Uşaq xor kollektivlərinin respublika festival müsabiqələri keçirilib

 

Müsabiqədə respublikanın şəhər və rayonlarından 10.000 -dən çox şagird iştirak edib

 

Respublikada zəngin xor mədəniyyətinin qorunub saxlanılması və inkişaf etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərində xor fənninin tədrisinin səviyyəsinin yüksəldilməsi, uşaqlarda kiçik yaşlarından xor sənətinə marağın oyadılması, xormeysterlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi və həvəsləndirilməsi məqsədilə artıq altıncı ildir ki, uşaq xor kollektivlərinin respublika festival və müsabiqələri keçirilir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən qəzetimizə verilən məlumata əsasən, uşaq xor kollektivlərinin respublika müsabiqəsi 7-29 aprel tarixlərində zonalar üzrə Bakı, Gəncə, Lənkəran, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan şəhərlərində keçirilmişdir. Müsabiqədə respublikanın şəhər və rayonlarından 10.000 -dən çox şagird iştirak etmişdir.

Münsiflər heyətinin qərarına əsasən, 3 xormeyster (Bakı, Sumqayıt, Naxçıvan MR Ordubad şəhəri) birinci dərəcəli diplom və pul mükafatına, 4 xormeyster (Bakı, Mingəçevir şəhərlərindən) ikinci dərəcəli diplom və pul mükafatına, 6 xormeyster (Bakı, Gəncə, Lənkəran şəhərlərindən) üçüncü dərəcəli diplom və pul mükafatına, 12 xormeyster fəxri fərman və həvəsləndirici mükafata layiq görülmüşdür.

Müsabiqədə fərqlənən 23 xor kollektivi, 5 xormeyster, 6 konsertmeyster fəxri fərmanla təltif edilmişdir.

Azərbaycan Dövlət Musiqili Komediya Teatrında keçirilmiş müsabiqə qaliblərinin konsertində Naxçıvan Muxtar Respublikasından, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərindən uşaq xor kollektivləri çıxış etmişlər.

 

 

Zümrüd

 

Səs.- 2009.- 30 may.- S. 12.