“Erməni terroru: faktlar və sənədlər”

 

“Səs” qəzeti Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunda qeydə alınan layihəyə əsasən “Erməni terroru: faktlar və sənədlər” mövzusunda dəyirmi masa keçirib

 

Dünən “Səs” qəzetinin redaksiyasında Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunda qeydə alınan layihəyə əsasən “Erməni terroru: faktlar və sənədlər” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masaya millət vəkili Aydın Mirzəzadə dəvət edilmişdir. Müzakirələrdə “Səs” İnformasiya Agentliyinin, “Olaylar”, “Qarabağ”, “Azad Azərbaycan”, “İki sahil”, “525-ci qəzet”, “Paritet” qəzetlərinin əməkdaşları iştirak ediblər.

Bildiyimiz kimi, tarixin müxtəlif dönəmlərində ermənilər Azərbaycan dövlətinə, eləcə də, türklərə qarşı müxtəlif yollarla soyqırım siyasəti həyata keçirərək, təcavüzkar siyasətlərini yürütmüşlər. Bu məsələ, bütövlükdə, xalqımızın diqqətində olan bir mövzudur. Azərbaycan bir əsrdir ki, Azərbaycan erməni terrorunun hədəfinə çevrilmiş bir dövlətdir. Belə mövzular ətrafında müzakirələr aparılmasının aktuallığı onunla izah olunur ki, cəmiyyət bir daha erməni xislətinin mahiyyətini daha dərindən dərk edir. Tarixə istinad edərkən görərik ki, 1905-1907-ci, 1918-1920-ci illərdə, ümumilikdə, 2 milyona yaxın azərbaycanlı qətlə yetirilmiş, yüzlərlə yaşayış məntəqələri dağıdılmış, insanlara mənəvi və maddi zərbələr vurulmuşdur. Müxtəlif tədqiqatçıların, tarixçilərin araşdırmalarında bu faktlara təsadüf olunur. Salnamələrdə öz əksini tapan qırğınlar Naxçıvanda, Gəncədə, Qubada, İrəvanda və azərbaycanlılara məxsus olan digər yaşayış məntəqələrində qırğınlar törədilmişdir. 1948-1952-ci illərdə də azərbaycanlılar ermənilərin qətlinin qurbanına çevrilmişlər. Bu və ya digər faktları nəzərdən keçirmək, tarixin daş yaddaşına yenidən nəzər salmaq məqsədi ilə təşkil edilmiş dəyirmi masa bir daha erməni terrorizminin siyasətini açıq şəkildə ortaya qoydu.  

    

“Səs” qəzetinin əməkdaşı:

 

- Biz “Səs” qəzeti olaraq, artıq üç ilə yaxındır ki, ölkəmizdə maraq doğuran məsələlər ətrafında hökumət, dövlət nümayəndələrinin, millət vəkillərinin, qeyri-hökumət təşkilat rəhbərlərinin iştirakı ilə dəyirmi masalar keçiririk. Bu gün ənənənin bir balaca dəyişilməsinin,  yəni həmişəki formatdan fərqli olaraq, başqa bir formatda dəyirmi masanın keçirilməsi konkret bir mövzuya - “Erməni terroru: sənədlər və faktlar” mövzusuna həsr olunub. Bilirsiniz ki, ermənilər zaman-zaman azərbaycanlılara və türklərə qarşı terror əməliyyatları həyata keçiriblər. Tarixi hesablamalara görə, 1905-1907, 1918-1920-ci illərdə ermənilər, ümumilikdə, Azərbaycanda 2 milyona yaxın azərbaycanlını qətlə yetirirmiş, yüzlərlə şəhər və kəndi dağıtmış, Naxçıvanda, Şamaxıda, Qubada və digər yerlərdə qətliamlar həyata keçirmişlər. Burada bir diqqəti çəkən məqam da ondan ibarətdir ki, 1918-ci ildə həyata keçirilməsində bolşeviklərin, xüsusilə, onların lideri Leninin də müstəsna rolu olub. Belə ki, onun Şaumyanı Zaqafqaziya fövqəladə hallar komissarları təyin etməsi ilə bu soyqırım daha geniş miqyas almışdır. Sonrakı mərhələlərdə də, bildiyiniz kimi, 1948-1953-cü illərdə  azərbaycanlıların Ermənistandan deportasiyası həyata keçirilmişdir. Nəzərinizə çatdıraq ki, hələ 1943-cü ildə İranda keçirilən Tehran konfransı zamanı erməni fəalları o vaxtkı xarici işlər naziri Molotovdan xahiş edirlər ki, İranda yaşayan erməniləri SSRİ-yə köçürsünlər. Stalin buna razılıq verir və nəticədə 1947-ci ilin dekabrında SSRİ Nazirlər Sovetinin qərarı ilə Ermənistanda yaşayan kolxozçuların və azərbaycanlıların Kür-Araz ovalığına köçürülməsinə qərar verilir. Maraqlı məqam ondan ibarətdir ki, Ermənistan rəhbərliyi bu köçürülmə siyasətindən yüksək səviyyədə istifadə edərək, azərbaycanlıların kütləvi şəkildə köçürülməsinə nail olmuş və nəticədə Dağlıq Qarabağ ərazisinə heç bir nəfər də olsun azərbaycanlı köçürülməmiş, əksinə, 1949-cu ildə 185 ailə Xanlar rayonuna köçürülmüşdür. Bu barədə kifayət qədər faktlar və sənədləri qeyd etmək olar. Nəticə isə ondan ibarətdir ki, Ermənistan dövləti azərbaycanlılara qarşı keçirilən terror əməliyyatlarını özlərini dövlət siyasəti şəklində həyata keçirirlər. Bu və digər məsələlərə aydınlıq gətirmək, suallarımızı cavablandırmaq üçün millət vəkili Aydın Mirzəzadənin dəyərli fikirlərini dinləmək yaxşı olardı.

