Mətbuatımızın son illərdəki tərəqqisi
ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
qayıdışından sonra başladı
YAP Siyasi Şurasının
üzvü , Mətbuat Şurası İH-in üzvü,
KİV-lərin inkişafına Dövlət Dəstəyi
Fondu MŞ-nin sədr müavini, “İki sahil” qəzetinin
Baş redaktoru Vüqar Rəhimzadənin yap.org.az-a müsahibəsi
- Vüqar müəllim, hər bir inkişafın əsasında ölkənin iqtisadi tərəqqisi dayanır. Çoxsaylı KİV-lərin ailəsində özünəməxsus yeri olan bir mətbuat orqanının rəhbəri kimi respublikada həyata keçirilən siyasi, iqtisadi islahatları necə səciyyələndirərsiniz?
- Bu gün ölkəmizin iqtisadi
inkişafın hansı mərhələsində olduğunu
qeyd etmək üçün son illərdə bu istiqamətdə
atılan addımlara, imzalanan fərman və sərəncamlara,
eyni zamanda, dünyanın nüfuzlu maliyyə
qurumlarının hesabatlarına, yerli və beynəlxalq səviyyədə
keçirilən sorğuların nəticələrinə
diqqət yetirmək kifayətdir. Bu nəticələr,
mütəmadi olaraq, KİV-lərdə açıqlanır.
Bir sözlə, mən yaşadığımız bu illəri
Azərbaycan tarixinin intibah dövrü adlandırardım.
Ölkənin hərtərəfli
inkişafının regionların tərəqqisindən
asılı olduğunu qeyd edən dövlət
başçısı İlham Əliyevin 11 fevral 2004-cü
il tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı”nın uğurlu icrası əldə
olunan nəticələrdə özünü qabarıq şəkildə
büruzə verir. Bu proqramın davamı olaraq, 2009-2013-cü
illəri əhatə
edən regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramının ikinci mərhələsi təsdiqləndi. Hər
iki sənəddə yeni iş yerlərinin
açılması, qeyri-neft sektorunun inkişafı,
yoxsulluğun azaldılması və s. kimi vəzifələr
qarşıya ən ümdə məqsəd kimi qoyuldu. Bugünkü
nəticələr gələcəyə daha böyük
inamla baxmağa əsas verir. 2003-cü ildən bu günə
qədər ölkəmizdə 824 mindən artıq yeni
iş yerləri açılmışdır. Dövlət
başçısının qeyd etdiyi kimi, bu da bölgələrin
inkişafı və regionlarda iş yerlərinin, yeni emal və
sənaye müəssisələrin yaradılması
üçün də çox vacib amildir. Bu günlərdə
Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunan iclasında
dövlət başçısı İlham Əliyev bir daha
ölkəmizin sosial-iqtisadi sahədə qazandığı
uğurları diqqətə çatdıraraq, qarşıda
duran vəzifələri açıqladı. 2009-2013-cü
illəri əhatə edən Dövlət Proqramında nəzərdə
tutulan müddəaların uğurlu icrası təbii ki, Azərbaycanın
daha uğurlu gələcəyinə, inkişafına xidmət
edir.
- Bu inkişafın parametrləri
Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, MDB-nin Statistika Komitəsinin
hesabatlarında da göstərilir...
- Həmin hesabatlarda
açıqlanan statistik rəqəmlərin, Azərbaycanın
iqtisadi inkişaf baxımından liderliyini qoruması
faktının bir daha təsdiqlənməsi
bütünlükdə ölkə əhalisində qürur
hissi oyadır. Bunu şərtləndirən amillərdən
biri kimi, Azərbaycan dövlətinin
düşünülmüş və məqsədyönlü
siyasətini xüsusi vurğulamaq istərdim. İqtisadi
inkişafın neft amilindən
asılılığının minimuma endiriliməsini
qarşıya ən ümdə məqsəd kimi qoyan dövlət
başçısı İlham Əliyevin qeyri-neft sektorunun
inkişafına yönələn addımları təqdir
olunur. Qeyri-neft sektorunun inkişafı uğurlu neft siyasətinin
məntiqi davamı kimi dəyərləndirilir. Ulu öndər
Heydər Əliyevin müəllifi olduğu neft
strategiyasının Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi Azərbaycanın iqtisadi və
siyasi mövqeyini möhkəmləndirməklə, ölkəmizin
ən yüksək zirvələri fəth etməsinə zəmin
yaratdı.
