Azərbaycan dünyanın iqtisadi mərkəzinə çevrilir

 

Əli Məsimli: “Azərbaycanda 2010-cu ilin dövlət büdcəsinin yarısı Neft Fondundan daxil olacaq

 

Millət vəkili Əli MəsimlininSəsqəzetinə müsahibəsi

 

- 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulan xərclər 2009-cu ilin dövlət büdcəsindəki xərclərdən ilə fərqlənir?

- Büdcə hər bir ölkənin bir illik maliyyə planıdır. Eyni zamanda, büdcəni iqtisadi konstitusiya da adlandırırlar, yəni o, iqtisadiyyatın güzgüsüdür. Başqa ölkələrlə müqayisədə qlobal maliyyə böhranı Azərbaycana az təsir göstərdiyindən, büdcəyə bunun təsiri çox az müşahidə olunub. Yəni, böhranın iqtisadiyyata göstərdiyi təsir büdcəyə bir o qədər təsir etməsi ilə öz əksini tapır. 2010-cu ilin dövlət büdcəsi, 2009-cu il hələ başa çatmadığından, onun proqnozları ilə müqayisə olunur. Bu ilin proqnozları ilə müqayisə olunanda aydın olur ki, 2010-cu ilin Azərbaycanın dövlət büdcəsi həm gəlir, həm xərclərin ayrılması nöqteyi-nəzərindən bu ilkindən az çıxacaq. Ona görə ki, 2009-cu ilin büdcəsində neftin bir barrel qiyməti 70 ABŞ dolları götürülmüşdüsə, 2010-cu ilin büdcəsində isə 45 ABŞ dolları məbləğində götürülüb. Bu baxımdan, həm gəlirlərdə 2 milyard manatdan artıq azalma var, həm xərclərdə 1 milyarddan artıq azalma müşahidə olunur. Amma ilin axırına gözlənilən rəqəmlərlə müqayisə etdikdə isə, mənzərə bir qədər dəyişir. Məsələn, gələn il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 5,6 faiz artımı gözlənilir. Bu, artım 2009-cu ilin proqnozlarında da öz əksini tapdığına görə, bu rəqəm reallığa daha uyğundur. Proqnoz göstəriciləri ilə müqayisədə büdcənin gəlir xərclərinin 18 faiz aşağı düşdüyü görünür. Ancaq gözlənilən göstəricilərlə müqayisədə 5-7 faiz artım gözlənilir. Bunun fərqini izah etmək lazımdır.

İkinci məqam ondan ibarətdir ki, bir sıra iri layihələr artıq başa çatıb. Ona görə maliyyə böhranının təsiri ilə bir sıra layihələr məhz gələn il deyil, növbəti illərdə həyata keçirmək olar. Yəni, onları təxirə salmaq mümkündür. Bu səbəbdən , investisiya xərcləri 30 faiz aşağı düşüb. 2009-cu ilin proqnoz göstəricilərinə görə, büdcənin gəlirlərinin 2 milyard manatdan, xərclərinin isə 1 milyard manatdan çox aşağı düşməsinə baxmayaraq, sosial xarakterli xərclər aşağı düşməyib. Hardasa 5-7 faiz artım var. Büdcənin müsbət cəhəti ondan ibarətdir ki, hökumət böhranın təsiri ilə neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində büdcənin gəlirlərini xərclərini artıra bilməsə , sosial hissəyə toxunmayıb. Yəni, büdcədə bu sahədə ixtisarlara yol verilməyib, üstəlik, onun göstəricilərinə 5-7 faiz əlavələr edib. Hesab edirəm ki, bu fakt olduqca müsbət məqamdır. Ona görə , burada bir ehtiyat mənbəyi yaranır. Həmin ehtiyat mənbəyini Milli Məclisdə komitələrin birləşmiş iclasında qeyd etmişəm. Bildirmişəm ki, gələn ilin büdcəsində bir barrel neftin qiyməti 45 ABŞ dolları götürülüb. Yarıciddi-yarızarafat qeyd etdim ki, ötən il büdcəni müzakirə edən zaman dünya bazarında neftin qiyməti kəskin azalaraq, 147 ABŞ dollarından 45 ABŞ dollarına qədər düşmüşdü. Onda əlaqədar təşkilatlar büdcədə neftin bir barrel qiymətini 70 ABŞ dolları məbləğində götürərək, 100 faizlik risq etmişdilər. Həmin vaxt biz büdcədə neftin qiymətinin 50 ABŞ dolları götürülməsini təklif edirdik. Təklifimiz qəbul olunmadı risqə gedildi. 2009-cu ilin büdcəsində çatışmazlıqların səbəbi onunla əlaqədardır ki, bu ilin birinci yarısında bir barrel neftin qiyməti 52-53 ABŞ dolları arasında olub. 70 dollardan bu məbləği çıxdıqda, ortada qalan hər bir barrel neft üçün 17 dollar fərqin yaranması büdcənin gəlirlərini xeyli dərəcədə aşağı salır. Bu da büdcənin əlavə göstəricilərinə təsir göstərir. Ona görə bildirmişik ki, ötən il neftin qiyməti 45 dollar olduqda 70 dollar, bu il 70 dollardan yuxarı olduğu halda isə 45 dollar götürülüb. Təklif etdim ki, 2010-cu ilin dövlət büdcəsində neftin qiymətini bu ilin birinci yarısında mövcud olan 52-53 dollar məbləği ilə hesablamaq mümkündür.

