MUĞAM SƏNƏTİNƏ DƏYƏRLİ TÖHFƏ

 

MEHRİBAN XANIM ƏLİYEVANIN QAYĞISI NƏTİCƏSİNDƏ AZƏRBAYCAN DÜNYANIN ƏN QƏDİM MUĞAM MƏRKƏZİ STATUSUNU YENİDƏN ÖZÜNƏ QAYTARDI

 

Hər dəfə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyətindən söz düşərkən, ilk növbədə,  onun əxz etdiyi yüksək keyfiyyətləri, o cümlədən, yüksək vətənpərvərlik keyfiyyətini qeyd etmək lazım gəlir.

Xüsusilə, Mehriban  xanım Əliyeva, demək olar ki, bütün xarici səfərlərində, keçirdiyi görüşlərdə işğalçı Ermənistanın Azərbaycanın qədim mədəniyyət mərkəzi Qarabağda mədəni irsimizə ciddi ziyan vurmasından, tarixi yerlərimizi bərbad hala salmasından dönə-dönə, faktlarla danışır və dünya ictimaiyyətini Ermənistan silahlı qüvvələrinin vəhşiliklərinə son qoymaq üçün təsirli tədbirlər görməyə çağırır. Mehriban xanım Əliyeva torpaqlarımızın Ermənistan tərəfindən işğal olunduğunu və bu ərazilərdə tarixi-mədəniyyət abidələrimizin məhv edildiyini dəfələrlə bəyan edib: “...Tarixi və mədəniyyət abidələrinin qorunması ölkəmiz üçün, bir də ona görə vacibdir ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistanın işğalı altındadır. Həmin ərazilərdə minlərlə tarixi, mədəniyyət abidələri məhv edilmişdir. Ölkəmizdə bir milyon qaçqın və məcburi köçkün var və onların müəyyən hissəsi hələ də çadırlarda yaşayır. Biz bu faktları beynəlxalq ictimaiyyətə çatdırmaqda davam edəcəyik”.

Bütün bunlarla yanaşı, mədəniyyətimizin və təhsilimizin inkişafı, mənəvi sərvətlərimizin qorunması, ölkəmizin beynəlxalq aləmdə daha yaxından tanınması kimi şərəfli və məsuliyyətli  bir  missiyanı  öz  üzərinə  götürən Mehriban  xanım  Əliyeva  hər  bir  azərbaycanlının dərin etimadını qazanmışdır. Ucqar kəndlərdə yeni məktəb binalarının inşası Mehriban xanımın təhsilə göstərdiyi böyük diqqət və qayğının nəticəsi kimi yüksək qiymətə layiqdir. Bu gün ölkənin elə bir bölgəsi qalmayıb ki, orada Heydər Əliyev Fondunun təşəbbüsü ilə orta məktəb binası tikilməsin və müasir avadanlıqlarla təchiz edilməsin. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 1995-ci ildə yaradılmış Azərbaycan Mədəniyyətinin Dostları Fondu da  beynəlxalq səviyyəli tədbirlər-festivallar, konsertlər, sərgilər təşkil etməklə, əslində, mədəniyyətimizin təbliğatçısına çevrilmişdir.

Eyni zamanda, Mehriban xanımın xalq musiqisinin, bənzərsiz muğamlarımızın, poeziyamızın inkişafındakı xidmətləri böyükdür. Təsadüfi deyil ki, o, ilk Azərbaycan qadını olaraq YUNESKO kimi mötəbər beynəlxalq təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfir adına layiq görülüb. İndi Mehriban xanımın adı dünyada cəmi 41 nəfər xoşməramlı səfirlə bir sırada çəkilir.

YUNESKO-nun Azərbaycan mədəniyyətinə böyük əhəmiyyət verməsi, muğamlarımızın qiymətli irs kimi qorunub saxlanılması və yayılması istiqamətində təşəbbüsləri, Muğam Evinin yaradılması kimi tədbirləri bəyənməsi bilavasitə Mehriban xanımın adı ilə bağlıdır. “Qafqaz Xalq Ənənələri Evi”nin məhz Bakıda yaradılması ideyası da Mehriban xanım Əliyevaya məxsusdur.

