Prezident İlham Əliyev sağlam cəmiyyət
uğrunda çalışır
Zərifə Əliyeva adına
Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun yeni
binasının açılışı ölkənin səhiyyə
sisteminin inkişafını göstərir
SİA-nın xəbərinə görə, mayın 22-də Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun yeni binasının açılışı olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. İnstitutun kollektivi dövlətimizin başçısını və xanımını hərarətli alqışlarla qarşılayıblar. Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olunub.
Prezident İlham Əliyev əvvəlcə binanın baş planı ilə tanış oldu. Baş nazirin müavini Abid Şərifov məlumat verdi ki, binanın inşasına 1985-ci ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə başlanıb. On ilə yaxın müddətdə davam edən inşaat işləri müəyyən səbəblərə görə dayandırılmışdı. 2004-cü ildə Prezident İlham Əliyevin göstərişi ilə tikinti prosesi bərpa olunmuşdu. İnşaat işlərini Türkiyənin “Yenak” şirkəti həyata keçirib.
Bir neçə korpusdan ibarət mərkəzləşdirilmiş institutun yeni binası ən müasir tələblərə cavab verən tibbi müəssisə kimi layihələndirilərək inşa edilib. Bu, bir daha göstərir ki, Azərbaycanda səhiyyənin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Regionda və MDB məkanında analoqu olmayan Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun yeni binasının istifadəyə verilməsi ölkəmizdə oftalmologiya sahəsində mühüm hadisədir. Bu, həm də Azərbaycan oftalmologiyasını bütün dünyada tanıdan akademik Zərifə xanım Əliyevanın xatirəsinin ədəbiləşdirilməsi istiqamətində atılan mühüm addımdır.
Xəstəxananın binası müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında tikilib. Ən müasir standartlara uyğun inşa edilmiş bu kompleksdə əsas bina, poliklinika, iki stasionar korpus, o cümlədən əməliyyat, reanimasiya, 85 çarpayılıq sağ və 72 çarpayılıq sol yataq blokları, cərrahiyyə bloku və bu korpusları birləşdirən üçmərtəbəli keçid bloku, aptek, yeməkxana, oftalmologiya kafedrası, müxtəlif yardımçı təsərrüfat korpusları, o cümlədən iki transformator yarımstansiyası, generator, qazanxana, nasosxana, dörd yeraltı su anbarı və avtomobil dayanacağı var.
İnstitutun ümumu torpaq sahəsi 5,6478 hektardır. Binaların ümumi sahəsi 13.346 kvadratmetr, servis yolunun sahəsi 17.824 kvadratmetr, piyada yolunun sahəsi 868 kvadratmetr, yaşıllığın sahəsi 20.656 kvadratmetr, avtomobil dayanacağının sahəsi isə 6.165 kvadratmetrdir.
Binada gün ərzində ambulator şəraitdə ümumilikdə 750-dək xəstəyə diaqnostik müayinə və müalicə xidmətləri göstərmək mümkündür. Binada quraşdırılmış ən müasir avadanlıq imkan verir ki, xəstələr ambulator şəraitdə əməliyyat olunsunlar və həmin gün də evə yazılsınlar.
Otaqlarda və palatalarda temperatur xüsusi termostat vasitəsilə tənzimlənir. Xəstələrin tibbi heyətlə əlaqəsi üçün çağırış siqnalı və telefon danışıq sistemi quraşdırılmışdır. Kompleksdə ABŞ, Yaponiya və Almaniyadan gətirilən ən müasir avadanlıq quraşdırılıb.
Yeni binada həm xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərmək, həm də tibbi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bundan başqa, Cənubi Qafqaz regionunda yeganə olan elmi tədqiqat oftalmoloci müəssisədə bu sahədə tədqiqatlar aparmaq üçün də lazımi şərait yaradılıb.
İnstitutun 500 nəfərə yaxın işçi heyəti, o cümlədən 280 həkimi var. Binanın kommunal xidmətləri, su təchizatı, müasir tipli avtomatik idarə olunan havalandırma, eləcə də videomüşahidə sistemləri kompyuter vasitəsilə həyata keçirilir.
Sonra Prezident İlham Əliyev institutun yeni binasının açılışını bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.
