HEYDƏR ƏLİYEV FONDU - MİLLİ-MƏDƏNİ İRSİMİZİN HAMİSİ

 

YUNESKO və İSESKO-nun  xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu fəaliyyətə başladığı 2004-cü il may ayının 10-dan etibarən ölkəmizin ictimai-mədəni həyatında müstəsna rol oynamaqdadır. Etiraf edək ki, Heydər Əliyev Fondu daha çox gələcəyə hesablanmış addımlar atmağı bacarır və təşkilatın diqqət yetirdiyi sahələr cəmiyyətin olduqca həssas qütbləridir. Bu qütblərin mərkəzində isə milli genefondumuzun inkişafı və xalqımızın minilliklərdən keçirib bu  günə  çatdırdığı  mədəni-etnoqrafik ənənələr dayanır. Ötən beş il ərzində Heydər Əliyev Fondu öz addımları ilə bu həqiqəti təsdiq etmişdir...

Fondun fəaliyyəti çoxşaxəlidir - təhsil, səhiyyə, elm və texnologiya, mədəniyyət, ekologiya, idman, sosial problemlər-bütün bu sahələrdə Heydər Əliyev Fondu tərəfindən  çoxşaxəli proqramlar hazırlanaraq uğurla həyata keçirilir. Ümumiyyətlə, Heydər Əliyev Fondu öz fəaliyyətini müasir zamanın tələbinə cavab verən şəkildə qurmağa -cəmiyyətdə olan, insanları narahat edən problemləri aşkar etməyə, bu problemlərin həlli yolunda lazımi tədbirləri hazırlamağa, həyata keçirməyə və uğurlu  nəticələri əldə etməyə çalışır. 

Məsələn, ilk baxışdan, bəlkə də, diabetli və talassemiyalı uşaqlara qayğı ilə “Qarabağ xanəndələri” layihəsi arasında elə bir rabitə yoxdur. Amma bu iki ciddi layihə arasında onları bir-birinə bağlayan mərkəzi bir  xətt  var. Bu da Azərbaycanın milli genefondunun prioritetə çevrilməsidir. Doğrudan da, istər “Yeniləşən Azərbaycana yeni məktəb”, istərsə də tikilən və ya bərpa edilən uşaq evləri, internat məktəbləri, istərsə də, mədəni irsimizin təbliği üçün həyata keçirilən irimiqyaslı layihələr, məhz Heydər Əliyev Fondu tərəfindən milli genefondumuzun qorunub saxlanılması kimi ülvü bir məqsədə qulluq edir.

Heydər Əliyev Fondunun istər xeyriyyəçilik, istərsə də ictimai fəaliyyətinin əsas  istiqamətləri sırasında təhsilin mühüm yer tutması isə qətiyyən təsadüfi deyil. “Azərbaycanın gələcəyinin təhsilli insanların çiyinləri üzərində qurulacağını” böyük inamla vurğulamış ümummilli lider  Heydər Əliyevin ideyalarını  əldə rəhbər tutan və onların həyata keçməsinə çalışan Fond rəhbərliyi  təhsilə  xüsusi diqqət yetirir. Məlumdur ki, təhsil və elm hər bir xalqın inkişafını təmin edən əsas amillərdir. “Təhsil həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır” söyləyən ümummilli liderimiz Heydər Əliyev, digər sahələrdə olduğu kimi, elmin və təhsilin də inkişafında da əvəzsiz xidmətlər göstərib. Ölkəyə başçılıq etdiyi 35 il ərzində ümummilli lider Heydər Əliyevin bu sahəyə qayğısı adi orta məktəb sinfinin birinə baş çəkməkdən, dərslikləri vərəqləyib məzmunu ilə tanış olmaqdan başlayaraq, təhsilin inkişafını təmin edən qanunvericilik bazasının yaradılmasına kimi uzanır. Azərbaycanda xalqın maariflənməsi, ali təhsil ocaqlarının yaradılması, xalqın təhsilə cəlb olunması, elmi-tədqiqat institutlarının formalaşdırılması - bütün bunlar XX əsrin 70-ci illərindən başlayaraq ölkəmizdə elmin və təhsilin sürətli inkişafını təmin edib.