ABŞ-ın nüfuzlu “Gallup” təşkilatının
keçmiş ittifaq respublikaları arasında keçirdiyi
sorğunun nəticələri də Azərbaycanın iqtisadi
inkişafının, Prezident-xalq birliyinin təsdiqidir.
“Hakimiyyətin mənbəyi xalqdır” deyən,
atdığı hər bir addımında xalqın, dövlətin
maraqlarını öndə saxlayan cənab İlham Əliyevin
2008-ci ilin 15 oktyabr seçkilərində yenidən Prezident
seçilməsinin əsasında da məhz bu birlik, həmrəylik
dayanır.
- Demokratik cəmiyyətlə vəhdət
təşkil edən digər amil müstəqil, azad mətbuatdır.
Mətbuatımızın bu gününü dünəni ilə
müqayisə edəndə, hansı uğurlardan və həllini
gözləyən məsələlərdən
danışmaq istərdiniz?
- Azərbaycan milli mətbuatı
yarandığı gündən zəngin və şərəfli
inkişaf yolu keçmiş, bütün dövrlərdə
mütərəqqi, ictimai ideyaların carçısı kimi
çıxış etmişdir. Zəngin tarixi ənənələrə
malik olan xalqımızın azadlıq istəyinin, müstəqillik
amalının güclənməsində, mənəvi dəyərlərin
tərəqqisində, milli şüurun, mənəviyyatın,
mədəniyyətin formalaşmasında mətbuat önəmli
rol oynayıb.
Mətbuatın dünya təcrübəsindən
bəhrələnməsi, xüsusilə, KİV-in maddi-texniki
imkanlarının yaxşılaşdırılması, o
cümlədən, jurnalistlərin peşəkarlığının
yüksəldilməsi və s. zəruri tədbirlər həyata
keçirilmişdir. Mətbuatımızın son illərdəki
inkişaf tarixinə nəzər salsaq, qeyd edə bilərik
ki, bu tərəqqi, demək olar ki, bütövlükdə,
ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
qayıtdıqdan sonra başladı. Ölkədə xeyli
sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin,
müstəqil elektron KİV-lərin, jurnalist birliklərinin və
bu sahədə qeyri-hökumət təşkilatlarının
fəaliyyət dairəsi genişləndi, demokratik mətbuatın
mövcudluğunu təsdiq edən amillər bərqərar
oldu.
Ulu öndər Heydər Əliyevin
siyasi kursunun uğurlu davamçısı cənab İlham Əliyev
Prezident kimi fəaliyyətə başladığı ilk
gündən azad mətbuatın inkişafına diqqət və
qayğını daha da artırdı. Ümummilli lider Heydər
Əliyevin Azərbaycanın inkişafı naminə
gördüyü işlərin nəticələri və bu
kursun Prezident İlham Əliyev tərəfindən uğurlu
davamı, ölkəmizin beynəlxalq aləmdə
nüfuzunun daha da artması peşəkar jurnalistlərimiz
üçün, sözün əsil mənasında,
geniş yaradıcılıq imkanları yaradır.
- Prezident İlham Əliyevin sərəncamı
ilə təsdiqlənən “Azərbaycan Respublikasında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi
Konsepsiyası”nda da ölkəmizin bugünkü sosial-iqtisadi
uğurlarının azad mətbuatın inkişafına xidmət
edən addımların atılmasına zərurət
yaratdığı qeyd edilir...
- Şübhəsiz ki, ölkəmizin
sürətli sosial-iqtisadi inkişafı, ictimai həyatın
bütün sahələrinin yeniləşməsi fikir,
söz və məlumat azadlığının, plüralizmin
daha geniş təmin olunması üçün əlavə
tədbirlər görülməsini zəruri edir. Konsepsiyada əksini
tapan müddəaların yüksək səviyyədə
yerinə yetirilməsi azad mətbuatın inkişafına
öz müsbət təsirini göstərməkdədir.
- Ölkə Prezidentinin digər
fərmanı ilə “Azərbaycan Respublikasının
Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu
haqqında” Nizamnamə təsdiq edildi...