- Əli müəllim, demək olarmı ki, büdcədə neftin bir barrel qiymətinin 45 dollar müəyyənləşdirilməsi, Azərbaycan iqtisadiyyatının neftdən asılı olduğu haqqında gəzən iddiaları alt-üst etdi?

- Azərbaycanda 2010-cu ilin dövlət büdcəsinin yarısı Neft Fondundan daxil olacaq. Bu amillə də büdcənin 64 faizinin neftdən gələn gəlirlə formalaşması gözlənilir. Diqqətimizi qeyri-neft sektorunun inkişafına yönəltməliyik. Belə olan halda, növbəti illərdə daha yaxşı nəticələrə nail olmaq mümkündür. Bir rəqəmi qeyd etmək istərdim ki, Azərbaycanda neftin hasilat sənayesində cəmi 70 min nəfər işləyir. Amma ölkə iqtisadiyyatında, bütünlüklə, 4 milyon nəfərdən artıq insan işləyir. Belə çıxır ki, 70 min nəfər büdcənin 64 faizini, 4 milyon nəfər isə 36 faizini formalaşdırır. Əlbəttə, biz hamımız Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun neft sektorundan daha yaxşı inikşaf etməsini istəyirik. İndi ÜDM-da neftdən kənar sahənin payı 62 faizə çatıb. Bu fakt məni olduqca sevindirir.

- Bu fakt dövlətin 2010-cu ildə qeyri-neft sektoruna xüsusi diqqət ayıracağını deməyə əsas verir?

- Əlbəttə, ÜDM-da qeyri-neft sektorunun payının 62 faizə çatması, bu sahənin inkişaf etdiyindən xəbər verir. Qeyri-neft sektorunun vergi ödəyiciləri olan dövlət müəssisələrinin və özəl sektorun timsalında büdcəyə nə qədər vergi ödəməsi məsələsinə də nəzər yetirək. Büdcəyə ödənilən vergi yuxarıda qeyd olunan 62 faizdən qat-qat aşağıdır. Deməli, burada xeyli dərəcədə kölgə iqtisadiyyatının payı var. Bu məsələlər sərt formada qoyulmalı və kölgə iqtisadiyyatı leqallaşmalıdır. Digər tərəfindən, əgər 2010-cu ilin dövlət büdcəsinə Neft Fondundan 5 milyard manat əlavə vəsait cəlb olunacaqsa, müəssisə və təşkilatların büdcəyə olan borcu bundan artıqdır. Deməli, müəssisə və təşkilatların büdcəyə olan borcu yığılarsa, onda Neft Fondundan büdcəyə ayrılan əlavə 5 milyard manata ehtiyac olmaz. Beləliklə, Neft Fondunda olan həmin vəsaiti başqa işə, məsələn, qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların həyat şəraitini yaxışlaşdırılmasına yönəldə bilərik. İpoteka kreditlərinə 14 milyon yox, 114 milyon manat vəsait ayıra bilərik. Təbii ki, gənclik Azərbaycanın gələcəyidir. Onlara büdcədən daha artıq vəsait ayıra bilərik. Ölkəmizin ictimai-siyasi, sosial və s. sahələrində önəmli yeri tutan medianın dəstəklənməsi, həmin sahədə çalışanların həyat səviyyəsinin yüksəldilməsi, onların mənzillə və s. təmin edilməsi üçün əlavə vəsait nail olmalıyıq. Azərbaycan zəngin ölkədir və onun büdcəsi də zəngin olacaq. Amma bu istiqamətdə dərin təhlillər aparılmalı, ehtiyatları aşkarlanmalı və ortaya çıxardılmalıdır. “Səs” qəzeti yüksək tribunadır. Sizin qəzetiniz vasitəsilə deyilən sözü eşitməyən, onsuz da eşitməyəcək. Güman edirəm ki, mənim sözüm eşidiləcək və nəzərə alınacaq. Hesab edirəm ki, əlavə ehtiyatlardan istifadə etmək lazımdır. Bunun bir hissəsi büdcəyə, digər hissəsi isə müxtəlif fondlar vasitəsilə əhalinin güzəranının yaxşılaşdırılmasına xidmət edəcək.