Bu gün inamla demək olar ki, xalqımızı müstəqil inkişaf yoluna uğurla irəliyə aparan  ulu öndərin siyasi varisi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ümummilli lider Heydər Əliyev ənənələrinin varisliyini təmin edir. Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixli sərəncamı  ilə  qüvvəyə minmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda  təhsil sahəsində islahatların aparılması, ölkədə təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, ali və orta məktəblərin  müasir informasiya texnologiyaları ilə təmin edilməsi sahəsində fundamental istiqamətlər müəyyən  edilmişdir.   

Fərəhli haldır ki, Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyulan əsas məqsədi də, məhz Azərbaycanda bu sahənin çağdaş dünyanın tələb etdiyi səviyyəyə yüksəltməkdir. Bu məqsədə çatmaq üçün ölkədə müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının vacibliyini  yüksək qiymətləndirən Heydər Əliyev Fondu, artıq bu  yöndə konkret addımlar atmaqdadır. Qısa vaxt ərzində 126 yeni məktəb tikilməsi dövlət müstəqilliyinə cəmi 15 il əvvəl qovuşan, müharibə  vəziyyətində olan, iqtisadiyyatı təzəcə inkişaf etməyə başlayan istənilən ölkə üçün fövqəladə göstərici sayıla bilər. Misal üçün, qeyd edək  ki, sovet dövrünün rekordu  ildə 110 məktəb olub  və həmin məktəblərin  əksəriyyəti məhz  şəhərlərdə tikilib.

Qeyd edək ki, təkcə ötən il Heydər Əliyev Fondu tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı 23 müəssisə əsaslı şəkildə bərpa edilib. Bu,  hər ay orta hesabla iki məktəbin bərpa olunması deməkdir. Bakı, Xaçmaz, Əli Bayramlı, Sumqayıt, Şəki, Astara, İsmayıllı, Ağdam və Bərdə, Beyləqan, Gədəbəy, Saatlı, Zərdab, Yardımlı, Qax, Göyçay, Qusar, Lerik, Salyan rayon və şəhərlərində, eləcə də, bir sıra kəndlərdə yerləşən, həm də qəza vəziyyətində olan 132 məktəb üçün yeni binaların tikilməsi üzrə xüsusi proqram hazırlanmış və bu istiqamətdə intensiv  işlərə başlanılmışdır. “Heydər Əliyev Fondu” təkcə 2005-ci ildə  bu layihə çərçivəsində 22 min şagird yeri yaratmağa nail olub. Fondun  təhsillə bağlı daim diqqəti mərkəzində olan layihələrdən biri  də ölkəmizdə mövcud olan internat məktəbləri və uşaq evlərinin fəaliyyəti ilə bağlıdır. Bu müəssisələrin maddi-texniki bazalarının yenidən qurulması ilə yanaşı, Heydər Əliyev Fondu çalışır ki, kimsəsiz uşaqlara mənəvi dayaq olsun, onlar üçün bir növ ailə mühiti yaratsın.

Heydər Əliyev Fondu Azərbaycanda təhsilin inkişafı sahəsində YUNESKO ilə əməkdaşlıq  sahəsində bir sıra uğurlara imza atıb. Ötən ilı iyulun 6-da Fondun təşəbbüsü ilə Parisdə YUNESKO-nun iqamətgahında “Davamlı inkişaf üçün  Azərbaycanda təhsil islahatları” mövzusunda  beynəlxalq konfrans keçirilib. YUNESKO ilə əldə olunmuş razılaşmaya əsasən, növbəti konfrans “YUNESKO-Azərbaycan: Azərbaycanın təhsil problemləri və perspektivləri” mövzusunda məhz  Bakıda keçiriləcək.

