AZƏRBAYCANIN ƏN YENİ TARİXİNİN
BÜTÖV BİR DÖVRÜ HEYDƏR ƏLİYEVİN
MÖHTƏŞƏM SİYASİ VƏ DÖVLƏTÇİLİK
FƏALİYYƏTİ İLƏ BAĞLIDIR
Respublikanın Baş
Prokurorluğunda ulu öndər Heydər Əliyevin anadan
olmasının 86-cı ildönümü münasibətilə
mərasim keçirilib.
Əvvəlcə
xalqımızın ümummilli lideri Heydər Əliyevin
prokurorluğun binasındakı büstünün önünə
əklil və gül dəstələri qoyulub. Azərbaycan
xalqı və dövləti qarşısında misilsiz tarixi
xidmətləri olan ulu öndər Heydər Əliyevin əziz
və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib. Baş prokuror Zakir Qaralov mərasimdə
çıxış edərək diqqətə
çatdırıb ki, ölkəmizin bütün bölgələrində,
eyni zamanda respublikanın hüdudlarından kənarda
müasir müstəqil Azərbaycanın memarı və
qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər
Əliyevin anadan olmasının 86 illiyi geniş qeyd edilir. Həmin
tədbirlər ulu öndərin əziz və unudulmaz xatirəsinə
dərin hörmətin bariz nümunəsi olmaqla
yanaşı, Heydər Əliyevin müasir Azərbaycan
dövlətinin yaşadılmasında müstəsna rolunun təsdiqi
kimi dəyərləndirilməlidir. Azərbaycanın ən
yeni tarixinin bütöv bir dövrü Heydər Əliyevin
möhtəşəm siyasi və dövlətçilik fəaliyyəti
ilə bağlıdır.
Onun respublikaya ilk dəfə
rəhbərlik etdiyi 1969-1982-ci illərdə, həmçinin
1982-1987-ci illərdə Sovet İttifaqının liderlərindən
biri olduğu dövrdə Azərbaycanın gələcək
dövlət müstəqilliyi üçün əsaslı
zəmin və möhkəm bünövrə
yaradılmış, siyasi, iqtisadi və mədəni sahələrdə
mühüm addımlar atılaraq çox ciddi nailiyyətlər
əldə edilib. Həmin illərdə ölkədə
güclü iqtisadiyyat və işgüzar kadr potensialı
yaradılmış, əhalinin rifah halı daha da
yaxşılaşdırılmış, bütün bunlar isə
yaxın gələcəkdə Azərbaycanda müstəqil
dövlət qurulması üçün əsaslı zəminə
çevrilib. Azərbaycan xalqı XX əsrdə ilk dəfə
Heydər Əliyevin şəxsində özünün
ümummilli liderini yetişdirmiş və onun ətrafında
sıx birləşib. Xüsusi vurğulanıb ki, xalqın təkidli
tələbi ilə 1993-cü il iyunun 15-də Azərbaycanda
siyasi hakimiyyətə xilasedici qayıdış edən Heydər
Əliyev həyatının qalan hissəsini doğma millətinə
bağışladığını bəyan etməklə,
müdrik və uzaqgörən dövlətçilik siyasəti
nəticəsində müstəqilliyə yenidən qədəm
qoymuş Azərbaycan dövlətini
qarşılaşdığı sərt və çətin
sınaqlardan uğurla çıxara bilmiş, gələcəyə
istiqamətləndirilmiş strateji inkişaf konsepsiyasına
müvafiq olaraq respublikamızda əsaslı dəyişikliklərə
imkan verən böyük quruculuq işlərini
reallaşdırıb. Dünya dövlətləri birliyində
layiqli yerini tutan Azərbaycanda ölkə həyatının
bütün sahələrini əhatə edən mütərəqqi
islahatlar aparılmaqla hüquqi və sivil bir dövlət, qanunun
aliliyinə və demokratik hüquq və azadlıqlarına
real təminatlar yaradan vətəndaş cəmiyyəti
formalaşdırılmış, xalqımızın həyat
tərzinin, maddi-sosial vəziyyətinin durmadan
yaxşılaşdırılmasını təmin edəcək
iqtisadi müstəqilliyə nail olunub. Diqqətə
çatdırılıb ki, Azərbaycanın müstəqil
bir dövlət kimi mövcudluğunun təhlükə
qarşısında qaldığı bir dövrdə
xilaskarlıq missiyasını öz üzərinə
götürən, yeni demokratik və qüdrətli Azərbaycanı
yaratmaq üçün böyük quruculuq missiyasını
həyata keçirən, indiki və gələcək nəsillərə
yadigar olaraq ölkəmizin inkişafının strateji
konsepsiyasını işləyib hazırlayan Heydər Əliyevin
dühası və siyasi irsi bundan sonra da xalqımızın
təminatlı xoşbəxt gələcəyə istiqamətləndirilmiş
yolunu daim işıqlandıracaq və bu dahi şəxsiyyətin
parlaq və unudulmaz xatirəsi xalqımızın qəlbində
həmişə yaşayacaq. Böyük qurucu
yaratdığı dayanıqlı sabitlik şəraitindən
məharətlə istifadə edərək ölkəmizin
iqtisadi müstəqilliyinin və əhalinin yüksək rifah
halını təmin edəcək Azərbaycanın iqtisadi inkişaf
strategiyasını işləyib hazırladı və onun mərhələ-mərhələ
həyata keçirilməsinə nail oldu. Müəllifi ulu
öndərimiz olan möhtəşəm neft
strategiyasının reallaşdırılması yolunda maneələr
aradan qaldırılmaqla, Azərbaycanın dünya
iqtisadiyyatına inteqrasiyası təmin edildi. Ümummilli lider
Heydər Əliyevin müəyyənləşdirdiyi strateji
sosial-iqtisadi xəttin prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsinin nəticəsidir ki, 2003-cü
ildən başlayaraq iqtisadiyyatın bütün sahələri
üzrə böyük nailiyyətlər əldə
edilmiş, o cümlədən ölkənin iqtisadi qüdrəti
sürətlə artmış, qeyri-neft sektorunun,
regionların, sosial sferanın və digər sahələrin
inkişafını təmin edən kompleks tədbirlərin
ardıcıl və məqsədyönlü şəkildə
həyata keçirilməsi təmin olunmuş, enerji təhlükəsizliyi,
xalqın rifah halının
yaxşılaşdırılması, işsizlik probleminin həlli
və dünya iqtisadi sistemində layiqli yerinin tutulması
üçün əhəmiyyətli işlər
görülüb.
