“Şahbuzlu şəhidlər”
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü
uğrunda canını
fəda etmiş insanların qəhrəmanlığı,
şücaəti zaman-zaman
ədəbi mühitdə
öz əksini tapır və yaradıcı şəxslərin
təxəyyülünün məhsulu kimi onların portretləri canlı və obrazlı şəkildə
nəsr və nəzm əsərlərində
təqdim edilir. Qarabağ torpağının azadlığı,
milli istiqlaliyyət yolunda canından keçən və şəhidlik zirvəsinə
yüksələn yüzlərlə
vətən oğullarının,
qızlarının döyüş
bölgələrindəki qəhrəmanlığı canlı
şahidlər tərəfindən
öyrənilərək, ədəbi
nümunələrə köçürülür.
Təbii
ki, onların hər biri haqqında
dolğun və ətraflı məlumatların
səhifələrə köçürülməsi
yaşadığımız mühitin tarixinin yaradılmasında müəyyən
dərəcədə rola
malikdir. Belə ki,
bu günə qədər tariximizdə baş verən hadisələrin təfərrüatı
ilə öyrənilməsində
yazılı mənbələrimizə
müraciət etməyimiz
buna dəlildir.
Azərbaycanın
müxtəlif bölgələrində doğulub boya-başa
çatan və şəhidlik zirvəsinə yüksələn
insanların ruhu qarşısında mənəvi borcumuzu dərk
edərək, onların yad edilməsi və xatirələrinin
ədəbiləşdirilməsi yolunda görülən
işlərin hər biri vətənpərvərlik ruhundan irəli
gələn amildir. Bu yaxınlarda “Bakı-Şirvan” nəşriyyatı
tərəfindən çapdan çıxmış
“Şahbuzlu şəhidlər” kitabı da məhz bu ali hisslərin
təzahüründən yoğrulmuşdur. Kitabın müəllifləri
filologiya elmləri namizədi, Əbülfəz Muxtaroğlu və
Süleyman Rzazadədir. Kitabda, adından
göründüyü kimi, Şahbuz rayonunun şəhidlərindən
bəhs olunur. Yeni nəşrin ilk səhifəsində
“Qurani-Kərim”dən olan müqəddəs ayələr
verilmiş, eləcə də, ümummilli liderimiz Heydər Əliyevin
və Prezident İlham Əliyevin
vətən yolunda canını şəhid etmiş insanlar
haqqında olan fikirləri əks olunmuşdur. “Ölüm haqqdır,
onsuz da bir gün öləcəyik, lakin şərəfli
ölüm - şəhidlik hər növ ölümdən
qiymətlidir” fikri vətənin düşmən əlinə
keçməməsi üçün hər şəxsi hər
an ölümə hazır olmağa səsləyir.
“Şahbuz
bölgəsi və şahbuzluların vətənpərvərliyi”
başlıqlı ön sözdə “Şahbuz”
sözünün mənşəyinə diqqət yetirilir və
onun elmi ədəbiyyatda müxtəlif cəhətlərdən
tətbiq olunduğu diqqətə çatdırılır. Bir
çox alimlərin fikirlərini diqqətdən keçirən
müəllif türk mənşəli tayfaların birləşməsi
nəticəsində “Şaqbuz-Saqbuz-Şahbuz” və nəhayət,
“Şahbuz” adının əmələ gəldiyini göstərir.