Dövlətimizin başçısı akademik Zərifə Əliyevanın binanın foyesindəki büstünə baxdı, görkəmli oftalmoloq alimin xatirəsinə yaradılmış muzey ilə tanış oldu. Muzeydə akademik Zərifə Əliyevanın vaxtilə istifadə etdiyi tibbi cihazlar, o cümlədən yarıq lampa, eynək seçmək üçün dəst, görkəmli alimin fotoşəkilləri, sənədlərinin surətləri, müəllifi olduğu və ona həsr edilmiş kitablar nümayiş olunur.
Prezident İlham Əliyev institutun şöbələrini gəzdi, cərrahiyyə blokundakı reanimasiya bölməsinə, otaqlara baxdı. Qeyd odək ki, 190 yerlik iki yataq bloku ilə yanaşı, ikimərtəbəli əməliyyat blokunda da yüksək şərait yaradılmış, palatalarda ən müasir cihazlar quraşdırılıb.
Altıncı mərtəbədə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə burada quraşdırılan cihazlar barədə məlumat verildi. Bildirildi ki, bu avadanlıq ən ağır cərrahiyyə əməliyyatlarının aparılmasına imkan yaradır. Bu cihazların əsas üstünlüyü ondan ibarətdir ki, onlar gözdəki sərt mirvari sularının cərrahiyyəsinə imkan verir və xəstələr əməliyyatdan bir neçə saat sonra evə buraxıla bilərlər.
Bu, Azərbaycan oftalmologiyasında yeni istiqamət olmaqla, həm də ölkəmizdə göz xəstəlikləri arasında ən çox müşahidə olunan katarakta xəstəliyinin yeni üsullarla müayinə və müalicəsinə imkan verir.
Dövlətimizin başçısı ikinci mərtəbədə yaradılan şəraitlə də tanış olub. Məlumat verildi ki, burada quraşdırılmış cihazların köməyi ilə gözün buynuz qişasının bütün deformasiyalarını aradan qaldırmaq mümkündür.
Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev tibb ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Sonra dövlətimizin başçısı institutun akt zalında kollektiv qarşısında çıxış edib: “Bu gün doğrudan da, çox əlamətdar bir gündür. Biz bu gün son illər ərzində Azərbaycanda səhiyyə sahəsində əldə olunmuş ən böyük uğurlardan birini qeyd edirik. Akademik Zərifə Əliyevanın adını daşıyan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun açılışına toplaşmışıq və bu münasibətlə mən sizi ürəkdən təbrik edirəm”.
Prezident İlham Əliyev inandığını bildirib ki, bu gözəl, müasir səhiyyə müəssisəsi Azərbaycan xalqına xidmət edəcək və burada bütün işlər ən yüksək səviyyədə qurulacaq: “Bu institutun tikintisinin, tarixi çox maraqlıdır. Hələ 1985-ci ildə ulu öndər Heydər Əliyevin göstərişi ilə Bakıda yeni, böyük göz xəstəlikləri institutunun binasının tikintisi haqqında göstəriş verilmişdi. Ondan sonra, haradasa bir neçə ildən sonra tikinti başlamışdı. Ancaq 1990-cı illərin əvvəllərində demək olar ki, tikinti dayanmışdı. Bütövlükdə, o illər Azərbaycanda böyük tənəzzüllər müşahidə olunurdu. Azərbaycanın həm iqtisadi imkanları çox məhdud idi, eyni zamanda, maliyyə vəziyyətimiz də çox ağır idi. Bütövlükdə, 1990-cı illərin əvvəlləri Azərbaycan xalqı üçün böyük bir sınaq idi və hər bir sahədə olduğu kimi, bütün tikintilər, o cümlədən bu institutun tikintisi də dayanmışdı.
Ancaq ulu öndərin Azərbaycana qayıdışından sonra burada yenidən canlanma başladı, yeni təkliflər irəli sürüldü, ilkin layihə daha da təkmilləşdirildi və müəyyən müddətdən sonra institutun tikintisinin davam etdirilməsi üçün lazımi tədbirlər də görülməyə başlandı. Düzdür, bildiyiniz kimi, ilk mərhələdə, o illərdə bizim maddi imkanlarımız yox idi. İlk mərhələdə xarici kreditlər haqqında təkliflər irəli sürülmüşdür. Ancaq əfsuslar olsun ki, o illərdə Azərbaycana kredit vermək istəyən təşkilatlar tapılmırdı”.