Xüsusi
vurğulanıb ki, Heydər Əliyev irsinin öyrənilməsi
və bu ideyaların həyata keçirilməsinə
ehtiramın ifadəsi olaraq yaradılmış və fəaliyyətinin
5 ili tamam olan Heydər Əliyev Fondu və onun prezidenti, YUNESKO
və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanın
beynəlxalq nüfuzunun artırılması, ölkənin
sosial-iqtisadi, mədəni tərəqqisi və
xalqımızın maddi rifah halının
yaxşılaşdırılması, o cümlədən təhsil,
mədəniyyət, səhiyyə müəssisələrinin
və digər sosial obyektlərin inşası istiqamətində
görülmüş möhtəşəm işlərin
miqyası ölçüyəgəlməzdir. Bütün
bu nailiyyətlər əsası ulu öndər Heydər Əliyev
tərəfindən müəyyənləşdirilmiş
iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev
tərəfindən müvəffəqiyyətlə davam
etdirilən müdrik və gələcəyə istiqamətləndirilmiş
dövlətçilik siyasətinin məntiqi nəticəsidir.
Diqqətə çatdırılıb ki, prokurorluğun hər
bir əməkdaşında qürur hissi doğuran haldır
ki, mühüm dövlət təsisatı kimi Azərbaycan
Respublikası Prokurorluğunun sivil və demokratik məzmunlu
bir qurum kimi formalaşması ölkəmizdə həyata
keçirilən məhkəmə-hüquq
islahatlarının memarı Heydər Əliyevin dövlətçilik
siyasəti, onun gündəlik qayğısı və dəstəyi
nəticəsində mümkün olub. Ümummilli liderimiz Heydər
Əliyevin verdiyi tövsiyə və göstərişlərin
nəticəsində Azərbaycan Prokurorluğunda hərtərəfli
islahatlara başlanılmaqla, həyata keçirilən tədbirlər
sayəsində prokurorluğun demokratik məzmunda yeniləşdirilməsi,
mövcud mənfi təzahürlərin aradan
qaldırılması, müasir standartlar səviyyəsində
işləməyə qadir olan kadr korpusunun
formalaşdırılması, son nəticədə cinayətkarlığa
qarşı mübarizə, insan hüquq və
azadlıqlarının müdafiəsi işinin zəruri tələblər
səviyyəsinə qaldırılması təmin edilib. Qeyd
olunub ki, Prezident İlham Əliyev tərəfindən bu
gün prokurorluq orqanlarına dövlət səviyyəsində
diqqət və qayğı göstərilir, bu qurumların fəaliyyətinin
daha da təkmilləşdirilməsi, əməkdaşların
maddi-sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində
müvafiq tədbirlər görülür. Azərbaycan
Prokurorluğunun 90 illik yubileyi ərəfəsində
prokurorluğun bir qrup əməkdaşının yüksək
dövlət mükafatlarına və ali xüsusi rütbələrə
layiq görülməsi, yeni inkişaf dövrünün əsasını
qoyan prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə
dair 2009-2011-ci illər üçün Dövlət
Proqramının təsdiq olunması prokurorluğa dövlət
səviyyəsində göstərilən qayğının nəticəsi
kimi diqqətə çatdırılıb. Çıxışının
sonunda baş prokuror dövlətimizin başçısı
İlham Əliyevi əmin edib ki, Azərbaycan
Respublikasının Prokurorluğu ümummilli liderimiz Heydər
Əliyevin dövlətçilik siyasətinə və
ideyalarına sadiq qalaraq bütün səylərini ölkədə
aparılan yeni məzmunlu dövlətçilik siyasətinin
reallaşdırılmasına, dövlət müstəqilliyimizin,
sabitlik və əmin-amanlığın hər cür cinayətkar
qəsdlərdən qorunmasına səfərbər edəcək.
Sonda “Azərbaycan
Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti
tərəfindən hazırlanmış “Liderlik missiyası”
adlı film nümayiş etdirilib.
MƏTLƏB
Səs.- 2009.- 9 may.- S. 13.