 

ERMƏNİLƏR TERROR ƏMƏLİYYATLARI İLƏ MƏŞĞUL OLSALAR DA, DÜNYAYA ÖZLƏRİNİ SİVİL SİYASİ MÜBARİZƏ TƏRƏFDARLARI KİMİ QƏLƏMƏ VERİRLƏR

 

Aydın Mirzəzadə:

 

- Mən “Səs” qəzeti və “Səs İnformasiya Agentliyi”nə vaxtaşırı belə maraqlı mövzular ətrafında görüşlər təşkil etdiyinə görə təşəkkür edirəm. İctimai fikrin düzgün formalaşmasında tariximizin öyrənilməsində, gənc nəslin bu gün fikirlərinin düzgün istiqamətləndirilməsində düşünürəm ki, belə tədbirlərin çox mühüm əhəmiyyəti var. Nədən bu gün yenidən erməni terroru məsələsinə qayıdılır? Nədən bu gün Dağlıq Qarabağ probleminin həllində ciddi irəliləyişlərin olduğu halda, bu məsələ yenə də qabardılır? İş orasındadır ki, erməni - Azərbaycan, erməni - türk münasibətlərinin tarixi kökləri vardır. Çox təəssüf olsun ki, bu köklərə nəzər saldıqda görürük ki, azərbaycanlı və türklərlə münasibətdə ermənilər öz qarşısına qoyduqları məqsədləri çirkin metodlarla həyata keçirmişlər. Bunun bir qismini onlar milli azadlıq hərəkatı, bir qismini sadəcə hərbi əməliyyatlar kimi adlandırmışlar. Ümumilikdə, isə bir tərəfdən dünya üçün əhəmiyyətli problemlərdən olan terror əməliyyatları ilə məşğul olsalar da dünyaya özlərini sivil bir siyasi mübarizə tərəfdarları kimi qələmə verməyə çalışmışlar. Bunun tarixi isə, şübhəsiz ki, Osmanlı imperiyasına, Qafqazda gedən xalqların yerdəyişməsinə və onların Qafqazda möhkəmlənmək istəklərinin tarixinə gedib çıxır. Bu məsələdə heç də bu regionun aborigen xalqlarından olmayan erməni icmaları daim hakim mövqe tutmağa və yaxud buranı zəbt etməyə, təsir altına almağa çalışırlar. Əhali, resurs və maddi imkanlarının olmaması buna imkan verməsə də, iddialarının böyüklüyü onların böyük dövlətlərin əlaltılarına çevrilməsinə səbəb olmuşdur. Dünyanın bir dönümdən digər dönümə keçdiyi bir vaxtda imperiya və müstəmləkələr dövründən müstəqil dövlətlər və insan hüquqlarının prioritet olduğu dövrə keçildiyi bir dövrdə erməni terroru, xüsusilə, çox səpələnmişdir. Sərhədlərin dəyişildiyi, imperiyaların dağıldığı bir dövrdə Ermənistan ona aidiyyatı olmayan torpaqlara sahib olmaq və digər xalqları sıxışdırıb bu regiondan çıxartmaq, demək olar ki, özünü yeni bir imperiya kimi qələm vermək istəyirdi. Bu zaman həmin dövrdə qəbul edilmiş qaydalardan çox erməni millətçiləri terrora üstünlük verməyə çalışırdılar.