Dövlət başçısı vurğulayıb ki, ölkəmiz üçün, insanların sağlamlığı üçün bu vacib tibb ocağının tikintisi yalnız 2004-cü ildə yenidən başlana bilib. “Azərbaycan dövləti bu məqsədlər üçün, bu böyük tikinti üçün vəsait ayırıb, şirkət müəyyən edilib və deyə bilərəm ki, Azərbaycanda qısa müddət ərzində yeni, gözəl, ən yüksək dünya standartlarına cavab verən tibb ocağı yaradılıb. Məndə olan məlumata görə, bu bölgədə və keçmiş sovet məkanında buna bənzər göz xəstəlikləri institutu tikilməyib. Binanın 40 min kvadratmetrdən çox sahəsi var və burada ən müasir avadanlıq quraşdırılıb. Bu gün mən institutla tanış olarkən bunu öz gözümlə gördüm. İstənilən əməliyyatı burada aparmaq mümkündür”-deyə ölkə rəhbəri bildirib.
İlham Əliyev onu da vuğulayıb ki, əvvəllər bəzi xəstələr müalicə almaq üçün, əməliyyat olunmaq üçün xaricə üz tutmalı olublar. Amma bu gün bu gözəl mərkəzdə, deyə bilərəm ki, oftalmoloci mərkəzində istənilən əməliyyatı aparmaq mümkündür: “Bu bizim böyük nailiyyətimizdir. Böyük uğurumuzdur. Bu mərkəz akademik Zərifə Əliyevanın adını daşıyır. Zərifə Əliyeva həm çox istedadlı, bilikli alim idi, eyni zamanda, çox peşəkar və qayğıkeş həkim idi. Onun tərəfindən çoxsaylı monoqrafiyalar, elmi işlər yazılıb. Onun elmi fəaliyyəti o vaxt sovet məkanında yüksək səviyyədə qiymətləndirilib. Oftalmologiya sahəsində ən yüksək mükafat- M.İ.Averbax adına mükafat akademik Zərifə Əliyevaya verilib.
Onun həkim-tədqiqatçı kimi də çoxşaxəli fəaliyyəti var idi. 1970-80-ci illərdə onun təşəbbüsü ilə bir neçə sənaye müəssisəsində elmi tədqiqat laboratoriyaları qurulmuşdu. O laboratoriyaların əsas məqsədi zərərli istehsalın insanların görmə qabiliyyətinə mənfi təsirinin öyrənilməsindən ibarət idi və adi insanlar, fəhlələr o kiçik mərkəzlərdə tibbi yardım alırdılar. Minlərlə insan Zərifə Əliyevanın fəaliyyəti nəticəsində görmə qabiliyyətini bərpa edə bilmişdi və eyni zamanda o, bizim qəlbimizdə, yaddaşımızda undulmaz insan kimi, gözəl insan və çox xeyirxah həkim kimi qalıb”.
Ölkə Prezidenti bir daha qeyd edib ki, bu gün onun adını daşıyan bu gözəl mərkəzdə, ən çətin əməliyyatların aparılması üçün bütün şərait var: “Həm elmi fəaliyyətlə məşğul olmaq üçün imkan var, burada, eyni zamanda, kafedra da, uşaq bölməsi də yerləşir. Yəni bu institut, sözün əsl mənasında, region üçün əvəzolunmaz tibb müəssisəsidir. Mən istisna etmirəm ki, xarici ölkələrdən də buraya müalicə almaq üçün insanlar gələcək”.
Bu Mərkəzin fəaliyyəti nəticəsində bu xəstəlikdən əziyyət çəkənlərin vəziyyəti də yaxşılaşdırılacaq. Eyni zamanda, Prezident qeyd edib ki, o mərkəzin əsasında gələcəkdə böyük qan mərkəzinin yaradılması nəzərdə tutulub. Bunu fetmək üçün ölkəmizdə bütün imkanlar var.
Bu yaxınlarda Hərbi Hospitalın, Daxili İşlər Nazirliyinin Hospitalının, Gömrük Komitəsinin Hospitalının istifadəyə verilməsi- bütün bu addımlar da ümumi işimizə bir töhfədir. Bir sözlə Azərbaycanda çox böyük, müasir, ən yüksək standartlara cavab verən mərkəzlər tikilir və Azərbaycan vətəndaşları bu imkanlardan istifadə edirlər.
Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan xalqının sağlamlığına və cəmiyyətin gələcəyinə nə qədər böyük önəm verdiyinin əyani göstəricisidir. Dövlət başçısı səhiyyə sistemini dünya standartlarına uyğun qurmaqla bunu təmin etmiş olur.
Elçin Bayramlı
Səs.-2009.-23 may.-S.2-3.