Parisdə YUNESKO-nun
xoşməramlı səfirlərinin
illik toplantısı keçirilib
Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun Prezidenti, xoşməramlı
səfir Mehriban Əliyeva toplantıda iştirak edib
Mehriban Əliyeva: “ Heydər
Əliyev Fondu mədəniyyət, təhsil və sosial sahələrdə
uğurlu layihələr həyata keçirib”
Xəbər verdiyimiz
kimi, mayın 14-də Parisdə YUNESKO-nun xoşməramlı
səfirlərinin illik toplantısı keçirilmişdir. Azərbaycanın
birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyeva toplantıda
iştirak edib. Toplantını YUNESKO-nun baş direktoru
Koişiro Matsuura açaraq ötən dövrdə
görülən işlərdən danışmış,
xoşməramlı səfirlər ailəsinə qəbul
olunan yeni üzvləri təbrik edib.
YUNESKO-nun dünyada təhsil,
səhiyyə, mədəniyyət və digər sosial sahələrlə
bağlı problemlərin həllini daim diqqətdə
saxladığını vurğulayan Koişiro Matsuura bu ilin
martında Azərbaycanda səfərdə olduğunu, Prezident
İlham Əliyev və Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva ilə birgə Beynəlxalq Muğam Mərkəzinin
və 1-ci Beynəlxalq Muğam Festivalının
açılışında iştirak etdiyini
xatırlatmış, Heydər Əliyev Fondunun Azərbaycanın
inkişafı naminə böyük işlər
gördüyünü, muğam sənətinin qorunması və
təbliği ilə bağlı uğurlu layihələr həyata
keçirdiyini xüsusi vurğulayıb. Muğamın
dünyanın qeyri-maddi mədəni irsi siyahısına daxil
edildiyini bildirən baş direktor Azərbaycan xalqının
daha bir musiqi sənətinin - aşıq musiqisinin də
həmin siyahıya daxil olunması istiqamətində iş
getdiyini diqqətə çatdırıb.
YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva
toplantıda çıxış etdi.
-Hörmətli dostlar!
Ötən il Heydər Əliyev
Fondu üçün dinamik və məhsuldar olmuşdur. Mədəniyyət,
təhsil və sosial sahələrdə bir sıra
böyük layihələr uğurla həyata
keçirilmişdir. Bir neçə gün bundan öncə,
biz Heydər Əliyev Fondunun beş illiyini qeyd etdik. Bu
münasibətlə biz beş il ərzində Fond tərəfindən
görülən işləri əks etdirən kitab nəşr
etmişik. Kitab Heydər Əliyev Fondunun məqsədlərini
açıqlayır və həyata keçirilmiş layihələr
haqqında ətraflı məlumat verir. Bu gün həmin
kitabın nüsxələri sizə paylanıb, zənnimcə,
bizim qeyri-hökumət təşkilatı kimi əldə
etdiyimiz nailiyyətlər haqqında məlumatlarla
tanış olmaq sizin üçün maraqlı olacaqdır. Təhsil,
səhiyyə və mədəniyyət sahələrində
son beş il ərzində gördüyümüz işlər
Heydər Əliyev Fonduna həm Azərbaycanda, həm də
beynəlxalq ictimaiyyət arasında hörmət və ehtiram
qazandırmışdır. Təqdirəlayiq haldır
ki, Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin
Dostları Fondu YUNESKO kimi nüfuzlu beynəlxalq təşkilatla
sıx əməkdaşlıq etmişdir.
Ötən
görüşümüzdən sonra həyata
keçirdiyimiz bir sıra birgə layihələr haqqında
məlumat vermək istərdim. Cənab Matsuuranın qeyd etdiyi
kimi, birinci Beynəlxalq Muğam Festivalı Heydər Əliyev
Fondunun dəstəyi ilə mart ayında Bakıda
keçirilmişdir. Beynəlxalq Muğam Mərkəzi rəsmən
açılmışdır. Bu mərkəzin tikintisinə
2005-ci ilin avqust ayında başlanmış və cənab
Matsuura təməlqoyma mərasimində iştirak etmişdir.
Söz verdiyi kimi, o, mart ayında Beynəlxalq Muğam
Festivalının açılışında da iştirak
etmişdir. Bakıdakı birinci Beynəlxalq Muğam
Festivalı əlamətdar hadisə idi və muğam daha
geniş auditoriyaya təqdim edildi. Muğam festivalı 14
ölkədən ifaçıları bir araya gətirdi. Beynəlxalq
ictimaiyyətin bu tədbirə böyük marağı onun
gözəl perspektivlərə malik olduğuna dəlalət
edir. Bu səbəbdən biz festivalı hər iki ildən bir
keçirmək qərarına gəldik. Heydər Əliyev
Fondu digər xalqların da mədəni irsinin qorunmasına
yardım etməyi arzulayır və böyük məmnuniyyətlə
qeyd etmək istəyirəm ki, Afrika dövlətlərinin
qeyri-maddi mədəni irsinin qorunması layihəsinə maliyyə
yardımı göstərməyə hazırdır. Dörd
ay üçün nəzərdə tutulmuş bu layihə
Afrika dövlətlərindən 26 mütəxəssisi mədəni
irsin qorunması sahəsində formalaşdırmaq məqsədi
daşıyır. Onlar Afrika dövləti Benində yerləşən
məktəbdə kurslara gedəcəklər. Bu məktəb
Afrikanın 6 dövləti üçün mütəxəssislər
hazırlamaq məqsədi ilə regional təhsil-tədqiqat mərkəzi
kimi 1998-ci ildə yaradılmışdır. Layihənin məqsədi
Afrikanın mədəni irsinin qorunması və təşviqi
sahəsində bacarıqlı mütəxəssislər
hazırlamaqdan ibarətdir. Bundan başqa, layihə Afrika
ölkələri arasında bu sahədə əməkdaşlıq
və təcrübə mübadiləsinə xidmət edir. Əminəm
ki, Heydər Əliyev Fondu onun uğurlu olmasına dəyərli
töhfə verəcəkdir.
