Bir şəhərin manifesti və ya Qəhrəman Bakı

 

Faşizm üzərində qələbədə Azərbaycan və Bakının da böyük rolu olub

 

XX əsrin ortalarında II Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr oldu. Almaniya və İtaliyada meydana gələn faşizm kabusu nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına almışdı.

II Dünya müharibəsi illərində Azərbaycan xalqının oğul və qızları həm ağır döyüşlərin getdiyi ön cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərdilər. Qısa zamanda respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünü müdafiə dəstəsi təşkil olundu.

1941-1945-ci Azərbaycanın 3,4 milyon əhalisindən 700 mini cəbhəyə yollanmışdı ki, onlardan da yarısı döyüşlərdə həlak oldu, əsgər, zabit və generallar cəsarət, qəhrəmanlıq və sərkərdəlik məharəti göstərdilər.

Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz döyüş yolu keçdilər. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü (Həzi Aslanov iki dəfə).

Bunlardan Adil Quliyev, Ziya Bunyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə və başqalarını göstərmək olar. Bundan başqa, 30 nəfər Şərəf ordeni ilə təltif olundu. Generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə  xalqımızın şərəfli tarixinə yeni sətirlər yazdılar. Ümumilikdə isə, 170 mindən artıq Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edildi.

Respublika iqtisadiyyatınin cəbhəyönümlü istiqamətə keçirilməsi məqsədilə böyük işlər görüldü. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başladı. Az bir vaxtda Bakı döyüşən ordunun ən mühüm cəbbəxanasına çevrildi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin edirdilər.

İkinci dünya müharibəsi illərində faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının xidməti və rolu böyük olub. Müharibə illərində neft sənayesi naziri olmuş Nikolay Baybakovun sözlərinə görə, “Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir”.

1941-1945-ci illərdə Azərbaycandan cəbhəyə yüksək keyfiyyətli benzin, silah, döyüş sursatı və ərzaqla dolu yük qatarları və gəmilər yollanırdı. Bu illərdə Bakı cəbhəyə 75 milyon ton neft yanacağı göndərib, benzin və sürtkü yağlarına olan tələbatın 75-90%-ni ödəyib. Müharibə illərində Bakıda cəbhə üçün 130 növ silah və döyüş sursatı da istehsal olunub.

Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yarandı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox 23,5 milyon ton istehsal olundu ki, bu da SSRİ-də istehsal olunan neftin 71.4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları vermişdilər.

Qətiyyətlə demək olar ki, faşizm üzərində qələbənin qazanmasında Bakı nefti ən əsas amiliərdən biri oldu. Təkcə bunu demək kifayətdir ki, hər 5 təyyarənin, hər 5 tankın, hər 5 avtomobilin 4-ü Bakı benzini ilə işləyirdi.

Müharibədə neftin hansı dərəcədə mühüm əhəmiyyətə malik olmasını tam dərk etmək üçün Daniyel Yergünün “Petrol” əsərini oxumaq kifayət edir. Ümumiyyətlə, II Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut etdi.

Haşiyə. 11 aprel 2005-ci ildə Bakı şəhərində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyası Respublika Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası, Moskva Qəhrəmanlar Klubu, “Sodrujestvo” Ehtiyatda Olan Zabitlərin Hərəkatı Komitəsi ilə birlikdə “Bakı qəhrəman şəhərdir” adlı beynəlxalq forum keçirib.

Tədbirdə Rusiya, Ukrayna və Belorusdan gəlmiş onlarla Sovet İttifaqı Qəhrəmanı iştirak edib. Forumun sonunda tədbir iştirakçılarının çıxışları əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz fərmanı ilə Bakı şəhərinə “Qəhrəman-şəhər” fəxri adının verilməsi ilə bağlı müraciət qəbul edilib.

Bakı bu ada, sözün əsil mənasında, layiqdir. Tarix, faktlar və şahidlər belə deyir. Gec-tez ədalət öz yerini tapmalıdır və II Dünya müharibəsinin eləcə də bütün dünyanın taleyinə əhəmiyyətli dərəcədə təsir göstərən şəhərin bir adı var- Qəhrəman Şəhər.

 

 

Elçin Bayramlı

 

 Səs.- 2009.- 9 may.- S. 15.