Çağdaş tariximizin əvəzolunmaz fenomeni
YAP-ın yaranması xalqın sosial sifarişi idi
Sözsüz
ki, 1992-ci ildə ölkəmizin müdrik və uzaqgörən
vətəndaşlarının təşəbbüsü ilə
ümummilli lider Heydər Əliyevin ideyalarından qaynaqlanan
siyasi partiyanın yaradılması xalqımızın öz
gələcək taleyini həll etmək niyyətinin ifadəsi
idi. Hər kəs dərk edirdi ki, həmin dövrdə
YAP-ın yaranması tarixi zərurət idi və Azərbaycanın
dünyada tanınmış, zəngin dövlətçilik
təcrübəsi olan liderə ehtiyacı vardı. Bu liderin
ulu öndər Heydər Əliyev olduğunu isə hamı
bütün varlığı ilə dərk edirdi...
Digər tərəfdən
1992-ci ildə ölkədə hakimiyyətdə olan siyasi qüvvələrin
anormal idarəetmə metodu daxili situasiyanı gərginləşdirməklə
yanaşı, gələcək perspektivləri də ciddi təhlükə
altına salmışdı. Qeyri-müəyyənlik və
xaos dövrünün faciəli nəticələrini öz
taleyində yaşamağa məhkum olmuş Azərbaycan
xalqı vəziyyətdən çıxış yolunu
aramağa başladı. Mövcud hakimiyyətin böhrandan
çıxmağa gücünün çatmadığı
hadisələrin fonunda aydın görünürdü. Ölkəni
bürümüş dərin siyasi, iqtisadi, sosial böhran
xalqın ziyalılarını, tanınmış insanları
da son dərəcə narahat edirdi. Belə bir çətin
dövrdə ölkə vətəndaşları öz
müraciətlərində ulu öndər Heydər Əliyevdən
yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməyi
xahiş edirdilər.
YAP müxalifət
partiyası kimi yaransa da, indiki bəzi müxalifət partiyalarından
fərqli olaraq, Azərbaycan dövlətçiliyinə, milli
maraqlara qarşı müxalifətdə dayanmadı. Bütün
təzyiqlərə baxmayaraq, tez bir zamanda ölkənin hər
yerində yeni partiyanın təsis konfransına
hazırlıq işlərinə başlanıldı. Əfsuslar
olsun ki, həmin dövrdə Bakıda YAP-ın təsis
konfransını keçirmək mümkün olmadı. AXC-Müsavat
hakimiyyəti ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə yaradılacaq partiyadan qorxur və onun təsis
olunmasına çox böyük maneələr törədirdi.
Buna görə də, partiyanın təsis konfransı 1992-ci
il noyabrın 21-də Naxçıvan şəhərində
keçirildi.
Beləliklə, Azərbaycanın
siyasi həyatına Yeni Azərbaycan Partiyası adlı möhtəşəm
bir təşkilat daxil oldu. Konfransda Heydər Əliyev
respublikanın ağır ictimai-siyasi vəziyyətinin
obyektiv təhlilini verdi, onu bu durumdan qurtarmağın
yollarını açıb göstərdi. Siyasi təşkilatın
Yeni Azərbaycan Partiyası adlanması da təsadüfi
deyildi. Başda ulu öndər Heydər Əliyev olmaqla partiyanı
yaradanlar ölkəmizi müstəqil, qüdrətli, yeni Azərbaycan
kimi görmək istəyirdilər. Zaman onların öz istək
və arzularında haqlı olduqlarını sübut etdi. Çox
az bir vaxtda partiyanın sıralarına Azərbaycanın
çox ən qabaqcıl, sağlam düşüncəli vətəndaşları
daxil oldular.
Azərbaycan tarixinin son
dərəcə ağır və keşməkeşli günlərində
Heydər Əliyevin rəhbərliyi altında həyata vəsiqə
alan Yeni Azərbaycan Partiyası vətənin taleyinə biganə
qalmayan insanların siyasi istinadgahına çevrildi. Yarandığı
gündən partiya azərbaycançılıq və
dövlətçilik mövqeyində duraraq öz proqram
prinsiplərinə uyğun gənc Azərbaycan demokratiyası
üçün yeni, ləyaqətli bir ənənənin əsasını
qoydu. Güclü lideri, mükəmməl proqramı və
siyasi platforması, qətiyyətli mövqeyi sayəsində
bu partiya tezliklə əsil ümumxalq partiyasına
çevrildi.