Sözsüz ki, bu gün hər bir azərbaycanlının qarşısında duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən, ümummilli mənafelərdən çıxış edərək Azərbaycanın yüksəlişi üçün çalışan Prezidentin siyasi kursuna dəstək vermək, bu işdə əlindən gələni əsirgəməməkdir. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əsil vətəndaş mövqeyindən çıxış edərək ölkəmizdə gedən inkişaf proseslərinə verdiyi töhfələr, milli-mədəni irsimizin qorunması və təbliği, təhsilin səviyyəsinin yüksəlişi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində misilsiz fəaliyyəti hər bir vətəndaş üçün nümunə sayıla bilər. Mehriban xanım Əliyeva özünün həyat məramını, ömrünün mənasını insanlara, xüsusilə, yoxsulluq içində yaşayan, qayğı və diqqətə daha çox ehtiyacı olanlara yardım etməkdə, onları sevindirməkdə görür. Mehriban xanım Əliyevanın ictimai fəaliyyəti çox genişdir, Azərbaycan diyarının hər yerini əhatə edir. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, “Azərbaycan-İrs” jurnalının Baş redaktoru kimi çoxşaxəli fəaliyyət dairəsi olan Mehriban xanım Əliyeva,  təsadüfi deyil ki, İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) xoşməramlı səfiri adına da layiq görülmüşdür.

Mehriban xanım Əliyevanın icimai-siyasi fəaliyyətinin ən ümdə qayəsi xalqının, millətinin rifahı üçün çalışmaq, bu işdə Prezident İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. İşgüzarlığı, insanlara doğma və mehriban münasibəti göstərir ki, Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri və deputat kimi üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir. Bunu Mehriban xanım Əliyevanın ümummilli liderimiz Heydər Əliyevin ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqımızın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə verdiyi dəstək, ulu öndərin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı layihələrın reallaşmasına etdiyi kömək    təsdiq edir.

Etiraf etməliyik ki, bir müddət əvvəl, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın  təşəbbüsü və bilavasitə dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” Beynəlxalq Festivalının keçirilməsi bütün dünyada böyük maraqla qarşılanmışdır. Həmçinin, bu günlərdə Heydər Əliyev Fondunun dəstəyi ilə işıq üzü görə “Multimedia” dərs vəsaiti də muğama qayğının bariz ifadəsidir.     Səkkiz diskdən ibarət bu elektron dərs vəsaiti olduqca nəfis şəkildə  tərtib olunmuş və muğamı öyrənmək istəyənlər üçün nəzərdə tutulmuşdur.  

Bu fakta rəğmən, etiraf edilməlidir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülür. Azərbaycan muğamının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması da bilavasitə bunun nəticəsidir. YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanımın təşəbbüsü ilə keçirilən Beynəlxalq Muğam Festivalı da Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması, təbliği və sevilməsi istiqamətində mühüm tədbirlərdən biridir.

Azərbaycan xalqının zəngin musiqisi qədim tarixə malikdir. İnsanların qəlbindən büllur dağ çeşməsi kimi süzülən xalq musiqisi əsrlər boyu yaşamış, tərəqqi etmiş, nəsildən-nəslə keçərək, bugünümüzə gəlib çatmışdır. Milli musiqimizin bir qolu olan muğam ona görə bu qədər ürəyəyatımlı, qəlboxşayandır ki, xalqımız qədim zamanlarda öz dərdlərini muğamın dili ilə deyib.

XIX əsrdə Sadıqcan, Cabbar Qaryağdıoğlu, Cəmil Əmirov, Keçəçi Məhəmməd və başqaları bu sahədə böyük xidmətlər göstərərək muğama yeniliklər gətirmişlər. Sonrakı yüzillikdə muğam geniş intişar tapmış, inkişafının ən yüksək zirvəsinə çatmışdır. Görkəmli ifaçılar Xan Şuşinski, Əlövsət Sadıqov , Mütəllim Mütəllimov, Əbülfət Əliyev, Yaqub Məmmədov, Fatma Mehrəliyeva, Zeynəb Xanlarova, Arif Babayev, Qədir Rüstəmov, Hacıbaba Hüseynov, Canəli Əkbərov, Qulu Əsgərov, Alim Qasımov və adlarını çəkə bilmədiyimiz başqaları muğamı bütün dünya xalqlarına tanıtmış və sevdirmişlər.

