Böyük elmin böyük adamı
Akademik Arif Paşayevin beynəlxalq
mükafata layiq görülməsi Azərbaycan elminin növbəti
uğurudur
Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyası Prezidentlər Şurasının qərarı ilə beynəlxalq mükafata layiq görülüb. SİA-nın məlumatına görə, A.Paşayev diplom və böyük qızıl medalla təltif olunub. O, bu yüksək beynəlxalq mükafata aviakosmik texnika və texnologiya sahəsində mühəndislik elminin inkişafında görkəmli xidmətlərinə görə layiq görülüb. Eyni zamanda, akademik A.Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının fəxri diplomu ilə də təltif olunub. Akademikin elmi axtarışlarının əsas istiqaməti yarımkeçiricilər fizikası və texnikasıdır.
Qeyd edək ki, Arif Mir Cəlal oğlu Paşayev ölkə Prezidenti İlham Əliyevin 2009-cu il fevralın 12-də imzaladığı sərəncamla “Şərəf” ordeni ilə təltif edilib. A.Paşayev bu titula Aərbaycanda elmin və təhsilin inkişafında böyük xidmətlərinə görə layiq bilinib.
Bundan əvvəl- 2004-cü il fevralın 15-də A.Paşayev “Şöhrət ordeni”nə layiq görülüb. O, 400-ə yaxın elmi əsərin, 20-dən artıq kitabın və monoqrafiyanın müəllifidir.
Azərbaycan Respublikasının Dövlət mükafatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə “SSRİ-nin ixtiraçısı” medalına, Y.Məmmədəliyev adına medala və İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülmüş, “VEKTOR” Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “Azərbaycanın tanınmış alimləri” beynəlxalq layihəsinin qalibi olmuş və “XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu ilə təltif edilmişdir.
Arif Paşayev kimdir?
Arif Mir Cəlal oğlu Paşayev 1934-cü il fevralın 15-də Bakıda anadan olmuşdur. 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu radiofizika ixtisası üzrə bitirmiş, 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlamışdır.
Həmin vaxtdan o, yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb seriya ilə istehsala buraxmışdır.
Bu qurğular dünyanın bir çox elm mərkəzlərində, gəmiqayırmada, maşınqayırmada, hərbi sənayedə və digər istehsalat sahələrində müvəffəqiyyətlə tətbiq olunur. Alimin əldə etdiyi elmi nəticələrin bir çoxu ixtira səviyyəsində işlənib beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallar və diplomlarla təltif olunmuş, bir sıra sənaye müəssisələrində tətbiq edilmişdir.
Görkəmli alim 1960-1964-cü illərdə Moskvada “QİREDMET” İnstitutunda aspirant olmuş, 1966-cı ildə isə “Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.
Elmi fəaliyyəti
Elmi axtarışlarını uğurla davam etdirən alim 1978-ci ildə “Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq Ekoenergetika, Beynəlxalq Elmlər, Beynəlxalq İnformasiya akademiyalarının akademiki Arif Paşayevin elmi axtarışlarının əsas istiqaməti yarımkeçiricilər fizikası və texnikasıdır.
O, yüksək və ifrat yüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını yaratmışdır. Akademik 40 ildən artıq bir dövrdə zədəsiz nəzarət yarımkeçiricilər fizikasının və ölçmə istiqamətlərinin elmi əsaslarının inkişafı, yeni istiqamətlərin yaradılması və onların tətbiqi ilə məşğul olmuşdur. Arif Paşayev ilk dəfə yarımkeçirici materialların elektrofiziki parametrlərinin kontaktsız ölçülməsi üsullarının elmi əsaslarını işləmiş və bu üsulları reallaşdıran elmi cihazlar yaratmışdır.
Onun rəhbərliyi altında 10-dan çox aspirant və dissertant namizədlik dissertasiyası müdafiə etmişdir. O, eyni zamanda iki doktorluq dissertasiyasının məsləhətçisi, Rusiyada, Ukraynada, Latviyada, Estoniyada və Azərbaycanda müdafiə olunmuş bir çox doktorluq dissertasiyaları üzrə rəsmi opponent kimi çıxış etmişdir. Arif Paşayev 1971-ci ildən 1996-cı ilədək AMEA-nın Fizika İnstitutunun “Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları” laboratoriyasına rəhbərlik etmişdir. Bu müddət ərzində, o, böyük elm təşkilatçısı olduğunu dəfələrlə sübuta yetirmiş, Fizika İnstitutunun elmi istiqamətlərinin müəyyənləşdirilməsində fəal iştirak etmişdir.
Akademik Arif Paşayev 400-ə yaxın elmi əsərin, 15-dən artıq kitabın və monoqrafiyanın müəllifidir. Alim 30-dan çox ixtiraya görə müəlliflik şəhadətnaməsi və sənaye nümunələri almış, medallar və diplomlarla təltif olunmuşdur.
Bundan əlavə, Arif Paşayev Azərbaycan Respublikasının Dövlət mükafatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə “SSRİ-nin ixtiraçısı” medalına, akademik Y.Məmmədəliyev adına medala və İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülmüşdür.
