Milli Məclisin
növbəti iclası
keçirildi
Deputatlar təqdim olunan neft sazişlərini
təsdiq etdilər
Dünən Milli Məclisin növbəti iclası keçirildi. Gündəlikdən ilk öncə cari məsələlər müzakirə edildi. Millət vəkilləri bir sıra məsələlərə münasibət bildirdilər. Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc Azərbaycan hökumətinin terrora qarşı mübarizə ilə əlaqədar xüsusi qərarını təqdir etdi. Z.Oruc bildirdi ki, son on ildə ölkədə sabitliyin qorunması böyük zəhmət hesabına baş verib: “Bu sabitlik hər bir vətəndaşın sərvətidir. Nəzərə alsaq ki, son 6-7 il ərzində terror dünyanın ən böyük təhlükəsinə çevrilib, onda Azərbaycandakı vəziyyəti ancaq yüksək qiymətləndirmək lazımdır”.
Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı isə Azərbaycanın son illər beynəlxalq aləmdə nüfuzunun artdığını vurğuladı. Müxtəlif səviyyəli xarici qonaqların ölkəmiz haqqında müsbət fikirlərinə istinad edən X.Kazımlı bütün bunların əsas səbəbini Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında oynadığı rolu qeyd etdi. Millət vəkili parlament rəhbərliyinin dəstəyi ilə xarici ölkələrdə dostluq qruplarının konfranslarının keçirilməsi təklifini irəli sürdü: “Bu da Azərbaycanın dunyada daha yaxşı tanınması işinə öz təsirini göstərəcək”.
Spiker Oqtay Əsədov isə bildirdi ki, Milli Məclisin fəaliyyətinin əsas istiqamətlərindən biri də Azərbaycanın dünyaya daha geniş şəkildə tanıdılmasıdır. Parlamentdə dostluq qruplarının fəaliyyət göstərdiyini xatırladan O.Əsədovun sözlərinə görə, bu qruplar mütəmadi olaraq xarici ölkələrə səfərlər edir.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa televiziyalarda türk dilində olan filmlərin tərcüməsinə etiraz etdi: “Bu yaxınlarda Türkiyənin baş naziri Milli Məclisdə türk dilində çıxış edəndə heç kim tərcümə tələb etmədi və bu, müsbət haldır. Hesab edirəm ki, həyatın reallığını qəbul etmək lazımdır”.
Millət vəkili Aynur Quliyeva isə soyadların milliləşdirilməsi təşəbbüsü ilə çıxış etdi. O, qeyd edib ki, parlament bu məsələni müzakirə etməlidir. Millət vəkili son zamanlar soyadların dəyişdirilməsi zamanı “bəy” və “xan” sonluqlarının əlavə edilməsinə diqqət yetiriılməsini vacib sayıb. Onun fikrincə, bu sonluqlardan bəy və xan şəcərəsinə məxsus olan insanlar istifadə etməlidir. Bunun üçün isə arxivlərə müraciət olunmalıdır.
Spiker O.Əsədov isə A.Quliyevanı ziddiyyətli fikirlər söyləməkdə qınadı. Onun sözlərinə görə, bu məsələdə sərbəstlik olmalıdır: “Mən belə bir məsələnin müzakirə edilməsinin tərəfdarı deyiləm. Soyadlarla bağlı məsələ sərbəst olmalıdır. Bəlkə mənim Əsədov soyadından xoşum gəlir. Gərək qanun qəbul edib bunu zorla dəyişdirim?”
Milli Məclisin sədr müavini Bahar Muradova iclasda bəzi millət vəkillərinin fikirlərinə münasibətini bildirdi. Vitse-spiker qeyd edərək vurğuladı ki, Azərbaycan tolerant ölkə olaraq bütün dinlərə hörmətlə yanaşır. Bu baxımdan, ölkədə din məsələsinə xüsusi diqqət yetirilir: “Son illər ölkəmizdə xeyli sayda məscidlər tikilib və təmir olunub. Bəs bunlar haqqında niyə bir söz demirsiniz? Millət vəkilləri olaraq siz obyektivlik nümayiş etdirməlisiniz. Əgər hər hansı məscid təmirə dayandırılırsa, bunu başqa istiqamətlərə yozmaq lazım deyil. Müvafiq dövlət qurumlarına müraciət etsəniz, sualınıza konkret cavab ala bilərsiniz”.
