HEYDƏR ƏLİYEV FONDUNUN 5 İLLİYİNƏ HƏSR OLUNMUŞ XÜSUSİ BURAXILIŞ

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “TV plyus” jurnalının Heydər Əliyev Fondunun 5 illiyinə həsr edilmiş xüsusi buraxılışı hazırlanıb.
            Yüksək keyfiyyətlə və rəngli formatda çap olunmuş xüsusi buraxılışda ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyətinin müxtəlif mərhələlərini, onun adını daşıyan Fondun həyata keçirdiyi xoşməramlı layihələri əhatə edən məqalələr və şəkillər verilib. Xüsusi buraxılışın “Heydər Əliyevə ən yaxşı abidə”, “Qarabağ həqiqətləri”, “Təhsil”, “Mədəniyyət”, “Səhiyyə”, “Sosial”, “Elm və texnologiyalar”, “Beynəlxalq missiya”, “İnformasiya daşıyıcıları” və “İdman” bölmələrində Heydər Əliyevin bütün həyatı, mənalı ömrü və xalqın, dövlətin yüksəlişi yolunda apardığı məqsədyönlü fəaliyyəti, eləcə də Fondun son beş ildə həyata keçirdiyi layihələr barədə bir-birindən maraqlı yazılar verilib. Heydər Əliyev Fondunun 5 illik fəaliyyətinin bütün məqamlarının əks olunduğu xüsusi buraxılışda Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın aşağıdakı sözləri xüsusilə diqqəti cəlb edir: “Bu gün mən böyük qürur hissi ilə demək istərdim ki, Fond həm ölkəmizin ictimai həyatının fəal iştirakçısıdır, həm də cəmiyyətimizdə böyük əks-sədaya və hörmətə malik olan bir təşkilatdır. Qısa zamanda belə yüksək nüfuz qazanmağın səbəbi Fond tərəfindən hazırlanıb həyata keçirilən müxtəlif proqramlar və layihələr, görülən konkret işlər və əldə edilən nəticələrdir. Təhsil, səhiyyə, sosial problemlər, idman və gənclərin problemləri, mədəni irsin qorunması - bütün bu sahələrdə Fond konkret layihələr həyata keçirmiş və uğurlu nəticələr əldə etmişdir. Yaradılan ilk gündən bəyan etmişik ki, Heydər Əliyev Fondu Azərbaycanın firavan gələcəyi naminə, Azərbaycan xalqının bu günü və xoşbəxt sabahı naminə fəaliyyət göstərir. Biz çalışırıq ki, cəmiyyətimizin ən aktual, ən vacib problemlərini, suallarını diqqət mərkəzində saxlayaq və bunların həlli yolunda əlimizdən gələni əsirgəməyək”.

Bölmələrdə ümummilli lider Heydər Əliyevin ailəsi ilə birgə çəkdirdiyi şəkillər, işgüzar həyatının maraqlı anlarını, habelə Fondun yarandığı gündən fəaliyyətini əks etdirən fotolar da buraxılışda yer alıb. Xüsusi buraxılışın rəhbəri “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri, “TV plyus” jurnalının qurucusu Arif Alışanovdur.

 

 

MƏTLƏB

 

Səs.- 2009.- 9 may.- S. 2.