Alwaysmahnısı bütün ölkələri birliyə səsləyir

 

Pyotr Yefimov:”Aysel və Araşın ifasını çox bəyənirəm. Onlar mənim əsas rəqiblərim sırasındadır”

 

Bütün dünya seyrçilərinin diqqət mərkəzində olan “Eurovision-2009” beynəlxalq musiqi mahnı müsabiqəsinin ilk on finalçısı Avropa tamaşaçıları və peşəkarlar münsiflər tərəfindən müəyyənləşdirilib. İlk yarımfinalın nəticələrinə görə, ümumilikdə, ilk yarımfinalda 18 iştirakçı çıxış edib. Bu il qəbul edilmiş yeni qaydalara görə, finalçıları tamaşaçılar və Rusiya müğənnisi Filipp Kirkorovun başçılıq etdiyi münsiflər heyəti müəyyənləşdirir.

“Eurovision-2009” müsabiqəsinin təşkilinə 30 milyon dollar ayrılıb. Avropa Yayım Birliyinin rəhbəri Svante Stokseliusun məlumatına əsasən, bu il ayrılan vəsait son illər müsabiqəyə ayrılmış büdcələr arasında rekord göstəricidir. S.Stokselius yarışmanın təşkil olunduğuOlimpiyskiİdman Kompleksində son illərin ən böyük səhnəsinin qurulduğuna da diqqət çəkib. Kompleks 40 minə yaxın tamaşaçı tutur. Artıq müsabiqənin hər iki yarımfinalı final mərhələsinə bütün biletlər satılıb qurtarıb.

İkinci yarımfinal sabah keçiriləcək və 19 iştirakçı arasından daha 10 finalçı müəyyənləşdiriləcək. Azərbaycan təmsilçiləri Aysel və Araş dueti də bu gün yarımfinalda mübarizə aparacaq. Artıq bu günə qədər Azərbaycan təmsilçilərinin ifası ətrafında müsbət rəylər formalaşmışdır. Belə ki, Belorusu “Eurovision-2009” müsabiqəsində təmsil edən Pyotr Elfimov “Aysel və Araşın ifasını çox bəyənirəm. Onlar mənim əsas rəqiblərim sırasındadır” sözlərini demişdir. O, “Always” mahnısı ilə bağlı bildirmişdir ki, bu mahnını ilk dəfə eşidəndə, çox xoşuna gəlmişdi. P.Elfimov mahnı bütün ölkələri birliyə səsləyir, insanın ürəyindən xəbər verir: “Bu, təkcə mənim yox, bütün dinləyicilərin fikridir. Ümumiyyətlə, Azərbaycanın builki təmsilçiləri barədə ancaq xoş fikirlər söyləmək olar.”

Araşı çoxdan tanıdığını, Aysellə isə burada tanış olduğunu deyən P.Elfimov cütlüyün yüksək nəticə qazanacağına əminliyini vurğulamışdır. Beloruslu təmsilçi müsabiqədə səhnəyə sevgidən bəhs edən özünə məxsus mahnı ilə çıxacağını və sevginin insan həyatında nə qədər önəmli rol oynadığını göstərmək istədiyini diqqətə çatdırmışdır.

“Eurovision-2009” müsabiqəsində çıxış edən Azərbaycan təmsilçiləri çox peşəkardırlar. Həm Aysel, həm də Araş özlərini sevdirməyi bacarıblar”. Bu sözləri isə 2004-cü ildə “Eurovision” müsabiqəsinin ukraynalı qalibi müğənni Ruslana bildirmişdir. O, Azərbaycan təmsilçilərinin ön sıralarda olacağını əminliklə vurğulayaraq demişdir ki, Aysel ilə Araş bu müsabiqəyə hərtərəfli hazırlaşmışlar. Mahnı, rəqs seçimi, eyni zamanda, onların həvəsi və məsuliyyəti yaxşı nəticəyə zəmin yaradır. Bu il müsabiqənin təşkili və iştirakçıları çox yaxşıdır. Mən Azərbaycandan olan cütlüyün qələbəsinə inanıram. Ümumiyyətlə, Azərbaycan təmsilçilərinin ön sıralarda olacağı bukmeykerlərin açıqlamasından və aparılan çoxsaylı sorğulardan da məlumdur.