Təhsildə müasir informasiya texnologiyalarının  tətbiq edilməsi sahəsində də  Heydər Əliyev Fondu  böyük işlər görməkdədir.  Belə ki, Heydər Əliyev Fondu ilə BMT İnkişaf Proqramı arasında imzalmış saziş bu  baxımdan çox  böyük əhəmiyyət kəsb edir. Bu sazişin nəticəsi olaraq ölkəmizdə kor və görmə qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışını təmin edən layihə artıq həyata keçirilməyə  başlanılıb.  Qeyd edək ki, Azərbaycanda 320 min əlil  insan yaşayır, onlardan 40 mini kor və görmə qabiliyyəti zəif  olan şəxslərdir. Layihə bu insanların cəmiyyətə qovuşmasına, onların informasiya-kommunikasiyalar vasitələri ilə bilik və məlumat əldə etmək imkanlarının genişləndirilməsinə, məşğulluqlarının artırılmasına, ümumən, bu insanların yaşayış tərzlərini yaxşılaşdırmağa xidmət edəcəkdir.  Onu da qeyd edək ki, bu saziş Heydər Əliyev Fondu ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın ilk təməlidir.

Həmçinin, bu saziş BMT-nin baş katibi Kofi Annanın təşəbbüsü ilə 2003-cü ilin dekabrında Cenevrədə keçirilən dövlət və hökumət başçıları sammitində yeni texnologiyaların, xüsusilə, informasiya-kommunikasiya texnologiyalarının hamı üçün təmin olunması barədə götürülmüş öhdəliyə və Azərbaycan hökumətinin İKT üzrə Milli Strategiyasına uyğun imzalanmışdır. Azərbaycanın Tunisdə keçirilən informasiya texnologiyaları konfransdakı iştirakı da ölkə  rəhbərliyinin bu sahəyə marağının nə qədər böyük olmasını bir daha sübut etdi. Burada  əsas məqsəd və əsas yekun ondan ibarətdir ki, bu cür inkişaf edən ölkə  üçün heç kəs diqqətdən kənarda qalmamalıdır.

Heydər Əliyev Fondu ilə BMT İnkişaf Proqramı arasında imzalanmış  bu sazişin həyata keçirilməsi nəticəsində  isə kor və görmə qabiliyyəti zəif olan insanlara lazımi xidmətlər göstəriləcəkdir.  Belə ki, bir çox ölkələrdə rəqəmsal fərqin aradan qaldırılmasından ötrü müxtəlif tədbirlərin həyata keçirilməsi BMT-nin İnkişaf Proqramı üçün mühüm bir məsələdir.  Heydər Əliyev Fondunun layihəsi əsasında bu proses üç mərhələdə həyata keçiriləcəkdir. İlk mərhələ kor və görmə qabiliyyəti zəif olan insanların İKT-yə ehtiyaclarını müəyyən etmək, onlar üçün rəqəmsal fərqin aradan qaldırılması üzrə ayrıca proqram layihəsi hazırlamaqdan ibarətdir. İkinci mərhələdə kor və görmə qabiliyyəti zəif olan uşaqlar üçün internat məktəbində model İKT sinfinin yaradılması istiqamətində işlər aparılacaqdır. Burada kompüter avadanlığının alınıb quraşdırılması, proqram təminatının lokallaşdırılması, internetə çıxışın təmin edilməsi və xüsusi tədris-təlim proqramlarının hazırlanması başlıca vəzifələr olacaqdır.

Audiokitabxanaların hazırlanması, təlim mərkəzlərinin yaradılması, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyasının qurulması, bu studiyanın yardımı ilə mövcud kitabxanalarda Brayl şriftli və audiokitabların bərpası, internetə çıxış, informasiya texnologiya əsaslı təlim kursları, internetdə informasiyanın tapılması, əldə edilməsi kimi xidmətləri təmin edən kompüter mərkəzinin yaradılması, təlim kurslarında dərs deyəcək müəllimlərin, təlimçilərin hazırlığı üçüncü mərhələdə həyata keçiriləcəkdir.  