 

“Azad Azərbaycan” qəzetinin əməkdaşı:

 

- Erməni terrorunun tarixi kökləri barədə nə deyə bilərsiniz?

 

ERMƏNİ MİLLƏTÇİLİYİNİN TARİXİ GENOSİD VƏ TERROR SAYILIR

 

Aydın Mirzəzadə:

 

- Deyim ki, bu terrorun kökü XIX əsrin sonunda sovet imperiyasının ayrı-ayrı bölgələrində qeyri-qanuni silahlı qüvvələrin yaranması, türk kəndlərinə qarşı hücumlar, türk - osmanlı silahlı qüvvələrində, hakimiyyət orqanlarında yüksək postlar tutaraq nüfuzdan öz məqsədləri üçün istifadə etməyə qədər gedib çıxır. Birinci Dünya müharibəsi ərəfəsində Avropanın bəzi dövlətlərinin dəstəyinə arxalanaraq, Türkiyədə bir çox qanlı olaylar törətdilər, kəndlər dağıdıldı, insanlar öldürüldü, dinc əhali qırıldı və eyni zamanda, özlərinin törətdiyi əməlləri türk dövlətinin adına yazmağa və 1915-ci il uydurma soyqırımı adlı yalançı bir hadisəni ortaya çıxartmağa çalışdılar. Şübhəsiz ki, xaricdə müəyyən dairələrin güclü Türkiyə faktorundan narahat olmalarına görə, onlar bu erməni yalanına müəyyən mənada dəstək verirlər. Maraqlı bir fakt deyim ki, əgər 1915-ci ildə soyqırımı həyata keçirilmişdisə, 1918-ci ildə Ermənistan müstəqillik qazandıqdan sonra 1919-cu ildə dünyada yalançı erməni soyqırımına dair 900 kitab çap olunmuşdur. Erməni dövləti, erməni beyin mərkəzlərini birləşdirən bir mərkəz olmadığı halda, bu ideya dünya dövlətləri tərəfindən heç bir məqamda qəbul edilmir, amma bununla belə, öz adlarına 900 kitab çap etdirirlər. Sonradan bu kitabların sayı minlərə və milyonlara çatdı. Ümumən götürəndə erməni millətçiliyinin tarixi genosid və terror sayılır. Erməni millətçiliyi sivil formada mübarizə aparmaq imkanlarından məhrum olduğunu bir daha sübut edir.

 

“Səs İnformasiya Agentliyi” nin əməkdaşı:

   

- Ermənilərin Azərbaycan ərazisində törətdikləri terror əməliyyatlarının Azərbaycan millətinə vurduğu tarixi zərbə ilə bağlı daha hansı faktlar tarixə bəllidir?

   

ERMƏNİLƏRİN AZƏRBAYCAN DÖVLƏTİNDƏ RUSİYANIN KÖMƏYİLƏ TUTDUQLARI YUKSƏK VƏZİFƏLƏR YENİ ERMƏNİ TERRORUNA BÖYÜK DƏSTƏK OLUR

   

Aydın Mirzəzadə:

 

