YAP- 17 il dövlətçilik uğrunda

 

Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyev tərəfindən xalqı bəlalardan xilas etmək məqsədilə yaradıldı

 

(Əvvəli ötən sayda)

   

Məlum olduğu kimi, noyabrın 21- Yeni Azərbaycan partiyasının təsis olunması günüdür. Düz 17 il öncə Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın- YAP-ın yaranma zərurətini meydana gətirdi. Ulu öndər Heydər Əliyevin yaratdığı partiya ötən zamanda ölkəni bəlalardan qurtardı inkişaf yoluna doğru istiqamətləndirdi. Bu yazıda Yeni Azərbaycan Partiyasının 17-ci ildönümü ilə bağlı hakim partiyanın keçdiyi şərəfli tarixi yola nəzər salmağa çalışacağıq.

 

YAP-ın yaranması hansı zərurətdən doğdu?

 

Azərbaycan 1992-ci ildə ağır duruma düşmüşdü. Ölkə siyasi və iqtisadi böhran keçirirdi. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.

Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə Sədrlik edirdi.

Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi- 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular.

Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin Sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və Sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.

Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

Yeni Azərbaycan Partiyası 1992-ci il dekabr ayının 18-də ədliyyə nazirliyində qeydiyyata alınmış və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılmışdır. YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən I Qurultayında geniş şəkildə müzakirə olunaraq müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olunmuşdur. YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edilmiş, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirilmişdir.

1993-cü ilin oktyabr ayının 3-də YAP-ın Sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci ilin noyabr ayının 12-də keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir.

   

YAP-ın keçdiyi şərəfli yol

 

Heydər Əliyev YAP-ın I Qurultayında yenidən partiyanın Sədri seçilmişdir. Qurultay, habelə, Siyasi Şuranın yeni tərkibini, YAP Sədrinin təqdimatı ilə YAP Sədrinin müavinlərini, İdarə Heyətinin üzvlərini, İcra katibi və onun müavinlərini seçmişdir.

1999-cu ildə keçirilən bələdiyyə seçkiləri də YAP-ın inamlı zəfəri ilə başa çatmış, partiyanın yerlərdəki nüfuzundan xəbər verən ən obyektiv göstərici rolunu oynamışdır.

2000-ci ilin noyabr ayının 12-də MM-ə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası yenidən qalib gəlməklə 124 deputat yerindən 75-ni tutmuş, cəmiyyətdəki nüfuzunu və təsir gücünü daha da artırmışdır.

Yeni Azərbaycan Partiyasının 2001-ci ilin noyabr ayının 21-də keçirilən II Qurultayı təşkilatın həyatında taleyüklü qərarlar qəbul etmişdir.

Partiyanın Nizamnaməsinə dəyişikliklər edilmiş və yeni təsis olunan Sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçilmişdir. Qurultay partiyanın rəhbər orqanlarını- 108 nəfərdən ibarət Siyasi Şura üzvlərini və onların arasından 26 nəfərdən ibarət İdarə Heyətini seçmişdir.

2003-cü ilin oktyabr ayının 15-də keçirilən Prezident seçkilərində YAP Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

2004-cü ilin dekabr ayının 17-də ölkədə keçirilən bələdiyyə seçkilərində YAP yerli özünü idarəetmə orqanlarında ən çox təmsil olunan partiya kimi növbəti uğura imza atmışdır.

Yeni Azərbaycan Partiyasının 2005-ci ilin mart ayının 26-da keçirilən III Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir. Qurultayda partiyanın rəhbər orqanlarına keçirilən seçkilərdə 102 nəfər Siyasi Şura üzvü və onların içərisindən isə 25 nəfər İdarə Heyətinə seçilmişdir. MNTK-ya 17 nəfər üzv seçilmişdir.

2005-ci ilin noyabr ayının 6-da Milli Məclisə seçkilərdə YAP yenidən inamla qələbə çalaraq 62 deputat mandatı əldə etmişdir.

2 avqust 2008-ci ildə YAP-ın IV Qurultayı keçirilmişdir. Qurultay tarixi qərar qəbul olaraq, partiyanın Sədri cənab İlham Əliyevin növbəti müddətdə prezidentliyə namizədliyini irəli sürmüşdür. 2008-ci ilin 15 oktyabrında keçirilən prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanaraq (88.7%) Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Yeni Azərbaycan Partiyası dekabr ayının 16-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisdə təşəbbüs irəli sürmüşdür (29 maddəyə). Azərbaycan Respublikasının Milli Məclisi YAP-ın təşəbbüsünü dəstəkləyərək, dekabrın 26-da “Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında” Referendum Aktını qəbul etmiş və 2009-cu il mart ayının 18-də referendum keçiriliməsi barədə qərar qəbul etmişdir.