Bütün bu layihələr bir  daha onu nümayiş etdirir ki, Azərbaycan cəmiyyətində hər kəs üçün bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliyə yiyələnməsi, dünya təhsil sisteminə inteqrasiyasına dəstək verilməsi Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet sahələrindən biridir. Təsadüfi deyil ki, Fondun ötən ildən həyata keçirməyə başladığı və artıq birinci mərhələsi başa çatan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, məhz bu sahədə mövcud problemlərin həllinə istiqamətləndirilmişdir. Bu sahədə real vəziyyəti qiymətləndirmək üçün Fondun prezidentinin təşəbbüsü ilə respublika üzrə orta məktəblərin monitorinqi keçirilmiş və ölkənin ən müxtəlif bölgələrində 132 məktəb binasının tam yararsız olduğu müəyyənləşdirilmişdir. Cəmiyyətin müxtəlif təbəqələrinin diqqətini bu məsələyə yönəltmək məqsədilə ötən ilin iyununda müvafiq qurumların, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların iştirakı ilə keçirilən dəyirmi masada 100, 200 və 240 şagird yerlik məktəb binalarının layihələri təqdim olunmuşdu. Fondun prezidentinin layihə ilə bağlı cəmiyyətə ünvanladığı əməkdaşlıq çağırışı isə  qısa bir vaxtda geniş əks-səda doğurdu. Nəticədə, Azərbaycanın bölgələrində - dağ kəndlərində, ən ucqar yaşayış məntəqələrində məktəb tikintisi geniş vüsət aldı, qısa müddətdə layihələr əsasında yeni, müasir tələblərə cavab verən binalar istifadəyə verildi. Məktəblər müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar,  əyani vəsait və kompüterlərlə təchiz olundu. 

Heydər Əliyev Fondunun təhsil sahəsində  həyata keçirdiyi layihələrdən biri də “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramıdır.  Fond rəhbərliyi bu proqram çərçivəsində Bakıda və Abşeronda yerləşən, demək olar ki, hər bir uşaq evi və internat məktəbinə baş çəkib. Bu proqram üzrə  isə uşaq evləri və internat məktəblərində mövcud problemlərin həll olunması üçün 4 əsas istiqamət müəyyən edilmişdir: texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq. Həmçinin, proqram çərçivəsində yaradılmış işçi qrupu respublikada fəaliyyət göstərən uşaq evləri və internat məktəblərindəki mövcud vəziyyətin monitorinqini apararaq uşaqların sayı, aylıq, illik dövlət təminatına daxil olan  qida, geyim, texniki vəsait normativləri, ümumi şərait (təhsil, səhiyyə, yaşayış, istirahət) kimi göstəriciləri müəyyən etmişdir. Belə uşaq müəssisələrinin böyük əksəriyyətinin ilkin mərhələdə əsaslı  təmirə və texniki təchizata daha çox ehtiyacı olduğu aşkar edilmişdir. Fondun rəhbəri Bakının və ölkəmizin əksər rayonlarındakı uşaq evləri və internat məktəblərində şəxsən olaraq, proqramın texniki dəstək istiqaməti üzrə işlərin başlanması üçün tapşırıq vermişdir.

Fərəhli haldır ki, Heydər Əliyev Fondunun keçirdiyi aksiyalar təkcə ölkəmizdə deyil, eləcə də,  onun hüdudlarından kənarda da çox yüksək qiymətləndirilir. Belə ki, Fondun birbaşa təşəbbüsü ilə Rusiyanın paytaxtı Moskva şəhərində ifaçıların Pyotr Çaykovski adına beynəlxalq müsabiqəsi keçirilmişdir.  Dörd ildən bir təşkil olunan bu mötəbər musiqi yarışında ilk dəfə olaraq Azərbaycan violino ifaçısı da iştirak etmək hüququ qazanmışdır. Azərbaycanlı gənc musiqiçilərin dünyada ən samballı müsabiqələrdən birində iştirak etmək üçün  müsabiqəqabağı seçmə mərhələdən uğurla çıxması Fondun rəhbərliyi tərəfindən müsbət qarşılandı və müstəqil Azərbaycanın üçrəngli bayrağı ilk dəfə olaraq Çaykovski adına müsabiqədə dalğalandı.