- Ölkəmizdə KİV-lərin
sayı ilə keyfiyyəti tərs mütənasibdir. Azərbaycanda
mətbuatın inkişafına bilavasitə yardım göstərəcək
dövlət qurumu - Azərbaycan Respublikası Prezidenti
Yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu
yaradıldı. Fondun missiyası budur ki, ölkədə
müstəqil, iqtisadi cəhətdən güclü media
formalaşsın. Bunun sayəsində jurnalistlərin də
maddi, sosial problemləri həllini tapsın. Bir sözlə,
Dövlət Dəstəyi Fondunun yaradılması KİV-lərin
iqtisadi durumunun yaxşılaşdırılmasına,
onların maddi-texniki bazasının möhkəmləndirilməsinə,
jurnalistlərin peşəkarlığının
artırılmasına xidmət edir.
- Vüqar müəllim,
Mətbuat Şurasında “reket jurnalistika”ya qarşı
mübarizə komissiyasının sədri kimi bu istiqamətdə
görülən işlər barədə fikirlərinizi bilmək
maraqlı olardı...
- Bəzi qüvvələrin
demokratik şəraitdən sui-istifadə etməsi cəmiyyətdə
birmənalı qarşılanmır. Buna görə də,
2003-cü ildə yaradılan Mətbuat Şurası KİV-lərdə
rast gəlinən neqativ halların aradan qaldırılmasına
çalışır. Qeyd olunduğu kimi, Mətbuat
Şurasının qarşısında duran əsas vəzifələrdən
biri Jurnalistlərin Peşə Etikası Kodeksinin tələblərinə
əməl etməsinə ictimai nəzarətin həyata
keçirilməsi, “reket jurnalistika”sına qarşı
mübarizənin gücləndirilməsidir. Bu barədə
jurnalistlərin qurultaylarında ətraflı
danışıldı. Azərbaycan Mətbuat Şurasında
“reket jurnalistika”ya qarşı Mübarizə Komissiyası bir
il əvvəl yaradılıb. Qurum, mütəmadi olaraq, bu
növ qəzetlərin siyahısını hazırlayıb,
ictimaiyyətə açıqlayır. “Reket jurnalistika” isə
artıq elə bir səviyyəyə çatıb ki,
jurnalistikanın özünü nüfuzdan salır, jurnalist
adına ləkə gətirir. Təbii ki, qələmi ilə
mətbuatda özünü təsdiqləyən, kəsərli
yazıları ilə nüfuz qazanan jurnalistlərimiz daha
çoxdur. İctimaiyyət “reket” nəşrlərə
qarşı mübarizənin aparılmasını tələb
edir. Biz bu işi uğurla davam etdiririk. İlkin nəticələr
artıq özünü göstərir.
- Prezident Administrasiyasının
rəhbəri, akademik Ramiz Mehdiyevin ictimaiyyət tərəfindən
rəğbətlə qarşılanan proqram xarakterli “Azərbaycanın
efir məkanı: problemlər və vəzifələr” məqaləsinə
münasibətinizi bilmək istərdik...
- Bu gün ölkədə
inkişafı, tərəqqini yüksək qiymətləndirən
ictimaiyyəti narahat edən və daha çox
düşündürən məsələlərdən biri,
təbii ki, televiziya kanallarında dövrün tələblərinə
uyğun olmayan, aktuallıq kəsb etməyən, peşəkarlıq
baxımından zəif verlişlərin
yayımlanmasıdır. İctimai fikrə daha çox təsir
imkanına malik olan teleradio efirində bayağı
şou-biznes verilişlərinin sayının getdikcə
artması narazılıq doğurmaya bilməz. Məqalədə
də qeyd olunduğu kimi, Azərbaycan
tamaşaçısı radio və televiziyalardan ölkəmizdə
və beynəlxalq aləmdə baş verən mühüm
hadisə və proseslər haqqında obyektiv informasiya
çatdırılmasını, onların yüksək
peşəkarlıqla şərh edilməsini, maarifləndirmə
xarakterli, düşündürücü, keyfiyyətli
verilişlər gözləyir. Radio və televiziyalar milli-mənəvi
dəyərlərimizin qorunmasında, azərbaycançılıq
ideyasının təbliğ edilməsində, Azərbaycan
dilinin, mədəniyyətinin, ölkəmizlə
bağlı tarixi həqiqətlərin yayılmasında
mühüm rol oynamalıdır.
Milli dəyərləri təbliğ
etmək gündəlik işimiz olmalıdır. Mətbuatda,
televiziya və radiolarda bu mövzuda verilişlərin
hazırlanması, müzakirələrin təşkili,
materialların dərc olunması qarşıya qoyulan
mühüm vəziflərdəndir.