Hörmətli həmkarlar!
Artıq beş il ərzində YUNESKO-nun xoşməramlı səfiri kimi, fəaliyyətimə əsaslanaraq bildirmək istəyirəm ki, YUNESKO ailəsinin üzvü olmaqdan böyük şərəf hissi duyuram. Eyni zamanda, bildirmək istəyirəm ki, bu illər ərzində sizinlə işləyərək göstərdiyimiz səylər, əldə etdiyimiz nailiyyətlər şəxsi həyatımın və peşə fəaliyyətimin ayrılmaz hissəsinə çevrilmişdir. Burada bacarıqlı, istedadlı və çox yaxşı insanlarla, dostlarla tanış olduğuma görə YUNESKO-ya olduqca minnətdaram. Onlar nə isə etməyə, dəyişməyə və ya kiməsə yardım etməyə, ehtiyacı olanları dinləməyə və köməyə hazır olan şəxslərdir. Yekun olaraq burada gözəl mühit yaratdığına görə YUNESKO-nun baş direktoru cənab Matsuuraya dərin təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, YUNESKO ideallarının, prinsiplərinin həyata keçirilməsində göstərdiyi şəxsi səylərinə görə ona minnətdaram. Hamınızın adından humanizm ideallarına sadiqliyinə görə cənab Matsuuraya təşəkkürümü bildirmək istəyirəm. Sizə gələcəkdə uğurlar və xoşbəxtlik arzulayıram. Diqqətinizə görə minnətdaram.
YUNESKO-nun xoşməramlı
səfirləri - İordaniya şahzadəsi xanım Ferial,
Litva Prezidenti Valdas Adamkus, Kamerunun birinci xanımı Şantal
Biya çıxış edərək öz ölkələrində
gördükləri işlər barədə məlumat verdilər,
dünyada təhsil, səhiyyə sahələrində problemlərin
aradan qaldırılması istiqamətində səylərin
artırılmasının vacibliyini vurğuladılar. Xoşməramlı
səfirlər dünyanın münaqişələrdən əziyyət
çəkən bölgələrində təhsil, səhiyyə
və mədəni irsin qorunması ilə bağlı layihələrin
həyata keçirilməsi, bu istiqamətdə fəaliyyətin
daha da gücləndirilməsi təşəbbüsünə
qoşulduqlarını bəyan etmişlər. YUNESKO-nun
xoşməramlı səfiri Marianna Vardinoyannis səhiyyə
sahəsində görülən işlərə diqqət
çəkdi. O, ölkəsində - Yunanıstanda onkoloji xəstəliklərdən
əziyyət çəkən uşaqlar üçün
yaradılan şərait və onlara qayğı layihələrindən
bəhs etdi. Prezident İlham Əliyevin bu ilin əvvəlində
Yunanıstana dövlət səfəri zamanı Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın həmin
uşaqları ziyarət etdiyini, onların valideynləri ilə
görüşdüyünü diqqətə
çatdırdı. Toplantının sonunda xoşməramlı
səfirlər xatirə şəkli çəkdirdilər.
Yeri gəlmişkən qeyd edək ki, YUNESKO-nun nəşrlərində
ölkəmiz və Azərbaycanın birinci xanımı,
xoşməramlı səfir Mehriban Əliyevanın fəaliyyəti
haqqında geniş məlumatlar yer almışdır. YUNESKO-da
Azərbaycanla bağlı keçirilən mərasimlər,
ölkəmizin zəngin mədəniyyəti, tarixi irsi
haqqındakı bu nəşrlərdə böyük Avropa
ailəsinin üzvü olan respublikamızda Heydər Əliyev
Fondunun çoxşaxəli fəaliyyətindən, həyata
keçirdiyi layihələrdən və onların əhəmiyyətindən
söhbət açılır.
Toplantı başa
çatandan sonra YUNESKO-nun baş direktorunun adından xoşməramlı
səfirlərin şərəfinə verilən nahar
zamanı Koişiro Matsuuranın fəaliyyətindən, onun
ölkəmizə səfərlərindən bəhs edən
filmin nümayişi oldu. Heydər Əliyev Fondunun təqdim
etdiyi filmdə Koişiro Matsuuranın fəaliyyətinin
müxtəlif istiqamətlərinə nəzər
salınmış, YUNESKO-nun inkişafındakı xidmətləri
xüsusi vurğulanmışdır. Filmin nümayişindən
sonra Koişiro Matsuura Mehriban xanım Əliyevaya təşəkkürünü
bildirdi.
Mehriban Əliyeva Heydər
Əliyev Fondunun hazırladığı filmin diskini
Koişiro Matsuuraya hədiyyə etdi.
MƏTLƏB
Səs.- 2009.- 16 may.- S. 3.