Heydər Əliyev  Fondu milli mədəni irsimizi, tarixi keçmişi araşdırıb yeni-yeni faktları aşkara çıxaran elm adamlarına da daim dəstək olur. Elə bu amalın nəticəsi kimi, tanınmış elm xadimi, professor Səadət Abdullayevanın “Azərbaycan xalq çalğı alətləri” kitabı fondun maliyyə yardımı  nəticəsində işıq üzü görüb. Fondun təşəbbüsü ilə gənc rəssam Aida Mahmudovanın fərdi sərgisi təşkil olunub. İngiltərənin Çelsi Rəssamlıq Universitetində təhsil alan həmyerlimizin Bakıda ilk dəfə olaraq əsərləri nümayiş etdirildi. Bu kimi faktlar bir daha Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinə təmənnasız diqqət və qayğısının bariz nümunəsidir.

Heydər Əliyev Fondu Azərbaycan xalqının kökü çox qədimlərə gedən sənət xəzinəsinə, ulu muğamatımıza, sözün əsil mənasında, sahib çıxaraq, bu sahəyə də yaxından himayədarlıq etdi.  Belə ki, ilkin nəticələrdən biri “Qarabağ xanəndələri” adlı albomun nəfis tərtibatda buraxılmasıdır. Həmçinin, Fond rəhbərliyinin  təşəbbüsü ilə “Qarabağ” kitabının çapa hazırlanması da Azərbaycanın, Qarabağın tarixi keçmişinin öyrənilməsinə və təbliğinə diqqətin dəyərli təzahürlərindən biri kimi diqqəti çəkir.  Digər bir  layihə isə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun bütün əsərlərinin CD və DVD -də buraxılmasını əhatə edir. Heydər Əliyev Fondu sosial sferaya aid aktual məsələləri - qaçqın və məcburi köçkünlərin, uşaq evlərinin, internat məktəblərinin, müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən insanların problemlərini də daim diqqətə saxlayır. 2004-cü ilin sentyabr ayında keçirilən “Mən Azərbaycanı sevirəm” mövzusunda rəsm sərgisi bu baxımdan xüsusən yaddaqalan oldu.

Cəsarətlə demək olar ki, Heydər Əliyev Fondu kimsəsiz, valideyn himayəsindən məhrum, fiziki imkanları məhdud, habelə, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın-köçkün həyatı yaşayan uşaqlara qayğı göstərmək baxımından bütün digər qurumlar üçün layiqli örnəkdir. Fond tərəfindən səhiyyə sahəsində həyata keçirilən layihələrin arasında  talassemiya ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Burada ölkəmizdə belə xəstələrin sayı, onların vəziyyəti ətraflı təhlil olunur, talassemiyanın müalicəsi və profilaktikası üçün milli proqramlar hazırlanır. Təkcə keçən il Heydər Əliyev Fondunun dəstəyilə 500-dən çox soydaşımıza yardım göstərilməsi bu xeyirxah fəaliyyətin nəticəsidir.

“Heydər Əliyev Fondu” ötən müddət ərzində xeyriyyəçilik sahəsində də nəzərəçarpacaq işlər görüb. Diabetli uşaqlar Fondun xətti ilə zəruri dərman preparatları ilə təmin olunmaqdadır. 2005-ci ildə 1 saylı körpələr evi, 2 saylı internat və Mərdəkandakı Pir  Həsən ziyarətgahı əsaslı təmir olunaraq istifadəyə verilmiş, bir sözlə, Fondun fəaliyyəti uşaqdan böyüyə qədər bütün yaş təbəqələrini əhatə edir. Bu il isə Fondun  təşəbbüsü ilə respublikamızda Talassemiya Mərkəzinin tikilməsinə başlanacaqdır. Həmçinin, Fondun prezidentinin təşəbbüsü ilə Diaqnostika Mərkəzinin də inşası nəzərdə tutulur.

