Yay turizm mövsümünə start verilib
Mütəxəssislər dünya maliyyə böhranının hökm sürməsinə baxmayaraq, istirahət etmək üçün müraciətlərin kifayət qədər olduğunu bildirirlər.
Artıq yay turizm mövsümünə start verilib. İstirahətlərini səmərəli təşkil etmək məqsədilə insanların bəziləri indidən yay tətili ilə bağlı planlarını dəqiqləşidirib, bəziləri hələ də yayı harada keçirəcəyinə qərar verməyib. Ötən mövsüm daxili turizmdə əsas axın Bakı-Abşeron regionu istiqamətində müşahidə olunub. Turizmin daxili marşrutu ilə məşğul olan yerli şirkətlərin məlumatlarına görə, əsasən, dəniz istirahətinin təşkili, çimərliklərin, eləcə də, obyektlərin çoxluğu bu regiona marağı artırıb. Ölkə ərazisində yerli, eləcə də, xarici qonaqların üstünlük verdiyi ikinci zona Qəbələ rayonu olub. Bu isə həmin məkanda turistlərin ürəyincə olan istirahətin və yüksək xidmətin təşkili ilə bağlıdır.
Keçən mövsüm turistlərin üz tutduğu Yalama-Nabran regionu sıralamada üçüncü yerdə dayanır. Bu zonada, əsasən, Xaçmaz rayonu seçilir. Daha sonra isə turizm bazarına Yardımlı, Lerik, Masallı, Lənkəran və Astara rayonları ilə qatılan cənub bölgəsi gəlir. Onlar içərisində istirahətin təşkilinə, dadlı mətbəxinə görə Lerik öndə durur.
Əvvəllər turistlərin böyük axın yeri olan Şəki indi ziyarətçilərinin çoxunu itirib. Mütəxəssislər bunu turistlərin istirahəti üçün əlverişli şəraitin yaradılmaması ilə izah edirlər.
Hərtərəfli turizm potensialına malik Naxçıvanın da, hələ ki, daxili turizmdə payı azdır. Buna səbəb isə onun marşrutunun baha başa gəlməsi göstərilir.
Tarixi-mədəni əhəmiyyətinə görə, Qobustana da turist marağı mövcuddur. Amma bura, əsasən, əcnəbi ziyarətçilər səyahət edir.
Daxili turizm üzrə mütəxəssis Oqtay Rzayev ölkədə turizmin inkişafına mane olan əsas amillərdən biri kimi bu sahədəki məlumatsızlığı vurğulayır. Turistlərə bilgi verəcək xarici dilləri bilən bələdçilərin qıtlığı böyük problemdir. Turizm şirkətinin təmsilçisi onu da bildirdi ki, hazırda dünya maliyyə böhranı hökm sürsə də, onun daxili turizmə heç bir təsiri hiss olunmur. Artıq turizm mövsümünün başlandığını qeyd edən mütəxəssis indidən müraciətlərin kifayət qədər olduğunu bildirib.
Azərbaycanın müxtəlif turizm mərkəzlərinin xarici turistlərə tanıdılması üçün reklamların da əhəmiyyəti böyükdür. Turizm şirkətinin vitse-prezidenti Bilal Muradov Azərbaycanın turizm yerləri ilə bağlı portalın yaradıldığını qeyd edib. Onun sözlərinə görə, reklam məqsədilə Azərbaycanın istirahət guşələrini əks etdirən xüsusi bukletlər də nəşr olunur ki, bunlar paytaxtda təşkil olunan əksər beynəlxalq tədbirlərdə xarici qonaqlara təqdim olunur. Həmçinin, şirkət nümayəndələri Azərbaycanın təbliği məqsədi ilə ölkədəki səfirliklərlə də əlaqə saxlayır.
Aparılan tədbirlər öz bəhrəsini verir. Belə ki, son bir neçə ildə Rusiya, İran, Almaniya, Amerika Birləşmiş Ştatları, Hollandiyadan olan turistlərin müraciəti yetərincədir. Onlar istirahət üçün daha çox Azərbaycanın cənub bölgəsinə üstünlük verirlər. Xarici turistlərin Azərbaycanın regionlarındakı istirahət mərkəzlərinə maraqları çox olsa da, onların böyük əksəriyyəti buradakı xidmətdən razı qalmır. Bu səbəbdən, Azərbaycana bir dəfə gələn xarici turist növbəti il bura gəlməkdən imtina edir. Bu sahədə xidmətlərin keyfiyyətini artırmaq üçün isə Azərbaycan Turizm İnstitutu fəaliyyət göstərir. İnstitut tələbələrə beynəlxalq standartlara uyğun təhsil verildiyindən artıq ilk məzunlar ölkənin turizm sahəsinin inkişafında əhəmiyyətli rol oynayacaq. Turizm İnstitutunun rektoru Cəfər Cəfərov hazırda 3-cü kursda təhsil alan institutun ilk tələbələrinin bu semestri praktiki təlimlərə həsr etdiyini bildirib. Tələbələrin bir qismi semestri ölkə ərazisində yerləşən turizm sahələrində, qalanları isə müxtəlif xarici ölkələrdə keçirir.
Qeyd edək ki, turizm institutunun birinci və ikinci kursunda təhsil alan 500 tələbədən yalnız 75-i xarici ölkələrdə təcrübə keçmək imkanı qazanıb. Bu ölkələrin sırasında Yunanıstan, Türkiyə, Şimali Kipr, Portuqaliya, Fransa, Latviya və Bolqarıstanın adını çəkmək olar.
Turizmi iqtisadiyyatın vacib sektoru kimi inkişaf etdirmək üçün Turizm İnstitutu ilə yanaşı, Mingəçevir şəhərində turizm kolleci də yaradılıb. Bu kollec Şotlandiyanın bəzi kollecləri ilə sıx əməkdaşlıq edir və hər il sözügedən təhsil ocaqları arasında müəllim və tələbə mübadiləsi aparılır.
NƏZAKƏT
Səs.-2009.-22may.-S10.