Strasburqda Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin Plenar iclası keçirilib

 

Azərbaycan tərəfindən irəli sürülən təkliflər “Bakı Prosesi”nin davamına dair qərar sənədinə daxil edilib

 

Avropa Şurasının Mədəni irs üzrə rəhbər Komitəsinin Strasburq şəhərində Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin Plenar iclasları keçirilmişdir. İclasda Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva və nazirliyin beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri vəzifəsini icra edən Vasif Eyvazzadə iştirak etmişdir.

İclaslarda Avropa Şurasının 2009-2010-cu illər üçün mədəniyyət sahəsində büdcəsi, komitənin 2010-2012-ci illər üçün istinad sənədi, təşkilat tərəfindən həyat keçirilən mədəniyyət layihələri, mədəni irsə dair Qranada, Valietta və digər konvensiyalar, mədəni irs sahəsində həyata keçirilən layihələr “Mədəniyyətlərarası dialoq şəhərləri” layihəsi, Avropa Şurasının Kiyev təşəbbüsü regional proqramı, Avropa yerli və regional hakimiyyətlər konqresinin Mədəniyyətlərarası şəhərlərə dair 261 saylı və mədəni turizmin gələcəyinə dair 266 saylı tövsiyələri, mədəniyyət üzrə rəhbər komitənin iş metodları və s. məsələlərlə bağlı müzakirələr aparılmışdır. Xüsusi olaraq Azərbaycan hökumətinin beynəlxalq mədəni proseslərdə rolu, xüsusilə, mədəniyyətlərarası dialoqla bağlı təşəbbüsləri sessiyanın gündəliyində müzakirə olunacaq məsələlər sırasında idi. Belə ki, 2008-ci ilin 2-3 dekabr tarixində Bakıda keçirilmiş Avropa Şurasına üzv dövlətlərinin Mədəniyyət Nazirlərinin konfransı və onun nəticələri, “Sənətçilər dialoq naminə” təşəbbüsü, həmçinin, mədəniyyətlərarası dialoqun təşviqinə dair “Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə, cari ilin 13-15 oktyabr tarixində Bakıda keçirilməsi planlaşdırılan islam ölkələrinin mədəniyyət nazirlərinin konfransına dəvət ediləcək Avropa dövlətləri barəsində müzakirələr aparılmışdır. İclas zamanı Avropa Şurasının mədəniyyət, təhsil, gənclər idman məsələləri üzrə baş direktoru xanım Gabriella Battaini-Draqoni Bakı konfransına və onun nəticələrinə dair geniş çıxış etmişdir. O, çıxışı zamanı Azərbaycan hökumətinə, xüsusilə, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə konfransın təşkil edilməsində göstərdiyi yüksək dəstəyə görə dərin təşəkkürünü bildirmişdi.

İclasda Avropa Şurasının üzv dövlətlərinin təmsilçiləri Azərbaycan hökumətinin mədəniyyətlərarası dialoq təşəbbüslərinə görə öz minnətdarlıqlarını bildirdilər. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini, AŞ Mədəniyyət üzrə Rəhbər Komitəsinin büro üzvü Sevda Məmmədəliyeva Azərbaycan dövlətinin mədəniyyət sahəsində həyata keçirilən tədbirlər və mədəniyyətlərarası dialoqun təşviq olunması ilə bağlı təşəbbüsləri barəsində çıxış edərək 2010-cu ildə Bakıda Avropa və onun qonşu regionlarının mədəniyyətlərarası dialoq üzrə milli koordinatorlarının görüşü, 2011-ci ildə “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”nun, 2009-cu ilin payızında Avropa Şurası və Azərbaycanın birgə layihəsi olan “Sənətçilər dialoq naminə” layihəsi çərçivəsində Şərq-Qərb Kino Festivalının, 2010-cu ildə Şərq-Qərb Rəqs Festivalı və Beynəlxalq Caz Festivalının keçirilməsinin planlaşdırıldığını bildirmişdir.

Azərbaycan tərəfindən irəli sürülən təkliflər “Bakı Prosesi”nin davamına dair qərar sənədinə daxil edildi. Ümumilikdə, səfər zamanı Azərbaycan rəhbərliyinin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizin mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq mövqeyinin möhkəmlənməsi və ölkəmizin bu istiqamətdə imicinin daha da artması aydın şəkildə müşayiət olunurdu.

 

 

NƏZAKƏT

 

Səs.-2009.-20 may.-S.9.