Bütün bunlar insanların  bu gün Heydər Əliyev Fonduna pənah apararaq ondan  kömək diləmələri  Fond rəhbərliyinin  fəaliyyətinə cəmiyyətin dərin inamından irəli gəlir. Təbii ki, insanlar onların problemlərini, sözün əsil mənasında, həll edənlərə üz  tuturlar. Bəzən cəmiyyətdə insan elə bir vəziyyətə düşür ki, bütün döydüyü qapılar onun üzünə bağlı qalır.  Nəticədə, o öz dərdi ilə, öz problemi ilə təkbaşına qalır və ona elə gəlir ki, heç  bir şey və heç kəs ona kömək edə bilməz. Bu halda onların üzünü  Heydər Əliyev Fonduna tutmaları  gələcəyə inamı bərqarar edir, bunu təsdiqləyən yüzlərlə fakt mövcuddur.

Belə ki, təkcə  hər il Fonda 3 mindən çox adam müraciət edərək, müalicə üçün kömək istəmişdir. Onların hamısına yüksək səviyyədə tibbi yardım göstərilmiş, xarici ölkələrin səhiyyə müəssisələri ilə əlaqələr yaradılmış və xəstələrin bəzilərini  müalicə üçün ora göndərmək mümkün olmuşdur. Xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas  olan ən gözəl keyfiyyətlərdən biridir və  fərəhlidir ki, bu gün Heydər Əliyev Fondu bu ənənələri uğurla davam etdirir.  Məhz bu fəaliyyətinə görə Heydər Əliyev Fondu Azərbaycanda böyük hörmətə malik olan və ölkənin ictimai həyatında mühüm rol oynayan bir qurumdur.

Heydər Əliyev Fondu YUNESKO çərçivəsində keçirilən tədbirlərdə get-gedə daha fəal iştirak edir.  Heydər Əliyev Fondu nun bu beynəlxalq təşkilatla  əməkdaşlığı sayəsində qısa müddət ərzində şifahi və musiqi ənənələrinin təbliği və qorunması sahəsində böyük işlər görülmüşdür. Qeyd edək ki,  mədəniyyət sahəsində YUNESKO-nun iki konvensiyası var.  Onlardan biri maddi-mədəni irslə bağlıdır. 2003-cü ildə qəbul edilmiş konvensiya  isə qeyri-maddi mədəni irsin qorunması ilə bağlıdır və 2006-cı ilin yayında qurumun Litvada keçiriləcək illik toplantısında Azərbaycanın mühüm abidəsi sayılan Qobustan da YUNESKO-nun irs siyahısına daxil ediləcəkdir. Həmçinin, Fondun təşəbbüsü ilə aşıq sənətinin YUNESKO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsin şah əsərləri” siyahısına salınması təklifi irəli sürülüb. Qeyd edək ki, muğam sənəti artıq qurumun bu siyahısına daxil edilib. 