- Təhsil və səhiyyəyə ayrılan vəsait barədə nə deyə bilərsiniz?

- Təhsilə, elmə, səhiyyəyə ayrılan vəsaitdən söhbət gedirsə, orta hesabla 5-7 faiz azalma var. Amma bu faiz göstəricisi builki proqnoz göstəricilərin səviyyəsində olmadığına görə, alınan rəqəmlərdə bir o qədər də fərq yaranmır. İstərdim ki, həmin sahələrə əvvəlkindən daha artıq vəsait qoyulsun. Lakin böhran dövründə maksimum çalışmaq lazımdır ki, dünya iqtisadiyyatının təlatümlərinin Azərbaycan iqtisadiyyatına təsirlərini minimuma endirək. Qeyri-müəyyənliklər zaman-zaman olacaq və yaranan problemlərin qarşısını almaq üçün əlimizdə vəsait olmalıdır. Bunları nəzərə almaqla daha yığcam, ehtiyatlı və israfçılıqdan uzaq hərəkət etmək lazımdır. Bakı Dövlət Universitetinin 90 illik yubileyində Prezident cənab İlham Əliyev bir ifadə işlətdi ki, Azərbaycanda artıq keçid dövrü başa çatıb. Dövlət başçısı öz çıxışı ilə dövlət məmurlarının üzərinə böyük bir məsuliyyət qoydu. Artıq bəhanə gətirməyin yeri qalmır. Azərbaycan planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçərkən siyasi, iqtisadi, sosial sistemdə, eyni zamanda, institutasional sahədə keyfiyyət dəyişiklikləri baş verdi. Beynəlxalq təşkilatların hesablamalarına görə, ölkəmiz bazar münasibətlərinə keçəndə, burada adambaşına 3040 dollar ÜDM düşürdü. İndi artıq Azərbaycanda adambaşına düşən ÜDM 5000 dollara yaxındır. Deməli, indi ölkəmiz bazar iqtisadiyyatına keçiddən qabaqkı ən yüksək göstəricini üstələmişik. Hazırkı mərhələdə aşağı təbəqənin keçid dövründən əvvəl əldə etdiyi gəliri özünə qaytarmalıyıq. Azərbaycanın dövlət büdcəsinin müxtəlif sahələrə yönümlülüyü məsələsini kənara çəkməklə, o, təhlükəsizlik və insan inkişafı büdcəsi olmalıdır. Ona görə də, mən təklif etdim ki, büdcədə insan inkişafını özündə əks etdirən, təhsil, elm, səhiyyə və təhlükəsizlik məsələləri tədricən prioritet elan etmək lazımdır. Məsələn, müdafiə xərclərini 12 faizə çatdırmaq lazımdır. Bu da gələn ilin büdcəsi ilə götürsək, 1,2 milyard manat yox, 1,4 milyard manat olur. Təhlükəsizlik məsələsinə gəldikdə isə, həm milli, həm iqtisadi, həm də ərzaq təhlükəsizliyini nəzərdə tuturam. Hesab edirəm ki, tədricən kənd təsərrüfatına yarım milyard və torpaqların şorlaşması, erroziyaya uğraması ilə bağlı sahələrə isə onun yarısı qədər vəsait ayırmaq lazımdır. Hətta bunun ətrafında aqrar bank yaratmaq olar ki, dövlət oraya güclü vəsait ayıra bilər. Bunun əsasında yaxşı kredit mexanizmi yaratmaqla kənd təsərrüfatında indiki 2-4 faiz artımdan 8-12 faiz artıma nail olmaq olar. Beləliklə, ölkəmiz Cənub-Şərqi Asiyanın diqtə edən ölkəsi səviyyəsində güclü inkişafa nail ola bilər. Bu, Azərbaycanda informasiya texnologiyaları sahəsi, keçmiş SSRİ ölkələri ilə müqayisədə çox uğurla inkişaf edir. Bunun daha müntəzəm tərəqqisinə nail olmaqla neftdən gələn gəlirin azaldığı halda belə, bu sahədən əldə olunan gəliri artıra bilərik.

