“Leyli və Məcnun” 100 il səhnədə
Yeni nəşri 100 il səhnədən
düşməyən ilk milli operamız “Leyli və Məcnun”
haqqında bədii ensiklopediyadır
Azərbaycan opera sənətinin
banisi Üzeyir Hacıbəyovun yaratdığı “Leyli və
Məcnun” əsəri Azərbaycan milli mədəniyyətində
ən yüksəkdə dayanan sənət nümunələrindəndir.
Bu əsərə zaman-zaman müraciət olunmuş, bu
gün də opera Azərbaycan milli sənət əsəri
olaraq böyük səhnələrdə oynanılır.
Bildiyimiz kimi, möhtəşəm
sənət abidəmizin 100 illik yubileyi dövlət səviyyəsində
qeyd olundu və respublikanın hududlarından kənarda “Leyli və
Məcnun” tamaşası uğurla oynanıldı. Bu günlərdə
belə bir əsərin səhnə tarixindən bəhs edən
yazıçı-publisist Mustafa Çəmənlinin “Leyli və
Məcnun” 100 il səhnədə” kitabı işıq
üzü görüb. 1908-ci il yanvarın 12-də, soyuq bir
qış axşamında Tağıyev teatrında Şərqin
ilk operası “Leyli və Məcnun” 22 yaşlı Üzeyir bəy
Hacıbəyli tərəfindən Azərbaycan xalqına bəxş
edilmişdir. Elə bir insan yoxdur ki, bu məhəbbət əfsanəsinə
böyük maraq və heyranlıqla tamaşa etməsin. Bu
operaya olan sonsuz məhəbbət də Mustafa Çəmənlini
belə bir əsəri yazmağa sövq etmişdir.
Mədəniyyət və
Turizm Nazirliyinin təşəbbüsü ilə Prezident
İlham Əliyevin “YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli
şəxsiyyətlərin yubileylərinin və əlamətdar
hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla
bağlı daxil olmuş yubileylərin keçirilməsi
haqqında” 2008-ci il 31 yanvar tarixli Sərəncamı ilə
çap olunan bu kitab dinləyicilərə təqdim edilir.
Müəllif əvvəlcə
oxuculara ümummilli lider Heydər Əliyevin 1995-ci il
sentyabrın 18-də Üzeyir Hacıbəylinin anadan
olmasının 110 illiyinə həsr olunmuş yubiley gecəsindəki
nitqini təqdim edir. Ulu öndər geniş nitqində
Üzeyir bəyin sənəti və şəxsiyyəti, o
cümlədən, “Leyli və Məcnun” operası haqqında
çox parlaq fikirlər söyləmişdir.
Xalqın professional sənət
nümunəsi olan bu kitab gərgin zəhmətin,
axtarışların bəhrəsi olmaqla bərabər, həm
də mövzu əhatəsinə görə mədəniyyətimiz
tarixində ilk təşəbbüsdür. Yeni nəşri
100 il səhnədən düşməyən ilk milli
operamız “Leyli və Məcnun” haqqında bədii
ensiklopediya da adlandırmaq olar. “Leyli və Məcnun” 100 il səhnədə”
kitabına tamaşanın səhnəyə qoyulduğu ilk
gündən başlayaraq, müasir dövrümüzə qədər
“Leyli və Məcnun”da iştirak etmiş müğənnilər,
bu möhtəşəm əsəri müxtəlif
quruluşlarda səhnəyə qoymuş rejissorlar, dirijorlar,
xormeysterlər, rəssamlar, baletmeysterlər, konsertmeysterlər
haqqında ensiklopedik məlumatlar, bədii oçerklər
toplanmışdır. Vaxtilə bəzi rollarda
özünü sınamış, lakin səhnədən tez
getmiş müğənnilər də müəllifin nəzərindən
qaçmamış və onlar da unudulmamışdır. Kitaba
operanın yaranması, tamaşası ilə bağlı bir
neçə sənətkarın xatirəsi, məqaləsi,
dördpərdəli, altışəkilli operanın librettosu
da daxil edilmişdir.
Zümrüd
Səs.- 2009.- 30 may.- S. 12.