Yeni Azərbaycan Partiyası dekabrın 31-də “Yeni Azərbaycan” təşəbbüs qrupunu yaratmış və Referendum Aktının qəbul olunması lehinə fəal təşviqat kampaniyası aparmışdır. 18 mart 2008-ci ildə keçirilən referendumda seçicilərin mütləq əksəriyyəti Yeni Azərbaycan Partiyasının təşəbbüsünü müdafiə etmişdir.

Yeni Azərbaycan Partiyası yarandığı zaman mövcud olan tarixi şərait, ölkədəki ictimai-siyasi durum, müasir dövrdə partiyanın fəaliyyəti cəmiyyətdə əsas müzakirə mövzusu olub. Partiyanın veteranlarının fikirlərinin daha doğru olacağı qənaətindəyik.

   

 

YAP öz missiyasını şərəflə və ləyaqətlə yerinə yetirir

 

Vilayət Əliyev, YAP Siyasi Şurasının üzvü, Pedaqoji Universitetin prorektoru:

   

-   17 il əvvəl, 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin Sədrliyi ilə keçirilən təsis konfransında YAP-ın yarandığı elan olundu. YAP yaranandan Azərbaycanın siyasi həyatında özünəməxsus rola malik olan bir təşkilat kimi qəbul edildi. Bunun da əsas səbəbi o idi ki, partiyanın başında Heydər Əliyev kimi Azərbaycan xalqının böyük hörmət və inam bəslədiyi dahi şəxsiyyət dayanırdı.

YAP haqqında danışarkən, ilk növbədə, ümummilli liderimiz Heydər Əliyev yada düşür, ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri anılır və yüksək qiymətləndirilir.

XX əsrin 90-cı illərinin əvvəllərindəki ictimai-siyasi vəziyyətin şərtləndirdiyi obyektiv zərurətdən yaranmış Yeni Azərbaycan Partiyasının 17 illik tarixi, əslində, müstəqil Azərbaycan dövlətinin tarixini əks etdirir. Bu partiya ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt əsasında Azərbaycanın inkişafına kömək edən mütəşəkkil siyasi təşkilatdır.

Eyni zamanda, YAP-ın yaranması Heydər Əliyev fenomeninin bütün xalq tərəfindən birmənalı və qətiyyətli etirafı demək idi. Bu siyasi təşkilatın yaranması bir tərəfdən tarixi zərurət idisə, digər tərəfdən Heydər Əliyev müdrikliyinin, gücünün, şəxsiyyətinin qəbuludur.

Müstəqil Azərbaycan dövlətinin başının üstünü almış təhlükələrin ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında aradan qaldırılmasında, xaos və özbaşınalığın birdəfəlik ləğv edilməsində, ictimai-siyasi sabitliyin bərqərar olmasında, bazar iqtisadiyyatı əsasında neft strategiyasının işlənib hazırlanmasında və reallaşdırılmasında partiya fəallarının xüsusi xidmətləri olmuşdur.

Təsadüfi deyil ki, YAP yaranandan təxminən yarım il sonra Azərbaycanda insanların kütləvi şəkildə ölkəni Heydər Əliyevin xilas etməsi ilə bağlı istəkləri və tələbləri meydanda çıxdı. Nəticədə, Heydər Əliyev Azərbaycanın prezidenti seçildi.

O zamandan bəri YAP Azərbaycanın siyasi həyatında nəinki aparıcı siyasi qüvvə, hakimiyyət partiyası olub, həm də ölkədəki ictimai-siyasi proseslərə bilavasitə təsir göstərən siyasi qüvvə kimi özünü təsdiq edib, bu gün də bu missiyasını yerinə yetirməkdədir.

Etiraf etmək lazımdır ki, YAP-ın yaranması Azərbaycanın çox ağır dövrünə təsadüf edib. Heydər Əliyevə olan inam etimad YAP-a da inam formalaşdırırdı. YAP yarandığı gündən bu xəbər ildırım sürəti ilə Azərbaycana yayıldı qısa müddətdə Azərbaycanın bütün rayonlarında YAP-ın təşkilatlanması prosesi başladı.