İnsan inkişafı məsələsinə gəldikdə isə, büdcədə əmək haqqına ayrılan vəsait 21 faizdir. Təklif etdim ki, bu rəqəm tədricən artırılaraq 33 faizə çatdırılmalıdır. Təhsilə ayrılan vəsait ÜDM-in 6 faizini, səhiyyəyə ayrılan vəsait 5 faizini, elmə ayrılan vəsait isə 2 faizini təşkil edir. Belə olan halda, Azərbaycan maksimum 7-8 ildən sonra hamının qibtə edəcəyi şəkildə sürətlə inkişaf etməyə başlayacaq.

- Əli müəllim, bəzi mətbua orqanların yazdıqlarına görə, bu istiqamətdə xərclər müəyyən qədər azaldılıb. Bunu nəzərə alaraq, müdafiəyə ayrılan xərclər barədə nə deyə bilərsiniz?

- Müdafiəyə ayrılan xərclər azaldılmayıb və bu sahəyə ayrılan xərclər eyni səviyyədə saxlanılıb. Belə bir tendensiya yoxdur. Öncə, qeyd etdiyim kimi, əgər təhlükəsizlik və insan inkişafı büdcəsinə keçiriksə, onda müdafiə xərclərini 1,2 milyard dollardan 1,4 milyard dollara çatdırmaq məqsədəuyğun olar. Ölkəmizin ətrafında gedən oyunlar, geopolitik vəziyyətin getdikcə dəyişməsi, keçən ilin avqustunda Cənubi Qafqazda baş verən hadisələrdən sonra regionda yaranan gərginlik, eləcə də, son zamanlar Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar və s. amillər hərbi xərclərimizi lazımı səviyyədə saxlamağı zəruri edir.

- Ölkəmizdə iqtisadiyyata qoyulan investisiyanın 80 faizi özəl sektorun payına düşür. Bu faktı dövlətimizin özəl sektora diqqət və qayğısının təzahürü hesab etmək olar?

- Əvvəllər Azərbaycana gələn investisiyaların 80 faizi xarici investorların payına düşürdü və onun böyük hissəsi neft sektoruna qoyulurdu. Qalan 20 faiz isə daxili investisiyanın payına düşürdü. İndi göstəricilər dəyişib. Ölkəmizə qoyulacaq investisiyaların 80 faizindən çoxunu daxili, 18 faizdən çoxunu xarici investisiyalar təşkil edəcək. Bu vəsaitin də xeyli hissəsi dövlət büdcəsi vasitəsilə bölüşür. Körpülərin və yolların çəkilməsi, infrastruktur layihələrinin həyata keçirilməsində özəl sektora sifarişlər verirlər. Bununla da özəl sektorun inkişafına çox ciddi təkan verilir.

Hesab edirəm ki, bu istiqamətdə görülən işlər Azərbaycanda keçmiş SSRİ-yə daxil olan ölkələrin əksəriyyəti ilə müqayisədə qibtəediləcək infrastrukturun yaranmasına gətirib çıxarır. Məsələn, Qəbələnin, Yevlağın, Zaqatalanın timsalında Avropa şəhərlərini görürük. Bu, ürəkaçan mənzərədir. Mən arzu edərdim ki, Nazirlər Kabineti Şəkinin sosial-iqtisadi inkişafı, abadlaşdırılması üzrə müvafiq proqram hazırlasın. Şəkinin də müxtəlif sahələrdə yüksək inkişafı istiqamətində işlər görülsün. Burada fəaliyyət göstərən İpək Kombinatında 1600 nəfər çalışır ki, bu da 5 minə qədər insanın oradan evinə çörək aparması deməkdir. Kombinata xammalın böyük hissəsi xaricdən gətirilir. Əgər həmin xammala böyük vergi qoyulursa, yerdə qalan xammal kombinatın tələbatının 5 faizini ödəmir. Düşünürəm ki, xammalın daha ucuz alınmasına imkan yaratmaqla, kombinatın inkişafına şərait yaradılmalıdır. Təsəvvür edin, bu müəssisənin dayanması Şəkidə işsizliyin yaranmasına gətirib çıxaracaq. İstərdim ki, bunun üçün Şəki İpək Kombinatının vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülsün. Bu da, 2009-2013-cü illəri əhatə edən “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nın tərkib hissəsi kimi Şəkini həmin regionun mərkəzinə çevirər. Beləliklə, onun bir ucu Ağdaş, digəri isə Balakənə qədər uzanar ki, artıq Bakıya gəlməyə ehtiyac olmaz. İnsanlar öz məhsullarını Şəki bazarlarında satar və qazancları özlərinə qalar.

 

 

KÜBRA ƏLİYARLI

 

Səs.- 2009.- 14 noyabr.- S. 10.