YAP- 17 il dövlətçilik uğrunda

 

Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyev tərəfindən xalqı bəlalardan xilas etmək məqsədilə yaradıldı

 

Məlum olduğu kimi, noyabrın 21- Yeni Azərbaycan partiyasının təsis olunması günüdür. Düz 17 il öncə Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın- YAP-ın yaranma zərurətini meydana gətirdi. Ulu öndər Heydər Əliyevin yaratdığı partiya ötən zamanda ölkəni bəlalardan qurtardı və inkişaf yoluna doğru istiqamətləndirdi. Bu yazıda Yeni Azərbaycan Partiyasının 17-ci ildönümü ilə bağlı hakim partiyanın keçdiyi şərəfli tarixi yola nəzər salmağa çalışacağıq.

Yeni Azərbaycan Partiyası yarandığı zaman mövcud olan tarixi şərait, ölkədəki ictimai-siyasi durum, müasir dövrdə partiyanın fəaliyyəti cəmiyyətdə əsas müzakirə mövzusu olub. Beləliklə, ilk öncə, bir suala aydınlıq gətirmək lazımdır: Yeni Azərbaycan Partiyası hansı tarixi zərurətdən yarandı? Bu suala partiyanın veteranlarının verdiyi cavabların daha doğru olacağı qənaətindəyik.

 

 

Azərbaycanı dəhşətli fəlakətlərdən Heydər Əliyev dühası xilas etdi

 

Murtuz Ələsgərov, Milli Məclisin deputatı, YAP-ın Sədr müavini:

 

- Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1990-cı illərin əvvəllərində çoxsaylı problemlərlə üzləşdi. Respublikanın o vaxtkı rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycan ərazilərinin dalbadal işğalı, gündən-günə gərginləşən siyasi durum, əhalinin günbəgün ağırlaşan sosial durumu, vətəndaş müharibəsi təhlükəsi ölkəni uçurum kənarına gətirdi.

Azərbaycanı belə dəhşətli fəlakətlərdən Heydər Əliyev dühası xilas etdi. O dövrdə Yeni Azərbaycan Partiyası artıq ilk addımlarını atırdı. Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı Azərbaycanın siyasi həyatında ümid çırağı yandırdı. Xalq əmin oldu ki, başda görkəmli dövlət xadimi Heydər Əliyev olmaqla Azərbaycana nicat verə biləcək, onu doğru yola çıxaracaq möhtəşəm siyasi qüvvə artıq mövcuddur.

Heydər Əliyevin o zaman hakimiyyətə gəlməsi, bir-birinin ardınca həyata keçirdiyi tədbirlər, sözün həqiqi mənasında, böyük qəhrəmanlıq, hər şeydən əvvəl, vətəndaşlıq hünəri idi.

Cəbhədə atəşkəs elan olundu, ordu quruculuğu sahəsində səmərəli addımlar atıldı, iqtisadiyyatın inkişafı üçün təcili tədbirlər görüldü, demokratikləşdirmə prosesinə təkan verildi, Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edildi, iqtisadiyyatımız dirçəlməyə başladı, respublikamız düşdüyü ağır böhrandan tədricən qurtuldu.

Ümummilli liderimiz Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun Azərbaycanı dünya miqyasında tanıtması oldu. 20 Yanvar faciəsinə siyasi qiymət verilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə geniş miqyasda çatdırılması məhz böyük öndərimizin adı ilə bağlıdır.

Bu gün ümummilli liderimizin yolunu onun siyasi məktəbinin layiqli davamçısı, dünya miqyasında tanınmış siyasi xadim, Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir.

Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi, dünyanın inkişaf etmiş ölkələrinin respublikamıza marağının artması, ilk növbədə, Azərbaycan dövlətinin və onun rəhbəri İlham Əliyevin uğurlu siyasəti ilə bağlıdır.

Zaman bizi irəli apardıqca YAP-ın yaranma səbəbləri, mahiyyəti barədə düzgün biliklər formalaşır. Məlum olur ki, partiyanı yaratmaqdan məqsəd Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, Azərbaycanı dünyada tanıtmaq və onun dünya dövlətləri sırasında mövqelərini möhkəmlətmək olmuşdur. Çox qısa bir müddətdə YAP məhz ümummilli problemlərin həllinə nail ola biləcək yeganə partiya kimi formalaşdı.

Ölkənin bütün ağıllı, tədbirli, təcrübəli, tanınmış nüfuz sahibi olan insanları bu partiyaya üz tutdu, partiyaya gənclərin axını başladı. Beləliklə, YAP 17 il ərzində yaşlı, orta yaşlı və gənc nəslin seçilmiş nümayəndələrinin bir amal, vahid məqsəd - milli mədəniyyəti, ilk növbədə mənəviyyatı qoruyub saxlamaq, onu inkişaf etdirmək naminə birləşərək möhkəm siyasi qüvvəsinə çevrildi. Bu gün YAP sürətli tərəqqi edən, yüksək siyasi mədəniyyət daşıyıcısı kimi tanınan partiyadır.