Tarixi mənbələrə
istinadən göstərilir ki, şahbuzlular hər zaman
vətən torpağı uğrunda döyüşkən
mövqedə durmuş, 1918-1920-ci illərdə sovet hakimiyyətinə
qarşı çıxan qaçaq Qustan, Telli Qara, Qaçaq
Əsəd, Kərbəlayi Məhəmməd kimi onlarla
şahbuzlu igidlər, həm də, ermənilərə
qarşı vuruşmuşdular. O illərdə bu ərazidən
nə qədər ailələr Orta Asiyaya sürgün
edilmişlər. Böyük Vətən müharibəsi illərində
isə Vətən-Azərbaycan naminə əli silah tutan 930 nəfər
şahbuzlu cəbhəyə yola salınmış, onlardan 428
nəfəri həlak olmuş, itkin düşmüş, 502 nəfəri
isə müxtəlif dərəcəli yaralar alaraq el-obaya
dönmüşlər. Şahbuz rayonunda 24 nəfər vətən
veteranı, 6 nəfər Əfqanıstan veteranı, 15 nəfər
Çernobıl veteranı, 24 nəfər Azərbaycan
Respublikası veteranı yaşayır. İrəvan,
Göyçə, Dərələyəz, Zəngəzur kimi
torpaqlarımızda rusların birbaşa köməyi ilə
dövlət quran ermənilər yenidən
azğınlaşdığını göstərən
müəllif, ötən əsrin son onilliyində yenidən
Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini
diqqətə çatdırır və bu döyüş
meydanında şahbuzluların da fədakarlıq göstərdiyini
dəlilərə istinadən oxuculara təqdim edir. Ermənilərin
fitnə-fəsadının qarşısını almaq
üçün vətənpərvər gənclər
könülü şəkildə cəbhəyə yola
düşürdülər.
Kitabda yer
almış birinci hissədə “Yarımçıq
ömürlər”dən gənclərin vətən
torpağı uğrundakı mübarizəsi və onların
tərcümeyi-halı qısa bir şəkildə əks
olunur. 20 Yanvar faciəsində, eləcə də
döyüş bölgələrində onların həyatına
son qoymuş, döyüş bölgələrində
vuruşaraq itkin düşmüşlər. Ələkbərov
Vahid, Alməmmədov Teymur, Cəfərov Cavid və
başqaları şəhid olmuşdur. Fətullayev Ələmdar
erməni quldurları tərəfindən əsir
götürülmüşdür.
Ən dəhşətli dəlil isə budur ki, 77
yaşlı Hüseynova Şamaxı xanım, 60 yaşlı
Məmmədova Çiçək erməni quldurları tərəfindən
vəhşicəsinə qətlə yetirilmiş, faciəli
şəkildə dünyalarını dəyişmişdilər.
Kitabda şəhid
dəftərindən səhifələr kimi, Ceyhun Əmiroğlunun
“Yaşa ürək, döz bu həyata”, “Ağlama, ana” kimi
şeirləri əks olunmuşdur. Kitabın ikinci hissəsində
şəhidlərə həsr olunmuş publisist və bədii
yazılar da çap edilmişdir. Şairə Kəmalə
Ağayevanın “Yarımçıq nəğmə”, “Səməndər”
kimi, Firudin Süleymanoğlunun “Sağ qalmaq olmur”, Rəhilə
Elçinin “Biz bacılar dayaq sizə” və s. şeirlərinin
hər biri erməni gülləsinə tuş gəlmiş vətən
oğullarının qəhrəmanlığından,
mübarizəsindən bəhs edib, onların Azərbaycan
oğlu kimi tarixi köklərinə bağlı
olduqlarını bir daha göstərir və mərd
övladlar nəslinin davamçısı kimi qələmə
verilirlər. Şəhidlər Xiyabanında uyuyan
oğullarımızın ruhunun vəsfi Xanəli Kərimlinin
misralarında bu şəkildə təqdim olunur.
Burda daşa
dönüb əsrin yaddaşı,
Burda heykəlləşib
nakam ömürlər,
Burda korun-korun
yanıb-yaxılır,
Yaralı ürəklər,
dərdli könüllər.
Publisistik
yazılarda onların döyüş yolunun
ağrı-acısı, düşmənlə üz-üzə
gəlməsi, eləcə də, Azərbaycan
torpaqlarının işğaldan azad edilməsi yolunda qan
tökmələri maraqlı boyalarla ifadə olunmuşdur. Publisistik
yazıların hər birində qələm əhlinin ürək
ağrısı hiss olunmaqdadır. Bu yazılarda
dünyasını dəyişmiş, eləcə də, əlil
olaraq sağ qalmış insanların tərcümeyi-halından
qısa şəkildə bəhs olunur. “Şahbuzlu şəhidlər”
kitabı, tarixin bir yaddaşı kimi, oxucuların
ixtiyarındadır.
ZÜMRÜD
Səs.- 2009.- 13 noyabr.- S. 13.