- Hələ XIX əsrdən başlayaraq ermənilərin törətdikləri hadisələr göstərir ki, terror aksiyalarında onların öldürdükləri insanlar seçilmiş hədəfləridir. Onların əsas məqsədi siyasi hakimiyyətə təsir etmək, ərazi iddialarını həyata keçirmək, böyük Ermənistan xülyasını reallaşdırmaqdır. Bu da onların iddialı mövqeyini aşkara çıxarır. Erməni terrorçuları bu addımı atmaqla, özlərinin siyasi tələblərini həyata keçirmək niyyətindədirlər. Bu da, ilk növbədə, ərazi iddialarına nail olmaq məqsədi daşıyır. Bu aksiyaların həyata keçirilməsi üçün ermənilər təşkilatlanmağa başlayıblar. Konkret fərdlərin deyil, təşkilat daxilində real qüvvə əsasında törədilməsi daha əhəmiyyətli olduğunu göstərir. Belə qənaətə gəlmək olar ki, böyük Ermənistan yaratmaq xülyasına düçar olmuş ermənilər terror aktının həyata keçməsinə başladılar. Onların ilk terror təşkilatı 1885-ci ildə formalaşmışdır. Türklərə qarşı yaradılmış bu təşkilat ölkə daxilində hərc-mərclik yaratmaq və ərazi iddiaları üçün əlverişli şəraitin yaranmasına nail olmaq idi. Bu və ya digər təşkilatların əsas ana xəttini böyük Ermənistan ideyasını həyata keçirmək, zorakılıq, terror aktlarını həyata keçirmək təşkil edir. Türklərin yaşadığı istənilən ərazidə məqsədlərini reallaşdırmaq və bununla da, Türkiyə dövlətinə təzyiq edib, onu bu və ya digər siyasi güzəştlərə məruz etmək idi. Siyasi məqsədə çatmaq üçün istifadə edilən terror aksiyalarında Azərbaycan parçalamaq, Dağlıq Qarabağa və Naxçıvana olan iddialarını reallaşdırmaq idi.

Nədən mən müzakirədə Türkiyə faktoruna, Osmanlı faktoruna üstünlük verdim?  Belə ki ümumən götürəndə bu ərazilərdə daha çox terror aktları baş vermişdir. Ancaq buna qədər də ermənilərin Azərbaycan dövlətində Rusiyanın köməyilə tutduqları yuksək vəzifələr yeni erməni terroruna tamamilə böyük bir dəstək açır. 1918-ci ildə tarixi şərait nəticəsində Azərbaycan torpaqları ərazisində Ermənistan deyilən bir dövlət yarandı. Hansı ki, min illərlə ermənilərin dövləti olmayıb. Hətta İrəvanı Ermənistana paytaxt də verdilər. Yaranan Ermənistan dövləti üçün ümumən tarixi şərait çox əlverişli idi.

 

“İki sahil” qəzetinin əməkdaşı:

 

- Tarixi mənbələrdən bəllidir ki, Şaumyanın Azərbaycana gəlməsi ilə terror aktları kütləviləşdi və say da çoxaldı. Bu, nə ilə izah olunur?

 

 

ŞAUMYANIN “BAKI HEÇ BİR VAXT AZƏRBAYCANIN PAYTAXTI OLMAYACAQ”  ŞÜARI VAR İDİ

 

Aydın Mirzəzadə:

 

- Azərbaycan Xalq Cümhuriyyəti ərazisində isə ermənilər yenə də özlərinin müvafiq mövqelərini tuturdular. Həmin dövrdə erməni millətçilərinin Rusiya imperiyası tərfindən dəstəyə malik olması onların silahlı üstünlüyünə gətirib çıxartdı. Məsələn, region tarixində çox qanlı və qəddar bir şəxsiyyət olan Stepan Şaumyan Bakıya 1914-cü ildə gəldi. Azərbaycanda doğulmayan, Azərbaycanla heç bir əlaqəsi olmayan 1914-cü ildə bolşeviklər tərəfindən regiona siyasi lider kimi göndərilən Stepan Şaumyan Bakıda qərar tutdu və 1918-ci ildə terror hərəkatlarına başladı. Onun “Bakı heç bir vaxt Azərbaycanın paytaxtı olmayacaq” kimi bir şüarı var idi. Qısa bir müddətdə tək bolşevik resursları ilə buna nail olmaq mümkün deyildi. Burada xaricdən olan erməni diasporunun və erməni təşkilatlarının dəstəyinin böyük rolu oldu. Bir il ərzində Bakıda, Qubada, Şamaxıda və s. yerlərdə böyük qırğınlar törədildi.  

 

 

(ardı var)

 

 

Nəzakət ƏLƏDDİNQIZI,

 

 Murad İSMAYILZADƏ

 

 

Səs.- 2009.- 5 noyabr.- S. 8-9.