“VEKTOR”- Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “Azərbaycanın tanınmış alimləri” beynəlxalq layihəsinin qalibi olmuş və “XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu ilə təltif edilmişdir. Azərbaycanda elmin, təhsilin inkişafında yüksək xidmətləri olan akademik Arif Paşayev 2004-cü il fevralın 15-də Vətənimizin daha bir yüksək mükafatına - “Şöhrət ordeni”nə layiq görülmüşdür.
Arif Paşayev Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, Tbilisi Texniki Universitetində Ərazi Şurasının üzvü, AMEA-da cihazqayırma üzrə Elmi Şuranın sədri, Azərbaycan Milli Aerokosmik Agentliyi və Milli Aviasiya Akademiyası nəzdində birləşmiş ixtisaslaşdırılmış şuranın həmsədri, Dövlətlərarası Aviasiya Komitəsi nəzdində aviasiya mütəxəssislərinin hazırlanması üzrə əlaqələndirmə şurasının üzvüdür.
1996-cı ildən indiyədək “Azərbaycan Hava Yolları” Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur. Onun rəhbərliyi ilə akademiyada tədris prosesi, elmi-metodiki işlər yüksək səviyyədə təşkil edilmişdir.
Milli Aviasiya Akademiyasında rektor vəzifəsinə təyin edildiyi vaxtdan burada “İqtisadiyyat və hüquq”, “Avianəqliyyat istehsalatı”, “İxtisasartırma” kimi kafedra və yeni ixtisaslar açılmışdır.
Burada ilk dəfə Azərbaycan dilində təhsilin aparılmasına başlanmışdır. Akademiyanın ərazisində yeni tədris korpusu, müasir tələblərə cavab verən idman kompleksi, tələbə yataqxanası, mehmanxana və s. binalar inşa edilmişdir.
Akademiyanın elmi fəaliyyəti buradakı dozimetrlərin, pilotsuz uçan aparatların, minaların axtarılması və zərərsizləşdirilməsi üzrə radioidarəolunan robotların, radiotexniki təminat obyektlərinin texniki vəziyyətinə avtomatlaşdırılmış nəzərət sistemlərinin yaradılmasına və s. yönəldilmişdir.
Onun rəhbərliyi altında Milli Aviasiya Akademiyası Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə “Mülki Aviasiya ali təhsil müəssisəsi” sertifikatına layiq görülmüş və Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələrinin siyahısına daxil edilmişdir.
Milli Aviasiya Akademiyasında Azərbaycanda analoqu olmayan, dünya standartları səviyyəsində şəhərciyin salınması işində gərgin, müntəzəm şəkildə apardığı islahatlar, təhsilin səviyyəsinin yüksəldilməsinə şəxsi nəzarəti, akademiyada sağlam elmi-pedaqoji mühitin yaradılması, yüksək ixtisaslı mütəxəssislərinin ali məktəbə dəvət edilməsi alimin yüksək elmi potensiala və təşkilatçılıq qabiliyyətinə malik olmasına sübutdur.
Arif Paşayev yüksək elmi-praktiki potensiala malik olmaqla yanaşı, yüksək vətəndaşlıq, vətənpərvərlik hissləri ilə yaşayıb-yaradan, respublika əhəmiyyətli işlərdə, xüsusən, ölkəmizdə aviasiya təhsilinin müasir səviyyədə inkişafına yorulmadan gərgin əmək sərf edən, gənc nəslin təlim-tərbiyə işlərində, onların yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmalarını xüsusi diqqətdə saxlayan qayğıkeş rəhbər, səmimi insan və ətrafında olan hər bir işgüzar, yaradıcı əməkdaşın yaxın məsləhətçisi və köməkçisidir.
Akademik Arif Paşayevin ideyaları və şəxsiyyəti müstəqil respublikamızda müasir təhsil və elmi-tədqiqat işlərinin inkişaf etdirilməsinə böyük töhfələr verməkdə davam edir. Geniş elmi maraq dairəsi, verdiyi ideyaların fundamentallığı və orijinallığı onu nəinki Azərbaycanda, hətta ümumbəşəri elmi ictimaiyyətin ön sırasında görməyə əsas verir.
Akademik Arif Paşayev elmi məktəbinin əlamətdar xüsusiyyətlərindən biri də, onun ümumi iş ətrafında birləşmə, kollektivin hər bir üzvünə, xüsusən də gənc mütəxəssislərə qayğıkeşliklə yanaşmasıdır. Elmi yaradıcılığında maraqların geniş dairəsi və müxtəlifliyi, məqsəd, sistematiklik və nəhayət, həyata keçirilən dərin düşünülmüş strategiya vəhdət təşkil edərək başlanılan işlərdə həmişə uğurla nəticələnir.
“Səs” qəzeti olaraq akademik Arif Paşayevi yeni böyük uğuru münasibətilə təbrik edir, ona öz işlərində uğurlar arzulayırıq. Arzu edirik ki, alimimizin səsi daim dünyanın ən uca tribunalarından gəlsin.
Elçin Bayramlı
Səs.-2009.-23 may.-S.5.