Məqalədə belə bir məqam
xüsusi qeyd edilir ki, televiziya və radio təkcə daxili
ictimai rəyi formalaşdırmır, həm də ölkənin
imicini nümayiş etdirir, onun haqqında təsəvvür
yaradır, ölkəmizi dünya birliyində tanıdır.
Bunu nəzərə alaraq, ölkəmizin əldə etdiyi
uğurları özündə əks etdirən verilişlərin
sayını artırmaq gərəkdir. Televiziya
kanallarının öz fəaliyyətlərində ciddi
dönüş etməsi günün tələbidir.
- Müxtəlif ölkələrin
televiziya kanallarında gedən verilişlərə diqqət
yetirsək, bu gün Azərbaycanın efir məkanının
hansı problemləri yaşadığını
görmüş olarıq. Söhbət kadrların peşəkarlığından
gedir. Necə düşünürsünüz, Azərbaycanın
efir məkanının kadr potensialı lazımi səviyyədədirmi?
- Heç şübhəsiz ki,
hazırda televiziya və radio kanalları kadr, xüsusilə,
kamil, Azərbaycan dilini mükəmməl bilən savadlı
müxbirlər və aparıcı problemini yaşayır. Bu
kimi problemlərin mövcudluğu yüksək səviyyəli,
dövrün tələbinə uyğun, hərtərəfli,
dolğun şəkildə hazırlanmış verilişlərin
azlığına gətirib çıxarır.
Azərbaycan gündən-günə
yeniləşir, müasirləşir. Dünyaya inteqrasiya siyasəti
uğurla həyata keçirilir. Yeni texnologiyaların tətbiqi
hər bir sahədə uğurlu nəticələrin əldə
edilməsinə mühüm zəmin yaradır. Televiziya
kanallarında yaradıcılıq potensialının, təşəbbüskarlığın
aşağı olması, yeni ideyaların, onların həyata
keçirilməsi imkanlarının məhdudluğu mövcud
problemlərin yaranmasına gətirib çıxarıb.
Düşünürük ki, televiziya və radio kanalları
neçə vaxtdan bəri mətbu orqanlarında yer alan həmkar
iradlarından, alimlərin, ziyalıların məsləhətlərindən
nəticə çıxararaq, ictimaiyyəti razı salan
verilişlərin sayını artıracaq, Azərbaycanın
dünəninə, bugününə və gələcəyinə
hesablanmış tərəqqini lazımi səviyyədə
təbliğ edəcəklər.
- Vüqar müəllim, mətbuatımızla
fikirlərinizi açıqladınız. Bu günün
uğurları gələcəyə hansı stimulu verir?
- Azərbaycanda müstəqil mətbuatın
inkişafı üçün yaranan şərait, göstərilən
dövlət dəstəyi oxucuların mətbuata
marağını daha da artırır. Məlumdur ki,
oxucuları ən çox cəlb edən mövzu (müasir dövrün
tələblərini nəzərə alaraq)
respublikamızın daxili və xarici siyasətini əks etdirən
yazılardır. Vəzifəsindən, siyasi əqidəsindən
asılı olmayaraq, hər bir kəs ölkə daxilində,
sərhədlərimizdən kənarda baş verən hadisələrin
əsil mahiyyətini, başvermə səbəblərini, ilk
növbədə, mətbatdan öyrənir. Bu faktın
özü göstərir ki, jurnalistikanın bir sahə kimi
özünü təsdiqləməsi artıq
reallıqdır.
Gələcək
inkişafını düzgün müəyyənləşdirən
Azərbaycan mətbuatı, jurnalistikanın
qarşısında duran tələbləri gündəlik fəaliyyəti
ilə yerinə yetirən bu sahənin mütəxəssisləri
respublikanın ictimai-siyasi həyatına nüfuzetmə
bacarığına tam yiyələnmiş, təhlil aparmaq
üzrə püxtələşmişlər. Mətbuata
artan diqqətin əsasında da məhz bu amil dayanır.
Düşünürəm ki, tutduğumuz bu yol Azərbaycan
jurnalistikasını Qərb jurnalistikasına
yaxınlaşdıracaq, ölkəmizdə beynəlxalq
standartlara uyğun fəaliyyət göstərən nəşrlərin
sayı artacaqdır.
Səs.- 2009.- 10 noyabr.- S. 6.