Ukraynada Azərbaycan Mədəniyyəti
Günləri
Əbülfəs Qarayev:”Azərbaycan və Ukrayna
dövlət rəhbərləri arasındakı
danışıqlar əsasında son 3 ildə
ölkələr arasında əlaqələr daha da
möhkəmlənib”
Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyi və Ukrayna Mədəniyyət və
Turizm Nazirliyi arasında 2008-2012-ci illər üzrə
əməkdaşlıq haqqında Protokola əsasən,
Ukraynada Azərbaycan Mədəniyyəti Günləri
keçirildi. Azərbaycandan Ukraynaya yola düşən 80 nəfərlik
nümayəndə heyətinə
Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm naziri Əbülfəs Qarayev rəhbərlik edirdi.
Rəsmi nümayəndə
heyətinin tərkibinə nazirliyin aparat rəhbərinin
müavini Cavanşir Cəfərov, Dövlət Uşaq
Filarmoniyasının direktoru Fərəh Şəkinskaya daxil
idi. Səfərin ilk
günü nümayəndə
heyətinin üzvləri
ümummilli lider Heydər Əliyevin Ukraynadakı Azərbaycan səfirliyinin yaxınlığındakı bağda ucaldılmış
abidəsini ziyarət
etmiş, daha sonra isə dahi Azərbaycan şairi Səməd Vurğunun adını daşıyan kitabxananın
yaxınlığında şairin
xatirəsinə ucaldılmış
abidənin önünə
gül dəstələri
qoymuşlar. Mərasimdə
səfir Tələt Əliyev, Ukrayna mədəniyyət və
turizm nazirinin müavini Timofey Koxan, Ukrayna Azərbaycanlıları Konqresinin
sədri Akif Gülməmmədov, diasporumuzun
fəalları iştirak
etmişlər.
Elə həmin axşam Kiyev Milli
Rəssamlar İttifaqında Azərbaycan
rəssamlarının rəngkarlıq
əsərlərindən ibarət sərgi
açılmışdır. Sərgini hər
iki ölkənin Mədəniyyət və
Turizm nazirləri Əbülfəs Qarayev və Vasil Vovkun
açmış, ölkələrimizin
mədəni əlaqələrindən
danışmışlar. Əbülfəs
Qarayev bildirmişdir ki, ekspozisiyada ötən əsrin 60-cı illərindən tutmuş müasir dövrümüzədək
müxtəlif nəsillərdən
olan rəssamların əsərləri təqdim
olunmuşdur. Əsərləri
burada nümayiş olunan bəzi rəssamların əsərləri
məşhur Sotbis hərracına çıxarılacaq.
Bu isə Azərbaycan təsviri sənət məktəbinin
dünyada tanınmasından
xəbər verir, iyunun 5-də isə rəssamlarımızın
əsərləri Venesiyadakı
Beynəlxalq Müasir
İncəsənət Biennalisində
sərgilənəcək. Bir
gün əvvəl isə orada ukraynalı rəssamların
əsərlərinin nümayiş
olunmasında da sanki bir qanunauyğunluq
var. Azərbaycan və Ukrayna
arasında mədəniyyət
sahəsində əməkdaşlıqdan
danışan Əbülfəs
Qarayev bildirdi ki, tərəflər iki respublikada hər il mədəniyyət
günləri keçirmək
barədə razılığa
gəlmişlər. Vasil
Vovkun da bu sərginin Ukrayna sənətsevərləri
üçün əsil
bayram olduğunu dedi və istedadlı
Azərbaycan rəssamlarına
uğurlar arzuladı.
Sonra Milli Filarmoniyada Azərbaycan
mədəniyyəti günlərinin rəsmi
açılışı və bayram konserti oldu. Əbülfəs Qarayev açılış
nitqində birgə tədbirlərin keçirilməsinin xoş
ənənəyə çevrildiyini
söylədi. Azərbaycan və
Ukrayna prezidentlərinin
tapşırığı ilə nazirliklər son 3 ildə, iki dost ölkə
arasında mədəni
əlaqələri daha
da fəallaşdırmışlar.
Ötən il Azərbaycanda keçirilmiş
Ukrayna Mədəniyyəti
Günləri parlaq və yaddaqalan hadisəyə çevrildi.
Əbülfəs Qarayev
qonaqpərvərliyə
və tədbirin yüksək səviyyədə
təşkilinə görə
Vasil Vovkuna təşəkkürünü bildirdi. Ukraynanın mədəniyyət və turizm naziri də azərbaycanlı qonaqları
və həmkarı Əbülfəs Qarayevi səmimi salamlayaraq, bildirdi ki, iki
dost ölkə mədəniyyət sahəsində
səmərəli əməkdaşlığın
və əlaqələrin
daha da dərinləşdirilməsi
nümunəsi göstərir.
O, xatırlatdı ki, Azərbaycanda görkəmli şair Ukrayna xalqının görkəmli qızı
Lesya Ukrainkanın, azadlıq və müstəqillik nəğməkarı
Taras Şevçenkonun,
Ukraynada isə görkəmli dövlət
xadimi, məşhur siyasi xadim Heydər
Əliyevin, görkəmli
oftalmoloq alim, akademik Zərifə Əliyevanın, dahi
şair Səməd Vurğunun abidələri
ucaldılıb. Nazir əmin olduğunu bildirdi ki, dost
xalqlar arasında əlaqələr bundan sonra da yüksələn
xətlə inkişaf
edəcək.
Konsert proqramı xalq artisti
Ağaverdi Paşayevin bədii rəhbəri və dirijoru
olduğu Azərbaycan Dövlət Xalq Çalğı
Alətləri Orkestrinin və Azərbaycan Dövlət Xor
Kapellasının ifasında Üzeyir Hacıbəyovun “Ey
Vətən” əsəri ilə başlandı və
Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblı,
solistlər -xalq artistləri Azər Zeynalov, Faiq Ağayev,
əməkdar artist, xanəndə Gülyaz Məmmədova,
müğənni Lalə Məmmədova, xanəndə
Səbuhi İbayev və Uşaq Filarmoniyasının solisti
Rəşid Seyidovun ifaları ilə davam etdi. Xormeyster Gülbacı İmanova, baletmeyster Cəmilə Bayramova, səs rejissoru Vahid Talıbov, konsertin direktoru Elçin Abbasov, quruluşçu rejissor Azərbaycanın əməkdar
incəsənət xadimi,
professor Əli Usubov idi. Azərbaycan
mədəniyyəti günləri
çərçivəsində Kiyevin peyk şəhəri
İrpendə davam etdirildi. Bu şəhərdə
mərkəzi küçələrdən
biri dünya şöhrətli oftalmoloq
alim Zərifə xanım Əliyevanın adını daşıyır,
eləcə də, inşa olunan məktəbə alimin adı verilib və “Zərifə parkı”nda abidəsi ucaldılıb.
Tədbirdən sonra Azərbaycan
nümayəndə heyəti Zərifə xanımın
abidəsini ziyarət edərək,
həmvətənlərimiz çoxluq təşkil edən bu
səfalı yerdə, daha bir maraqlı repertuar əsasında
hazırlanmış konsert verdilər.
Zümrüd
Səs.-
2009.- 28 may.- S. 12.