“Eurovision-2009” müsabiqəsinin ilk yarımfinalında səhnəyə çıxan və finala vəsiqə alan Ermənistan təmsilçiləri Anuş və İnqanın ifası izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Təəssüfedici olsa da, bildirək ki, kostyumları, saç düzümü və makiyajı, nümayiş etdirdiyi xoreoqrafik etüdü və səhnə tərtibatını azərbaycanlı Aslan Əhmədov hazırlayıb. Aslan Əhmədov Ermənistan təmsilçilərinin çıxışını hazırlayan “Fresh Art” şirkətinin təsisçilərindən biridir. O digər təsisçilər David Gevorkov və Aleksandr Siradekyanla birgə Anuş və İnqanın çıxışı üçün xüsusi kompozisiya tərtib edib. “Fresh Art”ın rəhbərləri Ermənistan təmsilçilərini “Eurovision-2009”-a hazırlamaq işinin məhz onlara tapşırılmasından qürur duyduqlarını bildiriblər: “Fəxr edirik ki, qüdrətli və qədim dövlət olan Ermənistanı özündə çoxəsrlik mədəniyyəti və etnosu təcəssüm etdirən qeyri-adi koloritli mahnı ilə təmsil etmək işini bizə həvalə ediblər”. Qeyd edək ki, Ermənistan təmsilçilərinin “Eurovision-2009”-da çıxışının tərtibatı ilə məşğul olan Aslan Əhmədov 1973-cü ildə Bakıda anadan olub. 1994-cü ildə Bakıda İncəsənət Universitetini bitirən Aslan Əhmədov Sankt-Peterburqa köçüb. O, orada ermənilər David Gevorkov və Aleksandr Siradekyanla birlikdə “Fresh Art” şirkətini təsis edib. Ermənistan təmsilçilərinin çıxışını hazırlayan Aslan Əhmədovdan bununla bağlı açıqlama almaq istənilsə də, o açıqlama verməkdən imtina edib.

Mayın 12-də keçirilən “Avroviziya” beynəlxalq musiqi mahnı müsabiqəsində ilk finalçıların çıxışına gəlincə isə, qeyd etmək lazımdır ki, musiqi yarışması gözəl tərtibi və işıq effektləri ilə zəngin olmasına baxmayaraq, bəzi çatışmayan cəhətləri ilə də yadda qaldı. Belə ki, tədbirin aparıcısı missiyasını yerinə yetirən Natalya Vorenyeva və Andrey Moloxov öz işlərini öhtəsindən heç də layiqincə gələ bilmədilər. Bundan əlavə tədbir iştirakçılarının qiymətləndirilməsində də yeni texnologiyaların tətbiq olunmasına baxmayaraq, yenə də siyasi qiymətləndirilmə öz rolunu oynadı. Qeyd edək ki, bu yeniliklər səsvermənin münsiflər heyətinin yaradılması və onların səslərinin yekun səsvermədə əhəmiyyətli rol oynamasından ibarət idi. Əgər keçmiş “Avroviziya” beynəlxalq musiqi mahnı müsabiqələrində münsiflərin rəyi bir o qədər də nəzərə alınmırdısa, artıq bu ildən etibarən fərqli şəkildə özünü göstərir. Bütün bunlar tədbir iştirakçılarının qonşu dövlət amilindən istifadəsini və siyasi arenada baş verənləri müsabiqəyə qarışdırmamaq prinsipi ilə yaradılmışdır. Lakin yekun səsvermədə bu amillərin rol oynamadığını demək olmaz. Çünki finala vəsiqə qazanan iştirakçılar arasında bu yerə heç də layiq olmayan ölkələrin təmsilçiləri də yer aldılar. Buna misal olaraq Ermənistan təmsilçilərini qeyd etmək olar ki, onlar həmişəki kimi yenə də öz amplualarında çıxış edirdilər. Yenə də müxtəlif dövlətlərdən xüsusi ilə də türk xalqlarının ənənəvi musiqi və geyimlərindən istifadə edərək özlərinin “kompozisiya”larını qurmuşdular. Halbuki onların əvəzində elə ölkələr var idi ki, orijinal çıxışları ilə finala vəsiqə qazana bilmədilər. Çox təəssüf ki, bu belə olmadı.

Qeyd edim ki, tamaşaçılar hər yarımfinalda SMS-lər və telefon zəngləri vasitəsilə 9 finalçını seçir, onuncu finalçını isə münsiflər elan edir. Finala Türkiyə, İsveç, İsrail, Portuqaliya, Malta, Finlandiya, Bosniya və Hersoqovina, Rumıniya, Ermənistan və İslandiya vəsiqə qazanıb.

 

 

Zümrüd

 

Səs.- 2009.- 14 may.- S. 12.