YAP cəmiyyətin yenilikçi, müasirləşməyə
meyilli qüvvələrini öz ətrafında birləşdirib
Yeni Azərbaycan Partiyası Siyasi
Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət
komitəsinin sədri Eldar İbrahimovun yap.org.az-a müsahibəsi
- Eldar müəllim, bildiyimiz kimi, 1992-ci ilin 21 noyabr gününün Azərbaycan tarixində müstəsna yeri və rolu var. İlk olaraq, istərdik, məhz bu tarix haqqında məlumat verəsiniz.
- İllər keçəcək,
bu tarix heç vaxt unudulmayacaq. Təkcə ona görə yox
ki, 21 noyabrda nəinki Azərbaycanın, həmçinin,
regionun ən böyük partiyası təsis olunub. Həm də
ona görə ki, bu tarix xalqımızın böyük
oğlu, Ulu öndər Heydər Əliyevin adı ilə
birbaşa bağlıdır. Bilirsiniz ki, 1992-ci ilin
noyabrının 21-də Naxçıvanda keçirilən
yığıncağında Yeni Azərbaycan Partiyası təsis
edildi və Ulu öndərimiz Heydər Əliyev partiyanın
Sədri seçildi. Bu seçim də təsadüfi bir
seçim deyildi. Bilirsiniz ki, həmin dövrlər Azərbaycanda
çox mürəkkəb hadisələr cərəyan edirdi
və dövlətimizin gələcəyi sual altında idi.
Hakimiyyət başında olan səriştəsiz, dövlət
idarəçiliyində bacarığı olmayan,
avantürist siyasətçilər ölkəyə rəhbərlik
edə bilmir, nəzarəti əllərinə götürməkdə
acizlik göstərdilər. Buna paralel olaraq, iqtisadiyyat tamamilə
çökmüş, əhalinin rifah halı getdikcə pisləşmiş,
siyasi gərginlik artmışdı. Eyni zamanda, xarici qüvvələrin
havadarlıq etdiyi daxili qüvvələr müstəqilliyimizə
son qoymaq üçün əllərindən gələni
edirdi. Dağlıq Qarabağdan gələn pis xəbərlər
onsuz da pis olan əhval-ruhiyyəni daha da korlayırdı, ermənilər
fəallaşır, hər ay bir rayonumuzu işğal edirdi. O
dövrü yaşayanlar, yəqin ki, xatırlamaqda çətinlik
çəkməzlər. Məhz belə bir məqamda
hamının vahid düşüncəsi ondan ibarət idi ki,
Azərbaycanda hadisələrin bu cür inkişafının,
ölkəmizin məhv olmasının qarşısını
yalnız bir nəfər - zəngin dövlətçilik təcrübəsinə
malik, xalqını, millətini, dövlətini sevən
böyük şəxsiyyət Heydər Əliyev ola bilər.
- Niyə məhz Ulu öndər
Heydər Əliyev? Sizcə, xalqımızın bu
inamını şərtləndirən amillər nədən
ibarət idi?
- Bu inam da təsadüfən
yaranmamışdır. Xalqımız Ulu öndərin
gördüyü işləri, Onun xalqımıza olan
sevgisini unutmamışdır. Eyni zamanda, dahi rəhbərin
qısa müddət ərzində Naxçıvanda
atdığı addımlar, muxtar respublikanın
inkişafı, erməni işğalçılarına
qarşı göstərdiyi mübarizə Azərbaycanda da
diqqətlə izlənilir, cəmiyyət bu işlərin
başında dayanan şəxsin Heydər Əliyev
olduğunu anlayırdı. Partiyamızın yaranması
və ümummilli lider Heydər Əliyevin YAP-ın Sədri
seçilməsi təşəbbüsü ilə
çıxış edənlər də məhz
xalqımızın bu istəyini, arzusunu nəzərə
almışdılar.
Fərəhverici
haldır ki, Yeni Azərbaycan Partiyası yarandığı
vaxtdan etibarən Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin möhkəmləndirilməsi, demokratik,
hüquqi, dünyəvi dövlətin
formalaşdırılması, milli maraqlarımıza uyğun
olaraq Dağlıq Qarabağ probleminin həlli, ölkə əhalisinin
dinc və firavan həyat
şəraitində yaşamasını təmin etmək kimi
mühüm tarixi vəzifələri özünün ali
proqramı müəyyən etmiş və bu istiqamətdə
əsaslı işlər həyata keçirmişdir. Partiyamız qarşısına qoyduğu bu vəzifələrin
həllinə nail olmaq məqsədilə öz fəaliyyətində
müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq,
vətənçilik, varislik, yaradıcı təkamül,
konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi
və sosial ədalət prinsiplərinə əsaslanmışdır.
- Partiyanın təsis edilməsi
ölkə həyatında hansı dəyişikliklərə
gətirib çıxardı?