YAP qısa vaxtda həm kütləviliyi, həm ictimai-siyasi proseslərə ciddi təsir etməsi baxımından özünü ifadə edə bilən təşkilat oldu. YAP-a bəslənən ümidlər əsas etibarı ilə özünü doğruldub. Bu, təkcə ondan ibarət deyil ki, YAP özünü təsdiq etdi, hakimiyyət partiyası oldu və iqtidar partiyası olaraq qalmaqdadır.

YAP daşıdığı yeni azərbaycançılıq ideyasını cəmiyyətdə təsbit edə bildi, Heydər Əliyevin müəyyənləşdirdiyi ideyalar və dəyərlər əsasında cəmiyyətdə həlledici rolunu ifadə edə bildi. Bu gün, sözün həqiqi mənasında, Azərbaycan yeni bir Azərbaycandır. Bu yeni Azərbaycanın formalaşması prosesinin başlanğıcında dayanan gerçəkliklərdən və tarixi həqiqətlərdən biri də YAP-ın yaranmasıdır.

Son seçkilərdə namizədimiz İlham Əliyevin xalqın böyük hissəsinin səsini alaraq yenidən prezident seçilməsi bir yandan Heydər Əliyev ideyalarının, ikinci tərəfdən İlham Əliyevin özünün və həyata keçirdiyi siyasətin alternativsizliyinin göstəricisidir. Bu sözləri, bütövlükdə, YAP-a da şamil etmək olar.

Çünki həm İlham Əliyevin namizədliyinin irəli sürülməsi YAP-ın qurultayında qəbul olunmuş bir qərar idi, həm də partiya İlham Əliyevin təbliğatında yaxından iştirak edib. Bütün bunlar partiyanın 17 illik tarixinin şərəfli və qürur hissi yaradan məqamlarıdır. YAP-ın ideyalarının əksəriyyəti bu gün gerçəkləşib. Amma bizim məqsədimiz odur ki, Azərbaycan daha da inkişaf etsin.

Mən əminəm ki, YAP Azərbaycanda uzun illər Heydər Əliyev siyasətini təmin edən güc mərkəzi rolunu və missiyasını şərəf və ləyaqətlə həyata keçirəcəkdir.

   

 

YAP-ın yaranması o zamankı ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi

   

Rafiq Məmmədhəsənov, Tibb Universitetinin prorektoru, millət vəkili:

 

- Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü fəal iştirakı ilə yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.

Sovet rejiminin Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı.

Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq, təhlükəli böhran vəziyyətinə çatdırdılar.

Ölkəni bürümüş dərin siyasi, iqtisadi sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər bu məqsədlə xalqın sınanmış lideri müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

Partiyanın yaranması ideyası təsadüfdən yaranmadı. Öncə partiya yaratmaq haqda fikir yox idi. Belə bir mövqe var idi ki, Heydər Əliyevə prezident seçkilərində iştirak etmək üçün dəstək verilsin.

Belə olduqda, qərara gəlindi ki, xalqı təşkilatlandırmaq lazımdır. Tək-tək insanlar xalqı təşkil edə bilməzdi. Bu təşkilatçılıq işini ancaq Heydər Əliyevin partiyası təşkil eləyə bilərdi. Bu məqsədlə partiyanın yaranması ideyası ortalığa atıldı.

Müxtəlif nümayəndə heyətləri Heydər Əliyevin yanına getdi, müzakirələr aparıldı. Ulu öndər özü bildirirdi ki, O, nəinki partiya yaratmaq, heç partiya üzvü olmaq da istəmir. O, 1991-ci ildən ərizə yazıb Kommunist Partiyasından çıxmışdı.

O zaman çox ağır durum yaranmışdı. Ölkə çoxsaylı problemlərlə üz-üzə qalmışdı. Bütün sahələrdə böhran başlamışdı Azərbaycanın dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi var idi. Bunları nəzərə alan Heydər Əliyev partiya yaradılmasına qol qoydu.

Heydər Əliyevdən əvvəlki prezidentlərin adamları, qarşılarına liderlərinin prezident seçilməsini qoymuşdular cidd-cəhdlə buna çalışırdılar. Lakin bu, baş tutmadı Ulu öndər xalqın tələbi ilə hakimiyyətə gəldi.

 

 

(Ardı var)

 

Elçin Bayramlı

 

Səs.- 2009.- 14 noyabr.- S. 8-9.