrazının bəzi mühüm cizgilərinin təhlili, əslində, ən yeni tariximizin şərəfli bir mərhələsi, dövlət quruculuğu prosesi, Azərbaycanın dünya arenasına çıxışı haqqında danışmaq deməkdir. Heydər Əliyev siyasi obrazı elə bir fenomenə çevrilib ki, hər kəs onda öz fikri, əqli, elmi-nəzəri, habelə,  şəxsiyyət kimi formalaşmağa imkan verən keyfiyyətləri görə bilir. Bu inanc bəşər övladına xas olan yenilməzlik və ölməzliyin bədii inikası qədər mifoloji və əfsanəvidir. Bu obraz 70 il sovet müstəmləkə əsarəti altında yaşamağa məhkum olmuş bir xalqın öz övladını nəhəng imperiya idarəçiliyinin zirvəsinə yüksəltməsi kimi unikal özünütəsdiqin  möcüzəsidir. Bu, azadlıq təşnəsi olan bir xalqın müstəqilliyini onun üçün faktiki siyasi mövcudluq həddinə qaldırmış, ona dövlətçilik bəxş etmiş triumfal bir şəxsiyyətin əfsanəsidir. Heydər Əliyev obrazının dəyəri ictimai şüurda bununla məhdudlaşmır, o, Azərbaycanın daha işıqlı gələcəyinin ən etibarlı təminatı ucalığında dərk  edilir.

İstər sovet dövründə, istərsə də dövlət müstəqilliyimizin bərpasından sonra O, misli görünməmiş bir səmimiyyət və sədaqətlə Azərbaycan xalqını müasir dünyanın mədəni və demokratik dəyərlərinə tapınan millətlərin cərgəsinə qoşulması, dirçəlməsi, tərəqqisi üçün gecəli-gündüzlü gərgin əmək sərf etmişdir. Heydər Əliyevi şəxsiyyətinin üstünlüyü daha iki səciyyəvi əlamətlə - ideyalılığı və təmənnasızlığı ilə fərqlənir. Güclü, qüdrətli Azərbaycan ideyası, dövlətin fasiləsiz inkişafı konsepsiyası onun həyat  kredosu idi.

Tarixi taleyimiz belə gətirib ki, Azərbaycan uzun illər yadelli işğalçıların fəsiləsiz hücumlarına məruz qalmış, ikiyə bölünmüş, parçalanmış, müstəmləkə rejiminin ən ağır işgəncələri altında yaşamağa məcbur edilmişdir. Bütün bunlar azmış kimi, Sovet İmperiyası illərində repressiyalar, ruslaşdırma siyasəti, İkinci Dünya müharibəsinin törətdiyi misli görünməmiş  çətinliklər ölkəmiz üçün kifayət qədər problemlər yaratmışdı. Doğrudur, xalqımız bütün mərhumiyyətlərə  mətinliklə sinə gərərək öz varlığını, dilini, dinini, milli - mənəvi dəyərlərini qoruyub saxlamağı bacarıb. Lakin bütün bu keyfiyyətləri ümumdövlət səviyyəsinə qaldıran və onu daha qlobal kontekstdə reallaşdıran Heydər Əliyev oldu. Məhz Onun fəaliyyəti nəticəsində Azərbaycan aqrar ukladın dominantlığı şəraitindən qüdrətli sənaye respublikasına, intellektual səviyyəsi bütün müsəlman dünyası və Şərqə nümunə olan diyara çevrilmişdir.

Heydər Əliyevin təmənnasız xidmətləri xalqımızın yaddaşına əbədi həkk olunmuş və tarix Azərbaycan xalqını müstəqil dövlətçiliyin qurulması zərurəti ilə üzləşdirəndə, milli-ictimai yaddaşımızın qısamüddətli silkələnməsi Heydər Əliyev obrazının siyasi təfəkkürdə dərhal üzə çıxması ilə nəticələnmişdi. Bu titanik şəxsiyyət yenə də xalqın və tarixin çağırışına cavab verərək, Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürmüş və onun sürətli icrasına başlamışdı. Lakin bu proses heç də rəvan xətt üzrə inkişaf etməyib.

Sovet dövründə olduğu kimi, dövlət quruculuğunun ilkin mərhələsi də Azərbaycanın müstəqilliyini istəməyən, hər vəchlə buna qarşı müqavimət göstərən daxili və xarici qüvvələrin təzyiqləri ilə müşayiət olunurdu. Milli maraqlarımız bu ziddiyyətlər məngənəsindən itkisiz, ağrısız, qansız-qadasız çıxmağın yollarını aramağı tələb edirdi. Çünki müstəqillik uğrunda verdiyimiz qurbanların sayı çox böyük idi. Bu işin öhdəsindən isə yalnız Azərbaycanın dövlət müstəqilliyi xəttini fövqəlideya səviyyəsinə yüksəltmiş tarixi şəxsiyyət gələ bilərdi. Bu xalqımızın tarixində keyfiyyətcə yeni bir  missiya idi.