Keçən əsrdə, xüsusən, 1920-ci ildən sonrakı onilliklərdə, demək olar ki, respublikanın bütün rayonlarında orta ixtisas musiqi məktəbləri, Bakıda isə konservatoriya və filarmoniya açılmış, muğam şöbələri yaradılmışdır. Qeyd etmək vacibdir ki, o dövrdə bütün dünyada məşhur olan dahi Üzeyir Hacıbəyov musiqi sahəsində cahanşümul xidmətlər göstərmişdir.

Ümummilli liderimiz Heydər Əliyev musiqi sahəsinə böyük qayğı və ehtiramla yanaşırdı. 1969-1982-ci illərdə SSRİ-nin digər respublikalarından fərqli olaraq böyük teatrlarda və möhtəşəm konsert salonlarında Azərbaycan bəstəkarlarının səhnə əsərlərinin tamaşaya qoyulması, muğam, simfonik və kamera musiqisinin səsləndirilməsi məhz Heydər Əliyevin təşəbbüsü və köməyi ilə mümkün olurdu. Onun millətinə hədsiz məhəbbətinin nəticəsidir ki, Azərbaycan musiqisi SSRİ sərhədlərini keçərək dünyaya geniş yayıldı. Sovet dövründə heç bir müğənni Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülməmişdi. SSRİ-də ilk dəfə olaraq korifey sənətkarımız Rəşid Behbudovun bu ada layiq görülməsi o zaman nadir hadisə idi. Sonra Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin qızıl əmək ordeni ilə təltif edilmələri unudulmaz rəhbərimizin qayğısının bariz nümunəsi idi.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ulu öndərin gözəl ənənəsini bu gün ləyaqətlə davam etdirir, son illər az qala unudulmaqda olan muğamımıza yeni nəfəs gətirmişdi. Radio və televiziya kanallarına yol tapmış yabançı mahnılar, populist, ucuz şöhrət axtaran istedadsız müğənnilərin xarici musiqiyə aludə olmaları, xalq musiqisindən uzaqlaşma və ona xorbaxma meyilləri nəticəsində muğam sənəti xeyli sıxışdırılmışdı.

Bu zərərli meyilin genişləndiyini görən muğam ustaları, muğamsevərlər və xalqın böyük bir hissəsi təəssüflənir və narazılıq edirdilər. Muğam sənətinin sıxışdırıldığı belə bir zamanda Mehriban xanım ona böyük himayə göstərdi.

Artıq xeyli müddətdir ki, bütün Azərbaycan xalqı, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz və muğam həvəskarları rahat nəfəs alırlar, çünki hamı muğama qayğı göstərilməsindən məmnun qalır, muğamatımızın əbədi yaşayacağına möhkəm inanır. Bu inamı onlara Mehriban xanım Əliyeva bəxş etmişdir.

İlk vaxtlar Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın muğam konsertlərində saatlarla əyləşib xanəndələri maraqla dinləmələri ondan xəbər verirdi ki, muğamatımız tezliklə dirçəldiləcəkdir. Çox keçmədi ki, bu sahədə bir canlanma yarandı, qısa müddətdə tanınmış muğam ustalarının böyük konsertləri təşkil edildi. Televiziyada muğam müsabiqələrinin keçirilməsi, yaşlı və gənc nəsildən olan istedadlı müğənnilərə fəxri adların verilməsi, pensiya yaşına çatmış sənətkarlara Prezident təqaüdünün təyin edilməsi, eyni zamanda, istedadlı uşaqlara bu təqaüdün şamil edilməsi görülən tədbirlər silsiləsinə aiddir.

 

 

Y.Əliyeva

 

Səs.- 2009.- 13 noyabr.- S. 6.