“Borsunlu Çopur Məhəmməd” kitabının təqdimat mərasimi keçirildi

 

Dünən Azərbaycan Yazıçılar Birliyinin  Natəvan adına klubunda Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Firudin Tərtəroğlunun “Borsunlu Çopur Məhəmməd” kitabının təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan publisist Məsaim Abdullayev bugünkü təqdimat mərasimini yazıçının öz oxucuları qarşısında bir hesabatı kimi qiymətləndirib, onun əsərlərinin mahiyyət və dəyərinə diqqət yetirdi. Qeyd etdi ki, məzmun və ideya baxımından Azərbaycan xalqının ruhuna uyğun olan əsərlərinin hər birində Tərtəri, Qarabağı qoruyan vətən oğullarının mübarizəsi, sevgi hissi ana xətt olaraq davam etməkdədir. Müstəqillik dövründə yaradıcılıq meyarında əsas qeyd olunan mövzuları diqqətdə saxlayan Firudin Tərtəroğlu bu illər ərzində bir-birindən maraqlı mövzuları ilə oxucuların görüşünə gəlmişdir.

Təqdimat mərasimində söz yazıçının tələbəsi Mübariz Dözümlüyə verildi. O, sənətkarın aradıcılıq irsinə dərindən bələd olan bir şəxs kimi bugünkü tədbirin aparıcısı missiyasını öz üzərinə götürmüşdür. Mübariz dözümlü, ilk olaraq, tədbir iştirakçılarına yazıçının həyat və yaradıcılığından əsas ştrixləri təqdim edərək, bildirdi ki, o, bu günə qədər “Heydər Əliyevçilər cəmiyyəti necə yarandı”, “Baş çinar”, “Zülmətdən süzülən işıqlar - incə çayın zümzüməsi” kimi kitabların müəllifi olmaqla yanaşı, eyni zamanda, “Babadağ” jurnalının redaktor müavini vəzifəsində çalışır. Bu və ya digər əsərlərin yaranmasında onun vətənə olan sevgisi rol oynamış və Azərbaycan xalqının torpaqları uğrunda mübariz olan insanların canlı simasını ədəbiyyata gətirmişdir. Çopur Məhəmməd obrazının ədəbiyyata gətirən və onu qəhrəman səviyyəsinə yüksəldən yazıçı el qəhrəmanlarına olan məhəbbətini bir daha təsdiq edə bilmişdir. Tədbirdə çıxış edən “Babadağ” jurnalının redaktoru Səid Musabəyli onun fəaliyyət dairəsinin genişliyindən və bu günə qədər çalışdığı vəzifələrin hər birindən özünün bir şəxsiyyət olaraq təsdiqlənməsindən danışaraq, elinə, vətəninə bağlı olan ziyalının ədəbiyyatımıza gətirdiyi maraqlı obrazların fərdi cizgilərini çözələyib, ürək sözlərini ifadə etdi. Belə ki, onun qəhrəmanları sırasında olan Borsunlu Məhəmməd ötən əsrin 30-cu illərindən sovet imperiyasının iyrənc tərəflərinə qarşı mübarizə aparmış, eyni zamanda, ermənilərin bir xalq olaraq yürütdüyü siyasətə qarşı kəskin mövqedən çıxış etmişdir. O cümlədən, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Məzahir Daşqınlının da özünəməxsus yaradıcılığını əks etdirən bir nümunəni oxuculara təqdim etməsi onun xalqına xidmətini bir daha göstərir. Tədbirdə çıxış edən Mürvət Qədimoğlu, eləcə də, digər şəxslər Firudin Tərtəroğlunun yaradıcılıq xüsusiyyətindən, onun fərdi keyfiyyətlərindən söz açdılar. Təqdimat mərasiminin sonunda Firudin Tərtəroğlu çıxış edərək səmimi fikirlərə görə, eləcə də, tədbirdə iştirak edənlərə dərin minnətdarlığını bildirdi.

 

 

Zümrüd

 

Səs.- 2009.- 4 noyabr.- S. 12.