Siyasi liderin obrazı mütləq milli əxlaq və mental xüsusiyyətləri ifadə etməlidir. Əks təqdirdə onun vasitəsilə ictimai şüura effektiv və güclü təsir göstərmək olmaz. Heydər Əliyevin bu kontekstdə üstün cəhətlərindən biri Azərbaycan xalqının mental xüsusiyyətlərinə, psixologiyasına yeni dövrdə yaranmış boşluqdan istifadə edərək siyasi mübarizə meydanına atılmış cılız siyasətbazlarla müqayisə edilməyəcək dərəcədə yaxşı bələd olması idi. Heydər Əliyev xalqına xidmətdə əxlaq qaydalarını daim əsas tutmuş və bu da onun siyasi inandırıcılıq potensialını daha da artırmışdır.

Bütün bunlar Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində və bu istiqamətdə cərəyan edən proseslərin önündə getdiyini birmənalı olaraq təsdiqləyir. Lakin o da məlumdur ki, dövlət müstəqilliyinin elan edilməsi ilə heç də problemlər həll olunmur. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, formal xarakter daşıyırdı. Ayaz Mütəllibov öz kölə  xislətinə sadiq qalaraq ölkəni Moskvadan verilən direktivlərlə idarə edirdi. Azərbaycan dövlətçiliyinə qarşı ən real təhlükə isə AXC-Müsavat hakimiyyəti dövündə yarandı. Əbülfəz Elçibəy iqtidarının səriştəsizliyindən sui-istifadə edən xarici dövlətlər, hər vəchlə Azərbaycanı hərbi-siyasi platsdarma çevirməyə cəhd göstərir və çalışırdılar ki, ölkədə dövlət idarəçiliyi onların sifarişləri əsasında həyata keçirilsin. 1993-cü ildə baş qaldıran bu tendensiya Azərbaycan dövlətçiliyini sarsıtmaqda idi. Lakin Heydər Əliyev Azərbaycan dövlətçiliyini səriştəsiz AXC-Müsavat hakimiyyəti ilə Surət Hüseynov qaragüruhu arasında gedən amansız mübarizələrin tapdağı altından xilas edə bildi.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının təbliği fundamental mahiyyət kəsb etməyə başladı. Eyni zamanda, 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Heydər Əliyev Azərbaycan dövlətçiliyini faciələrdən və iflasdan xilas etdi. Bu dövrün əsas xüsusiyyəti həm də ondan ibarətdir ki, Heydər Əliyev siyasi sabitliyi təmin etməklə demokratik dövlət modeli konsepsiyasını həyata keçirməyə başladı. Həmin illərdə onun Azərbaycan dövlətçiliyi uğrunda apardığı fəal mübarizə daha çox maraq və heyranlıq doğurur. Bu mübarizəni ölkədə siyasi sabitliyi təmin edilməsi və Azərbaycan dövlətçiliyinə qarşı çıxan anarxist qüvvələrin məhvi kimi dəyərləndirmək olar.

 Təsadüfi deyil ki, Heydər Əliyev anarxist qüvvələrin zərərsizləşdirilməsindən sonra siyasi, hüquqi, iqtisadi, sosial sahədə demokratik islahatlar proqramını həyata keçirilməsinə start verdi. Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında dövlət müstəqilliyinin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində görülən əsas işlərdən biri kimi dövlət quruculuğunun hüquqi bazasının yaradılması idi. 1995-ci ildə qəbul olunmuş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi, ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. Heydər Əliyevin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu sənəd müstəqil Azərbaycanın Konstitusiyası kimi tarixə yazıldı.

1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə  dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı. Və bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynadı. Bununla da Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində fəaliyyətin əsasları qoyuldu. 

Heydər Əliyev siyasi kursu bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənir. Hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda mülki cəmiyyətin  formalaşması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf sahəsində görülən işlər, bütünlüklə, müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlmişdi. Bu baxımdan, Heydər Əliyev  tərəfindən müstəqil Azərbaycanın uğurlu neft strategiyasının hazırlanaraq həyata keçirilməsi  xüsusi əhəmiyyət kəsb edir. 

Azərbaycanın neft strategiyasının əsas prinsipləri ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə etməyə əsaslanır və bu strategiyanın həyata keçirilməsi iqtisadi maraqlarla yanaşı, milli təhlükəsizlik maraqlarının təmin olunmasına söykənir. Heydər Əliyevin həyata keçirdiyi uğurlu neft strategiyası təkcə dövlətin iqtisadi maraqlarının realizə olunmasına deyil, dövlət müstəqilliyinin qorunub saxlanmasına yönəldilmiş siyasi xəttin yürüdülməsinə, buna uyğun situasiyanın formalaşdırılmasına xidmət edir. Məhz bu strategiya nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə bilmiş və zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur. Yeni dünya düzənində güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun strategiya müəyyənləşdirməyə nail olmuş Heydər Əliyev son nəticədə Azərbaycanın hegemon supergüclərdən asılı vəziyyətə düşməsinin qarşısını nəinki ala bilmiş, eyni zamanda Azərbaycanın bu subyektlər arasında mübarizənin xarakterini müəyyənləşdirməyə, dövlət statusu qazanmasına nail olmuşdur.

 

 

T.Nəsirli

 

Səs.- 2009.- 9 may.- S. 3.