Azərbaycan Etnoqrafiya Muzeyinin baş planının layihəsinin hazırlanması
üzrə beynəlxalq
müsabiqə
Muzeyin yaradılması gənc nəslin adət-ənənələrə
bağlılıq və tarixi-mədəni dəyərlərə
ehtiram ruhunda tərbiyə olunmasında rol oynamalıdır
Mədəniyyət və
Turizm Nazirliyi Azərbaycan Etnoqrafiya Muzeyinin baş
planının layihəsinin hazırlanması üzrə beynəlxalq
müsabiqə elan edib. Nazirliyin mətbuat xidmətinin məlumatına
istinadən, müsabiqə “Azərbaycan Etnoqrafiya Muzeyinin
yaradılması haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 11 iyul tarixli Sərəncamına əsasən,
Abşeron rayonu Qobu qəsəbəsi ərazisində
açıq səma altında Azərbaycan Etnoqrafiya Muzeyinin
baş planının hazırlanması ilə əlaqədar
keçirilir.
Beynəlxalq müsabiqənin
təşkilati və texniki şərtlərinə görə,
layihə milli irsimizin qorunması və gələcək nəsillərə
çatdırılması, Azərbaycan xalqının
keçmişini, bugününü özündə
yaşatmaqla onun milli simasını müəyyən edən
xarakterik həyat tərzinin, məişət və mərasim
xüsusiyyətlərinin, xalq yaradıcılığı
formalarının dolğun mənzərəsinin
canlandırılması sahəsində böyük əhəmiyyət
kəsb etməlidir. Muzeyin yaradılması, eyni zamanda, gənc
nəslin yüksək vətənpərvərlik, adət-ənənələrə
bağlılıq və tarixi-mədəni dəyərlərə
ehtiram ruhunda tərbiyə olunmasında mühüm rol
oynamalıdır. Abşeron rayonunun Qobu qəsəbəsində
Mədəniyyət və Turizm Nazirliyinin daimi istifadəsinə
verilmiş 200 hektar ərazidə yaradılacaq bu muzeydə
xalq mədəniyyətinin bütün nümunələri
bir-birini tamamlayan səpkidə yerləşdirilməlidir.
Respublikanın bütün
bölgələrindən toplanmış
ev tipləri, təsərrüfat tikililəri,
su və yel dəyirmanları, sənətkarlıq emalatxanaları,
xalq sənətinin növlərini əks etdirən eksponatlar, nəqliyyat vasitələri,
əhalinin məişətdə,
əkinçilikdə, heyvandarlıqda,
arıçılıqda və
digər sahələrdə istifadə etdiyi
alət və avadanlıqlar, evlərin daxili sahmanı üçün əşyalar
və Azərbaycan xalqının qədim və zəngin mədəniyyətinin, adət-ənənələrinin qorunub
saxlanılmasına, təbliğ
olunmasına və gələcək nəsillərə
çatdırılmasına xidmət edən digər eksponatlar Azərbaycan Etnoqrafiya Muzeyinin əsasını təşkil
etməlidir. Bu işdə muzeylərin açıq səma altında təşkili sahəsində dünyanın
ən nümunəvi muzeylərinin iş təcrübələri, etnoqrafik
muzeyşünaslıq elminin
son nailiyyətləri
nəzərə alınmalıdır.
Gələcək muzeyin
sahəsi Azərbaycanın
bütün tarixi-etnoqrafik
bölgələrini, ümumilikdə
“Miniatür Azərbaycanı”
xatırlatmalıdır.
Layihələr 2010-cu il aprelin 1-dək
Mədəniyyət və
Turizm Nazirliyinə imzasız, yuxarı sağ küncündə şərti deviz yazılmaqla bağlı zərfdə təqdim edilməlidir. Üzərində
şərti deviz yazılmış, içərisində
müəllifin adı,
soyadı, atasının
adı və ünvanı göstərilən
möhürlənmiş zərf də işə əlavə olunmalıdır.
Müsabiqənin şərtlərinə
uyğun olmayan işlərə baxılmayacaqdır.
Müsabiqənin qalibləri üçün hər biri müvafiq olaraq 60 min, 40 min və 20 min manat məbləğlərində
1-ci, 2-ci və 3-cü dərəcəli
mükafatlar təsis edilmişdir.
Müsabiqənin qalibi elan edilmiş işlər dövlət mülkiyyəti sayılmaqla,
Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin istifadəsinə
verilir.
Zümrüd
Səs.- 2009.- 5 noyabr.- S. 12.