Həyata keçirilən uğurlu daxili və xarici siyasət, aparılan islahatlar ölkəmizi beynəlxalq təcriddən xilas etmiş və bu gün hamımızın qürur və iftixar hissi ilə qeyd etdiyi dinamik inkişaf yoluna çıxarmışdır.

Son seçkilərdə namizədimiz İlham Əliyevin xalqın böyük hissəsinin səsini alaraq yenidən prezident seçilməsi bir yandan Heydər Əliyev ideyalarının, ikinci tərəfdən İlham Əliyevin özünün və həyata keçirdiyi siyasətin alternativsizliyinin göstəricisidir.

Son illərdə İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dünyada bənzəri olmayan sürətli, dinamik inkişafını özündə ehtiva edən uğurların, qələbələrin əsasını qoymuşdur.

Bütün bunlar partiyanın 17 illik tarixinin şərəfli və qürur hissi yaradan məqamlarıdır. Ulu öndərin ideyalarının əksəriyyəti bu gün gerçəkləşib. Amma bizim məqsədimiz odur ki, Azərbaycan daha da inkişaf etsin.

Mən əminəm ki, YAP Azərbaycanda uzun illər Heydər Əliyev siyasətini təmin edən güc mərkəzi rolunu və missiyasını şərəflə, ləyaqətlə həyata keçirəcəkdir.

 

 

YAP Heydər Əliyevin ideyalarını yaşadan partiyadır

 

Şahlar Əsgərov, professor:

 

- XX əsrin 90-cı illərinin əvvəllərindəki ictimai-siyasi vəziyyətin şərtləndirdiyi obyektiv zərurətdən yaranmış Yeni Azərbaycan Partiyasının 17 illik tarixi əslində müstəqil Azərbaycan dövlətinin tarixini əks etdirir. Bu partiya ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt əsasında Azərbaycanın inkişafına kömək edən mütəşəkkil siyasi təşkilatdır.

17 il əvvəl, 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin Sədrliyi ilə keçirilən təsis konfransında YAP-ın yarandığı elan olundu. YAP yaranandan Azərbaycanın siyasi həyatında özünəməxsus rola malik olan bir təşkilat kimi qəbul edildi. Bunun da əsas səbəbi o idi ki, partiyanın başında Heydər Əliyev kimi Azərbaycan xalqının böyük hörmət və inam bəslədiyi dahi şəxsiyyət dayanırdı.

YAP haqqında danışarkən ilk növbədə ümummilli liderimiz Heydər Əliyev yada düşür, ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri anılır və yüksək qiymətləndirilir.

YAP-ın yaranması Azərbaycanın ən çətin dövrünə təsadüf edir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Ölkənin qabaqcıl adamları, ziyalılar, sadə əməkçilər böyük fəlakətin yaxınlaşdığını hiss edirdilər. 

Bununla yanaşı, xalqın sağlam qüvvələrinə arxalanan qurtuluş hərəkatı meydana gəlir və sürətlə genişlənirdi. Bu hərəkat zamanın böyük siyasətçisi Heydər Əliyevin ətrafında toplaşırdı. Ziyalı insanlar dəfələrlə Naxçıvana gedib yenidən böyük siyasətə qayıtmasını xahiş edirdilər.

1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı-alimlər, müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər “Səs” qəzeti vasitəsilə Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Ulu öndərin həmin qəzetdə dərc olunmuş cavabında ölkənin böhrandan çıxarılması yolları göstərilirdi. Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənirdi.

Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təşkil edildi. AXC-Müsavat iqtidarı uzun müddət öz yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə çatdırmışdı. Vətəndaş müharibəsi üçün zəmin yarandı. Başlanmış bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən iqtidar son anda kömək üçün Heydər Əliyevə müraciət etdi.

Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı.

Mən ulu öndərin təhsil sahəsində həyata keçirdiyi işlərə toxunmaq istəyirəm. Azərbaycanda təhsilin inkişafında ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.

Ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, ümumi, peşə-ixtisas, eləcə də, diplomdan sonrakı təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr korpusu öz mənbəyini məhz elə keçən əsrin 70-ci illərindən Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan uzaqgörən və məqsədyönlü siyasətdən alıb. Həmin dövrdə ardıcıl aparılan dövlət siyasəti Azərbaycan əhalisinin təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynamışdır.

Müstəqil Azərbaycan dövlətinin başının üstünü almış təhlükələrin ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında aradan qaldırılmasında, xaos və özbaşınalığın birdəfəlik ləğv edilməsində, ictimai-siyasi sabitliyin bərqərar olmasında, bazar iqtisadiyyatı əsasında neft strategiyasının işlənib hazırlanmasında və reallaşdırılmasında partiya fəallarının xüsusi xidmətləri olmuşdur.