- YAP-ın təsis
edilməsi, hər şeydən əvvəl, Azərbaycanın
hər yerində Heydər Əliyevi sevənlərin təşkilatlanmasına
şərait yaratdı. Naxçıvanda keçirilən təsis
konfransından sonra Azərbaycanın digər rayonlarında da
YAP-ın rayon təşkilatları yaradıldı. Yerli təşkilatlar
ictimaiyyət arasında
fəal ideoloji iş aparır, ümumi
maraqlar naminə, ölkəmizin gələcəyi naminə
qüvvələr birliyi yaratmağa
çağırırdı və buna nail olundu. Bilirsiniz ki,
partiyanın yaranmasından cəmi bir neçə ay sonra
ölkə tarixinə Qurtuluş Günü kimi həkk
olunmuş hadisə yaşandı. Mən bunu təsadüfən
qeyd etmədim. YAP-ın təsis olunması, partiyanın
qısa zaman kəsimində gördüyü işlər
Qurtuluş tarixinə gedən yolda çox böyük əhəmiyyət
kəsb etmişdir.
Bunun nəticəsində də
YAP gündən - günə böyüdü, inkişaf etdi.
Bundan sonra isə artıq cəmiyyətin hazırlanması,
partiya ideyaları xalqımızı səfərbər etdi və
xalqımızın təkidli tələbi ilə Heydər Əliyev
Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldi. Bu qayıdış Azərbaycan dövlətçiliyini
xilas etdi, gələcəyimizi təhlükələrdən,
qaranlıqlardan qorudu, həqiqi müstəqilliyimizi
özümüzə qaytardı. Bu, həm də Yeni Azərbaycan
Partiyasının hakimiyyətə gəlməsi demək idi.
Heydər Əliyevin hakimiyyətə tarixi
Qayıdışından sonra ölkədəki AXC-Müsavat
cütlüyündən miras qalmış xaos və anarxiya,
Azərbaycanın dünya xəritəsindən silinməsi
xülyası qısa zamanda aradan qaldırıldı. Bir
sözlə, Ulu öndərin Naxçıvanda
başladığı Milli Qurtuluş savaşının
əsil zəfər yürüşü başlandı.
Tezliklə separatçıların respublikanı
parçalamaq kimi məkrli niyyətlərinə layiqli cavablar
verildi. Ordu quruculuğu sahəsində mühüm işlər
görüldü. Cəbhədə atəşkəs elan
olundu. Dövlət çevrilişi cəhdlərinin və
terror aktlarının qarşısı alındı.
- Bəs niyə bəziləri
buna görə narahat olurdu? Onlar hakimiyyətlərinin sonunun
yaxınlaşdıqlarını gördükləri
üçünmü YAP-ın yaranmasına qarşı
müqavimət göstərirdilər?
- Bunu heç kəs inkar edə
bilməz ki, AXC - Müsavat hakimiyyəti Heydər Əliyevin
nüfuzunun artmasından qorxurdu. Ona görə də o
zamankı hakimiyyətin silahlı qüvvələri 1992-ci il
oktyabrın 24-də Naxçıvanda çevriliş etməyə,
Heydər Əliyevi tutduğu vəzifədən devirməyə
cəhd göstərdilər. Eyni zamanda, xalqın Heydər Əliyevin
ətrafında birləşməsinin qarşısını
almaq üçün YAP-ın təsis olunmasına
qarşı əməlli - başlı iş
aparırdılar. Ona görə də, konfransın Bakıda
keçirilməsi mümkün olmadı. Mənim
yadımdadır ki, hətta partiyanın təsis konfransına
Bakıdan gedən insanların əksəriyyətinin
qarşısı kəsilmiş, onlar aeroportdan geri
qaytarılmışdılar. Gedən qonaqlar isə
Naxçıvanda təhqir olunub aeroportdan geri
qaytarılırdı. Lakin xalq öz böyük oğlunu
müdafiə etdi, Onunla birlikdə olduğunu bir daha sübuta
yetirdi. İlk dövlət çevrilişinə cəhdin
qarşısı alındı. Bu, artıq Heydər Əliyev
- xalq birliyinin sarsılmaz olduğunun əyani sübutu
idi. Bu birlik Heydər Əliyevi Bakıya gətirdi.
Naxçıvanda Heydər Əliyevə verilən dəstək
Bakıda daha da artaraq davam etdi. Bu dəstək ölkəmizi
xilas etdi, Azərbaycanın gələcəyini xilas etdi. Azərbaycan
xalqının iradəsinə qarşı çıxanlara isə
ən gözəl cavabı isə yenə Azərbaycan
xalqı özü verdi. Bu gün həmin qüvvələrin
harada olduğunu, nə işlə məşğul
olduğunu hamı bilir.
- Yeni Azərbaycan Partiyası
adının seçilməsini necə izah edərdiniz?