Etiraf etməliyik ki, xalqımız
maddi və mənəvi sıxıntı məngənəsində
boğulduğu, ölkə iqtisadi, siyasi, sosial, hərbi böhran
keçirdiyi bütün vaxtlarda onun yeganə ümid yeri məhz
ulu öndər Heydər Əliyev olmuşdur. Heydər Əliyev
xalqın bu inamını respublikaya ilk dəfə rəhbərlik
etdiyi 1969-1982-ci illərdə, sonralar Moskvada
çalışdığı dövrdə Azərbaycan
üçün göstərdiyi xidmətlər sayəsində
qazanmışdır. İttifaq rəhbərliyindən
uzaqlaşdıqdan sonra da bu görkəmli siyasi xadim həmişə
vətəni, xalqı ilə birlikdə olmuşdur. 1990-cı
ilin qanlı yanvar günlərində o, heç bir təqib və
təzyiqdən çəkinməyərək
respublikamızın Moskvadakı daimi nümayəndəliyinə
gələrək ittifaq rəhbərliyinin Bakıda törətdiyi
vəhşilikləri kəskin tənqid atəşinə
tutmuş, bəyanatla çıxış etmişdir. Bu
ağır günlərdə Heydər Əliyev xalqı ilə
birlikdə olmaq istəyini gizlətmirdi. Bütün maneələrə
baxmayaraq, həmin ilin yayında Heydər Əliyev
Naxçıvana qayıtdı. Naxçıvan əhalisi vətənin
sınanmış oğlunu böyük izdihamla
qarşıladı.
Beləliklə, hər
kəs dərk edir ki, ölkəmizin siyasi həyatında
özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının
yaranması və təşəkkül tapması milli
tariximizdə görkəmli yer tutan ulu öndər Heydər Əliyevin
şərəfli adı ilə bağlıdır. Tarixi zərurətdən
yaranmış Yeni Azərbaycan Partiyası elə bir dövrdə
formalaşmışdır ki, müstəqilliyimiz, milli
varlığımız real təhlükə
qarşısında idi. Xalqımızın əsrlərdən
bəri ürəyində yaşatdığı azadlıq
amallarını beşiyindəcə boğmağa cəhd
göstərən qara qüvvələr heç nədən
çəkinməyərək ən çirkin vasitələrə
belə əl atırdılar.
Müstəqilliyin ilk
illərində respublikamız çoxsaylı problemlərlə
üzləşmişdi. Ölkə vətəndaş
müharibəsi təhlükəsi, suverenliyini, müstəqilliyini
itirmək, bir dövlət kimi dünyanın siyasi xəritəsindən
silinmək təhlükələri, Dağlıq Qarabağ
problemi ilə üz-üzə qalmışdı. Respublikada
anarxiya, özbaşınalıq hökm sürürdü.
Dövlətçiliyimizin müqəddəratının həll
olunduğu bir vaxtda Yeni Azərbaycan Partiyasının siyasi
arenaya çıxması müstəqillik tariximizdə yeni
bir mərhələnin başlanğıcı oldu. Bu,
sözün həqiqi mənasında, "olum, ya
ölüm" dilemması qarşısında qalmış
ölkəmizin həyatında möhtəşəm siyasi
hadisə idi.
Qeyd etdiyimiz kimi, müxalifət
partiyası kimi yaranmasına baxmayaraq, YAP öz fəaliyyətində
milli maraqları hər şeydən üstün tuturdu. Bu
dövrdə psevdodemokratlar cəmiyyətdə
yaratdıqları böhranı aradan qaldırmaq əvəzinə,
sağlam təfəkkürə sığmayan əməllərə
rəvac verdilər. Cəbhə-Müsavat hakimiyyəti Azərbaycanda
böyük nüfuz sahibi olan Heydər Əliyevə
qarşı siyasi repressiya yolunu tutdu. 1993-cü ilin əvvəllərində
AXC-Müsavat rejiminin səriştəsizliyi və
naşılığı ucbatından ölkə iflic vəziyyətinə
düşmüşdü. Azərbaycanda hərc-mərclik,
anarxiya baş alıb gedir, silahlı quldur dəstələri
əhalini vahimə içərisində saxlayırdılar. Respublikanın
şimalında və cənubunda separatçılıq meyilləri
getdikcə güclənir, Azərbaycanın bu ağır vəziyyətindən
istifadə edən erməni silahlı birləşmələri
torpaqlarımızı dalbadal işğal edir, ölkə vətəndaşları
öz doğma torpaqlarında qaçqına çevrilirdilər.
Belə bir vaxtda 1993-cü
il iyunun 4-də Gəncədə qardaş qanının axıdılması
xalqın səbir kasasını daşırdı. O
dövrkü hakimiyyət öz gücsüzlüyünü
və acizliyini bir daha nümayiş etdirdi. Belə bir vaxtda,
dövlətçiliyimizin müqəddəratının həll
edildiyi məqamda müdrik siyasətçi Heydər Əliyev
canından artıq sevdiyi xalqının səsini eşidib
onun harayına gəldi və iyunun 15-də Ali Sovetə Sədr
seçildi. Heydər Əliyevin yenidən siyasi hakimiyyətə
qayıdışı ilə Azərbaycan onu gözləyən
labüd fəlakətlərdən qurtuldu. Eyni zamanda, bu tarixi
qayıdışla Yeni Azərbaycan Partiyası müxalifət
partiyasından iqtidar partiyasına çevrildi. Xalqda gələcəyə
ümid və inam yarandı.
1993-cü ilin oktyabr ayının
3-də isə YAP-ın Sədri Heydər Əliyevin prezident
seçilməsi ölkədəki xaos və anarxiyaya son
qoymaqla yanaşı, bu təşkilatın inkişaf tarixində
yeni bir mərhələnin başlanğıcını qoydu.
Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişdi,
onun ölkənin siyasi həyatında tutduğu mövqeyi
möhkəmləndi, kütləvi siyasi qüvvəyə
çevrilərək ictimai həyatın bütün sahələrində
tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq
nümayiş etdirdi. Partiyanın yaxından iştirakı ilə
həyata keçirilən bütün tədbirlər Azərbaycanın
milli maraqlarına tam cavab verən, onun dövlət müstəqilliyini,
milli təhlükəsizliyini təmin edən, əhalinin dinc
və firavan həyatına, ölkənin tərəqqisinə
xidmət edən işlər idi.
1995-ci ilin noyabr ayının
12-də keçirilən parlament seçkilərində Milli
Məclisə seçilən deputatların əksəriyyəti
Yeni Azərbaycan Partiyasının üzvləri oldu. Bununla YAP-a olan ümumxalq
inamı bir daha təsdiq edildi. 1998-ci ildə isə
ümummilli liderin Azərbaycan Prezidenti seçilməsi,
1999-cu ildə keçirilən bələdiyyə seçkilərinin
YAP-ın inamlı zəfəri ilə başa çatması
partiyanın nüfuzundan xəbər verən ən obyektiv
göstəricilər kimi tarixə düşdü.
2004-cü ilin dekabr
ayının 17-də bələdiyyə, 2005-ci ilin noyabr
ayının 6-da Milli Məclisə seçkilərdə YAP
yenidən qələbə çalaraq həm yerli
özünüidarəetmə orqanlarında, həm də
qanunvericilik orqanında daha çox təmsil olunan partiya kimi
növbəti uğurlara imza atdı.
Çağdaş
dövrümüzdə də YAP Konstitusiya və qanunvericilik
çərçivəsində, özünün nizamnaməsi
və proqramı əsasında fəaliyyət göstərən,
öz sıralarında Azərbaycanda hüquqi dövlət,
sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş
cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları
birləşdirən siyasi partiyadır.
2003-cü il və 2008-ci il
prezident seçkilərində də Yeni Azərbaycan
Partiyası çox mühüm bir siyasi qələbə
qazandı. Bu seçkilərdə partiya Heydər Əliyev
ideyalarına sarsılmaz sədaqət nümunəsi, ən
başlıcası isə, qələbəyə haqqı
olduğunu bütün dünyaya nümayiş etdirdi.
Partiyanın namizədi İlham Əliyev növbəti dəfə
ölkə başçısı seçildi. Bu gün Heydər
Əliyev mənəvi-siyasi irsinin ən layiqli
davamçısı, dövlət başçısı
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
çağdaş tarixinin yeni şanlı səhifələri
yazılır. İlham Əliyev bütün sahələrdə
Heydər Əliyev ideyalarının layiqli
davamçısı olduğunu hələ Prezident seçilməmişdən
əvvəl də ulu öndərimizin müəllifi
olduğu yeni neft strategiyasının həyata keçirilməsinə,
Milli Məclisin deputatı və Azərbaycan parlamentinin
AŞPA-dakı nümayəndə heyətinin rəhbəri
kimi beynəlxalq təşkilatlarla əlaqələrimizin
inkişafına, Azərbaycan idmanının yüksəlişinə
verdiyi töhfələrlə sübuta yetirmişdir. İlham
Əliyev ulu öndər Heydər Əliyevin dövlətçilik
irsinə sədaqət andı içərək demişdir:
"Azərbaycanı qüdrətli dövlətə
çevirmək üçün ən başlıcası
ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir.
Bu gün yüksək kürsüdən
çıxış edərkən mən Azərbaycan
xalqına söz verirəm ki, bu siyasətə sadiq
qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm".
Bu gün YAP beynəlxalq
konfransların və simpoziumların keçirilməsinin təşəbbüskarı
və həm də fəal iştirakçısıdır.
Bu ilin sentyabrında YAP-ın təşəbbüsü ilə
Bakıda keçirilmiş "Sivilizasiyaların dialoqu: siyasi
partiyaların rolu" mövzusunda beynəlxalq konfrans bu fikri
bir daha təsdiqləyir. Belə ki, 30-a yaxın ölkənin
siyasi partiya nümayəndələrinin iştirak etdiyi
konfrans sübut etdi ki, partiya həm də sivilizasiyalararası
dialoqa böyük töhfələr verir. Ötən illər
ərzində partiyanın keçdiyi şərəfli yol, bu
gün sağlam qüvvələrin partiyaya axını belə
deməyə əsas verir ki, Heydər Əliyev ideyalarından
güc alan Yeni Azərbaycan Partiyası ölkə
qarşısında duran problemləri həll etməyə,
xalqımızı xoşbəxt gələcəyə
aparmağa qadir, siyasi həyatda özünü təsdiqləmiş
monolit bir partiyadır. Ümummilli lider Heydər Əliyevin
sözləri ilə desək: "Yeni Azərbaycan
Partiyası dünənin, bugünün və gələcəyin
partiyasıdır".
Səs.- 2008.- 20 noyabr.- S.5.