Heydər Əliyev siyasəti Azərbaycanı inkişafa aparan siyasətdir. Son seçkilərdə namizədimiz İlham Əliyevin xalqın böyük hissəsinin səsini alaraq yenidən prezident seçilməsi bir yandan Heydər Əliyev ideyalarının, ikinci tərəfdən İlham Əliyevin özünün və həyata keçirdiyi siyasətin alternativsizliyinin göstəricisidir.

 

 

YAP  İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycanı inkişafa aparır

 

Həsən Mirzəyev, YAP-ın yaradıcılarından biri:

 

- Yeni Azərbaycan Partiyasının yaradılmasında iştirak edən və fədakarlıq edən şəxsləri indiki gənc nəsil də tanımalı və onlara ehtiram göstərilməlidir. Bu, birmənalıdır. Doğrudan da, XX əsrdə öz varlığı ilə Azərbaycan tarixində silinməz izlər buraxan Heydər Əliyevi hakimiyyətə xalq gətirdi. Lakin partiyanın yaranmasında və təşkilatlanmasında 91-lər adlandırılan ziyalıların da böyük rolu olub. Bununla yanaşı, bu, Azərbaycan xalqının alnına yazılmışdı.

Cəmiyyəti qabağa aparan insanlar öz amalı uğrunda mübarizə apararaq buna nail olurlar. O vaxtlar bütün Azərbaycan xalqı öz alın yazısına çatmaq üçün mübarizə apardı və Heydər Əliyev kimi bir şəxsiyyəti hakimiyyətə gətirdi. Məqsəd isə Azərbaycan xalqını bəlalardan xilas etmək idi.

Hər dəfə acı hadisələrlə rastlaşanda və Azərbaycan xalqı çətinlik çəkəndə, Azərbaycanın böyük şəxsiyyətə və xilaskara ehtiyacı olduğunu başa düşürdük. Hər birimiz deyirdik ki, bu dövləti xilas edən yeganə şəxsiyyət yalnız Heydər Əliyev ola bilər.

Elə oldu ki, 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsi də Azərbaycan xalqının alın yazısı oldu. Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra ölkədə xaos başladı. Ölkənin tanınmış ziyalıları ilə birlikdə tez-tez yaranmış siyasi durum barədə söhbət edirdik. Heydər Əliyevin gəlişi ilə bağlı fikirlər bildirirdik.

Partiyanı yaradanda və ulu öndərin təbliğatını aparanda, təzyiqlərlə üzləşdik. O vaxt bir çox şəxslər müxtəlif partiyalar yaratmaq üçün təcrübələr aparırdı. Lakin xalqın o vaxtkı “siyasətçilərə” inamı yox idi. Yeni Azərbaycan Partiyasının yaranması isə Azərbaycanın ən ağır dövrlərinə təsadüf edir.

Belə bir ağır şəraitdə “91-lər”in müraciətindən sonra Heydər Əliyevin bu partiyanı qurmaq ideyasını reallaşdırması nəticəsində xalqımız məhv olmaq təhlükəsindən xilas oldu. İndi partiyaya üzv olmaq da çox asandır. Lakin o zamanlar həm partiyanın fəaliyyətinə, həm də onun fəallarına qarşı müxtəlif cür maneələr olurdu. O vaxtlar, Heydər Əliyevə məhəbbət göstərən hər bir şəxsə qarşı təzyiqlər göstərilir və hətta həmin şəxs bəzən həbs olunurdu.

1994-cü ildə baş verən hadisələri göz önünə gətirək. Onun bir sözü ilə, xalqa müraciəti ilə Bakının yarıdan çoxu ayağa qalxdı və Heydər Əliyev sözlə, insanları inandırmaqla Surət Hüseynov problemindən Azərbaycan cəmiyyətini xətərsiz-bəlasız sovuşdura bildi.

YAP-ın yaranması müasir Azərbaycanın siyasi tarixində çox əhəmiyyətli bir hadisə idi. Bu gün o, hakim siyasi partiyadır və cəmiyyətin avanqard siyasi təşkilatıdır.

YAP-ın yaradılması Heydər Əliyevin adı ilə bağlıdır. Yeni Azərbaycan Partiyası Heydər Əliyevin partiyasıdır. Bir məqam da, xüsusilə vurğulanmalıdır ki, Heydər Əliyev müasir siyasi tariximizə təkcə YAP-ın qurucusu kimi yox, həm də müstəqil Azərbaycan dövlətinin qurucusu kimi daxil olub. Mən hesab edirəm ki, bu müstəvidə YAP-ın qiyməti, çəkisi, cəmiyyətdəki rolu dəyərləndirilməli və qiymətləndirilməlidir.

Bu gün Heydər Əliyev ideyalları və onu daşıyan YAP hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı inkişafa aparır. Zaman göstərdi ki, bu siyasətin alternativi yoxdur və yalnız bu siyasətin davam etdirilməsi ilə ölkəni dünyada layiqli yerə çıxarmaq olar.

 

 

Ardı var

 

Elçin Bayramlı

 

Səs.- 2009.- 13 noyabr.- S. 8-9.