Partiyanın bu cür adlanmasının səbəb nə idi?
- Partiyanın adı ilə əlaqədar
müxtəlif təkliflər irəli
sürülmüşdü. O vaxt Ulu öndər Heydər Əliyev
bütün təşəbbüsləri dinlədikdən
sonra təklif etdi ki, partiyanın adı Yeni Azərbaycan
Partiyası olsun. O, fikrini belə əsaslandırdı ki, bu
partiya yenilikçi bir təşkilat olsun, köhnə
stereotiplərin dağıdılmasına xalqımıza
yardımçı olsun, Azərbaycanda yeniləşmə,
yenidənqurma işlərində öncüllük etsin.
Yenilikçilik bu gün YAP-ın əsas fəaliyyət
prioritetlərindəndir. YAP cəmiyyətin yenilikçi,
müasirləşməyə meyilli qüvvələri öz
ətrafında birləşdirib.
- Eldar müəllim, sirr deyil ki,
Yeni Azərbaycan Partiyası bugünümüzə gələnə
qədər çox məşəqqətli hadisələr
yaşayıb.
- Siz düz deyirsiniz. YAP bu günə
qədər çox böyük sınaqlardan uğurla
çıxmışdır. Hətta müxtəlif dövrlərdə
partiya daxilində ciddi narazılıqlar da olmuşdur. Mən
ad çəkmək istəmirəm, amma bu, bir həqiqətdir
ki, 1994-95-ci illərdə partiyanın İdarə Heyətinin
üzvləri arasında narazılıqlar
yaranmışdı. Hətta belə təkliflər irəli
sürülürdü ki, partiya ləğv olunsun. Başqa
bir qism adamlar partiyanı Heydər Əliyevin adından
çıxarıb öz adlarına keçirmək istəyirdilər.
Ulu öndər Heydər Əliyev də
qurultayların birində bu hadisələri nəzərə
alaraq demişdir ki, müvəqqəti olaraq partiyanı
özü bu təlatümlərin içərisinə
buraxıb ki, görsün ki, YAP bu burulğanlardan necə
çıxacaq. İşlər yolunda getməyəndə isə
ümummilli lider yenidən olayları nəzarətə
aldı və təlatümlərdən partiyamızı xilas
etdi. Sonrakı illərdə isə partiyanın daha yüksək
səviyyədə inkişafı, idarə olunması
üçün Ulu öndərin təşəbbüsü
ilə İcra Katibliyi yaradıldı. Yeri gəlmişkən,
mən İcra Katibliyinin fəaliyyətini yüksək qiymətləndirirəm.
Ulu öndərdən sonra isə Prezident İlham Əliyev
YAP-ın Sədri seçildi və Onun rəhbərliyi ilə
partiyamız daha da inkişaf etdi, gücləndi. Bu da təsadüfi
deyil.
- Yeri gəlmişkən, Prezident
İlham Əliyevin rəhbərliyi altında partiyanın fəaliyyətini
necə qiymətləndirirsiniz?
- İlham Əliyevin partiyaya Sədrlik
etməsindən sonra YAP-da partiya quruculuğu işləri
getditkcə genişləndi. Cənab Prezidentin yorulmaz fəaliyyəti
bütün vətəndaşlarımızın partiya
sıralarında daha sıx birləşməsini şərtləndirdi.
Bu gün artıq YAP 500 min nəfərə yaxın
üzvü öz ətrafında birləşdirir və
regionun ən güclü siyasi təşkilatıdır. Eyni zamanda, YAP hazırda dünyanın əksər
ölkələrinin partiyaları ilə sıx əməkdaşlıq
qurub və bununla da beynəlxalq əlaqələrini genişləndirməkdir.
Əlbəttə, bu, sədrimiz İlham Əliyevin rəhbərliyi
altında YAP-ın uğuru kimi qiymətləndirilməlidir.
- Bu uğurlar fonunda YAP-ın
dekabrın 23-də keçiriləcək bələdiyyə
seçkilərində şansını necə qiymətləndirirsiniz?
- YAP 4 prezident, 3 parlament və 2 bələdiyyə
seçkilərində iştirak edib və bütün bu
sınaqlardan üzüağ çıxmışdır. Bu
isə, onu göstərir ki, YAP-ın zəngin seçki təcrübəsi
formalaşmışdır. Hər qələbə
özlüyündə yeni qələbə kökləyir.
YAP da bələdiyyə seçkilərinə məhz bu əhval-ruhiyyədə
hazırlaşır. Yüksək hazırlığı,
gördüyü işlər, tətbiqi etdiyi seçki
texnologiyaları və ən əsası, xalq sevgisi bu
seçilərdə də YAP-ın qələbə
qazanacağını deməyə əsas verir.
Səs.- 2009.- 14 noyabr.- S. 4.