Heydər Əliyev Fondunun  əsasını qoyduğu layihələrdən biri də Azərbaycan Regional Muzeyinin yaradılmasıdır. Belə ki, bu muzeyin yaradılması ilə ölkəmizə gələn hər bir qonaq Azərbaycanın müxtəlif regionlarının tarixi, mədəniyyəti, sərvətləri, iqtisadiyyatı barədə doğru məlumat ala biləcəkdir. Bu  layihə ilə bağlı Böyük Britaniyanın SMA Design şirkəti ilə birgə işləyəcək yerli mütəxəssislərdən ibarət işçi qrupu yaradılmışdır. Əsas məqsəd isə Azərbaycanın müxtəlif bölgələrinin özünəməxsus özəlliklərini - tarixi keçmişini, sosial-iqtisadi vəziyyətini, flora və faunasını, mədəni-dini abidələrini, təsərrüfat həyatını, yerli adət-ənənələrini, etnik qruplarını əks etdirməklə yanaşı, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində bu regionların inkişafı üçün gördüyü işləri, qoyduğu zəngin irsi təbliğ etməkdir. Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması barədə həyata keçirilən layihələr də Heydər Əliyev Fondu tərəfindən  mütəmadi olaraq həyata keçirilir. Təsadüfi deyil ki, Fondun təşəbbüsü ilə, zənginliyinə görə respublikada analoqu olmayan “Azərbaycan” internet portalının yaradılıb.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin “Bakı şəhərində tarixi-memarlıq abidələrinin bərpası və qorunması haqqında”  imzaladığı sərəncam  Azərbaycan mədəniyyətinin bir çox qiymətli nümunələrinin dünya inciləri sırasına daxil olması  kimi müstəsna bir məqsədi nəzərdə tutur. Dövlət başçısının sərəncamında bildirilir ki, bu qərar Bakı şəhərindəki tarixi-memarlıq abidələrini milli-mədəni sərvət kimi qoruyub saxlamaq, yetişməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında onların rolunu gücləndirmək və ölkəmizə gələn çoxsaylı qonaqlar arasında lazımi səviyyədə təbliğini təmin etmək məqsədilə qəbul olunub.

Etiraf  edək ki, dövlət başçısının sərəncamında nəzərdə tutulan vəzifələr uzun müddətdir ki,  Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın ardıcıl təşəbbüsləri ilə yüksək səviyyədə icra olunmaqdadır.  Mehriban xanım  daim xalqımızın  mədəni irsinin qorunmasının və gələcək nəsillərə çatdırılmasının  tərəfdarı kimi çıxış edir.

YUNESKO-nun xoşməramlı səfiri kimi fərqli mədəniyyətləri bir araya gətirmək missiyasını öz üzərinə götürmüş Mehriban Əliyevanın bu sahədə  fəaliyyəti, hələ 10 il əvvələ, “Azərbaycan Mədəniyyətinin Dostları Fondu”nu yaradılması dövrünə  gedib çıxır. Mehriban Əliyevanın rəhbəri olduğu  Heydər Əliyev Fondu dünyanın ən mötəbər mədəniyyət qurumları ilə əməkdaşlıq çərçivəsində ölkəmizdəki tarixi abidələrin qorunması üçün həyata keçirilən tədbirlərdə də fəal iştirak edir. Fondun prezidentinin şəxsi səyləri nəticəsində Azərbaycan xalqının milli sərvəti sayılan  qeyri-maddi irsimiz də, xüsusilə, muğam bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri sırasına daxil edilmişdir.

Heydər Əliyev Fondunun bütün bu layihələri milli xüsusiyyətlər, yerli tələb və ehtiyaclarla çulğaşaraq olduqca maraqlı və rəngarəng forma alıb. Nəzərəçarpan haldır ki, Fond hansısa ayrıca götürülmüş sahənin inkişafı naminə  fəaliyyət göstərmir.  “Heydər Əliyev Fondu” xeyriyyəçilikdən tutmuş, ölkənin səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətinin inkişafı, Azərbaycanın beynəlxalq aləmdəki reputasiyasının formalaşması sferalarında ciddi və məhsuldar aktivlik nümayiş etdirir. Bütün bunların mərkəzində isə, şübhəsiz ki, ilk növbədə, xeyirxahlıq, qayğıkeşlik və insanpərvərlik amili durur.

Təbii ki, bütün bunlar ümummilli liderin adını daşıyan və onun özü kimi əzəmətli olan  amallara xidmət edən  Heydər Əliyev Fondunun  fəlsəfəsinin yalnız bir ideya və amala söykəndiyini təsdliqləyir: yaxşılıq!

 

 

Y.Əliyeva

 

 Səs.- 2009.- 9 may.- S. 6-7.