B.Muradova millət vəkili C.Həsənlinin də səhv fikirdə olduğunu dedi: “Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin hüquqlarının müdafiəçisinin Cəmil Həsənli olduğuna təəccübləndim. Məlum oldu ki, onlar bir rayondandılar”.
Spiker O.Əsədov da B.Muradovanın fikirlərini dəstəkləyərək vurğuladı ki, dövlətin daim dini qurumların fəaliyyətinə dəstək göstərib. O, millət vəkillərinə çıxışlarında diqqətli olmağı tövsiyə etdi.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov isə çıxışında bildirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə yaradılmış Minsk Qrupu həmsədrlərinin təmsilçilərinin son zamanlar vasitəçilik məntiqinə sığmayan bəyanatları, Azərbaycan cəmiyyətini narahat etməyə bilməz. Ə.Əhmədov qeyd edərək vurğuladı ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib: “17 ildir ki, Minsk Qrupunun fəaliyyəti Azərbaycan cəmiyyətini qane etmir. Prezident İlham Əliyev bu faktı açıq şəkildə bəyan edib. Bu mənada, hesab edirəm ki, vasitəçilik missiyasını öz üzərinə götürmüş qurumlar, ilk növbədə, onların vasitəçilik missiyasını həyata keçirməyə bu və ya digər mənada kömək edən istənilən təşəbbüsü dəstəkləməyə borcludurlar. Bu onların vasitəçilik missiyasının məntiqindən irəli gələn həqiqətdir”.
Ə.Əhmədov təəssüflə bildirdi ki, bəzi hallarda həmsədrlər bu məntiqə sığmayan bəyanatlar verməkdən əl çəkmirlər və bunu vərdişə çeviriblər. Konkret olaraq Fransanın nümayəndəsi Dağlıq Qarabağ probleminin nizamlanmasının Ermənistanla Türkiyə arasında sərhədlərin açılması ilə heç bir əlaqəsi olmadığı haqqında bəyanat səsləndirib: “Ölkə Prezidenti bu iki məsələnin bir-biri əlaqəli olması barədə fikir bildirib. Bu, eyni zamanda, Azərbaycan cəmiyyətinin mövqeyidir. Hesab edirəm ki, belə mövqeyə qarşı çıxılması Minsk Qrupunun missiyasını həyata keçirən təmsilçi tərəfindən səsləndirilirsə, bu, bütövlükdə vasitəçilik funksiyasına sığışmayan bir hərəkətdir. Hesab edirəm ki, millət vəkilləri, bütövlükdə Milli Məclis həmsədrlərin münaqişənin nizamlanması prosesinin məntiqinə ziyan vuran bu cür vərdişlərdən əl çəkməyi onlara xatırlatmalıdırlar. Bu vərdiş prosesin gedişinə müsbət yox, mənfi təsir göstərir”.
Sonra gündəlikdə olan “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron Dəniz Blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Total E&P Abşeron Bi.Vi. və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə”, “Azərbaycan Respublikasında Neftçala, Xıllı, Durovdağ-Babazanan neft yataqlarının və Muğan monoklinalın Cənub-Qərb qanadının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Neftçala İnvestments Limited və ARDŞN-in Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” və “Azərbaycan Respublikasında Kürovdağ yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Qlobal Enerci Azərbaycan Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihələri müzakirə edildi.
Milli Məclisin sədr müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ətraflı məlumat verdikdən sonra qanun layihələri qəbul olundu.
RƏFİQƏ KAMALQIZI
Səs.-2009.-23 may.-S.7.