“Tarix-diyarşünaslıq
muzeylərində islami
dəyərlərin təbliği”
mövzusunda seminar
“Bakı-İslam
Mədəniyyətinin Paytaxtı-2009” silsilə tədbirləri
çərçivəsində keçirilir
Mədəniyyət və turizm nazirliyinin nəzdində mədəniyyətşünaslıq üzrə elmi-metodiki mərkəzin iş planına uyğun olaraq “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” silsilə tədbirləri çərçivəsində noyabrın 13-14-də Respublika Muzey Mərkəzində “Həvəskar rəssam və xalq tətbiqi sənəti ustalarının işlərində islami dəyərlər” mövzusunda sərgi keçiriləcəkdir.
Mədəniyyət və turizm nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, sərginin əsasnaməsinə uyğun olaraq bu ilin oktyabr ayının 12-dən 14-dək Lənkəran, 16-dan 17-dək Şirvan, 20-dən 21-dək Şəki, 24-dən 25-dək Quba, 27-dən 28-dək Gəncə, 30-dan 31-dək Sumqayıt şəhərlərində sərgilər keçirilmişdir. Münsiflər heyəti tərəfindən bölgələr üzrə sərgilərdə nümayiş etdirilmiş müxtəlif janrlarda 450 əsərdən 300-ə yaxını respublika sərgisinə təqdim olunmuşdur. Sərgiyə mədəniyyət və turizm nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, rayon mədəniyyət və turizm şöbələri və digər əlaqədar təşkilatlardan nümayəndələr dəvət olunub.
Elmi-metodiki mərkəzin “Bakı İslam Mədəniyyətinin Paytaxtı - 2009” tədbirlər planı çərçivəsində keçiriləcək daha bir tədbiri - “Tarix-diyarşünaslıq muzeylərində islami dəyərlərin təbliği” mövzusunda seminar - 13 noyabrda Muzey Mərkəzinin konfrans zalında keçirəcəkdir. Seminarın işində mədəniyyət və turizm nazirliyindən, Qafqaz Müsəlmanları İdarəsindən, Milli Azərbaycan Tarixi Muzeyindən, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən, Azərbaycan Milli Konservatoriyasından nümayəndələr dəvət olunmuşlar. Tədbirdə mövzu ətrafında “Tarix-diyarşünaslıq muzeylərinin ekspozisiyalarının qurulmasında mənəvi dəyərləri əks etdirən materiallar”, “İslamda elm”, “İslamda ailə-məişət”, “Muzeylərdə islami dəyərlərin təbliğinin etik və psixoloji məqamları”, “Qurani-Kərimdəki xalılar”, “Tarix-diyarşünaslıq muzeylərində islami dəyərlərin təbliğinin aktuallığı” və s. məruzələr dinləniləcək, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə ekskursiya təşkil olunacaq. Seminarda respublikanın bütün rayonlarındakı tarix-diyarşünaslıq muzeylərinin əməkdaşları dinləyici qismində dəvətlidirlər. Seminarın keçirilməsində əsas məqsəd seminarın qarşıya qoyduğu mövzu ətrafında tarix-diyarşünaslıq muzeylərinin əsas fondlarında mühafizə olunan eksponatların təbliğatı sahəsində biliklərin əldə edilməsidir. Qeyd etmək lazımdır ki, respublikamızda “Tarix-diyarşünaslıq muzeylərində islami dəyərlərin təbliği” mövzusunda seminar ilk dəfə keçirilir.
Zümrüd
Səs.- 2009.- 13 noyabr.- S. 12.