ERMƏNİLƏRİN AZƏRBAYCANLILARA QARŞI HƏYATA
KEÇİRDİKLƏRİ REPRESSİYA, SOYQIRIMI VƏ
DEPORTASİYALAR
(Əvvəli
ötən sayımızda)
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qeydə alınmış “Erməni terroru: sənədlər və faktlar” layihəsi üzrə ayrılmış maliyyə vəsaiti əsasında hazırlanıb.
1998-ci ildən etibarən Azərbaycan Respublikası martın 31-ni dövlət səviyyəsində azərbaycanlıların genosidi günü kimi qeyd edir. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəvi hadisələrin xalqın yaddaşında həkk olunmasını özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə öldürülməsi, repressiyalara mə’ruz qalması XX yüzilliyin dünya tarixinin faciəvi səhifələrindən biri hesab etmək olar. Bu faciələrin günahkarı “Böyük Ermənistan” yaradılması kimi sərsəm bir ideyanı həyata keçirmək üçün heç bir iyrənc vasitədən çəkinməyən erməni şovinizmidir.
TARİXİ ARAYIŞ
İsveçlə Rusiya arasında 1721-ci ildə sülh müqaviləsinin imzalanmasından sonra Rusiya çarı I Pyotr öz imperiya ehtiraslarını Qafqaza, Xəzəryanı ərazilərə yönəltdi. Bu cəhdlərin sonu 1723-cü ildə Bakının işğalı ilə nəticələndi. Əsasən müsəlmanlardan ibarət olan yerli camaatın narazılığını və müqavimətini görən I Pyotr öz planlarını həyata keçirmək üçün, necə olur-olsun, Gilanda, Mazandaranda, Bakı və Dərbənddə ermənilərin və xristianların yerləşdirilməsini vacib sayırdı. Əsası I Pyotr tərəfindən qoyulan bu siyasəti sonralar Rusiyanın digər çarları həyata keçirdi. 1768-ci ildə II Yekaterina ermənilərin himayə edilməsi barədə əmr imzalayır. 1802-ci ildə çar I Aleksandr H.D.Sisianova ünvanladığı məktubunda yazırdı: “Hə olur-olsun ermənilər Azərbaycanın ... bu və ya digər xanlıqlarında istifadə olunmalıdır”. IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər dövlətlərini yaratmaq məqsədinə çatmaq üçün Rusiyanın imperiya siyasətiniin həyata keçirilməsində alət rolunu oynadılar.
KÜTLƏVİ REPRESSİYALARIN
QANLI TARİXİ
Rusiya ilə İran
arasında gedən iki müharibənin ( 1804-1813, 1826-1828)
sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il) və
Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri
Azərbaycan xalqının tarixində faciəvi rol
oynamış və Azərbaycanın parçalanmasına gətirib
çıxarmışdır. Azərbaycanın şimalı
Rusiyanın, cənubu isə İranın idarəçiliyinə
keçmişdir. Türkmənçay müqaviləsindən
dərhal sonra imperator I Nikolay 21 mart 1828-ci ildə İrəvan
və Naxçıvan xanlıqlarının ərazisində
“Erməni əyaləti”nin yaradılması haqqında əmr
imzalayır. Bu əmrə əsasən o zaman 7 min 331 azərbaycanlının
və 2 min 369 erməninin yaşadığı İrəvan
şəhəri də “Erməni əyaləti”nin tərkibinə
daxil edilir.
Bunun ardınca Türkmənçay
müqaviləsinin XV bəndinə əsasən İrandan ermənilərin
İrəvan, Qarabağ və Naxçıvana kütləvi
şəkildə köçürülməsinə
başlanılır. Bunun da nəticəsində həmin ərazilərdə
məskunlaşmış azərbaycanlılar öz
yurd-yuvalarından məhrum edilir. Anoloji proses Türkiyə ilə
aparılan müharibələrin (1828-1829, 1877-1878) sonunda da
reallaşdırılıb. Belə ki, tarixi mənbələrə
əsasən 1829-1830-cu illərdə Qafqazda (Naxçıvan,
Qarabağ, İrəvan) 40 min İran, 84 min 600 Türkiyə
ermənisi yerləşdirilib.
XIX əsrin ikinci
yarısında Türkiyə, Gürcüstan və Azərbaycan
ərazilərini tutmaqla “Böyük Ermənistan” kimi millətçi,
şovinist ideyasını həyata keçirmək istəyində
olan ermənilər təşkilati strukturlar yaratmağa
başlayırlar. Belə ki, əsasən xaricdə
“Qnçaq” (1887, Cenevrə), “Daşnaksütyun” (1890, Tiflis)
partiyaları, “Erməni vətənpərvərlər
ittifaqı” (1895, Nyu-York) təşkilatı yaradılır. Butün
bu cəhdlərə baxmayaraq XIX əsrin sonunda İrəvan
quberniyası azərbaycanlıların sayına görə,
Bakı və Yelizavetopol (Gəncə) quberniyalarından sonra
Qafqazda üçüncü yeri tuturdu. Rusiya imperiyasında
ilk dəfə olaraq əhalinin siyahıya alınmasında əldə
olunan göstəricilərə görə, 1897-ci ildə
İrəvan quberniyasında 313 min 178 azərbaycanlı
yaşayıb. XX əsrin başlanğıcında baş verən
sonrakı hadisələr göstərdi ki, belə bir vəziyyət
Azərbacan xalqının tarixində faciələrin
davamına səbəb olub.
1905-1907 illər. Rusiyada
gedən inqilabi proseslərdən istifadə edən ermənilər
1905-1907-ci illərdə məqsədyönlü milli
qırğın aktlarını, Bakı, Şuşa, Zəngəzur,
İrəvan, Ordubad, Naxçıvan, Eçmiədzin,
Cavanşir və Qazaxda azərbaycanlıların
yurd-yuvalarından çıxarılmasını həyata
keçiriblər.
1905-1906 illər.
İrəvan və Gəncə quberniyalarının 200 ,
Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı
kəndini ermənilər talan ediblər. Təəssüf ki,
tarixi mənbələrdə o illərin hadisələrini
özündə əks etdirən çox az sayda sənəd
qorunub saxlanıb. Lakin bu hadisələrin baş verməsini
sübut edən faktlar M.S.Ordubadinin “Qanlı illər”, M.M.Nəvvabın
“1905-1906-cı illərdə erməni-müsəlman
müharibəsi” kitablarında öz əksini tapıb. Həmin
kitablarda bəhs olunan hadisələr o zamanın mətbu nəşrləri,
şahidlərin ifadələri əsasında
hazırlanıb.
Ardı var
Səs.- 2009.- 14 noyabr.- S. 11.